Məhkəmə qərarları › İş №e-2(010)-1806/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1806/2023

13.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1806/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X17 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh (Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 24 iyul 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 811685 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 10 iyun 2016-cı ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 24 iyul 2016-cı il tarixdə 4861 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X8 (ananın ərizəsinə əsasən), ana qrafasında İddiaçı qeyd olunmuşdur.

2. Leninqrad vilayəti Qatçina bələdiyyə rayon administrasiyasının VVAQ işləri üzrə komitəsi tərəfindən 05 aprel 2018-ci il tarixdə verilmiş İ-BO seriyalı 557954 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 18 mart 2018-ci ildə İddiaçı doğulmuş X1 atası hesab olunmaqla, uşağa Əskərov soyadı verilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 05 aprel 2018-ci il tarixdə 59 nömrə ilə qeyd edilmişdir.

3. Leninqrad vilayəti Qatçina bələdiyyə rayon administrasiyasının VVAQ işləri üzrə komitəsi tərəfindən 05 aprel 2018-ci il tarixdə verilmiş İİ-BO seriyalı 546233 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 18 mart 2018-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 05 aprel 2018-ci il tarixdə 437 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur.

4. Leninqrad vilayəti Qatçina bələdiyyə rayon administrasiyasının VVAQ işləri üzrə komitəsi tərəfindən 04 mart 2021-ci il tarixdə verilmiş İ-BO seriyalı 567508 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 27 mart 2019-cu ildə İddiaçı doğulmuş X5 atası hesab olunmaqla, uşağa Əskərova soyadı verilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 04 mart 2021-ci il tarixdə ********************05 nömrə ilə qeyd edilmişdir.

5. Leninqrad vilayəti Qatçina bələdiyyə rayon administrasiyasının VVAQ işləri üzrə komitəsi tərəfindən 04 mart 2021-ci il tarixdə verilmiş İİ-BO seriyalı 581871 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 27 mart 2019-cu ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 04 mart 2021-ci il tarixdə ********************01 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur.

6. Bakı 12 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X12 X18 tərəfindən məhkəməyə ünvanlanmış 09 iyun 2023-cü il tarixli, 9/505 №-li məktubda qeyd olunmuşdur ki, “Məhkəmə-Tibbi Ekspertiza və X12” p.h.ş-nin məhkəmə-tibbi biologiya şöbəsinə xx.xx.2023-cü il tarixdə İddiaçı Cavabdeh Habı̇ l oğluna qarşı atalıq faktının müəyyən edilməsinə dair e-2(010)-1806/2023 saylı mülki iş üzrə məhkəmə-tibbi bioloji ekspertizanın təyini barəsində qərardad və həmin saylı mülki iş bir cilddə daxil olmuşdur. Sənədlərin daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı uşaqla birlikdə şöbəyə gəlmiş, Cavabdeh Habı̇ l oğlu isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq müddət pozuntusuna yol verməmək üçün 2(010)-1806/2023 saylı mülki iş bir cilddə və qərardad icra edilmədən geri qaytarılır.

İşin faktiki halları

8. Cavabdeh ilə İddiaçı arasında faktiki nikah münasibətlərinin olması və həmin münasibətlərdən 18 mart 2018-ci il təvəllüdlü X6 və 27 mart 2019-cu il təvəllüdlü X7 doğulması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

9. İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - xx xxx 1980-ci il təvəllüdlü Cavabdeh 10 iyun 2016-cı il tarixdə Bakı şəhərində anadan olan X2 atası olmasının müəyyən edilməsinə, cavabdehlə faktiki nikahlarından olan üç yetkinlik yaşına çatmayan övladları - 10 iyun 2016-cı il təvəllüdlü X2, 18 mart 2018-ci il təvəllüdlü X6, 27 mart 2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən – 01 aprel 2021-ci il tarixdən hesablanmaqla sabit pul məbləği kimi hər ay hər uşaq üçün 1000 (bir min) manat olmaqla ümumilikdə 3000 (üç min) manat məbləğində alimentin, mediasiya üçün ödənilmiş 50 (əlli) manat rüsümun, dövlət rüsümü olaraq ödənilmiş 50 (əlli) manat pulun, hüquqi yardım xidməti üçün vəkilə ödənilmiş 600 (altı yüz) manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

10. Üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

11. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər arasında rəsmi nikah münasibətləri olmasa da, faktiki münasibətlər mövcud olmuş və tərəflərin birgə nikahlarından 3 uşaqları doğulmuşdur. İddiaçı tərəf hesab edir ki, digər uşağın da atası cavabdehdir və bu səbəbdən iddia əsaslıdır. Həmçinin, ekspertiza keçirilən zaman cavabdeh Bakıda olsa da, ekspertizada da iştirak etməmişdir. Cavabdeh Bakıya gəldiyi vaxtdan 20 gün müddətində Əmənulla atasının, baba-nənəsinin yanında qalmış, ölkədən çıxıb getdikdə isə uşağı yenidən anasının yanına gətirib qoymuşdur. Onların balaca uşaqları, ümumiyyətlə, cavabdehi tanımır, buraya gəldikdə çox balaca olub. Ortancıl uşaqları serebral iflicdir və atası ilə qalmır, yalnız böyük uşaqları, yəni hazırda atalıq verməkdən imtina etdiyi uşaq cavabdeh ilə qalır. Hətta onlar bir-birinə çox bağlıdırlar, uşaq atasını çox istəyir. Aliment hissəsinə münasibətdə isə bildirdi ki, onlar alimentin Azərbaycana gəlinən zamandan, yəni xx.xx.2021-ci il tarixdən etibarən tutulmasını xahiş edirlər. Belə ki, digər iki uşaqla bağlı da cavabdeh iddiaçıya heç bir maddi yardım etməmişdir. Halbuki, qanunvericiliyə əsasən uşaqlarına baxmaq atanın vəzifəsidir və iddiaçı həmin maddi yardımı cavabdehdən yalvararaq almamalıdır. Əgər qarşı tərəfin maddi yardım edilməsilə bağlı sübutları varsa, təqdim edə bilərlər. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

12. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 bildirdi ki, atalığın müəyyən olunması ilə rəy verilmədiyi üçün həmin hissədə iddia tələbini qəbul etmirlər. Alimentlə bağlı hissədə isə iddiaçı hər uşağa 1000 manat olmaqla, cəmi 3000 manat ödənilməsini xahiş edir, halbuki cavabdehin gəlirlərinin olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məlum olduğu kimi hazırda Rusiyada vəziyyət acınacaqlıdır və cavabdehin gəlirləri yaxşı deyil və iddiaçının tələb etdiyi həcmdə aliment ödəmək iqtidarında deyil. Bu səbəbdən də qanunvericiliyin tələbinə əsasən yaşayış minimumu həddində, yəni 220 manat alimentin digər iki uşaq üçün tutulmasını məhkəmənin mülahisəzinə buraxırlar. Alimentin 2021-ci ildən tutulması ilə isə razılaşmırlar, belə ki, iddiaçı Rusiyadan Azərbaycana gələndə bir il qaynatasının yanında yaşayıb. Həmçinin, iddiaçı alimentin ödənilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq rəsmi şəkildə cavabdehə müraciət etməmişdir. Əgər belə bir müraciət olubsa, sübutlarını təqdim edə bilərlər. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 45. Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Maddə 46. Doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeyd 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Maddə 188. Uşağın doğulması haqqında qeydə ata barəsində məlumatın yazılması Atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

16. Uşaq Hüquqları haqqında Qanun

Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

17. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

Maddə 6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı

Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı

8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

20. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. 2023-cü il üçün ölkə üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. Məhkəmənin mövqeyi

21. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.

22. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X12 X18 tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı uşaqla birlikdə şöbəyə gəlmiş, Cavabdeh Habı̇ l oğlu isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Qanunvericiliyə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi atalığın müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə ekspertiza keçirilməsinə baxmayaraq, iddiaçı tərəf uşağı ilə birlikdə şöbəyə getmiş, lakin cavabdeh getməmiş, nəticədə ekspertizanın keçirilməsi mümkün olmamışdır. Bundan əlavə, iddiaçının vəkilinin izahatından görünür ki, ekspertiza keçirilən zaman cavabdeh Bakıda olsa da, ekspertizada da iştirak etməmişdir. Belə ki, cavabdehin Bakıda olduğu 20 gün müddətində də uşaq atasının yanında qalmışdır. Bu səbəbdən məhkəmə cavabdehin iştirakı olmadan ekspertizanın keçirilməsinin mümkün olmadığını və onun ekspertizanın keçirilməsindən imtina etdiyini, həmçinin, cavabdehin həmin uşağı öz uşağı hesab etdiyi üçün Bakıya gəldiyi vaxtdan uşağı özü ilə aparmasını və 20 gün müddətində birlikdə qalmaqlarını nəzərə alaraq hesab edir ki, X2 atasının Cavabdeh olması faktı müəyyən edilməlidir. Cavabdehin vəkili iddianı həmin hissədə qəbul etməyərək cavabdehin uşağın atası olmamasını bildirsə də, bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyə əsasən tərəfin izahatı sübut kimi sayılsa da, həmin izahat digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Cavabdehin isə uşağın atası olmaması barədə izahatdan başqa digər sübutu olmadığı və digər sübutlarla yanaşı yoxlanıla və qiymətləndirilə bilmədiyi üçün həmin izahat mötəbər sübut hesab edilmir. Mötəbər olmayan sübuta isə məhkəmə əsaslana bilməz.

23. Aliment hissəsinə münasibət bildirən məhkəmə hesab edir ki, Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut təqdim olunmamış, həmçinin AZEMİS-dən cavabdehin aktiv əmək müqaviləsinin olmadığı aşkar olunmuşdur. Məhkəmə iclasında cavabdehin vəkili digər iki uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

24. Alimentin tutulma müddətinin hansı tarixdən hesablanmalı olması barədə məhkəmə qeyd edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Qanunvericiliyin tələbinə əsasən aliment məhz məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı həmin tarixin xx.xx.2021-ci ildən hesablanmalı olduğunu qeyd edərək bildirmişdir ki, həmin tarixdə iddiaçı uşaqlarla birlikdə Rusiyadan Azərbayaca gəlmiş və həmin andan etibarən maddi yardım göstərmək atanın vəzifəsidir. Lakin iş materiallarından və iddiaçının vəkilinə ünvanlanmış sualdan müəyyən olundu ki, iddiaçının xx.xx.2021-ci il tarixdən bu yana cavabehə qarşı aliment tələbi olmamışdır. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 13 mart 2023-cü il tarixdən etibarən tutulmalıdır.

Məhkəmə xərcləri

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.

28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

29. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 660x12=7920 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 99,20 manat təşkil edir.

30. Odur ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu və mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum olmaqla, cəmi 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

32. İş materiallarında olan çekdən görünür ki, xx.xx.2023-cü il tarixdə Kredo Vəkil Bürosunun hesabına vəkilə görə 600 manat pul ödənilmişdir. Məhkəmə iddia tələbinin göstərilmiş hüquqi yardıma görə 600 manat məbləğində xərcin tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən müvafiq qəbz iddia ərizəsinə əlavə edilsə də, məhkəmə baxılan mülki işin o qədər də mürəkkəb olmamasını, yəni konkret halda həmin işlə əlaqədar göstərilən yardımın həcmini, işə baxılma müddətini, tələbin kifayət qədər yüksək olmamasını nəzərə alaraq hesab edir ki, həmin hissədə də tələb qismən təmin edilməli və hüquqi yardıma görə ağlabatan məbləğ kimi 200 manat məbləğində pulun tutulması müəyyən edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

33. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 10 iyun 2016-cı il təvəllüdlü X2 atasının xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh olması faktı müəyyən edilməli, X3 aid doğum haqqında şəhadətnamədə ata qrafasında Cavabdeh yazılmalı, 10 iyun 2016-cı il təvəllüdlü X3 aid doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə olunmalı, Cavabdeh 10 iyun 2016cı il təvəllüdlü X2, 18 mart 2018-ci il təvəllüdlü X6 və 27 mart 2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 216-220-ci və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. 10 iyun 2016-cı il təvəllüdlü X2 atasının xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh olması faktı müəyyən edilsin. X3 aid doğum haqqında şəhadətnamədə ata qrafasında Cavabdeh yazılsın. 10 iyun 2016-cı il təvəllüdlü X3 aid doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə olunsun. Cavabdeh 10 iyun 2016-cı il təvəllüdlü X2, 18 mart 2018-ci il təvəllüdlü X6 və 27 mart 2019cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması müddəti 13 mart 2023-cü il tarixdən müəyyən edilsin. Qətnamə aliment hissəsində dərhal icra olunsun. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu, mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum və hüquqi yardım xidməti üçün 200 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar