Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1443/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı Qasımlı Aynel Eldar qızının nümayəndəsi və vəkili Məmmədov Xəlil Rüstəm oğlunun, Cavabdeh Qasımlı Qasım Gennadi oğlunun nümayəndəsi və vəkili Əliyeva Pürzə Əbülfəz qızının və Cavabdehin nümayəndəsi Əliyeva Şöhrət Qulu qızının iştirakı ilə, İddiaçı Qasımlı Aynel Eldar qızının cavabdeh Qasımlı Qasım Gennadi oğluna qarşı "nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Qasımlı Aynel Eldar qızı ilə cavabdeh Qasımlı Qasım Gennadi oğlu arasında 6 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində 17 iyun 2023-cü ildə bağlanmış və 1966 saylı akt qeydi ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan olan 13.03.2024-cü il təvəllüdlü Qasımlı Raul Qasım oğlunun iddiaçının yanında saxlanılması, Qasımlı Qasım Gennadi oğlundan 13.03.2024-cü il təvəllüdlü Qasımlı Raul Qasım oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat aliment, 13.03.2024-cü il təvəllüdlü Qasımlı Raul Qasım oğlu 3 yaşına çatanadək 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı Qasımlı Aynel Eldar qızı ilə cavabdeh Qasımlı Qasım Gennadi oğlu 17 iyun 2023-cü ildə 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 13.03.2024-cü il təvəllüdlü Qasımlı Raul Qasım oğlu adlı bir uşağı anadan olmuşdur. Qısa müddət ərzində birgə yaşamışlar. Ailə qurduğu vaxtdan münasibətləri normal olmuş, lakin hal-hazırda münasibətləri pozulmuşdur. Gələcəkdə ər-arvad kimi birgə yaşamaları və ailənin saxlanması qeyri-mümkündür. Bu səbəbdən də iddiaçı aralarındakı nikahın pozulması qənaətinə gəlmişdir. Lakin boşanmadan sonra birgə nikahdan olan uşağı iddiaçının yanında saxlanılmalı və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 246 manat aliment tutularaq iddiaçıya ödənilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçı Qasımlı Aynel Eldar qızının nümayəndəsi və vəkili Məmmədov Xəlil Rüstəm oğlu iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Qasımlı Qasım Gennadi oğlunun nümayəndəsi və vəkili Əliyeva Pürzə Əbülfəz qızı məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qismən qəbul edirlər, cavabdeh Qasımlı Qasım iddiaçı ilə aralarında olan nikah münasibətlərinin pozulmasına, nikah pozulduqdan sonra uşağın anasının yanında saxlanmasına və uşağın saxlanması üçün sabit pul məbləğində təyin olunacaq alimenti ödəməyə etiraz etmir. Lakin uşağın 3 yaşına qədər saxlanması üçün iddiaçının tələb etdiyi 100 manat məbləğində pulun ödənilməsinə razı deyil. Çünki cavabdehin hazırda kredit borcları var. Əmək haqqının çox hissəsi kredit borcunun ödənilməsinə sərf olunur. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş edir. Cavabdeh Qasımlı Qasım Gennadi oğlunun nümayəndəsi Əliyeva Şöhrət Qulu qızı məhkəmə iclasında izahat verərək bildirdi ki, gəlini ilə aralarında heç vaxt pis münasibət olmamışdır. Ailənin dağılmaması üçün dəfələrlə onların evinə getmiş barışdırmağa çalışmışdır. Uşağın doğumu ilə əlaqədar verilən 500 manat pulu isə oğlu iddiaçının əlindən almamışdır. Qız həmin pulun 300 manatına dişlərini müalicə etdirmiş, qalan 200 manatına da uşağın doğumu ilə əlaqədar şənliyə xərclənmişdir. Oğlunun kredit borcları var. İşə taksi ilə gedir gəlir. Xərci çoxdur. İş materialları 5 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 17.06.2023-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Qasımlı Qasım Gennadi oğlu ilə Əbilzadə Aynel Eldar qızı ilə arasında nikah 17.06.2023-cü il tarixdə 1966 sayla qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada "Qasımlı" soyadı verilmişdir. 5 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 03.05.2024-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Qasımlı Raul Qasım oğlu 13.03.2024-cü il tarixdə doğulmuş və validenləri Qasımlı Qasım Gennadi oğlu ilə Qasımlı Aynel Eldar qızıdır. Bakı 8 saylı Mediasiya Təşkilatının 15.01.2025-ci il tarixli MŞB/8/2025-00036 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Qasımlı Aynel Eldar qızının təsvir etdiyi kimi «nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment» tələbinə dair mübahisəsi üzrə 15.01.2025-ci il tarixə saat 11:00 və 14:30-a təyin edilmiş ilkin mediasiya prosesində hər iki tərəf iştirak etmişdir. İşin faktiki halları İddiaçı ilə cavabdeh 17.06.2023-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə nikah dövründə 13.03.2024-cü il təvəllüdlü Qasımlı Raul Qasım oğlu adlı uşağı anadan olmuşdur. Tərəflərin birgə nikahından doğulmuş Raul iddiaçı ilə birgə yaşayır. Tətbiq olunan hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikası Ailə Məcəlləsi: 19.1 Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1 Ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. 21.1 Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 56.1 Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 Valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyası: 3 Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar.
"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanunu: 13 Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh 17.06.2023-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə nikah dövründə 13.03.2024-cü il təvəllüdlü Qasımlı Raul Qasım oğlu adlı uşağı anadan olmuşdur. Tərəflərin birgə nikahından doğulmuş Raul iddiaçı ilə birgə yaşayır. İddiaçı, cavabdeh Qasımlı Qasım Gennadi oğlu arasında bağlanmış nikahın pozulması və birgə nikahdan doğulmuş 13.03.2024-cü il təvəllüdlü Qasımlı Raul Qasım oğlunun iddiaçının yanında saxlanılmasını istəyir. Məhkəmə hesab edir ki, tərəflər arasında nikah formal xarakter daşıdığından, münasibətlərin bərpası qeyri-mümkün olduğundan, iddiaçı və cavabdeh nikahın pozulmasına qarşılıqlı razı olduğundan onların aralarındakı nikah ləğv edilməlidir. Tərəflərin birgə nikahından anadan olmuş övladı Raulun anasının yanında olduğunu, cavabdehin də buna etiraz etməməsini və həmin uşağın mənafeyini rəhbər tutaraq məhkəmə hesab edir ki, nikah pozulduqdan sonra uşaq anasının himayəsində qalmalıdır. İddiaçı, Qasımlı Qasım Gennadi oğlundan 13.03.2024-cü il təvəllüdlü Qasımlı Raul Qasım oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat alimentin tutularaq iddiaçıya ödənilməsini istəyir. Cavabdeh iddianı qəbul etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 246 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Lakin nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yenə yuxarıda istinad edilmiş əlaqəli qərarında da qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Odur ki, məhkəmə tərəflərin övladı Yeganə və Nadirin saxlanılması üçün cavabdehdən 235 manat sabit pul məbləğində aliment tutulması nəticəsinə gəldiyindən müvafiq məbləğin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə uyğun olaraq indeksasiyası məqsədilə cavabdehdən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi il - 2025-cü il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (400 manat) 0.62 misli miqdarında aliment tutulmalıdır. İddiaçı, Qasımlı Qasım Gennadi oğlundan 13.03.2024-cü il təvəllüdlü Qasımlı Raul Qasım oğlu 3 yaşına çatanadək 100 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Cavabdeh Qasımlı Qasım Gennadi oğlu məhkəməyə oğlu 3 yaşına çatanadək iddiaçının saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsinə razı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin birgə nikahından doğulmuş 1 yaşlı Raulun 3 yaşına çatanadək iddiaçının saxlanılması üçün cavabdehdən hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulmasını ağlabatan hesab edir. Belə ki, “A
Məhkəmənin gəldiyi nəticə Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Qasımlı Aynel Eldar qızı ilə Qasımlı Qasım Gennadi oğlu arasında bağlanmış və 5 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində 1966 sayla qeydə alınmış 17.06.2023-cü il tarixli nikah pozulmalı, tərəflərin birgə nikahından anadan olmuş 13.03.2024-cü il təvəllüdlü Qasımlı Raul Qasım oğlu nikah pozulduqdan sonra Qasımlı Aynel Eldar qızının himayəsində saxlanılmalı, cavabdehdən 13.03.2024-cü il təvəllüdlü Qasımlı Raul Qasım oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdeh Qasımlı Qasım Gennadi oğlundan 13.03.2024-cü il təvəllüdlü Qasımlı Raul Qasım oğlu 3 yaşına çatanadək iddiaçı Qasımlı Aynel Eldar qızının saxlanılması üçün 100(yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Qasımlı Aynel Eldar qızına ödənilməlidir. Eləcə də məhkəmə qeyd edir ki, iddiaçı "nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment" tələbinə dair iddia ərizəsini 21.01.2025-ci ildə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunvericiliyin müvafiq normasının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli 21.01.2025-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə aliment tələbi hissəsində dərhal icra olunmalıdır.
Məhkəmə xərci “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya, ödənilməmiş dövlət rüsumuna görə 50 manat isə dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1–ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarında müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunmuşdur ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, tərəflərə nikah pozulduqdan 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə bağlı iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Qasımlı Aynel Eldar qızı ilə Qasımlı Qasım Gennadi oğlu arasında bağlanmış və 5 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində 504 sayla qeydə alınmış 17.06.2023cü il tarixli nikah pozulsun. Tərəflərin birgə nikahından anadan olmuş 13.03.2024-cü il təvəllüdlü Qasımlı Raul Qasım oğlu nikah pozulduqdan sonra Qasımlı Aynel Eldar qızının himayəsində saxlanılsın. Cavabdeh Qasımlı Qasım Gennadi oğlundan 21.01.2025-ci il tarixindən hesablanmaqla 13.03.2024-cü il təvəllüdlü Qasımlı Raul Qasım oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçı Qasımlı Aynel Eldar qızının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh Qasımlı Qasım Gennadi oğlundan 13.03.2024-cü il təvəllüdlü Qasımlı Raul Qasım oğlu 3 yaşına çatanadək iddiaçı Qasımlı Aynel Eldar qızının saxlanılması üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Qasımlı Aynel Eldar qızına ödənilsin. Qətnamə aliment tələbi hissəsində dərhal icra edilsin. Cavabdeh Qasımlı Qasım Gennadi oğlundan dövlət rüsumuna görə ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Qasımlı Aynel Eldar qızına, ödənilməmiş dövlət rüsumuna görə 50 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova