Məhkəmə qərarları › İş №e-2(010)-2063/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2063/2022

31.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2063/2022 31.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın ananın yanında saxlanılması, aliment, əlavə maddi yardım və çəkilmiş xərclər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi 09 iyul 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sabit pul məbləğində 193 manat alimentin tutulması, uşağın müalicə və təhsil xərclərinə görə əlavə 200 manat, ilkin mediasiya sesiyasında iştirak üçün ödənilmiş 50 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh arasında nikah 08 avqust 2012-ci il tarixdə bağlanılmışdır. Evləndikdən sonra cavabdehə məxsus ünvan 1 ünvanında yaşamışlar. Onların birgə nikahlarından 09 iyul 2012-ci il təvəllüdlü X5 adlı bir övladları vardır. Cavabdeh əvvəllər ailəsinə qarşı qayğıkeş olsa da sonradan daima evdə söz-söhbət yaradaraq dava-dalaş salmış, aralarında olan nikahın pozulmasına səbəb olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanılmış nikah Suraxanı Rayon Məhkəməsi tərəfindən pozulmuşdur. Həmin mülki iş üzrə iddiaçıya məhkəmə iclasının keçirilməsi barədə məlumat verilmədiyindən sübütlarını təqdim edə bilməmiş və Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(010)-233/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qətnaməsi poçt vasitəsilə iddiaçının ünvanına göndərildikdən sonra bu barədə məlumatı olmuşdur. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. O, izahatında göstərdi ki, iddiaçının övladında ikitərəfli sensonevral ağır eşitmə nitq pozuntusu olduğundan o, adi məktəbdə təhsil ala bilmir, əlavə pedaqoqlarla hazırlaşmalı olur. Müalicəyə ehtiyacı olur. Uşağa eşitmə cihazı tətbiq edilmişdir və iddiaçı, övladının sağlamlıq imkanları məhdud olduğu üçün müavinət alır. Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, o, İddiaçı ilə birgə nikahından doğulmuş qızı Rahilənin anasının yanında saxlanılması, eləcə də 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsinə etiraz etmir. İddiaçı ilə nikah münasibətləri faktiki və daha sonra rəsmi pozulduğu andan qızı Rahilə onsuz da anasının yanında qalmışdır. O, uşağı qız olduğu üçün onun anasının yanında qalmasına heç vaxt etiraz etməmişdir. O, son bir aya qədər uşaqla mütəmadi görüşmüş, uşağın qayğısına qalmış, uşağın heç nədən ehtiyacının olmaması üçün əlindən gələni etmişdir. Sonuncu dəfə isə bir ay bundan əvvəl qızını gördükdən sonra iddiaçı özü ona uşağı ilə ünsiyyətinə maneə törətməyə başlamış, hazırda onu uşaqla görüşməyə qoymur. O, sonuncu dəfə qızı ilə bir ay bundan əvvəl görüşmüş, uşaq üçün geyim ləvazimatları, nəyə ehtiyacı varsa almışdır. Bundan əvvəl də uşağın bütün geyim əşyalarını, ləvazimatlarını özü almış, hər dəfə də görüşəndə pul da vermişdir. Hətta uşağın eşitməsində problemlə bağlı aparatın batareyalarını da Türkiyədən o, gətizdirmişdir. Yəni o, uşağının saxlanmasından boyun qaçırmamışdır. Özü heç bir yerdə işləmir, sabit gəliri yoxdur, hər ay iddiaçının tələb etdiyi məbləğdə alimentin ödənilməsi öhdəliyinin onun üzərinə qoyulması ağır duruma düşməsinə, gələcəkdə əsassız olaraq inzibati məsuliyyətə cəlb edilməsinə səbəb ola bilər. Belə ki, hər ay həmin məbləğdə sabit pul məbləğində alimenti onun ödəmək imkanı yoxdur. Qızı Rahilə “sağ tərəfli ağır dərəcəli, sol tərəfli çox ağır dərəcəli sensonevral tip eşitmə azlığ və ikitərəfli sensonevral ağır eşitmə nitq pozuntusu” diaqnozu ilə xəstədir. Lakin qızı adi təhsil məktəbinə gedir, belə ki, son model eşitmə aparatından istifadə edir, həmin aparat tətbiq ediləndən sonra uşağın eşitməsi yüz faizlik olmuşdur, yuxarıda qeyd etdiyi kimi həmin aparatın batareyalarını da özü Türkiyədən gətizdirmişdir. Sonuncu dəfə o, 2 ay bundan əvvəl həmin aparat üçün batareyaları gətizdirmiş, batareyalarin hər qutusuna 100 manat ödəniş edir və ən az 2-3 qutu gətizdirir ki, uşağın problemi olmasın. Bundan başqa, qızına sağlamlığı məhdud olduğu üçün dövlət tərəfindən hər ay 280 manat müavinət ödənilir ki, həmin məbləğ də iddiaçı tərəfindən hər ay alınır və uşağın ehtiyaclarına xərclənir. Həmin məbləğ də nəzərə alınmaqla iddiaçının iddiasından belə nəticəyə gəlmək olur ki, uşağın ehtiyaclarına hər ay ən azı 700 manat civarında pul xərclənir. Lakin iddia ərizəsinə bu məbləğin heç yarısının da xərclənməsini təsdiq edən heç bir sübut əlavə edilməmiş, belə sübutlar barədə məlumat verilməmiş, həmin sübutlara istinad belə edilməmişdir. İddiaçı birgə nikahda olduqları dövrdə uşağın ehtiyaclarına hər ay 400-450 manat vəsait xərclənməsinə (dövlətin ödədiyi 280 manat nəzərə alınmazsa), yəni uşağın əvvəlki vəziyyətdə saxlanılması ücün tələb olunan vəsaitin miqdarını təsdiq edən hec bir sübutu əlavə etməmişdir. Odur ki, məhkəmədən bundan sonra da uşağın xərclərində əvvəlki səviyyədə iştirak edəcəyini, uşağın saxlanılmasında iştirakdan boyun qaçırmadığını nəzərə alaraq iddianın əlavə xərclər hissəsində təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 09 iyul 2012-ci ildə doğulmuş və valideynləri Cavabdeh və X2r. Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-233/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı "nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 6 saylı Bakı "ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində xx.xx.2012-ci il tarixdə 515 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Mediator Ü.Zülfüqarovanın xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ından görünür ki, İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanılması, aliment tələbi, əlavə maddi yardım mübahisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə, 11:00-12:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasıya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. 5 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.2012-ci il təvəllüdlü X4 “ikitərərəfli sensonevrol ağır eşitmə nitq pozuntusu” diaqnozu qoyulmuşdur. “Fonus” Eşitmə Mərkəzinin xx.xx.2014-cü il tarixli arayışından görünür ki, X1 tərəfli ağır dərəcəli, sol tərəfli çox ağır dərəcəli sensonevral tip eşitmə azlığı diaqnozu qoyulmuş, iki tərəfli eşitmənin protezləşdirilməsi məsləhət görülmüşdür. Bakı şəhəri üzrə Təhsil İdarəsi M.Bayramov adına 196 №-li tam orta məktəbin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, X5 məktəbin 3-cü sinfində oxuyur. Məhkəmənin mövqeyi Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahından X5 09 iyul 2012-ci ildə anadan olmuşdur. Hazırda iddiaçı, X3 onun yanında saxlanılmasını, 09 iyul 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin, eləcə də uşağın müalicə və təhsil xərclərinə görə hər ay əlavə 200 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini istəyir. Məhkəmə müəyyən edir ki, cavabdeh tərəf isə iddianı qismən qəbul edərək, iddiaçı ilə birgə nikahından anadan olmuş qızının iddiaçının yanında saxlanılmasına və uşağının saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmasına razıdır, lakin uşağın müalicə və təhsil xərclərinə görə hər ay əlavə 200 manat məbləğində vəsaitin tutulmasına razı deyil. İddia tələbinin “uşağın iddiaçının himayəsində qalması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından anadan olmuş övladı Rahilənin anasının yanında olduğunu, cavabdehin buna etiraz etməməsini və uşağın üstün mənafeyini rəhbər tutaraq məhkəmə hesab edir ki, uşaq anasının himayəsində qalmalıdır. İddia tələbinin “uşağın saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması” hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən isə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Həmin Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumunun məbləği 193 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını, təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, o cümlədən normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasına, fiziki cəhətdən inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsini, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququnun olmasını, uşağın azyaşlı olmaqla gündəlik tələbatını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq cavabdehdən övladının saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə müəyyən edir ki, cavabdeh də sözügedən məbləğdə alimentin tutulmasına etiraz etmir. İddia tələbinin “uşağın müalicə və təhsil xərclərinə görə hər ay əlavə 200 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında vurğulanır ki, “Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir.” Məhkəmə iş materiallarında olan tibbi arayışlara (2014 və 2016-cı il tarixli) əsasən müəyyən edir ki, tərəflərin övladı Rahiləyə “ikitərərəfli sensonevrol ağır eşitmə nitq pozuntusu” diaqnozu qoyulmuş və iki tərəfli eşitmənin protezləşdirilməsi məsləhət görülmüşdür. Tərəflərin övladında müəyyən edilən diaqnozla əlaqədar ona eşitmə cihazının tətbiq edilməsi cavabdehin izahatına əsasən müəyyən edilmiş, bu fakt iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilməmişdir. Rahilənin sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar 280 manat məbləğində müavinət alınması da işin mübahisəsiz halıdır. İddiaçının nümayəndəsi iddia tələbinin dəlili olaraq uşağın eşitmə qüsurlu olması səbəbindən müalicəyə ehtiyacı olmasını, ümumtəhsil müəssisəsində təhsil ala bilməməsini, kənar mütəxəssislərin uşağın təhsilinə cəlb edilməli olmasını göstərir. Cavabdeh isə iddia tələbinin bu dəlilinə münasibətdə bildirir ki, övladına eşitmə cihazı qoyulandan sonra övladı normal eşidir və 196 saylı tam orta məktəbin 3-cü sinfində oxuyur. Uşağın sözügedən təhsil müəssisəsində təhsil alması həmin müəssisə tərəfindən verilmiş arayışla öz təsdiqini tapır. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Qərarında irəli sürülən mövqeyə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin məzmunu baxımından əlavə xərclərin ödənilməsi üçün müstəsna hallara ağır xəstə, şikəst olan uşağa birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi, eləcə də uşağın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə xidmətçi tərəfindən qulluq göstərilməsi halları aiddir. Məhkəmə qeyd edir ki, iddiaçı uşağa eşitmə cihazı tətbiq ediləndən sonra onun hər hansı bir tibbi xidmətə, müalicəyə, reabilitasiya təliminə və ya sanatoriya-kurort müalicəsinə ehtiyacının olması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 09 iyul 2012-ci il təvəllüdlü X5 İddiaçı yanında saxlanılmalı, cavabdehdən övladı – 09 iyul 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də məhkəmə qeyd edir ki, iddiaçı “uşağın ananın yanında saxlanılması, aliment, əlavə maddi yardım və çəkilmiş xərclər” tələbinə dair iddia ərizəsini xx.xx.2022-ci ildə məhkəməyə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunvericiliyin müvafiq normasının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə aliment tələbi hissəsində dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin sözügedən normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, məhkəmə xərci olaraq ödənilmiş 80 (səksən) manat məbləğində pul vəsaitindən 40 (qırx) manat məbləğində vəsait cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 09 iyul 2012-ci il təvəllüdlü X5 İddiaçı yanında saxlanılsın. Cavabdeh 09 iyul 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulsun. Məhkəmə xərci olaraq ödənilmiş 80 (səksən) manat məbləğində pul vəsaitindən 40 (qırx) manat məbləğində vəsait cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamə aliment tələbi hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar