Məhkəmə qərarları › İş №e-2(010)-2139/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2139/2025

07.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2139/2025 07.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1412/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, müəyyən edilmiş aliment miqdarının azaldılaraq, cavabdehin xeyrinə xx.xx.2024-cü ildə anadan olmuş X1 və xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində alimentin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin aşağıda göstərilən tələblərinə əməl edilmədiyindən iddiaçıya geri qaytarılmalıdır. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh Balakən rayonunda rəsmi qeydiyyatdadır. Buna baxmayaraq, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Yəni iddiaçı hazırkı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etməli idi. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, mülki prosessual qanunvericilik yalnız konkret hallarda alimentin alınması ilə bağlı tələblərə iddiaçının seçməsinə görə aidiyyət qaydasının tətbiq edilə biləcəyini müəyyən etmişdir. Belə ki, yuxarıda istinad edilmiş Məcəllənin 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Lakin hazırkı işdə iddiaçının tələbi məhkəmə qətnaməsi ilə tutulmuş aliment məbləğinin azaldılması ilə bağlıdır ki, bu iddia üzrə iddiaçının seçiminə görə aidiyyət tətbiq edilmir. Odur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına riayət edilməklə verilməli idi. Belə olan halda hazırkı iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilmədən məhkəməyə təqdim edilmişdir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, bu ərizə ilə məhkəməyə müraciət etmək üçün iddiaçının ödədiyi 50 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2025, qəbzin nömrəsi: **********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar