Məhkəmə qərarları › İş №e-2(010)-1516/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1516/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1516/2025 09.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.

1. İddiaçı "xxxx" ASC cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyindən 8700 manat məbləğində sığorta ödənişinin və 107 manat dövlət rüsumunun, cəmi 8807 manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, AZ082985 nömrəli, xx.xx.2022-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsinə əsasən, sığortalı X1 məxsus ünvan 1 ünvanında yerləşən daşınar əmlaklara sığortaçı İddiaçı ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2023-cü il tarixində ünvan 2 ünvanında yerləşən daşınar əmlaklara binanın zirzəmisində mənzillərə qalxan istilik xəttinin, yəni dikdayağın istismar müddətinin keçdiyinə görə çürümə baş verməsi və istilik xəttindən axan suların zirzəmidə olan obyektə dolması nəticəsində qismən zərər dəymişdir. Müstəqil ekspert Zeynalov İlqar tərəfindən hazırlanan dəymiş zərərin ilkin hesabatına əsasən daşınar əmlaklara, ümumilikdə, 10300 manat məbləğində maddi zərər dəymişdir. Fİ-0008/2023/AKT956/23 saylı, xx.xx.2023-cüil tarixli sığorta aktına əsasən, 1600 manat məbləğində azadolma məbləği çıxıldıqdan sonra, 8700 manat məbləğində sığorta ödənişi sığortaçı tərəfindən faydalanan şəxsin hesabına ödənilmişdir. Yuxarıda qeyd olunan sığorta hadisəsinin baş verməsi barədə 142 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli aktda qeyd olunur: “xx.xx.2023-cü il tarixində həmin binanın zirzəmisindən mənzillərə qalxan istilik xəttinin, yəni dikdayağın istismar müddəti keçdiyinə görə çürümə baş vermiş, nəticədə istilik xəttindən axan sular zirzəmidə olan ticarət obyektinə dolmuşdur. Nəticədə obyektin sahibinə küllü miqdarda ziyan dəymişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli arayışına əsasən ünvan 3 ünvanında yerləşən bina cavabdehin balansındadır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən daşınar əmlaklara sığortaçı İddiaçı SC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2023cü il tarixində ünvan 2 ünvanında yerləşən daşınar əmlaklara binanın zirzəmisində mənzillərə qalxan istilik xəttinin, yəni dikdayağın istismar müddətinin keçdiyinə görə çürümə baş verməsi və istilik xəttindən axan suların zirzəmidə olan obyektə dolması nəticəsində qismən zərər dəymişdir. Müstəqil ekspert Zeynalov İlqar tərəfindən hazırlanan dəymiş zərərin ilkin hesabatına əsasən daşınar əmlaklara, ümumilikdə, 10300 manat məbləğində maddi zərər dəymişdir. Sığorta aktına əsasən, 1600 manat məbləğində azadolma məbləği çıxıldıqdan sonra, 8700 manat məbləğində sığorta ödənişi sığortaçı tərəfindən faydalanan şəxsin hesabına ödənilmişdir. Sığorta hadisəsinin baş verməsi barədə 142 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli akta əsasən- xx.xx.2023-cü il tarixində həmin binanın zirzəmisindən mənzillərə qalxan istilik xəttinin, yəni dikdayağın istismar müddəti keçdiyinə görə çürümə baş vermiş, nəticədə istilik xəttindən axan sular zirzəmidə olan ticarət obyektinə olmuşdur. Nəticədə obyektin sahibinə küllü miqdarda ziyan dəymişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli arayışına əsasən ünvan 3 ünvanında yerləşən bina cavabdehin balansındadır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir.

5. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə4 izahat verərək bildirmişdir ki, sözügedən binanın girişinə kimi istiliyin ötürülməsi və borulara nəzarət "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aiddir. Yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə əsasən görə binalarda dikdayaqların, istilik təchizatı, istilik qurğularının təmir və bərpasına nəzarəti müvafiq İcra Hakimiyyəti orqanı həyata keçirir.

İş materialları.

6. Fİ-0008/2023 saylı sığorta aktından görünür ki, ünvan 4 ünvanında yerləşən əmlak xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətə 80 000 manata sığortalamışdır. xx.xx.2023-cü il tarixdə sığortalanmış əmlaka su basma hadisəsi nəticəsində zərər dəymişdir. Müəyyən edilmiş zərərin məbləği 10300 manat təşkil edir.

7. Dəymiş zərərin ilkin hesabatından görünür ki, xx.xx.2023-cü il tarixdə Daşınar əmlaklara 10300 manat məbləğində ziyan dəyməsi müəyyən olunmuşdur.

8. Əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsindən müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, sığortalı X1 məxsus Nizami rayonu, B.Nuriyev 24 A ünvanda yerləşən Ziyafət geyimlərini xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək 80.000 manat məbləği həddində sığortasını həyata keçirmişdir.

9. xx.xx.2023-ci il tarixli icra haqqında bank qeydinin surətindən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X4 hesabına 8700 manat köçürülmüşdür.

10. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Nizami Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən müəyyən olunur ki, şifahi sorğuya əsasən bildirilir ki, ünvan 3 ünvanında yerləşən bina Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansındadır. 11."xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ünvanlanmış pretenziyanın məzmunundan görünür ki, 5 gün müdddətində 8700 manat məbləğində pulun ASC-yə ödənilməsi, əks təqdirdə ASC tərəfindən sığorta ödənişinin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbardar edilmişdir.

12. 142 saylı MKİS tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən binanın zirzəmisindən mənzillərə qalxan istilik xəttinin, yəni dikdayağın istismar müddəti keçdiyinə görə çürümə baş vermiş, nəticədə istilik xəttindən axan sular zirzəmidə olan ticarət obyektinə dolmuşdur. Nəticədə obyekt sahibinə külli miqdarda ziyan dəymişdir. X2 MKİS-in balansından çıxmışdır.

İşin faktiki halları.

13. xx.xx.2022-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsinə əsasən, sığortalı X1 məxsus ünvan 1 ünvanında yerləşən daşınar əmlaklar sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətə əmlakın yanğından və digər əlavə risklərdən sığortası növündə sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə sığortalanmış əmlaklara su basma hadisəsi nəticəsində zərər dəymişdir. Müəyyən edilmiş zərərin məbləği 10300 manat təşkil edir.

14. 142 saylı MKİS tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən binanın zirzəmisindən mənzillərə qalxan istilik xəttinin, yəni dikdayağın istismar müddəti keçdiyinə görə çürümə baş vermiş, nəticədə istilik xəttindən axan sular zirzəmidə olan ticarət obyektinə dolmuşdur. Nəticədə obyekt sahibinə külli miqdarda ziyan dəymişdir. X2 MKİS-in balansından çıxmışdır.

15. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən, ünvan 3 ünvanında yerləşən bina Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansındadır.

16. xx.xx.2023-ci il tarixli icra haqqında bank qeydinin surətindən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən X4 hesabına 8700 manat köçürülmüşdür.

Tətbiq edilən hüquq.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu.

Maddə 14. Həyat və qeyri-həyat sığortası, onlara aid olan sığorta sinifləri 14.3. Qeyri-həyat sığortası (ümumi sığorta) özündə aşağıdakı sığorta siniflərini birləşdirir: 14.3.2. Sığorta obyektinə görə əmlak sığortasına aid olan əmlakın sığortası üzrə aşağıdakı siniflər: 14.3.2.1. Bu Qanunun 14.3.2.2 – 14.3.2.5-ci maddələrində sadalanmış əmlak istisna olmaqla, digər əmlakın, onun ərazisində və (və ya) içərisində yerləşən başqa əmlakla birlikdə, yaxud ayrılıqda yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan əmlakın yanğından və digər risklərdən sığortası;

19.Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında 10 mart 2000-ci il tarixli 40 nömrəli qərarı.

4. Müəyyən edilsin ki, bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərinə texniki xidmət və təmir xərcləri həmin şəbəkə və mühəndis qurğularının istismarından gəlir götürən təşkilatlar tərəfindən mərkəzləşdirilmiş qaydada müvafiq mənzil-istismar təşkilatlarına ödənilir.

20.Yerli icra hakimiyyətləri haqqında Əsasnamə

3. Yerli icra hakimiyyəti başçısının vəzifələri 3.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində: 3.9.1. müvafiq ərazidə nəqliyyat və yol infrastrukturunun inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; 3.9.2. müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzilkommunal infrastrukturunun inkişafını təmin edir;

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.

Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi

Məhkəmənin mövqeyi.

24. İşin faktiki hallarından görünür ki, xx.xx.2022-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsinə əsasən, sığortalı X1 məxsus ünvan 1 ünvanında yerləşən daşınar əmlaklar sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətə əmlakın yanğından və digər əlavə risklərdən sığortası növündə sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə sığortalanmış əmlaklara su basma hadisəsi nəticəsində zərər dəymişdir. Müəyyən edilmiş zərərin məbləği 10300 manat təşkil edir.

25. 142 saylı MKİS tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən binanın zirzəmisindən mənzillərə qalxan istilik xəttinin, yəni dikdayağın istismar müddəti keçdiyinə görə çürümə baş vermiş, nəticədə istilik xəttindən axan sular zirzəmidə olan ticarət obyektinə dolmuşdur. Nəticədə obyekt sahibinə külli miqdarda ziyan dəymişdir. X2 MKİS-in balansından çıxmışdır.

26. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən, ünvan 3 ünvanında yerləşən bina Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansındadır.

27. xx.xx.2023-ci il tarixli icra haqqında bank qeydinin surətindən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X4 hesabına 8700 manat köçürülmüşdür.

28. Məhkəmə qeyd edir ki, ünvan 3 ünvanında yerləşən binanın zirzəmisindən mənzillərə qalxan istilik xəttinin, yəni dikdayağın istismar müddəti keçdiyinə görə çürümə baş vermiş, nəticədə istilik xəttindən axan sular zirzəmidə olan ticarət obyektinə maddi zərər vurmuş və həmin zərər sığorta təşkilatı tərəfindən sığortalıya ödənilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, dikdayağın istismar müddəti keçdiyinə görə çürümə baş verdiyindən sığortalı əmlaka zərər dəymişdir. Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli qərarına əsasən bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərinə texniki xidmət və təmir xərcləri həmin şəbəkə və mühəndis qurğularının istismarından gəlir götürən təşkilatlar tərəfindən mərkəzləşdirilmiş qaydada müvafiq mənzil-istismar təşkilatlarına ödənilməlidir.

29. Məhkəmə hesab edir ki, dolayı yolla mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarət müvafiq mənzil-istismar təşkilatları tərəfindən həyata keçirilməlidir. Bu səbəbdən iddiaçı "xxxx" Sığorta Şirkəti ASC zərərçəkənə ödədiyi 8700 manat məbləğində sığorta ödənişini nəzarət funksiyası daşıyan və xidməti vəzifəsini yerinə yetirməyən Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyindən tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

30. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 107 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddia qiyməti 1000-10.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

31. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş 107 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

32. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyindən 8700 manat pul vəsaiti və 107 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına ödənilməlidir.

33. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyindən 8700 (səkkiz min yeddi yüz) manat sığorta ödənişi və 107 (yüz yeddi) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASCnin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar