Məhkəmə qərarları › İş №e-2(010)-2585/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2585/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2585/2023 01.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 310.35 manat məbləğində sığorta ödənişi, 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqının, cəmi 340.75 manat pulun müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 2585/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 məxsus olan və Cavabdeh2 idarə etdiyi, "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Toyota Prius (Hibrid) minik” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil və X4 idarə etdiyi “Khazar SD minik” markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş PBA ********** saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius (Hibrid) minik” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən icbari sığorta qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş elekron portaldan çıxarışdan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış” dan müəyyən olunur ki, yolnəqliyyat hadisəsi törədilən zaman “Toyota Prius (Hibrid) minik” markalı avtomobil mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”ından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Khazar SD minik” markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 370 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, vurulmuş zərərə görə 310.35 manat məbləğində pulun ödənilməsi zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC qarşısında irəli sürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Khazar SD minik” markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC-yə ödənilməli olan 310.35 manat məbləğində pulun ASC-yə ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh2 təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində başqa bir avtomobilə 370 manat məbləğində zərər dəymiş, bu zərərə görə iddiaçı tərəfindən 310 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda həmin sığorta ödənişi subroqasiya qaydasında həm öz təqsirli hərəkətləri ilə yol nəqliyyat hadisəsini törətmiş şəxsdən, həm də avtomobilin mülkiyyətçisindən müştərək qaydada tələb edilir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, yol nəqliyyat hadisəsi törətmiş avtomobil onun mülkiyyətindədir. O, öz avtomobilini “Five Avto” şirkətinə icarəyə vermişdir. Həmin şirkətlə də digər Cavabdeh2 arasında müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən o, digər cavabdehə onlayn etibarnamə vermişdir. Bundan sonra cavabdeh taksi fəaliyyəti ilə məşğul olmuş, ona hər ay 200-300 manat icarə haqqı ödəmişdir. Yol nəqliyyat hadisəsini də həmin cavabdeh törətmişdir. Hər bir halda iddianı qəbul edir, lakin borcu bir dəfəyə ödəyə bilməz. Borcu ancaq hissə-hissə ödəyə bilər. Odur ki, məhkəmədən tələb edilən pulun hissə-hissə tutulmasını xahiş etdi.

6. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları.

7. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh1 məxsus ”Toyota Prius (Hibrid)” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtombil xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsi əsasında 12 ay müddətinə "xxxx" ASC tərəfindən “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmışdır.

8. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 50 manat material və ehtiyat hissələri, 320 manat zəhmət haqqı olmaqla, cəmi 370 manat zərər dəymişdir.

9. xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 15:35-də baş verən yol-nəqliyyat hadisəsində Cavabdeh2 İXM-in 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir.

10. xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir.

11. xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə "xxxx" ASC tərəfindən sığortalanmış, "xxxx" MMC-yə məxsus “Khazar SD” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində (xx.xx.2022 – xx.xx.2023) - xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ayna Sultanova küçəsində “Toyota Prius” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Avtomobilə dəymiş zərərin 370 manat məbləğində olduğu qeyd edilmişdir.

İşin faktiki halları.

12. Cavabdeh1 mülkiyyətində olan “Toyota Prius (Hibrid)” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır.

13. xx.xx.2022-ci il tarixdə, saat 15:35-də Bakı şəhəri, Nərimanov rayonu, A.Sultanova ərazisində yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Toyota Prius (Hibrid)” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsi qaydalarını pozaraq “Khazar SD” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə yerindən yayınmışdır. Hadisə vaxtı “Toyota Prius (Hibrid)” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 olmuşdur.

14. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla hadisənin baş verməsində “Toyota Prius (Hibrid)” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 təqsirli olduğu və hadisə yerindən yayındığı müəyyən edilmiş, həmin şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir.

15. Hadisə nəticəsində zərər dəymiş “Khazar SD” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən avtomobilə dəymiş zərər 370 manat məbləğində qiymətləndirilmişdir. Bu zərərə görə "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 310.35 manat məbləğində sığorta ödənişi edilmişdir.

Tətbiq edilən hüquq.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.

Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.

18. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

Məhkəmənin mövqeyi.

21. İşin faktiki hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş və başqa bir avtomobilə zərər dəyməsi ilə nəticələnmiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olduğu və onun hadisə yerindən yayındığı müəyyən edilmişdir.

22. Sığorta hadisəsi zamanı sürücünün hadisə yerindən yayınması “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququnu yaradır. Belə olan halda iddiaçı "xxxx" ASC yol nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş avtomobilə görə ödədiyi 310.35 manat məbləğində sığorta ödənişini Cavabdeh2 tələb etməkdə haqlı olmuşdur.

23. Digər Cavabdeh1 münasibətdə məhkəmə qeyd edir ki, bu cavabdeh yol nəqliyyat hadisəsi törədilmiş avtomobilin mülkiyyətçisidir və mülkiyyətçi olduğuna görə müvafiq sığorta ödənişi subroqasiya qaydasında həm də ondan tələb edilmişdir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda (§ 18) istinad edilmiş qərarında qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

25. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Cavabdeh1 yüksək təhlükə mənbəyi (avtomobil) üzərində sahibliyinin həm hüquqi əsası (mülkiyyətçi kimi), həm də maddi əsası olmuşdur. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdeh Müzəffər Bağırov mülkiyyətində olan avtomobili icarəyə verdiyini, avtomobili icarə müqaviləsi əsasında idarə edən digər cavabdehin ona icarə haqqı ödədiyini bildirmişdir. Bu isə o deməkdir ki, avtomobilin mülkiyyətçisi olan cavabdeh Müzəffər Bağırov avtomobildən mənfəət əldə etmişdir. Belə olan halda onun avtomobil üzərində həm hüquqi, həm də maddi sahibliyi olmuşdur. Bu səbəbdən iddiaçı "xxxx" ASC yol nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş avtomobilə görə ödədiyi 310.35 manat məbləğində sığorta ödənişini zərər vuran avtomobilin sahibi Cavabdeh1 da tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

26. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30.4 manat məbləğində dövlət rüsumu və bank xidməti haqqı ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddia qiyməti 1.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

27. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş 30.4 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Lakin hazırkı iş üzrə cavabdehlərdən biri – Mehdiyev X2 rayonundan məcburi köçkün olduğundan və məcburi köçkünlər dövlət rüsumunun ödənilməsindən azad olduğundan bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçının ödədiyi 30.4 manat məbləğində dövlət rüsumu yalnız Cavabdeh1 tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 310.35 manat məbləğində sığorta ödənişi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, ödənilmiş 30.4 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

29. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 310.35 manat (üç yüz on manat otuz beş qəpik) məbləğində sığorta ödənişi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş 30.4 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar