Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1739/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Haqverdiyeva (Xidirova) Ofelya Buxsay qızına qarşı “müayinə nəticələrinin iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı cavabdeh Haqverdiyeva (Xidirova) Ofelya Buxsay qızına qarşı “müayinə nəticələrinin iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ən azı ayda bir dəfə hamiləliklə bağlı olan müayinədən keçməsi, hamiləlik başladığı tarixdən hamiləlik bitənə qədər Cavabdeh hamiləliklə bağlı keçdiyi müayinələrin sənədlərinin İddiaçı təqdim edilməsi öhdəliyinin Cavabdeh qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə, yəni iki ay sonra isə cavabdeh iddiaçı ilə birgə yaşadıqları mənzili tərk edərək valideynlərinin yanına getmiş və bir daha geri qayıtmamışdır. Cavabdeh valideynlərinin yanına gedərkən, iddiaçı onun hamilə olduğu barədə məlumatlı olmamış və yalnız mediasiya sessiyasında cavabdeh iddiaçıya bildirmişdir ki, o, müddəti bir neçə həftə olmaqla hamilədir. Cavabdeh valideynlərinin yanına getdikdən sonra nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Cavabdeh nikahın pozulması tələbinə dair iddia ərizəsini verərkən, iddia ərizəsində göstərmişdir ki, o, 9 həftəlik hamilədir. Habelə, iddia ərizəsinə müvafiq tibb müəssisəsinin arayışını təqdim etmişdir ki, o, 10-11 həftəlik hamilədir. Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(004)-6132/2022 nömrəli qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra, iddiaçı dəfələrlə cavabdehə müraciət edərək, onun müayinəyə gedibgetməməsi və müayinənin nəticələri barədə məlumatın verilməsi, müayinə sənədlərinin təqdim edilməsini xahiş etsə də, cavabdeh iddiaçının bu müraciətlərini cavabsız qoymuşdur. İddiaçı cavabdehi ümumi məbləği 25000 (iyirmi beş min) manat olan tibbi sığorta ilə təmin etmiş və həmin tibbi sığorta xx.xx.2023-cü il tarixədək qüvvədədir. “A- Group” Sığorta şirkəti tərəfindən verilmiş 86783/01 nömrəli “Tibbi sığorta proqramı”nın 1.19.-cu bəndindən göründüyü kimi, bu proqram sığortalının hamiləliyin təqibini və doğuşu, habelə birinci 40 gün ərzində patronajını qarşılayır. İddiaçı mediasiya sessiyasının keçirilməsinə dair müraciət etmiş, mediator tərəfindən xx.xx.2023-cü il tarixə ilkin medasiya sessiyası təyin edilmiş, lakin cavabdeh ilkin medasiya sessiyasında iştirak etməmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixli MŞB/MT015/2023- 00049-02 nömrəli arayış verilmişdir. Qanunvericinin tələblərinə əsasən iddiaçı ilə cavabdehin birgə nikahından olan uşağın atası olaraq iddiaçı qeyd olunacaqdır. Bu səbəbdən, uşaq doğulduqdan sonra iddiaçının onun tərbiyəsində, o cümlədən sağlamlığın qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etməklə bağlı cavabdehlə bərabər hüquqları yaranacaqdır. İddiaçı hesab edir ki, uşağın normal anadan olması üçün də onun döl vəziyyətində olarkən qayğısına qalmaq lazımdır. Bunun üçün də müntəzəm olaraq müayinələr həyata keçirməli, dölə müntəzəm nəzarət olunmalıdır. Bunları nəzərə alaraq, iddiaçı cavabdeh hamilə olarkən, gələcək uşağın sağlam inkişaf olunmasında və sağlam doğulmasında əmin olmaq istəyir. Bu səbəbdən də, hesab edir ki, cavabdehin üzərinə ən azı ayda bir dəfə müayinədən keçməsi və müayinə sənədlərinin ona təqdim edilməsi öhdəliyi qoyulmalıdır. Qeyd etdiyi sığorta iddiaçının tələb etdiyi bütün müayinə xərclərini qarşılayır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, aldığı məlumata görə Cavabdeh artıq ana olmuş və uşağı 21 mayda doğulmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Bakı 15 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/MT015/2023- 00049-02 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh, İddiaçı nümayəndəsi Vəkil təsvir etdiyi kimi «dölün müayinəsi və müayinə sənədlərinin təqdim edilməsi öhdəliyi» mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə saat 12:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 6132/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində 20 iyul 2022-ci il tarixində 1507 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 6132/2022 saylı qətnaməsi, eyni zamanda 11 nömrəli şəhər poliklinikasının 2089 saylı 03 noyabr 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 10-11 həftəlik hamiləlik qeydiyyatına götürülmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin tələblərinə əsasən: İ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. İİ. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. İİİ. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Vİİİ. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası qanununun 2.1.1-ci maddəsinə əsasən, fərdi məlumatlar - şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumatdır. Həmin qanunun 2.1.6-cı maddəsinə əsasən, xüsusi kateqoriyalı fərdi məlumatlar fiziki şəxsin irqi və ya milli mənsubiyyətinə, ailə həyatına, dini etiqadına və əqidəsinə, səhhətinə və ya məhkumluğuna aid olan məlumatlardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh Haqverdiyeva (Xidirova) Ofelya Buxsay qızı xx.xx.2022-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(004)-6132/2022 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində 20 iyul 2022-ci il tarixində 1507 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulmuşdur. Tərəflər arasında nikahın pozulması barədə mülki işə baxılarkən, iddiaçı Cavabdeh 10-11 həftəlik hamilə olması 11 nömrəli şəhər poliklinikasının arayışı ilə müəyyən edilmişdir. Məhkəmə gedişatı dövründə cavabdeh Haqverdiyeva (Xidirova) Ofelya Buxsay qızı 21 may 2023-cü il tarixdə uşağını dünyaya gətirmişdir. Hazırda iddiaçı Cavabdeh ən azı ayda bir dəfə hamiləliklə bağlı olan müayinədən keçməsi, hamiləlik başladığı tarixdən hamiləlik bitənə qədər Cavabdeh hamiləliklə bağlı keçdiyi müayinələrin sənədlərinin İddiaçı təqdim edilməsi öhdəliyinin Cavabdeh qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə olan sənədləri, iddiaçının, onun nümayəndəsinin və vəkilinin izahatlarını və təqdim edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, məhkəmə əvvəla iddia tələbi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, yuxarıda sadalanan qanunvericilik aktlarından da göründüyü kimi cavabdehin hamiləliklə bağlı keçdiyi müayinələrin nəticələri olan sənədlərdə təkcə uşağın yox, həm də cavvabdehin fərdi məlumatları əks olunur və onun iddiaçı tərəfindən əldə edilməsi cavabdehin konstitusion hüququ olan şəxsi toxunulmazlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Ona görə də, cavabdehin qeyd edilən məlumatlarının iddiaçıya təqdim edilməsi vəzifəsini daşıması barədə iddia tələbi heç bir halda əsaslı sayıla bilməz. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququnun olması müəyyən edilmir. Çünki, iddiaçı hamiləlik zamanı uşağın müayinədən keçməsi və müayinə nəticələrinin ona təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etsə də, hazırda uşaq doğulmuşdur və artıq iddia tələbinin hüquqi əsası qalmamışdır. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh İddiaçı cavabdeh Haqverdiyeva (Xidirova) Ofelya Buxsay qızına qarşı “müayinə nəticələrinin iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
İddiaçı cavabdeh Haqverdiyeva (Xidirova) Ofelya Buxsay qızına qarşı “müayinə nəticələrinin iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, tərəflərə rəsmi şəkildə verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova