Məhkəmə qərarları › İş №e-2(010)-1751/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1751/2023

26.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1751/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X8 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:

1. Cavabdeh ilə aralarında olan nikahdan 16 iyul 2018-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Babək Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(079)-134/2021 nömrəli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən birgə nikahdan doğulmuş oğlu onun (iddiaçı) himayəsində qalmışdır. Həmin qətnamə əsasında hər hansı aliment məbləği təyin edilməmişdir. Hazırkı halda oğluna baxmaqda çətinlik çəkir. Bu səbəbdən uşağın atasının valideynlik vəzifələrindən biri olan aliment ödəməsinə ehtiyacı vardır.

İddiaçının tələbi.

2. Cavabdeh ilə aralarında olan nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 üçün aylıq 220 manat məbləğində alimentin, eləcə də 60 manat məbləğində mediasiya üçün ödənilmiş vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o, məhkəmə iclasında iştirak etməmişdir, lakin məhkəməyə ərizə (vəsatət) ünvanlayaraq Naxçıvan Muxtar Respublikasında yaşadığı üçün yol xərcləri çox olduğundan və bu xərcləri qarşılayacaq kifayət qədər imkanı olmadığından məhkəmə proseslərində iştirak edə bilməyəcəyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, Babək Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(079)-134/2021 nömrəli qətnaməsi ilə nikah pozulmuş və Babək Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(079)-233/2021 nömrəli qətnaməsi ilə oğlu X5 ilə ünsiyyət hüququ təmin edilmişdir, lakin iddiaçı daimi yaşayış yerini Bakı şəhərinə dəyişməklə onu və oğlunun nənə-babasını bu hüquqdan məhrum etmişdir. O, oğlunu video görüntülü zəng vasitəsilə görmək istəsə də, iddiaçı müxtəlif bəhanələrlə onu övladından ayrı tutmağa çalışmış və belə zənglərə 2-3 ayda bir dəfə icazə vermişdir. Həmçinin, bugünədək dəfələrlə maddi kömək məqsədilə oğlunun paltar və digər şəxsi ehtiyaclarını qarşılamışdır. Aliment ödəməməsinə səbəb iddiaçının 1 aprel 2021-ci il tarixdə Babək rayonu notariat ofisində verdiyi alimentdən imtina ərizəsi olmuşdur. O, iddiaçının aliment tələbinə etiraz etmir, lakin imkanının zəif olmasını, aylıq sabit gəliri və rəsmi qazanc yerinin olmamasını, məhkəmə qətnaməsi ilə üzərinə qoyulan aliment öhdəliyini icra edə bilmək imkanını nəzərə alaraq aylıq aliment məbləğinin iddiaçının tələb etdiyi 220 manat həcmindən daha az 150 manat həcmində təyin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

5. AZ-İ seriyalı 400241 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasındakı nikahın pozulması xx.xx.2021-ci il tarixdə akt qeydləri kitabında 60 № ilə qeyd edilmişdir.

6. AA3866879 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə doğulmuşdur.

7. Naxçıvan MR Babək Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(079)-233/2021 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü oğlu X5 ilə yetkinlik yaşına çatanadək görüşünə icazə verilməsi qət edilmişdir.

8. Babək Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(079)-134/2021 nömrəli qətnaməsi ilə Cavabdeh ilə X4 arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2018-ci il təvəllüdlü oğlu X3 anasının yanında qalmasıqət edilmişdir.

9. Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(010)-65/2023 nömrəli qərardadından görünür ki, iş üzrə aliment tələbi ilə bağlı qətnamə çıxarılanadək, xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 220 manat məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qərara alınmışdır.

İşin faktiki halları.

10. İşin məhkəmədə müəyyən edilən hallarından aydın olur ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmuşlar, bu nikahdan bir uşaqları var. Babək Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(079)-134/2021 nömrəli qətnaməsinə əsasən nikah pozulmuşdur, xx.xx.2018-ci il təvəllüdlü X5 anasının yanında yaşayır. İddiaçı aliment tələb etmədiyinə görə həmin qətnamə ilə alimentin tutulması təyin edilməmişdir. İddiaçı aliment tələbi barədə iddia ərizəsi təqdim edərək, cavabdehdən uşaq üçün yaşayış minimumu həddində alimentin, eyni zamanda mediasiya xərcinə görə ödənilmiş pul vəsaitinin tutulmasını xahiş edir.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

12. Azərbaycan Respublikası Ailə Məcəlləsi. Maddə 56. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

13. “Uşaq hüquqları haqqında” Qanun

Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

14. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.1.2. Aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Maddə 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

Məhkəmənin mövqeyi.

17. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır.

18. Belə ki, tərəflərin nikahı pozulmuş, uşaq iddiaçının himayəsində qalmışdır. Uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı cavabdehdən yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin hər ay sabit pul məbləğində tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Uşaq daimi olaraq iddiaçının yanında qaldığından ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”... “Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”

20. Məhkəmə cavabdehin alimentin 150 manat sabit pul məbləğində tutulmasına münasibətdə qeyd edir ki, 150 manat miqdarında aliment cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğdən kifayət qədər aşağı məbləğdir. Bu baxımdan uşağın maraqlarını üstün tutan məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən tutulmalı olan aliment 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 220 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur.

21. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

22. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən mediasiya prosesində iştirak üçün ödənilmiş 60 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. İşdə olan qəbzdən görünür ki, iddiaçı 60 manat mediasiya sessiyalarının keçirilməsi üçün pul vəsaiti ödəmişdir.

23. Bundan başqa, məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.

24. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, alimentin tutulma vaxtı xx.xx.2023-cü ildən hesablanmalıdır və bu zaman Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(010)-65/2023 saylı qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə alınmalıdır.

25. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir.

Məhkəmə xərcləri.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

28. Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (220x12=2640 manat) mütənasib olan 46,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən hesablanmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməli, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(010)-65/2023 saylı qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə alınmalı, həmçinin cavabdehdən mediasiya prosesində iştirak üçün ödənilmiş 60 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməli, ödənilməmiş 46,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(010)-65/2023 nömrəli qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə alınsın. Cavabdeh 60 (altmış) manat məbləğində mediasiya prosesində iştirak üçün ödənilmiş pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət nəfinə 46.40 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar