Məhkəmə qərarları › İş №e-2(010)-1331/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1331/2022

28.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1331/2022 28.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Almuradov Ülvi Ramiz oğlunun katibliyi İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili İddiaçı və Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli 2(010)-1432/2020 saylı Qətnaməsinə əsasən Cavabdeh xeyrinə 05 oktyabr 2015-ci il tarixdə anadan olmuş X1 üçün tutulan alimentin miqdarı azaldılması, Cavabdeh xeyrinə 05 oktyabr 2015-ci ildə anadan olmuş oğlu X1 üçün ondan hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 14 aprel 2015-ci il tarixdə münasibətlərini rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 05 oktyabr 2015-ci il tarixdə X3 adlı bir övladları dünyaya gəlmişdir. Daha sonra münasibətləri pozulduğundan aralarında olan nikah Suraxanı rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli 2(010)-1432/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Qeyd edilən məhkəmə qətnaməsi ilə nikah münasibətləri pozularkən birgə nikahdan doğulmuş 05.10.2015-ci il təvəllüdlü X3 anası-iddiaçı Cavabdeh yanında saxlanmış və uşağın saxlanması üçün 04.02.2020-ci il tarixdən hesablanmaqla hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Təyin edilmiş aliment məbləğini hər ay çətinliklə ödəsə də, hazırda aliment məbləğinin ödənilməsində çətinlikləri vardır. Belə ki, ailə üzvləri beş nəfərdən ibarət olmaqla ailədə yalnız atası işləyir. Dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli iyinin Məşğulluq Mərkəzinə müraciət etsə də bugünədək işlə təmin olunmamışdır. Övladının saxlanması üçün alimentin tutulması məsuliyyətini dərk etməklə uşağın saxlanması üçün əlindən gələni əsirgəməməyə çalışır. Lakin məhkəmənin qanun üzrə müəyyən etdiyi aliment məbləğinin ödənilməsi müəyyən çətinliklər yaradır. Belə ki, hazırda 2000 (iki min) manat məbləğində aliment borcu yığılmışdır. Əlavə olaraq aliment məbləği üzrə məhkəmə qərarının icra edilməməsinə görə iki dəfə 10 və sonra 8 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bu səbəbdən qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddiaçının qeyd etdiklərini müdafiə edrək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli, 2(010)-1432/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 05.10.2015-ci il təvəllüdlü X2 anası- Cavabdeh yanında qalması və 05.10.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin 15.02.2022-ci il tarixli bildirişindən görünür ki, İddiaçı 2310 manat məbləğində qalıq aliment borcu mövcuddur və ona cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 04.11.2021-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı AR ƏƏSMN-nin X4 işaxtaran qismində qeydiyyata alınmışdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər rəsmi qaydada nikaha daxil olmuş və bu nikahdan 05.10.2015-ci il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 12.03.2020ci il tarixli, 2(010)-1432/2020 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 05.10.2015-ci il təvəllüdlü X2 anası - Cavabdeh yanında qalması və 05.10.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı isə aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə işin hallarını və yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbini əsassız hesab edir. Belə ki, İddiaçı iddia tələbində 05.10.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay təyin olumuş aliment miqdarının azaldılaraq hər ay 140 manat məbləğində təyin edilməsini istəsə də, lakin aliment məbləğinin azaldılması üçün məhkəməyə əsaslı dəlil təqdim etməmişdir. Halbuki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbindən görünür ki, aliment miqdarının dəyişdirilməsi, tərəflərdən birinin ailə və maddi vəziyyətindəki dəyişikliklə bağlı hallarla əlaqəli ola bilər. Bu halların mövcudluğu isə məhkəmədə iddiaçı tərəfindən sübut edilməlidir. Hazırkı işdə belə halların mövcudluğu sübut edilmir. Ona görə də, məhkəmə iddia tələbini Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbi baxımından əsaslı hesab edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Rəhı̇ mli Zəfər Paşaxan oğlunun cavabdeh Rəhı̇ mli Lamı̇ yə Çı̇ ngı̇ z qızına qarşı 05.10.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Suraxanı Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli, 2(010)-1432/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş 175 manat məbləğində alimentin azaldılaraq 140 manat məbləğində müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar