Məhkəmə qərarları › İş №e-2(010)-247/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-247/2023

07.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-247/2023 07.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment təyin olunması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment təyin olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 166 nömrəli ilə qeyd edilmiş nikahının pozulması, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 iddiaçının yanında saxlanılmasının, hər uşağa görə 250 manat cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması, mediasiya prosesinin keçirilməsi üçün dövlət rüsümü kimi ödənilmiş 50 manat və əlavə olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı el-adət ənənəsi ilə Cavabdeh ilə ailə qurmuş və nikahının bağlanması barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 166 nömrəli ilə qeyd edilmişdir. xx.xx.2013-cü il tarixdə X5 və xx.xx.2015-ci il tarixdə X7 adlı övladları dünyaya gəlmişdir. Ailə həyatı qurandan sonra ilk vaxtlar ailə münasibətləri yaxşı olmuş, lakin son vaxtlar tamamilə pozulmuşdur. Bunun nəticəsində bir yerdə yaşamaları baş tutmamışdır və aralarında olan ailə-nikah münasibətləri faktiki olaraq 01 fevral 2022-ci il tarixdən kəsilmişdir. Hesab edir ki, nikahının qorunması və ailə münasibətlərinin bərpası qeyri mümkündür. Ona görə də nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 166 nömrəli ilə qeyd edilmiş nikahın pozulmasını, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 iddiaçının himayəsinə verilərək yanında saxlanılmasının və hər uşağa görə 250 manat cəmi 500 manat sabit pul məbləğində aliment verilməsini istəyir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə X5 və xx.xx.2015-ci il tarixdə X7 adlı övladı dünyaya gəlmişdir. Tərəflər ailə həyatı qurandan sonra ilk vaxtlar ailə münasibətləri yaxşı olmuş, lakin son vaxtlar münasibətləri tamamilə pozulmuşdur. Bunun nəticəsində tərəflərin bir yerdə yaşamaları baş tutmamış və aralarında olan ailə-nikah münasibətləri faktiki olaraq xx.xx.2022-ci il tarixdən kəsilmişdir. İddiaçı hesab edir ki, nikahının qorunması və ailə münasibətlərinin bərpası qeyri-mümkündür. Cavabdeh uşaqlarının saxlanılması üçün iddiaçıya heç bir maddi yardım göstərmədiyinə görə, iddiaçı müvəqqəti təminat tədbiri kimi alimentin tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən müvəqqəti təminat tədbiri kimi uşaqların saxlanılması üçün aliment tutulması barədə xx.xx.2022-ci il tarixli e-16(010)-40/2022 saylı və xx.xx.2022-ci il tarixli e-16(010)-40/2022 saylı qərardadları qəbul etmişdir. Həmin qərardadlar üzrə cavabeh iddiaçıya heç bir ödəniş etmir, uşaqlarının saxlanılması üçün aliment ödəməkdən yayınır. Xətai rayon İcra Şöbəsi tərəfindən cavabdeh barəsində axtarış elan edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh aliment tələbinə etirazını onunla əsaslandırır ki, gözündən əməliyyat olunub. Gözündən əməliyyat olması onun ümumi fəaliyyətinə maneə olsaydı, şəxs özü maşını idarə edərək məhkəməyə gələ bilməzdi. Cavabdeh etiraf edir ki, avtomobili uşaqlarına baxmaq üçün alıb ki, taxi fəaliyyəti ilə məşğul olsun. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, İddiaçı ilə aralarındakı nikahın pozulmasına razıdır. İddiaçı uşaqları onun yanında qoyub getmişdi. Lakin sonradan uşaqlar analarına görmək istədiklərindən o, uşaqlarını iddiaçıya vermişdir. Odur ki, nikahları pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaqlarının iddiaçının yanında saxlanılmasına etiraz etmir. Lakin uşaqların saxlanılması üçün hər ay 250 manat məbləğində aliment ödəməyə razı deyil. Belə ki, iddiaçı ona xəyanət etmişdir, iddiaçı bunun səbəbini ona söyləməmişdir. O, gözündən əməliyyat olunmuşdur və heç bir yerdə işləmir. Onun iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı çatmır və ümumiyyətlə o, uşaqlarının saxlanılması üçün aliment ödəmək istəmir. uşaqları onun yanında qalsaydı onlara özü baxmalı olacaqdı. Ona görə də qazanc əldə etmək üçün avtomobil almışdır. İş materiallarına əlavə edilmiş: Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında nikah xx.xx.2013-cü il tarixdə 166 sayla qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada "Vəliyeva" soyadı verilmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2013-cü ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2015-ci ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Mediator T.Məmmədovun MŞB/1-555 saylı xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından müəyyən olunur ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi, nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment tələbi üzrə xx.xx.2022-ci il tarixdə, 13:30-14:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının xx.xx.2022-ci il tarixli 1/2019 saylı rəyindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah ləğv edildiyi halda xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 anası İddiaçı himayəsində saxlanılması yetkinlik yaşına çatmayanların mənafeyi baxımından RİH yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən məqsədəuyğun hesab edilmişdir. Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli e-16(010)-40/2022 saylı qərardadı ilə İddiaçı vəkili və nümayəndəsi Vəkil müvəqqəti təminat tədbiri ərizəsi qismən təmin edilmiş, İddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment təyin olunması" tələbi barədə e-2(010)-4733/2022 saylı mülki iş üzrə qətnamə qəbul edilib qüvvəyə minənədək müvəqqəti olaraq, Cavabdeh xx.xx.2013cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment alınaraq İddiaçı xeyrinə verilməsi, müvəqqəti alimentin ödənilməsi xx.xx.2022-ci il tarixdən hesablanması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli e-16(010)-40/2022 saylı qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-16(010)-40/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından verdiyi şikayətinin təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-16(010)-40/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, İddiaçı vəkili və nümayəndəsi Vəkil müvəqqəti təminat tədbiri ərizəsi qismən təmin edilməsi, İddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşağların ananın yanında saxlanılması və aliment təyin olunması" tələbi barədə e-2(010)-4733/2022 saylı mülki iş üzrə qətnamə qəbul edilib qüvvəyə minənədək müvəqqəti olaraq, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə verilməsi, müvəqqəti alimentin ödənilməsi xx.xx.2022-ci il tarixdən hesablanması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə yaşayış xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Tərəflərin birgə nikahdan anadan olmuş övladları iddiaçı ilə birgə yaşayır. İddiaçı, cavabdehlə aralarındakı nikahının pozulması, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 iddiaçının yanında saxlanılmasını, hər uşağa görə 250 manat cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması, mediasiya prosesinin keçirilməsi üçün dövlət rüsümü kimi ödənilmiş 50 manat və əlavə olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində vəsaitin Cavabdeh alınaraq ona verilməsini istəyir. Cavabdeh iddiaçı ilə arasında olan nikahın pozulmasına razıdır. Məhkəmə iddia tələbi üzrə nikahın pozulması ilə bağlı aşağıdakıları qeyd edir: Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulmalıdır. (maddə 20.1) Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. (maddə 21.1) Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflərin nikahın pozulmasına qarşılıqlı razılıqları nəzərə alınmaqla, birgə yaşamaları və ailənin qorunub saxlanması qeyri-mümkün olduğundan - onların arasında bağlanmış nikah pozulmalıdır. Məhkəmə həmçinin müəyyən edir ki, cavabdeh, iddiaçı ilə birgə nikahından olan uşaqları –Məryəm və Cahidin özünün yanında saxlanılmasını istəyir. Tərəflərin birgə nikahdan anadan olmuş uşaqları iddiaçının yanında yaşayır. Məhkəmə tərəflərin birgə nikahından anadan olan uşaqlarının hansı valideynin yanında qalması məsələsinə münasibət bildirərkən iddianın dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir: Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq, valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir (maddə 49.2-49.3). Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir (maddə 51.2). Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər (maddə 56.1). Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (maddə 58.2). Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (maddə 60.1). Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər (maddə 60.2). Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. (60.4) Uşaq hüquqları haqqında BMT-nin Konvensiyası. Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. “Şahin Almaniyaya qarşı” iş üzrə qərarda isə Avropa Məhkəməsi izah etmişdir ki, 8-ci maddə tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli balansı gözləsinlər və balansın müəyyənləşdirilməsi prosesində uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət versinlər; həmin maraqlar, xarakterindən və ciddiliyindən asılı olaraq, valideynlərin maraqlarından üstün tutula bilər. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq aktlarda da insan hüquq və azadlıqlarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verilir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşaqların hansı valideynin yanında qalması ilə bağlı tərəflər arasında yaranmış mübahisənin həlli məqsədilə məhkəmə mülki iş rəy alınması üçün işi Suraxanı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayədarlıq Komissiyasına göndərmiş, həmçinin həmin uşağın fikrini öyrənmişdir. Eyni zamanda məhkəmə-psixoloji ekspertizası vasitəsilə uşağın psixologiyasının və psixofiziologiyasının tədqiqi aparılmışdır. Məhkəmə tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayədarlıq Komissiyasının xx.xx.2022-ci il tarixli rəyinin tədqiqi zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah ləğv edildiyi halda xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 anası İddiaçı himayəsində saxlanılması yetkinlik yaşına çatmayanların mənafeyi baxımından RİH yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən məqsədəuyğun hesab edilmişdir. Məhkəmə iclasında cavabdeh, iddiaçı ilə birgə nikahından anadan olmuş uşaqlarının ananın yanında saxlanılmasına etiraz etməmişdir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, nikah pozulduqdan sonra tərəflərin uşaqları - xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanılmalıdır. Uşaqların saxlanılması üçün alimentin müəyyən edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: İddiaçı, cavabdehdən iki uşağının saxlanılması üçün hər uşağa görə 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində alimentin tutulmasını istəyir. İş üzrə cavabdeh ümumiyyətlə iki uşağının saxlanılması üçün iddiaçıya aliment ödəməyə razı deyil və bundan imtina edir. Məhkəmə xatırladır ki, Azərbaycan Respubliksaı Ailə Məcəlləsinin; 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən isə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. "Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını, təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, o cümlədən normal, yəni qida rassionlarına uyğun şəkildə qidalanmasına, fiziki cəhətdən inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsini, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla gündəlik tələbatını və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, cavabdehdən övladlarının saxlanılması üçün sabit pul məbləğdə alimentin qət edilməsini məqsədəmüvafiq hesab edir. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, iddiaçıdan hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Məhkəmə vurğulayır ki, cavabdeh iddia tələbinin aliment hissəsinə münasibətdə etirazının dəlili olaraq gözünün əməliyyat olunmasını göstərsə də, o, əmək qabiliyyətinin olmaması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eləcə də cavabdeh etiraf etmişdir ki, avtomobili taksi fəaliyyəti ilə məşğul olaraq uşaqlarını saxlamaq üçün almışdır. Məhkəmə zamanı müəyyən edilmişdir ki, Suraxanı rayon məhkəməsinin qərardaı ilə İddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşağların ananın yanında saxlanılması və aliment təyin olunması" tələbi barədə e-2(010)-4733/2022 saylı mülki iş üzrə qətnamə qəbul edilib qüvvəyə minənədək müvəqqəti olaraq, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Xətai rayon Qeydiyyat şöbəsində 166 sayla qeydə alınmış xx.xx.2013-cü il tarixli nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 nikah pozulduqdan sonra anası İddiaçı yanında qalmalı, Suraxanı rayon məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli e-16(010)-40/2022 saylı və xx.xx.2022-ci il tarixli e- 16(010)-40/2022 saylı qərardadı nəzərə alınmaqla, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxalanılması üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də məhkəmə qeyd edir ki, iddiaçı “nikahın pozulması, birgə nikahdan olan uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment" tələbinə dair iddia ərizəsini xx.xx.2022-ci ildə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunvericiliyin müvafiq normasının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə aliment tələbi hissəsində dərhal icra olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1–ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarında müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunmuşdur ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, tərəflərə nikah pozulduqdan 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə bağlı iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 50 manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat məbləğində vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Xətai rayon Qeydiyyat şöbəsində 166 sayla qeydə alınmış xx.xx.2013-cü il tarixli nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 anası İddiaçı yanında qalsınlar. Suraxanı rayon məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli e-16(010)- 40/2022 saylı və xx.xx.2022-ci il tarixli e-16(010)-40/2022 saylı qərardadı nəzərə alınmaqla, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxalanılması üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə aliment tələbi hissəsində dərhal icra edilsin. İddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 50 manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat məbləğində vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Tərəflərə nikah pozulduqdan 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə bağlı iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar