Məhkəmə qərarları › İş №e-2(010)-1667/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1667/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1667/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Abbasova Səkı̇ nə Kamal qızı və Bəşı̇ rov Rauf Fərman oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları 1.“Elektron notariat” X1 Çıxarışdan görünür ki, “Porsche Macan” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. Onun tərəfindən X3 etibarnamə əsasında həmin nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərərkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək və s. səlahiyyətlər verilmişdir.

2. “Elektron notariat” X1 Çıxarışdan görünür ki, “X12” minik markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. Onun tərəfindən Cavabdeh2 etibarnamə əsasında həmin nəqliyyat vasitəsindən istifadə hüququ verilmişdir.

3. ********** nömrəli “Avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsi”ndən görünür ki, “Porsche Macan” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır.

4. “İcbari Sığorta Bürosu”nun Çıxarışının surətindən görünür ki, “X12” minik markalı, **- HS-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortlanamışdır və sığorta statusu aktivdir.

5. TP ******* nömrəli “İnzibati Tənbehvermə haqqında Qərar”ın surətindən görünür ki, “Porsche Macan” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə “X12” minik markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və “X12” minik markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.

6. "xxxx" MMC-nin qüsur aktından görünür ki, “Porsche Macan” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan məbləği 17049 manat təşkil edir.

7. xx.xx.2022-ci il tarixli, AZ0014840 nömrəli “Ödəniş tapşırığı”ndan görünür ki, "xxxx" ASC tərəfindən X6 hesabına 8548.43 manat ödəniş edilmişdir.

8. Ödəniş tapşırığı”ndan görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 4700 manat ödəniş edilmişdir.

İşin faktiki halları

9. “Porsche Macan” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə “X12” minik markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermş və nəticədə “Porsche Macan” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Həmin yol-nəqliyyat hadisəsinin baş verməsində “X12” minik markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 təqsirli bilinməsi işin mübahisəsi halıdır. Belə ki, bu hal müvafiq icra hakimiyəti orqanının qərarı ilə müəyyən edilmiş, eləcə də, cavabdeh tərəf də məhkəmədə verdiyi izahatında bunu qəbul etmişdir.

İddia tələbi

10. İddiaçı "xxxx" ASC cavabdehlər Abbasova Səkı̇ nə Kamal qızı və Bəşı̇ rov Rauf Fərman oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3848.43 manat sığorta ödənişi və 58.48 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla cəmi 3907.26 manat pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

11. Cavabdeh1 məxsus olan “Toyota Prius" markalı. ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh2 tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə “Bakı Sığorta" ASC-də (bundan sonra “Cəmiyyət") “avtokasko" risklərindən sığortalanmış "Porsche Macan” markalı, ** MJ *** (k.d.q.n ** PV ***) dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində "Porsche Macan" markalı, ** MJ *** (k.d.q.n ** PV ***) markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər “Porche" markasının Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsi olan “Əfəndilər" MMC tərəfindən (zərər məbləğinin qiymətləndirilməsi prosesində iştirak xx.xx.2022-ci il tarixli, BS-C-2/5939 saylı məktubla sizə təklif edilmişdir) 17049 (on yeddi min qırx doqquz) manat məbləğində qiymətləndirilmişdir. “Porsche Macan" markalı, ** MJ *** (k.d.q.n ** PV ***) dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cəmiyyət tərəfindən 51.90% ilə qismən sığortalı olduğundan zərərlə bağlı Cəmiyyət tərəfindən 8548.43 məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli. ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Porsche Macan" markalı, ** MJ *** (k.d.q.n ** PV ***) markalı dövlət qeydiyyat nişanlı avtomobil Cəmiyyət tərəfindən 51.90 % olmaqla qismən sığortalanmışdır. İddia ərizəsinə əlavə olunan xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və AR DİN Tovuz rayon DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halm təfərrüfatlan barədə” arayışdan müəyyən edilir ki, Cavabdeh2 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR İXM-in 327.1 -ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Tovuz rayon DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatlan barədə" arayışdan və “elektron notariat" X1 çıxarışdan müəyyən edilir ki, Toyota Prius” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dır. İddia ərizəsinə əlavə edilmiş sığorta aktından müəyyən olunur ki, zərər məbləğinin sığortalanmış hissəsindən 300 (üç yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra ödənilməli sığorta ödənişinin məbləği 8548.43 (səkkiz min beş yüz qırx səkkiz manat, qırx üç qəpik) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki. baş vermiş sığorta hadisəsinə görə 8548.43 (səkkiz min beş yüz qırx səkkiz manat, qırx üç qəpik) manat məbləğində pul Cəmiyyət tərəfindən ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş ww.İSB.az saytından çıxarışdan müəyyən olunur ki. “Toyota Prius" markalı. ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş çıxarışdan müəyyən olunur ki, “Porsche Macan" markalı, ** MJ *** (k.d.q.n ** PV ***) markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 4700 (dörd min yeddi yüz) manat məbləğində pul “Paşa Sığorta" ASC tərəfindən Cəmiyyətin hesabına ödənilmişdir.

Tərəflərin izahatları

12. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbi ilə razı olduğunu bildirdi və qeyd etdi ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində qarşı tərəfə ziyan vurmuşdur.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 936. Subroqasiya hüququ 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Məhkəmənin mövqeyi

16. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməli, digər Cavabdeh1 münasibətdə isə təmin edilməməlidir.

17. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, iş materialları və tərəflərin izahatından müəyyən edilir ki, X8 məxsus olan və X5 tərəfindən etibarnamə ilə idarə edilən “Porsche Macan” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobillə cavabdehin idarə etdiyi “X12” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində “Porsche Macan” markalı avtomobilə maddi ziyan dəymişdir. Bu hal Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində baş vermişdir. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından iddiaçının cavabdehə münasibətdə tələb hüququ yaranmışdır. Çünki, sığorta ödənişi almış zərərçəkən özünün cavabdehə qarşı olan ziyanın tələb edilməsi hüququnu iddiaçıya ötürmüşdür. Tələb edilən ziyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb edilən ziyan məbləği əsaslıdır. Belə ki, işin materiallarından görünür ki, vurulmuş ziyan nəticəsində iddiaçı tərəfindən 8548.43 manat ziyan məbləği sığortalının hesabına köçürülmüşdür. Eyni zamanda, cavabdehin sığortaçısı tərəfindən 4700 manat sığorta ödənişi iddiaçı tərəfə ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilməyən 3848.43 manat (85xx.xx-4700=3848.43) ziyan məbləğinin Cavabdeh2 tələb edilməsi qanuni və əsaslıdır. Məhkəmə hazırkı tələbi digər Cavabdeh1 münasibətdə əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, “X12” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur və o, avtomobili idarə etmək üçün etibarnamə əsasında Cavabdeh2 vermişdir. Məhkəmə qeyd edir ki, subroqasiya hüququnu tənzimləyən yuxarıda qeyd edilmiş maddi normaların tələblərindən göründüyü kimi, subroqaqsiya hüququnun yaranmasının əsas şərti zərərvuranın təqsirli hərəkətlərinin olmasıdır. Yəni, geriyə tələb hüququ məhz şəxsin təqsirli hərəkətinə görə yaranır. Bu qəbildən çıxış edərək məhkəmə qeyd edir ki, hazırkı işdə digər Cavabdeh1 qəzada təqsirli hərəkət və ya hərəkətsizliyi müəyyən edilmir. Çünki, Cavabdeh1 qəza törədilən avtomobili qanuni əsasla digər Cavabdeh2 vermişdir və ona görə də, avtomobilə görə məsuliyyəti Cavabdeh1 daşıya bilməzdi. Məhkəmə onu da qeyd edir ki, mülki hüquq inzibati hüququn müəyyən etdiyi “avtomobilin idarə edilməsinə dair etibarnaməni” tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllə, maddə 362). Avtomobilin idarə edilməsi isə mülki hüquqda “əşyadan istifadə edilmə” kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə edilmə” deyiləndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin faydalı təbii xassəsi nəqletmədir, çünki o, nəqliyyat vasitəsidir, ona görə də şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxslərin qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobilin üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. O cümlədən yol hərəkəti münasibətlərində də avtomobilin idarə edilməsi (istifadə edilməsi) ilə bağlı təmsilçilik münasibətlərinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən (istifadə edən) şəxs yol hərəkəti münasibətinin iştirakçısına çevrilir və həmin münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, öz adından “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçısı anlayışı müəyyən olunub. Həmin anlayışdan görünür ki, “sürücünün nümayəndəsi”, “piyadanın nümayəndəsi”, “sərnişinin nümayəndəsi” və digər bu kimi anlayışlar yoxdur, onların hər biri yol hərəkətində öz adından iştirak edir. İnzibati hüquq etibarnamənin olmasını o halda tələb edir ki, mülkiyyətçi olmayan şəxs avtomobillə yol hərəkətində iştiraka qoşulmuş olsun. Əgər mülkiyyətçi olmayan şəxs avtomobillə yol hərəkətində iştirak etmirsə (məsələn, avtomobili öz qarajında saxlayaraq ona sahiblik edirsə) inzibati hüquq etbarnamə tələb etmir. Göründüyü kimi, inzibati hüquqda etibarnamə yalnız yol hərəkətində iştirak zamanı əhəmiyyətlidir. Avtomobillə yol hərəkətində iştirak etməyə qoşulan şəxs isə artıq yol hərəkətinin iştirakçılarından biri olan “sürücü” statusunu əldə edir. Onun “avtomobil mülkiyyətçisinin nümayəndəsi” statusunda yol hərəkətinə qoşulması mümkün deyil, çünki yol hərəkətinin “avtomobil mülkiyyətçisi” adlı iştirakçısı yoxdur. Əgər təmsil olunan yoxdursa, deməli təmsilçilik də yoxdur. Göründüyü kimi, hüquqda “avtomobilin idarə edilməsinə dair etibarnamə” təmsilçilik üçün deyil, hüquqpozmalara qarşı dövlətin qabaqlayıcı (preventiv) tədbiri kimi tətbiq edilir və etibarnamə olmadan avtomobil idarə edən şəxsi “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin mənası baxımından “hüququ olmayan şəxs” kimi qiymətləndirmək normanın həddindən artıq geniş təfsiri deməkdir.

18. Yuxarıda sadalanan normalara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməlidir.

Məhkəmə xərcləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 58.48 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

22. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Bəşı̇ rov Rauf Fərman oğlundan 3848.43 manat sığorta ödənişi və 58.48 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla cəmi 3907.26 manat pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh Bəşı̇ rov Rauf Fərman oğlundan 3848.43 manat sığorta ödənişi və 58.48 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla cəmi 3907.26 manat pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar