Məhkəmə qərarları › İş №e-2(010)-1297/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1297/2023

06.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1297/2023 06.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Cavabdeh qarşı “şəxsi toxunulmazlıq hüququnun pozulması ilə bağlı təzminatın ödənilməsi” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “şəxsi toxunulmazlıq hüququnun pozulması ilə bağlı pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun şəxsi toxunulmazlıq hüquqlarını kobud şəkildə pozduğu üçün qanunun tələb etdiyi əsaslarla onun haqqında müvafiq tədbir görülməsi, eyni zamanda əsassız iddialarla hər dəfə onun vaxtını alması, işgüzar və elmi fəaliyyətinə mənfi təsir göstərməsi ilə bağlı 3000 (üç min) manat maddi təzminatın tutularaq ona ödənilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh məhkəmə prosesində onun şəxsi sosial şəbəkə hesablarından ona aid olan fotoşəkilləri məhkəməyə dəlil kimi təqdim etmiş, həmin dəlillər onun icazəsi olmadan, məhkəməyə heç bir rəsmi müraciət olunmadan qeyri qanuni yollarla əldə edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsindən görünür ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu üçün nəzərdə tutulan tələblərə riayət edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddiaçı tərəfindən şəxsi toxunulmazlıq hüququnun pozulması ilə bağlı təzminatın ödənilməsi xahiş olunsa da, iddia ərizəsinə onun şəxsi toxunulmazlıq hüquqlarının pozulmasını təsdiq edəcək heç bir sənəd əlavə edilməmiş, iddiaçı tərəfindən sadəcə olaraq iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi halında dövlət rüsumu tutulur. Həmin qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. İş materiallarından görünür ki, iddiaçı müəlliflik hüquqlarının pozulması ilə əlaqədar iddia verdiyini əsas gətirərək rüsum ödəməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4-cü maddəsinə əsasən müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Göründüyü kimi şəxsin sosial şəbəkə hesablarında olan fotoşəkli müəlliflik hüququnun obyektləri sırasına daxil deyil və müəlliflik hüqununun yaranması üçün həmin obyekt yaradıcılıq fəaliyyətinin nəticəsi olmalıdır. Bu səbədən iddiaçı maddədə qeyd olunan kateqoriya şəxslər sırasına uyğun gəlmir və məhkəmənin normayaratma səlahiyyəti olmadığı üçün qanunda qeyd olunmamış halın məhkəmə tərəfindən nəzərə alınması mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Cavabdeh qarşı “şəxsi toxunulmazlıq hüququnun pozulması ilə bağlı təzminatın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar