Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2493/2024 10.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 385 manat məbləğində sığorta ödənişi və 30 manat dövlət rüsumunun, cəmi 415 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Ford Transit” markalı, ** LG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Ford Transit” markalı, ** LG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Mercedes Benz C220” markalı, ** CU *** və “QAZ 27520” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuşdur. Qeyd olunan zərərlərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən cəmi 805 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi RPİ DYPŞ-dən inzibati xəta haqqında protokol iddiaçının ünvanına daxil olmuş, həmin protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Nəsimi RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən, Cavabdeh yolnəqliyyat hadisəsi nəticəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. İddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 805 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cavabdeh qeyd olunan zərər üzrə 420 manat məbləği Cəmiyyətə ödəmiş, lakin qalıq məbləğ, yəni 385 manat bu günədək Cəmiyyətə ödənilməmişdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS- 23/1316 saylı geriyə tələb hüququ (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2019-cu il tarixli, PAA********** nömrəli avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsindən görünür ki, Cavabdeh məxsus “Ford Transit” markalı, 90LG383 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əmlaka vurulan zərərə görə 5.000 manat məbləğində sığortalanmışdır. xx.xx.2019-cu il tarixli, 19-05925/06/AA-4889/19 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 məxsus “QAZ 27520” markalı, 07BG858 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 600 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixli, 010833 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 205 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. xx.xx.2019-cu il tarixli, 009462 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 hesabına 600 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. xx.xx.2019-cu il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2019-cu il tarixində saat 13:40-da Ş.Əzizbəyov küçəsində “Ford Transit” markalı, 90LG383 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh həmin küçədə dayanmış vəziyyətdə geriyə hərəkət edərkən arxada dayanmış vəziyyətdə olan 07BG858 dövlət qeydiyyat nişanlı “QAZ 27520” markalı avtomobili vurmuş, zərbə nəticəsində həmin avtomobilin arxasında dayanmış vəziyyətdə olan 99CU265 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C220” markalı avtomobilə zərər dəymiş və sürücü hadisə yerini tərk etmişdir. xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixində Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində “Ford Transit” markalı, 90LG383 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması) və 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş və barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli, AS-23/1316 nömrəli bildirişdən görünür ki, Cavabdeh yaranmış borcu barədə məlumat verilmiş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qanunvericiliyin qeyd olunan müddəalarından görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə idarə etdiyi “Ford Transit” markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində “Mercedes Benz C220” markalı, ** CU *** və “QAZ 27520” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onlara zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Hadisə nəticəsində zərərçəkmiş “Mercedes Benz C220” markalı, ** CU *** və “QAZ 27520” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərər müvafiq olaraq 600 manat və 205 manat məbləğində qiymətləndirilmişdir. Hadisəni törədən “Ford Transit” markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də sığortalanmış olduğundan zərər dəymiş avtomobillərin təmiri üçün "xxxx" ASC tərəfindən X6 və X2 müvafiq olaraq 600 manat və 205 manat məbləğində avtomobilə dəymiş zərər həcmində sığorta ödənişləri edilmişdir. Cavabdeh törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə 420 manat məbləğində ödəniş etsə də, sığorta ödənişi üzrə qalıq qalan 385 manat məbləğində pul vəsaitini də hələ də "xxxx" ASC-yə ödəməmişdir. Hazırda iddiaçı "xxxx" ASC Cavabdeh təqsirli hərəkətləri nəticəsində zərər dəymiş avtomobillərə görə ödədiyi sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb edir ki, məhkəmə bu tələbi tam əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd edilmiş qanunvericilik normalarından görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarından baş vermiş yol nəqliyyat hadisəsində məhz cavabdehin təqsirli olması, onun təqsirli hərəkəti nəticəsində başqa avtomobillərə ziyan dəymiş olması və bu ziyanın iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 385 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi 805 manat məbləğində olsa da, iddiaçı bu pulun yalnız 385 manatını cavabdehdən tələb etmiş, bunu cavabdehin 420 manat məbləğində ödəniş etməsi ilə əsaslandırmışdır. Belə olan halda iddia tələbindən kənara çıxmayan məhkəmə, iddianın təmin edilməsi və cavabdehdən 385 manat məbləğində pul tutulması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 284-2-ci maddəsinə əsasən,kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən,ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən,cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən,məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasəniddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 385 manat məbləğində sığorta ödənişi və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 385 (üç yüz səksən beş) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Səlimə Miriyeva