Məhkəmə qərarları › İş №e-2(010)-2112/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2112/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2112/2023 11.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 9500 manat pul vəsaitinin və ödənilmiş 115,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, X15 07 iyul 2015-ci il tarixdə idarə etdiyi “X19” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İsmayılov küçəsi 5 ərazisində X4 idarə etdiyi “Hyundai” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Cavabdeh ağır və X16 az ağır xəsarətlər almaqla sonuncu avtomobilə maddi ziyan vurmuşdur. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “Hunday Sonata” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5000 manat, Cavabdeh (İİ qrup əlil) sağlamlığına dəymiş ağır zərərə görə 3000 manat və X1 dəymiş az ağır zərərə görə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. 07 iyul 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı X2 hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə və yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərlərin tərəflərindən ödənildiyinə görə X10 qarşı subroqasiya hüquqları yaranmışdır. Bununla bağlı X10 qarşı Suraxanı rayon Məhkəməsində subroqasiya qaydasında pul tələbi ilə bağlı iddia qaldırılmışdır. İddia tələbi Suraxanı rayon Məhkəməsinin 2(010)-467/2022 saylı 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X15 tərəfindən hadisə ilə bağlı Cavabdeh bank hesabına 33929 manat məbləğində pul ödənilmişdir. Həmçinin məhkəmə də qeyd etmişdir ki, X3 Ramal Akif oğluna dəymiş bütün maddi ziyanı ödəmişdir. Həmçinin Suraxanı rayon Məhkəməsinin 2(010)-467/2022 saylı 15 fevral 2022-ci il tarixli qətnaməsində o da qeyd edilmişdir ki, iddia tələbi X10 qarşı təmin olunsa, Cavabdeh əsassız varlanmış şəxs olacaqdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X8 əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 07 iyul 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və bundan sonra oğlu Cavabdeh ağır xəsarətlər almışdır. Artıq bir neçə ildir ki, o ağır əməliyyatlar keçirmiş, ikinci qrup əlil olmuş və hal-hazırda nitq qüsurludur. Onun müalicə olunmasına nəinki 33000 manat, ondan daha artıq pul vəsaiti xərclənmişdir. Hazırda sığorta şirkətinin cavabdehdən əsassız varlanma şəklində pul vəsaitini tələb etməsini əsassız sayır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər cavabdehə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 025349 nömrəli sığorta aktından aydın olur ki, 07 iyul 2015-ci ildə başvermiş yol nəqliyyat hadisəsi nəticəsində İcbari Sığortalara haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən 2-ci qrup əlilliyə görə sığorta ödənişinin sığorta məbləğinin 60 faizi təşkil edir, sığorta məbləği 5000 manat olduğundan, Cavabdeh sağlamlığına vurulan zərərə görə sığorta ödənişinin məbləği 3000 manat təşkil edir, lakin sağlamlığına vurulan ağır xəsarətə görə 1500 manat ödənildiyindən, qalan 1500 manat etibarnamə əsasında X5 verilmişdir. İş materiallarına əlavə edilmiş 023440 nömrəli sığorta aktından aydın olur ki, 07 iyul 2015-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İcbari Sığortalara haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən səhhətə vurulan ağır zərərə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 30 faizi təşkil edir, sığorta məbləği 5000 manat olduğundan, Cavabdeh sağlamlığına vurulan zərərə görə sığorta ödənişinin məbləği 1500 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 026336 nömrəli sığorta aktından aydın olur ki, 07 iyul 2015-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İcbari Sığortalara haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən səhhətə vurulan ağır zərərə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 30 faizi təşkil edir, sığorta məbləği 5000 manat olduğundan, X1 vurulan zərərə görə sığorta ödənişinin məbləği 1500 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2(010)-467/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh X10 qarşı cavabdeh X6 "Hunday Sonata” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 5000 manat, Cavabdeh (İİ qrup əlillik 1500+1500+3000) sağlamlığına dəymiş ağır zərərə görə ödənilmiş 300 manat və X1 dəymiş az ağır zərərə görə ödənilmiş 1500 manat olmaqla, cəmi 9500 manat pulun və ödənilmiş 115,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2016-cı il tarixli 2(010)-592/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X6 və X11 müştərək qaydada dəymiş maddi zərərin əvəzi olaraq 5320 manat dəyərində ərzaq məhsullarının, 2220 manat dəyərində müayinə olunmaqla əlaqədar, 1483 manat zay olunmuş əşyalara görə, müalicə olunmaqla əlaqədar 17750 manat məbləğində alınmış borc, müalicə olunmağı ilə əlaqədar həkimlərin təyin etdikləri reseptlər üzrə 4520 manat, nağd aptek qəbzləri üzrə alınmış dərmanlara görə 3800 manat, üzərində əməliyyatlar keçirilməsi ilə əlaqədar xərcin əvəzi olaraq 7000 manat əməliyyat xərci, 300 manat məhkəmədə hüquqların müdafiəsi üçün, ümumilikdə 42393 manat və bundan sonrakı 3 il ərzində dolanacaq xərci olaraq hər ay 500 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4058/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsilə iddiaçılar Cavabdeh və X12 apellyasiya şikayəti təmin olunmamış, cavabdehlər X9 və X13 apellyasiya şikayəti qismən təmin olunaraq Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2016-cı il tarixli 2(010)-592/2016 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, maddi zərər üçün 11970 manat və xx.xx.2015-ci il tarixdən 3 il ərzində dolanacaq xərci olaraq hər ay 146 manat məbləğində pulun X6 və X11 tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarında qeyd olunur ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X15 07 iyul 2015-ci il tarixdə idarə etdiyi “X19” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İsmayılov küçəsi 5 ərazisində hərəkətdə olarkən “Hyundai” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Cavabdeh ağır və X16 az ağır xəsarətlər almaqla sonuncu avtomobilə maddi ziyan vurmuşdur. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “Hunday Sonata” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5000 manat, Cavabdeh (İİ qrup əlil) sağlamlığına dəymiş ağır zərərə görə 3000 manat və X1 dəymiş az ağır zərərə görə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. 07 iyul 2015-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı X2 hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə və yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərlərin tərəflərindən ödənildiyinə görə X10 qarşı subroqasiya hüquqları yaranmışdır. Bununla bağlı X10 qarşı Suraxanı rayon Məhkəməsində subroqasiya qaydasında pul tələbi ilə bağlı iddia qaldırılmışdır. İddia tələbi Suraxanı rayon Məhkəməsinin 2(010)-467/2022 saylı 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X15 tərəfindən hadisə ilə bağlı Cavabdeh bank hesabına 33929 manat məbləğində pul ödənilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə hesab edir ki, vurulmuş zərər delikt əsasında yaranmışdır və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X15 tərəfindən Cavabdeh bank hesabına 33929 manat məbləğində pul vəsaiti ödənilmişdir. Belə ki, həmin pul vəsaiti zərərçəkənin müayinə və müalicəsi, onun əməliyyat olunması, dərmanlarının alınması və ərzaqla təmin olunması üçün nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəf cavabdehin əsassız varlanma halını sübut etmədiyindən hazırkı iddia tələbi də istisna olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar