Məhkəmə qərarları › İş №e-2(010)-1930/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1930/2023

23.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1930/2023 23.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X13 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:

1. Cavabdehlə nikahları xx.xx.2017-ci il tarixdə Zərdab RİHB-nın Şəftəhal kənd İƏDÜNnin Şəftəhal kəndində bağlanmışdır. Birgə nikahdan 3 övladları - xx.xx.2018-ci il təvəllüdlü X10, xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X12 anadan olmuşdur. Cavabdehlə ailə qurarkən el adəti ilə toy olmuş, ailə qurduqdan sonra bir yerdə yaşamaqla ümumi təsərrüfatı birgə idarə etmişlər. Sonradan cavabdeh evdə əsassız söz-söhbətlər yaratmış, ailəsinə, uşaqlarına baxmaq istəməmiş, onun analıq qüruruna toxunmuş, başqa qadınla ona xəyanət etmişdir. O, ailəsinin qorunub saxlanmasını çox istəsə də, bu birtərəfli olduğundan mümkün olmamışdır. Ən nəhayət bütün bu yuxarıda göstərdiyi səbəblərə görə məcbur olub xx.xx.2023-cü il tarixdən uşaqları ilə birlikdə valideyinlərinin yanına qayıtmışdır. Uşaqlarından 1-ci doğulan uşaqlar əkizlərdir, 2-ci doğulan uşaq ana bətnində korona ilə doğulduğundan hazırda mütəmadi olaraq müalicə tələb olunur. Cavabdehlə aralarında alimentin ödənilməsi barədə saziş bağlanmamış və notariat qaydada təsdiq edilməmişdir. Uşaq körpə olduğundan onlara o özü baxır və buna görə heç bir yerdə işləmir. Uşaqların saxlanmasında valideynləri ona köməklik göstərirlər. Cavabdeh bu ötən müddət ərzində bir dəfə də olsun uşaqları ilə maraqlanmamış və heç bir maddi köməklik göstərməmişdir.

İddiaçının tələbi.

2. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa sabit pul məbləğində 220 manat olmaqla, cəmi 660 manat alimentin tutulması, xx.xx.2022-ci il təvəllüdlü X12 3 yaşına çatanadək uşağa baxdığına və bununla bağlı heç bir yerdə işləmədiyinə görə Cavabdeh əlavə olaraq ona hər ay 100 manat alimentin tutulması, xx.xx.2022-ci il təvəllüdlü X6 xəstəliyi ilə əlaqədar Cavabdeh hazırkı çeklər üzrə 56,76 manat pulun tutulması və gələcəkdə çəkilməli xərclər nəzərə alınaraq orta hesabla hər ay 100 manat əlavə xərclərə cəlb olunması, mediasiyaya ödədiyi 54 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ay əmək haqqının həm yarısı miqdarında, həm də 1 uşaq üçün nəzərdə tutulmuş minumum yaşayış həddinin əmək haqqının çatışmayan hissəsində sabit pul məbləğində cəmi hər uşağa görə 220 manat olmaqla, 3 uşağa görə 660 manat alimentin tutulması, xx.xx.2022-ci il təvəllüdlü X12 3 yaşına çatanadək uşağa baxdığına və bununla bağlı heç bir yerdə işləmədiyinə görə Cavabdeh əlavə olaraq ona hər ay 100 manat alimentin tutulması, xx.xx.2022-ci il təvəllüdlü X6 xəstəliyi ilə əlaqədar Cavabdeh hazırkı çeklər üzrə 56,76 manat pulun tutulması və gələcəkdə çəkilməli xərclər nəzərə alınaraq orta hesabla hər ay 100 manat əlavə xərclərə cəlb olunması, mediasiyaya ödədiyi 54 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

4. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, iddia əsaslandırılmamışdır. O polis əməkdaşıdır, bizneslə, fərdi fəaliyyətlə məşğul ola bilməz. Bütün gəlirləri yalnız vəzifə maaşından ibarətdir. Məhkəməyə göndərdiyi etiraz və qeydlərdən sonra iddiaçının nümayəndəsi və vəkili cənab Vəkil “iddianın dəqiqləşdirilməsi haqqında” ərizə ilə məhkəməyə müraciət edərək 3 uşağa görə hər ay 660 manat alimentdən əlavə xx.xx.2022-ci il təvəlldülü X6 3 yaşına çatana qədər hər ay 100 manat, onun xəstəliyi ilə əlaqədar hazırkı çeklər üzrə 56,76 manat və əlavə olaraq gələcəkdə çəkilməli xərclər nəzərə alınaraq 100 manat alınmasını xahiş etmişdir. İddianın həmin hissəsinə də etiraz edir. Uşaqların saxlanması hər iki valideynin vəzifəsidir. O, qanunla ona veriləsi əmək haqqının 50%-ni aliment olaraq verməyə razıdır. Əgər əlavə ödəmələrə məcbur olsa polis orqanlarından xaric olunmağa məcburdur, çünki vəzifə borcuna görə bizneslə, digər əlavə ödənilşli işlərlə məşğul ola bilməz. İddiaçının məqsədi onu polis orqanlarında işləməkdən məhrum etmək, özünə tabe etdirməkdir. Bunun üçün əvvəllər Azərbaycan Respublikası DİN-in “102” çağrı xidmətinə yalan zənglər edərək onu ləkələməyə çalışmış, lakin aparılmış araşdırmalar nəticəsində məlumatlarının yalan olduğu təsdiqlənmişdir. O, valideyn olaraq yetkinlik yaşına çatmayan uşaqlarının onun özünün himayəsində saxlanmasına razıdır, bunun üçün şəraiti vardır. Əgər məhkəmə uşaqların iddiaçının himayəsində saxlanmasına qərar verərsə, aylıq əmək haqqının yarısı məbləğində aliment ödəməyə razıdır. Uşaqları onun üçün doğma və əzizdirlər, imkanı daxilində onların digər xərclərində iştirak edəcək, lakin hazırkı iddia üzrə əmək haqqının yarısı məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

İş materialları.

6. AZ-İİ seriyalı 224488 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar.

7. AZ-İV seriyalı 216779 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

8. AZ-İV seriyalı 216780 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

9. AZ-İV seriyalı 755407 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

10. "xxxx" MMC tərəfindən tərtib olunan hesab-fakturadan görünür ki, X12 xx.xx.2022-ci il tarixdə çanağın ren-qrafiyası üzrə müayinə olunmuş və bu xidmət üçün "xxxx" MMC-yə 33 manat məbləğində ödəniş edilmişdir.

11. xx.xx.2023-cü il tarixli satış çekindən görünür ki, "xxxx" MMC-dən resept üçün 23,76 manat məbləğində ödəniş edilmişdir.

12. X15 PHŞ-nin X5 tərəfindən tərtib olunmuş epikrizdən müəyyən olunur ki, X12 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X2 G80.0 kvadroplegik spastik serebral iflic, R25.2 qıcolma və spazm, Q02 mikrosefaliya, spastik tetraparez, inkişaf etaplarının kobud ləngiməsi diaqnozları ilə UNX-na stasionar müalicə olunmuşdur.

13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən vəsiqədən görünür ki, Cavabdeh Zərdab rayon X8 saxlama yeri, MSY-nin mühafizəsi üzrə polis nəfəri vəzifəsində işləyir.

14. Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(010)-81/2023 nömrəli qərardadından görünür ki, iş üzrə aliment tələbi ilə bağlı qətnamə çıxarılanadək, xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qərara alınmışdır.

İşin faktiki halları.

15. İşin məhkəmədə müəyyən edilən hallarından aydın olur ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmuşlar, bu nikahdan üç uşaqları var. Nikah pozulmamışdır, lakin yanvar ayından etibarən ayrı yaşayırlar. xx.xx.2018-ci il təvəllüdlü X10, xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X12 anası İddiaçı yanında yaşayır.

Tətbiq edilən hüquq.

16. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsi. Maddə 56. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. və 76.1.3. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Maddə 78. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

18. “Uşaq hüquqları haqqında” Qanun

Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

19. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.1.2. Aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Maddə 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

Məhkəmənin mövqeyi.

22. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

23. Belə ki, işin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından üç uşaq doğulmuşdur və uşaqlar hazırda iddiaçının yanında qalır. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur.

24. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh daimi işdə işləyir və onun müntəzəm əmək haqqı var. Belə ki, cavabdeh Zərdab Rayon Polis Şöbəsində işləyir və əmək haqqı 625 manat təkil edir.

25. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi).

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər”... “Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.”

27. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən sabit pul şəklində tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 30 manat olmaqla, cəmi 90 manat müəyyən edilməli, həmçinin cavabdeh işlədiyi üçün onun aylıq qazancının ½ hissəsi də tutularaq uşaqların saxlanması üçün iddiaçıya verilməlidir.

28. Məhkəmə iddia tələbinin “X7 3 yaşına çatanadək uşağa baxdığına və heç bir yerdə işləmədiyinə görə özünə hər ay 100 manat sabit məbləğdə pulun tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın həmin hissəsi əsassızdır.

29. Belə ki, əvvəla iddiaçı aliment ödəməyə borclu olan Cavabdeh əlavə gəlirləri və qazancları barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

30. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən nikah pozulduqdan sonra keçmiş arvadın ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

31. Göründüyü kimi, istinad olunan qanunun 85.1.1-ci maddəsinin məzmunundan göründüyü kimi ümumi uşaqların doğulduğu gündən 3 il ərzində keçmiş arvada keçmiş ərdən aliment tutulması üçün ərin buna zəruri vəsaitə malik olduğu təsdiq olunmalıdır. Lakin məkəmə baxışı zamanı iddiaçı tərəfindən cavabdehin zəruri vəsaitə malik olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Eləcə də mülki işin materialları əsasında cavabdehin belə vəsaitə malik olduğu müəyyən edilmədiyinə görə, həmçinin tərəflər arasındakı nikah pozulmadığı üçün keçmiş ər-arvad hesab olunmadıqlarına görə iddia bu hissədə əsassız hesab olunmalıdır.

32. Məhkəmə iddia tələbinin “X7 xəstəliyi ilə əlaqədar hazırki çeklər üzrə 56,76 manat məbləğində pulun tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir.

33. Belə ki, Azərbaycan Respublikasında Səhiyyə sistemi dövlət hesabına maliyyələşdiyindən və dövlət xəstəxanaları pulsuz fəaliyyət göstərdiyindən iddiaçının himayəsində olan azayşlı uşağın müalicəsinin dövlət xəstəxanasında aparılması mümkündür.

34. Həmçinin məhkəmə qeyd edir ki, aliment uşağın həm də sağlamlığı ilə bağlı çəkilən xərclərə görə tutulur və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilərək, cavabdehdən müvəqqəti alimentin tutulması qərara alınmış və dərhal icraya yönəldilmişdir.

35. Məhkəmə, eyni zamanda iddia tələbinin “X7 xəstəliyi ilə əlaqədar gələcəkdə çəkilməli xərclər nəzərə alınaraq orta hesabla hər ay 100 manat məbləğində əlavə xərclərə cəlb olunması”na dair hissəsini araşdıraraq, iddianın həmin hissəsi qismən əsaslıdır. Buna görə də iddianın həmin hissəsi qismən təmin edilməlidir.

36. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir

37. Qanunun məzmunundan göründüyü kimi valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsinin əsasları konkret müəyyən olunmuşdur. Buraya müstəsna hallar: uşağın ağır xəstə, şikəst olması, habelə yetkinlik yaşı tamam olsa da əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacının olması halları daxildir.

38. Həmçinin məhkəmə nəzərə alır ki, uşağın xəstəliyi ilə əlaqədar zəruri dərman preparatlarının alınması, nəqliyyat və digər əlavə xərclərin çəkilməsi labüddür. Məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, onların diqqətəlayiq olan digər maraqlarını nəzərə alaraq hesab edir ki, hər ay ödənilməli olan sabit pul məbləğinin 50 manat müəyyən edilməsi ədalətli və ağlabatandır.

39. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Qərarında həmçinin göstərilmişdir ki, .. məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.

40. Məhkəmə araşdırması zamanı tərəflərin birgə nikahlarından olan uşağı Ömərin müalicəyə ehtiyacının olması öz təsdiqini tapdığından məhkəmə tərəflərin hər birinin ailə və maddi vəziyyətini nəzərə alıb belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il təvəllüdlü X6 müalicəsi ilə bağlı çəkilən əlavə xərclərə görə cavabdehdən hər ay 50 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir.

41. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, iddiaçının cavabdehin əlavə gəlirləri barədə sübutlarını məhkəməyə təqdim edə bilməməsini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməklə xx.xx.2018-ci il təvəllüdlü X10, xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı və hər ay hər uşaq üçün 30 manat olmaqla, cəmi 90 manat sabit pul məbləğində aliment, xx.xx.2022-ci il təvəllüdlü X6 müalicəsinə görə hər ay 50 manat sabit pul məbləğində əlavə xərc iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Alimentin cavabdehin əməkhaqqının yarısı və sabit pul məbləğində təyin olunmasını istisna edən, həmçinin aliment məbləğinin daha çox miqdarda müəyyən edilməsini mümkün edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi.

42. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

43. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən mediasiya prosesində iştirak üçün ödənilmiş 54 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. İşdə olan mediasiya arayışından görünür ki, iddiaçı 54 manat mediasiya sessiyalarının keçirilməsi üçün pul ödəmişdir.

44. Bundan başqa, məhkəmə alimentin və əlavə xərclərin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin və əlavə xərclərin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır.

45. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, alimentin tutulma vaxtı xx.xx.2023-cü ildən hesablanmalıdır və bu zaman Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(010)-81/2023 saylı qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə alınmalıdır.

46. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə və müalicə xərclərinin tutulmasına dair hissəsi dərhal icra edilməlidir.

Məhkəmə xərcləri.

47. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

48. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 49.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

50. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

51. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın isə qiymətini müəyyən etmək mümkün olmadığından, qiymətləndirilməyən iddialara görə olan məbləğin yarısı, 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

52. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X10, xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2022ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı miqdarında və hər uşaq üçün 30 olmaqla, cəmi 90 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X6 müalicəsinə görə hər ay 50 manat sabit pul məbləğində əlavə xərc xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməli, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(010)-81/2023 saylı qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə alınmalı; həmçinin cavabdehdən mediasiya prosesində iştirak üçün ödənilmiş 54 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməli, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

53. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı miqdarında və hər uşaq üçün 30 (otuz) manat olmaqla, cəmi 90 (doxsan) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X6 müalicə xərclərinin ödənilməsi üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində əlavə xərc İddiaçı xeyrinə ödənilsin. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(010)-81/2023 nömrəli qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə alınsın. Cavabdeh 54 (əlli dörd) manat məbləğində mediasiya prosesində iştirak üçün ödənilmiş pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin və müalicə xərclərinin tutulması hissəsində dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 50 (əlli) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar