Məhkəmə qərarları › İş №e-2(010)-1537/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1537/2025

20.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1537/2025 20.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X3 iclas katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə2, İddiaçı3 nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı3 ödənilməmiş əmək haqqı olan 1000 manatın, İddiaçı1 və İddiaçı2 ödənilməmiş əmək haqqı olan 2832 manatın tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçılar tələblərini onunla əsaslandırmışdır ki, ********** saylı VÖEN ilə fəaliyyət göstərən Cavabdeh İddiaçı1 və İddiaçı2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Gəncə şəhəri, Hacıbəyov küçəsi “Skonnunun 4 yolu” adlanan ərazidə və Gəncə şəhəri H.Hüseynzadə küçəsində yerləşən 6 nömrəli tam orta məktəbin yaxınlığında aparılan tikinti işlərinə hörgü ustası və fəhlə, İddiaçı3 isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Gəncə şəhəri, Hacıbəyov küçəsi “Skonnunun 4 yolu” adlanan ərazidə aparılan tikinti işlərinə əmək müqaviləsi bağlamadan fəhlə işinə cəlb etmişdir və işlədikləri işə görə əmək haqlarını ödəməmişdir. Cavabdehin qeyd olunan qanunsuz hərkətləri ilə əlaqədar Gəncə Şəhər Prokurorluğuna müraciət edilmiş, göstərilən faktla əlaqədar Cavabdeh əməlində inzibati xəta tərkibi olduğu üçün “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmiş, qərar və toplanmış materiallar şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X2 göndərilmişdir. Həmin Şöbənin 31 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə onları əmək müqaviləsi bağlamadan işlətməsi ilə əlaqədar inzibati xəta törətdiyi üçün Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək barəsində 3000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Yuxarıda qeyd olunan qərarlarla işə götürən qismində çıxış edən Cavabdeh onları əmək müqaviləsi olmadan əmək fəaliyyətinə cəlb etməsi tam təsdiq olunur. Şifahi razılaşmalarına görə cavabdeh ayda hər birinə 1000 manat əmək haqqı ödəməli olduğu halda, həmin əmək haqqını ödəməkdən yayınmışdır. Hazırda mövcud olan qanunun tələbinə görə ödənilməmiş əmək haqqının ödənilməsi ilə əlaqədar ilkin olaraq mediasiya xidmətinə müraciət edilmiş, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə Cavabdeh həmin iştirak etməkdən imtina etmişdir. Bu barədə Mediasiya Şurası arayış tərtib edərək işin məhkəmə qaydasında həll olunmasını məqsədə uyğun saymışdır. Qeyd olunanlardan da görünür ki, cavabdehlə aralarında faktiki olaraq işəgötürən və işçi münasibətləri olmuşdur. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçı3 nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı3 xeyrinə 1000 manat, İddiaçı1 xeyrinə 2832 manat və İddiaçı2 xeyrinə 2832 manat məbləğində pul vəsaitinin tututlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək və izahatına əlavə olaraq bildirdi ki, cavabdeh iddiaçıları (İddiaçı2 və İddiaçı1) əmək müqaviləsi bağlamadan 2 ay 25 gün müddətində işlətmiş və şifahi qaydada razılaşdırılmış əmək haqqını onlara ödəməmişdir. İşlərin yerinə yetirilməsi saatları ilə bağlı onu qeyd edir ki, bu saat adətən dəyişən olmuş, iddiaçılar sabit iş qrafiki əsasında çalışmamışlar. Cavabdeh vəzifəli şəxs isə onun barəsində verilmiş qərarlar və digər sənədlərlə tanış olduğunu, onlara hər hansı pul vəsaiti verməyəcəyini, bu məsələni digər hüquq-mühafizə orqanları ilə həll edəcəyini bildirmişdir. Təmsil etdiyi iddiaçılarla birlikdə cavabdehin yanında çoxsaylı işçilər işləsə də, yolun uzaq olması səbəbindən həmin şəxslərin şahid qismində məhkəmə iclasında iştirakını təmin edə bilmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı3 nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan müəyyən olunur ki, vəzifəli şəxs Cavabdeh (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, qərar və toplanmış materialların şəxs barədə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X2 göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 3000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Gəncə şəhər Prokurorluğuna Nümayəndə1 tərəfindən verilmiş izahatın məzmunundan müəyyən olunur ki, Gəncə şəhərində binaların tikintisi və təmiri ilə məşğul olan iş icraçısı Cavabdeh əmək müqaviləsi bağlamadan oğlu İddiaçı3, qayını İddiaçı1 və digər qayınının oğlu olan İddiaçı2 tikinti şirkətində binaların və hasarların tikintisində hörgü ustası və fəhlə kimi işlədərək, oğlu Səmədin 500 manat pulunu, qayını İddiaçı1 150 manat pulunu və qayını oğlu İddiaçı2 550 manat pulunu verməmişdir. Belə ki, iş icraçısı Zaur Əliyev 20 aprel 2024-cü il tarixdən 20 may 2024-cü il tarixə kimi müddətdə 20 gün olmaqla əmək müqaviləsi bağlamadan qanunsuz olaraq oğlu Səmədi tikinti işlərində fəhlə kimi işlədərək 500 manat əmək haqqını verməmiş, həmçinin qayını X8 əmək müqaviləsi bağlamadan tikinti işlərində fəhlə kimi işlədərək 150 manat əmək haqqını və digər qayınının oğlu İddiaçı2 əmək müqaviləsi bağlamadan qanunsuz olaraq tikinti işlərində hörgü ustası kimi işlədərək 550 manat əmək haqqını verməmişdir. O, iş icraçısı Cavabdeh oğlu Səmədi və qohumlarını aldadaraq əmək müqaviləsi olmadan işlətməsindən və əmək haqlarını verməməsindən şikayətçidir, əmək haqları olan həmin pulların alınıb qaytarılmasına və əmək müqaviləsi olmadan işlətməsinə görə iş icraçısı Cavabdeh barəsində tədbir görülməsini xahiş edir. Gəncə şəhər Prokurorluğuna İddiaçı2 tərəfindən verilmiş izahatın məzmunundan müəyyən olunur ki, o, əvvəllər hörgü ustası olmaqla fərdi qaydada fəaliyyət göstərmiş, bəzi vaxtlar isə hörgü ustası Nurəddin ilə birlikdə işləmişdir. xx.xx.2024-cü il tarixdə o, Göygöl şəhər xəstəxanasının arxasında fərdi yaşayış evində Nurəddin adlı hörgü ustası ilə hörgü işləri görmüş, həmin vaxt Nurəddinin tanışı olan və ora gələn iş icraçısı Cavabdeh onun işini görərək bəyənmiş, ona iş icraçısı olaraq binaların tikintisi və təmiri ilə məşğul olmasını, onun kimi bacarıqlı işçiyə ehtiyacının olmasını və rəsmi əmək müqaviləsi ilə hörgü ustası kimi onun yanında işləməyi təklif etmişdir. O, iş icraçısından aylıq nə qədər əmək haqqı verəcəyini soruşduqda, ona aylıq 800 manat əmək haqqı verəcəyini söyləmiş, o da razılaşaraq xx.xx.2024-cü il tarixdən işə başlamışdır. Cavabdeh onu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Gəncə şəhərində 6 nömrəli məktəbin qarşısında tikilən ikimərtəbəli evin tikintisində hörgü ustası kimi işlətmiş, həmçinin onu Gəncə şəhərində Skonnunun 4 yolu adlanan yerdə tikilən hasarın tikintisində hörgü ustası kimi işlətmiş, onu aldadaraq həmin müddətdə onunla əmək müqaviləsi bağlamamış və 2024-cü ilin iyun ayının əmək haqqından 550 manatını kəsərək verməmişdir. O, həmçinin işlədiyi müddətdə əmisi İddiaçı1 və bibisi oğlu İddiaçı3 iş icraçısı Cavabdeh yanına aparmış, iş icraçısı Cavabdeh onlara da əmək müqaviləsi bağlayaraq onları rəsmi işə götürürərək işlədəcəyini söyləmiş, əmisi İddiaçı1 və bibisi oğlu İddiaçı3 tikintidə gəhlə kimi işə götürərək işlətmiş, lakin onları da aldadıb əmək müqaviləsi bağlamadan işlətmişdir. Onları aylıq neçə manata işlətməsini dəqiq bilmir və bu barədə özləri dəqiq deyə bilərlər, lakin əmisi İddiaçı1 150 manat əmək haqqını, bibisi oğlu İddiaçı3 isə 500 manat əmək haqqını verməmişdir. Şikayət ərizəsi yazılandan sonra iş icraçısı Cavabdeh əmisi İddiaçı1 150 manat əmək haqqını vermiş, o, iş icraçısı Cavabdeh onu aldadaraq əmək müqaviləsi olmadan işlətməsindən və 550 manat əmək haqqını verməməsindən şikayətçidir, pulunun alınıb qaytarılmasına və onu aldadaraq əmək müqaviləsi olmadan onu işlətməsinə görə iş icraçısı Cavabdeh barəsində tədbir görülməsini xahiş edir. Gəncə şəhər Prokurorluğuna İddiaçı3 tərəfindən verilmiş izahatın məzmunundan müəyyən olunur ki, 2020-ci ilin aprel ayından Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin Gəncə şəhər X10 İdarəsinin 26 nömrəli X5 76 nömrəli X6 yanğınsöndürəni işləyir, daxili xidmət çavuşudur. Onun işi növbəli olduğundan 1 gün 24 saat olmaqla işdə olur, iki gün isə evdə olur. xx.xx.2024-cü il tarixində dayısı oğlu İddiaçı2 Gəncə şəhərində binaların tikintisi və təmiri ilə məşğul olan iş icraçısı Cavabdeh yanında hörgü ustası işinə düzələrək işləmiş, o, bu barədə Kamaldan soruşduqda isə ona demişdir ki, binaların tikintisi və təmiri ilə məşğul olan iş icraçısı Cavabdeh yanında fəhlə işi var, əgər işləmək istəyirsənsə, gəlib işləyə bilərsən. O, xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində Skonnunun dörd yolu adlanan əraziyə gedərək Cavabdeh işçiləri tərəfindən aparılan hasar tikintisi gedən yerdə iş icraçısı Cavabdehla görüşmüş, onun adını bilmədiyi şirkətində fəhlə işləmək istədiyini bildirmişdir. Zaur da ona problem olmadığını, ona aylıq 800 manat əmək haqqı verəcəyini demişdir. O da Zaurla razılaşmış, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi onun apardığı tikinti işlərində fəhlə işləmişdir. xx.xx.2024-cü il tarixdə 1 ayı tamam olduğundan pulunu istəmiş, iş icraçısı Zaur ona ay ərzində iki gün işə gəldiyini, bir gün işə gəlməməyini, bu səbəbdən işdə olma vaxtının 20 gün olduğunu söyləmişdir. O da Zaura 20 günlük əmək haqqını hesablamasını və həmin pulu verməsini söyləmişdir. Cavabdeh da ona narahat olmamağını, 20 günün əmək haqqının 500 manat təşkil etməsini və həmin pulu ona verəcəyini söyləmişdir. O da Cavabdeh pulunu verməsini və yalnız pulu verildiyi təqdirdə işə davam edəcəyini, əmək müqaviləsi olmadan işlətməsini və üstəlik pulunu vermədiyini bildirmişdir. Zaur da ona hazırda pulu olmadığını, işinə davam etməsini və pulunu verəcəyini demişdir. O da Zaura pulu nə vaxt versə, həmin vaxt işləyəcəyini qeyd etmişdir. O vaxtdan uzun müddət keçməsinə və dəfələrlə pulunu istəməsinə baxmayaraq, iş icraçısı Cavabdeh hər dəfə bir bəhanə gətirərək, onun 500 manat əmək haqqını verməmişdir. Cavabdeh ondan başqa dayısı İddiaçı1 və dayısı oğlu İddiaçı2 da əmək müqaviləsi olmadan işlətmiş və onların da əmək haqlarının müəyyən hissəsini verməmişdir. O, iş icraçısı Cavabdeh onu aldadaraq əmək müqaviləsi olmadan işlətməsindən və 500 manat əmək haqqı verməməsindən şikayətçidir, pulunun alınıb qaytarılmasına və onu aldadaraq əmək müqaviləsi olmadan işlətməsinə görə iş icraçısı Cavabdeh barəsində tədbir görülməsini xahiş edir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X4 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş cavab məktubundan müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə Gəncə şəhər prokurorluğunun qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X1 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Mediasiya Şurasının Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/3/2025-00008 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı2 və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə keçirilmiş ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Cavabdeh) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) və poçt-kargüzarlıq xərci (10 manat) İddiaçı2 tərəfindən ödənilmişdir. Mediasiya Şurasının Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/3/2025-00009 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı1 və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə keçirilmiş ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Cavabdeh) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) və poçt-kargüzarlıq xərci (10 manat) İddiaçı1 tərəfindən ödənilmişdir. Mediasiya Şurasının Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/3/2025-00014 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı3 və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 oğlu xx.xx.2025-ci il tarixdə keçirilmiş ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Cavabdeh) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) və poçt-kargüzarlıq xərci (10 manat) İddiaçı3 tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı

1. Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir.

2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rusumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi Məhkəmə iddiaçıların nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin müqavilədən irəli gələn öhdəliklərin lazımınca icra edilməməsi ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 760.2-ci maddəsinin (müqaviləyə podratçının təşəbbüsü ilə xitam verilməsi) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 760.2-ci maddəsinə əsasən, əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd edilən maddi hüquq normasının tərəflər arasında yaranmış müvafiq mübahisəli hüquq münasibətlərinə tətbiq edilməsi üçün 1) podratçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməli, 2) müqavilənin xitamı bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə əsaslanmalı və 3) yerinə yetirilmiş işin haqqı podratçıya ödənilməməli və ya müqavilənin ləğvi ilə podratçıya zərər vurulmalıdır. Həmçinin, qeyd edilən şərtlər eyni anda mövcud olmalı və kompakt şəkildə mübahisəyə tətbiq edilməlidir. İddiaçılar müvafiq iddia ərizəsində, eləcə də onların nümayəndələrinin məhkəmədə verdikləri izahatlarında cavabdehlə aralarında yaranan hüquq münasibətlərinin xarakterini əmək hüquq münasibətləri kimi təsbit etmiş və həmin münasibətlərə əsaslanaraq ödənilməmiş əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Lakin, qüvvədə olan əmək hüquq normalarının tələbləri işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranması üçün onlar arasında əmək müqaviləsinin bağlanmasını və müqaviləyə istinadən tərəflərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsini zəruri şərt kimi göstərmişdir. Eyni zamanda, əmək müqaviləsinin bağlanmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin də prosedur qaydası qanunvericiliklə dəqiq tənzimlənməklə, əmək münasibətlərinin əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranması müddəası təsbit edilmişdir. Lakin, məhkəmə araşdırması gedişində iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilə Cavabdeh arasında əmək hüquq münasibətlərinin yaranmasına səbəb olan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini özündə əks etdirən yazılı (qanunvericinin tələb etdiyi formada) əmək müqaviləsinin mövcudluğu aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı3 şifahi podrat müqaviləsi əsasında işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Lakin, şifahi podrat müqaviləsi üzrə razılaşdırılmış muzd sifarişçi tərəfindən podratçılara tam ödənilməmiş, bununla da sifarişçi tərəfindən müqavilədən irəli gələn öhdəliklər lazımı qaydada yerinə yetirilməmişdir. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Məhkəmənin müvafiq sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X4 tərəfindən verilmiş cavab məktubu, eləcə də məktuba əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 3000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Lakin məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat nəticəsində qəbul edilmiş hər hansı qərarın mövcudluğu mülki mühakimə icraatı qaydasında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı preyudisiallığa malik olmamaqla hüquqi nəticələrə səbəb olmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir) və 233.3-cü (qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər) maddələrinin tələbləri məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarının, eləcə də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mülki mühakimə icraatı qaydasında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı preyudisiallığını təsbit etmiş, digər qanuni qüvvəyə minmiş qərarların məcburi qüvvəsini istisna etmişdir. Odur ki, inzibati tənbeh vermə haqqında qərarın mövcudluğu tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinin mülki mühakimə icraatı qaydasında mülki mübahisənin həlli zamanı dəyişdirilməsinə əsas vermir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqelərə əsasən, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir. Həmçinin, həmin qərarda ifadə edilmiş bir digər hüquqi mövqeyə əsasən, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Odur ki, işin faktiki hallarının araşdırılması nəticəsində tərəflər arasında yaranmış müvafiq hüquq münasibətlərinin tabeçilik (hakimiyyət) xarakterinə malik olmayan, mülki dövriyyə iştirakçılarının azad və bərabər iradə ifadəsinin nəticəsi olan mülki-hüquqi müqavilə (podrat müqaviləsi) əsasında yaranması məhkəmə tərəfindən müəyyən edilmişdir. Həmçinin, müvafiq podrat müqaviləsi üzrə razılaşdırılmış muzdun tam şəkildə iddiaçılara – İddiaçı2 və İddiaçı3 ödənilməməsi, bu səbəbdən (sifarişçinin hərəkətsizliyi) iddiaçılar tərəfindən müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verilməsi və yerinə yetirilmiş işin əvəzi olan razılaşdırılmış muzdun qaytarılması tələbinin qanuniliyi və əsaslılığı məhkəmə tərəfindən müəyyən edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı3 ödənilməli olan muzdun məbləği ilə bağlı hissədə məhkəmə nəzərə çatdırır ki, iddiaçılar iddia tələbində cavabdehdən İddiaçı3 xeyrinə 1000 manat, İddiaçı2 xeyrinə 2832 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdirlər. Dəfələrlə iddiaçılara (məhkəmə iclası zamanı yaradılan telefon əlaqəsi zamanı) və onların nümayəndələrinə (keçirilən hər məhkəmə hazırlıq iclasında) öz tələblərinin əsası kimi istinad etdikləri fakt və halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmələri təklif olunmuş, lakin onlar cavabdeh tərəfindən ödənilməli olan pulun İddiaçı3 münasibətdə məhz 1000 manat və İddiaçı2 münasibətdə isə 2832 manat olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Belə olan halda, məhkəmə işdəki sübutlar əsasında işə mahiyyəti üzrə baxılmasını davam etdirərək iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş İddiaçı2 tərəfindən verilmiş izahatın məzmunundan müəyyən olunur ki, vəzifəli şəxs Cavabdeh tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə razılaşdırılmış muzd məbləğindən ona 550 manat, digər İddiaçı3 500 manat ödənilməmiş, lakin bu barədə prokurorluq orqanlarına şikayət ərizəsi ilə müraciət edildikdən sonra digər İddiaçı1 ödənilməmiş 150 manat geri qaytarılmışdır. Həmçinin inzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş iş üzrə İddiaçı3 tərəfindən verilmiş izahatın məzmunundan müəyyən olunur ki, vəzifəli şəxs Cavabdeh tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə razılaşdırılmış muzd məbləğindən ona 500 manat ödənilməmişdir. Bundan əlavə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın təsviri hissəsində Cavabdeh ilə yaradılan telefon əlaqəsi zamanı onun Kamal və Səməd adlı şəxləri tikinti işlərinə cəlb etdiyini qeyd etməsi müəyyən olunmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi iş üzrə iddiaçılar – İddiaçı2 və İddiaçı3 münasibətdə qismən, yəni İddiaçı2 ödənilməmiş 550 manat, İddiaçı3 isə ödənilməmiş 500 manat muzd hissəsində təmin edilməlidir. Məhkəmə digər İddiaçı1 cavabdehdən tələb etdiyi muzdun ödənilməsinə dair hissədə nəzərə çatdırır ki, iddiaçı tərəfindən cavabdehlə aralarında müvafiq müqavilə münasibətlərin yaranmasına, habelə bu münasibətlər əsasında işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı razılaşdırılmış muzd məbləğinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir, bu səbəbdən məhkəmə həmin iddiaçıya münasibətdə iddia tələbinin təmin edilməməli olması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (AR MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımı şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır... Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir... Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, hazırkı iş üzrə iddiaçılar cavabdehə qarşı qaldırılmış iddia tələbinin əsasını təşkil edən hüquqi halları tam sübut edə bilməmiş, həmin halların təsdiqinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, işdə mövcud olan sübutları birbirləri ilə əlaqəli şəkildə qiymətləndirən məhkəmə, mümkün, mötəbər və əsaslı sübutlara müvafiq olaraq verilən hüquqi qiymət əsasında iddia tələbinin qismən təmin edilməli olması nəticəsinə gəlməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə (1050 manat) mütənasib olan 30.5 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 550 manat məbləğində pul vəsaiti və 60 manat məbləğində mediasiya xərci İddiaçı2 xeyrinə, 500 manat məbləğində pul vəsaiti və 60 manat məbləğində mediasiya xərci İddiaçı3 xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 550 (beş yüz əlli) manat məbləğində pul vəsaiti və 60 (altmış) manat məbləğində mediasiya xərci İddiaçı2 xeyrinə, 500 (beş yüz) manat məbləğində pul vəsaiti və 60 (altmış) manat məbləğində mediasiya xərci İddiaçı3 xeyrinə tutulsun. Ödənilməmiş 30.5 (otuz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar