Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2207/2023 21.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İlkham Mamedova qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.
1. Avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" MMC-yə məxsus X1 istifadəsində olan avtomobil xx.xx.2022-ci ildən xx.xx.2027-ci il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır.
2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə X4 tərəfindən idarə olunan "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Sabunçu qəsəbəsi, Heydər Əliyev küçəsində İlkham Mamedovun idarə etdiyi “Mercedes Benz C200” markalı, CC-267-TT dövlət qeydiyyat nişanlı avtomobil və X2 idarə etdiyi “Mercedes Benz” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur.
3. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən yol-nəqliyyat hadisəsi faktına dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi; yol-hərəkət qaydalarını pozaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş Mamedov İlkhamın barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın sürətinin Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.
4. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Sabunçu RPİ DYPŞ tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İlkham Mamedov Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində (araməsafəsi qaydalarının pozulması) nəzərdə tutulan inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur.
5. xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1105,88 manat təşkil edir, 200 manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 905,88 manat təşkil edir.
6. İcra edilmiş xidmətlərə dair aktdan görünür ki, "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 1105,88 manat hesablanmışdır.
7. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 905,88 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
8. xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X3 xx.xx.2022-ci il tarixə qədər etibarnamə verilmişdir.
9. "xxxx" ASC-nin İlkham Mamedova ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə pulun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.
10. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilən zaman 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsaslandırılmış rəy alınması üçün mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi göndərilmiş və Mərkəz iş üzrə xx.xx.2023-cü il tarixli, 9/4183 nömrəli rəyi məhkəməyə göndərmişdir. Həmin rəydən görünür ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 975,98 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 275,98 manat; təmir-bərpa işlərinin qiyməti - 700,00 manat. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 975,98 manat müəyyən edilir.
12. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokoluna əlavə olan fotoşəkillərin surətindən görünür ki, fotoşəkilərdə "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; “Mercedes Benz C200” markalı, CC-267-TT dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Mercedes Benz” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əks olunmuşdur.
İddia tələbi.
13. İddiaçı "xxxx" ASC cavabdeh İlkham Mamedova qarşı pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 905,88 manat məbləğində sığorta ödənişinin, 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 936,28 manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
14. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə X1 idarə etdiyi və "xxxx" ASC-də əmlak sığortası (bundan sonra ASC) qaydasında sığortalanmış "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin İlkham Mamedovun idarə etdiyi “Mercedes Benz C200” markalı, TT-267-CC dövlət qeydiyyat nişanlı avtomobil və X2 idarə etdiyi “Mercedes Benz” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin törədilməsində Mamedov İlkham təqsirli bilinmiş və Sabunçu RPİ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Mamedov İlkham barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti Sabunçu RPİ-nin DYPŞ-ə göndərilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 905,88 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********** saylı, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Sabunçu RPİ TŞ-nin ‘‘Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışına (forma 4) əsasən Mamedov İlkham zərərvuran nəqliyyat vasitəsinin sürücüsü qismində göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş icra edilmiş xidmətlərə dair aktdan müəyyən olunur ki, "xxxx" markalı, **-PU- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1105,88 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli sığorta aktından müəyyən olunur ki. "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1105,88 manat məbləğində qiymətləndirilmiş, 200 manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 905,88 manat məbləğində sığorta ödənişinin ödənilməli olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, dəymiş zərərin aradan qaldırılması üçün ASC tərəfindən 905,88 manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/0356 saylı “geriyə tələb (subroqasiya)” məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən ASC tərəfindən zərərin aradan qaldırılması üçün 905,88 manat məbləğində ödənilmiş sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 905,88 manat məbləğində sığorta ödənişini cavabdehdən tələb etmək hüququna sahib olmuşdur. Bundan başqa, iddianın qaldırılması ilə bağlı dövlət rüsumu və xidmət haqqı da cavabdehdən tutulmalıdır. Belə ki, 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının ödənilməsi haqqında qəbz iddia ərizəsinə əlavə edilmişdir.
15. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İlkham Mamedova qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
Tərəflərin izahatları.
16. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
17. Cavabdeh İlkham Mamedov məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq.
18. Azərbaycan Respublikası Müki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi.
20. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.
21. Belə ki, məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, cavabdeh İlkham Mamedov “Mercedes Benz C200” minik markalı, CC-267-TT dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə "xxxx" ASC tərəfindən sığortalanmış "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. İddiaçı tərəfindən hadisə nəticəsində zərər dəymiş avtomobilə görə 905,88 manat məbləğində sığorta ödənişi ödənilmişdir.
22. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İlkham Mamedov Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində (araməsafəsi qaydalarının pozulması) nəzərdə tutulan inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur.
23. Cavabdehin təqsirli olduğu yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanmış avtomobilə ziyanı vurulduğundan və həmin ziyanın dəyəri sığorta müqaviləsi əsasında iddiaçı tərəfindən sığortalıya ödənildiyindən, Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən cavabdehə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq sığorta şirkəti olan iddiaçıya subroqasiya qaydasında keçmiş və onun ziyanın əvəzini tələb etmək hüququ yaranmışdır
24. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən subroqasiya qaydasında zərərin əvəzini ödəmək tələbi əmələ gəlmişdir.
25. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən vurulmuş zərərə görə 905,88 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir.
26. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
Məhkəmə xərcləri.
27. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödəmişdir.
28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə təmin edildiyindən, iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı cavabdehə aid edilməlidir.
30. Həmçinin məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün ödənilmiş 50 manat məbləğində məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş xərc cavabdehə aid edilməli və ondan tutularaq dövlət nəfinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
31. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi təmin edilsin. İlkham Mamedovdan 905,88 (doqquz yüz beş manat səksən səkkiz qəpik) manat sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizanın keçirilməsinə sərf olunmuş 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh İlkham Mamedovdan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.