Məhkəmə qərarları › İş №e-2(010)-2606/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2606/2022

07.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2606/2022 07.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X5 Məmmədovun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 32.500+5.500 manat pulun, cəmi 38.000 (otuz səkkiz min) manat pulun, eyni zamanda 219 (iki yüz on doqquz) manat olan 1 ədəd stolüstü soba və dəyəri 3379 (üç min üç yüz yetmiş doqquz) manat 1 ədəd Soyuducu BOSCH KGN56LB30U və 1 ədəd Vestel W914TDS paltaryuyan əşyaların və ya onların dəyərini 3598 ( üç min beş yüz doxsan səkkiz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış nikah müqaviləsi Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-3478/2020 saylı qətnaməsi ilə ləğv edilmişdir. Birgə nikah dövründə müqavilə əsasında “R+N İnşaat” Mənzil-Tikinti Kooperativindən (AZ 1142, Bakı şəhəri, Xətai rayonu, X10, ev 3) mənzil 173, A blokundan mənzil əldə etmişlər. Mənzilə görə 65.000 (altmış beş min) manat ödəniş etmişdir. Nikahları pozulduqdan sonra məcburiyyət qarşısında qalıb evi tərk etməli olmuşdur. Birgə yaşamaqları mümkün olmadığına görə həmin mənzilə sərf olunmuş 65.000 manatın yarısını 32.500 (otuz iki min) manat cavabdehdən alınıb ona verilməlidir. Hazırda mənzildən cavabdeh istifadə edir. Göstərilən məbləği birgə nikah dövründə əldə etmişdir. X1 xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundə gedən döyüşlərdə şəhid olmuşdur. Bu məqsədlə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti mərhum X4 verilməli olan 11.000 (on bir min) manat sığorta ödənişini təmin etmişdir. Həmin pay keçmiş arvadı Cavabdeh ödənilmişdir. Aralarındakı razılaşmaya görə cavabdeh aldığı sığorta məbləğini yarısını ona ödəməli idi. Lakin üzərinə düşən öhdəliyi yerinə yetirmir. Buna görə də həmin məbləğin 5.500 (beş min beş yüz) manat ona ödənilməlidir. Nikahları pozulduqdan sonra dəyəri 219 (iki yüz on doqquz) manat olan 1 ədəd stolüstü soba və dəyəri 3379 (üç min üç yüz yetmiş doqquz) manat 1 ədəd Soyuducu BOSCH KGN56LB30U və 1 ədəd Vestel W914TDS paltaryuyan 3598 manat təşkil edən əşyaları öz istifadəsi üçün almış və həmin evdə yerləşdirmişdir. Lakin keçmiş arvadı Cavabdeh onu evə buraxmadığı üçün həmin göstərilən əşyalardan istifadə edə bilmir. Həmin əşyalar və ümumi dəyəri 3598 manat alınıb ona verilməlidir. Məhkəmə iclasında İddiaçı öz izahatında bildirdi ki, o, cavabdehlə xx.xx.1998-ci ildə nikaha daxil olub. Evlilik dövründə cavabdehlə münasibətləri heç də yaxşı olmamış, tez tez mübahisələri olmuş, cavabdeh onu həyat yoldaşı kimi saymamışdır. Müəyyən müddət bir yerdə, müəyyən müddət isə ayrı yaşamışlar. Bu səbəbdən də nikahları pozulmuşdur. İddia tələbində qeyd olunan mənzil onların birgə vəsaiti hesabına əldə olunsa da, cavabdeh həmin mənzilin əldə olunmasına görə pul vəsaitinin ödənilməsi ilə bağlı mədaxil qəbzlərində öz adını yazdırmış, birgə nikahda olan övladları X2 vətən müharibəsində şəhid olmasına görə ödənilmiş 11.000 manat sığorta pulunun 5.500 manatının ona ödənilməsi ilə bağlı cavabdehlə razılaşsa da, lakin cavabdeh həmin pul məbləğini ona ödəməmişdir. İddiaçı, həmçinin qeyd edir ki, qeyd olunan mənzilin birgə nikah dövründə əldə olunmasına baxmayaraq iddiaçı aralarındakı razılığa məhəl qoymayaraq onu həmin mənzilə buraxmır. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək tərəflər arasında mübahisəli mənzillə bağlı bağlanmış barışıq sazişinin icrasının mümkün olmadığını, həmin mənzilin birgə nikah dövründə birgə vəsait hesabına əldə edildiyinə görə dəyərinin yarısının iddiaçıya verilməli olduğunu, övladlarının müharibədə şəhid olmasına görə ödənilən 11000 manatın da yarı hissəsinin iddiaçıya verilməli olduğunu, eləcə də, tələbdə qeyd edilən məişət əşyalarının da ya dəyərinin, ya da ki, özlərinin cavabdehdən alınıb iddiaçıya verilməli olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfi dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 24 may 2020-ci il tarixli müqavilədən görünür ki, “R+N İnşaat” MTK Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, ev 3, 173 nömrəli mənzili tikib alıcı Cavabdeh verməyi, alıcı isə 62.400 manat olmaqla ondan ilkin ödəniş 29.000 manat, növbəti 10 gün ərzində 11.000 manat və 12 ay ərzində qalıq 22.400 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, müxtəlif tarixlərdə Cavabdeh tərəfindən yuxarıda qeyd olunan mənzilin əldə olunması ilə bağlı “R+N İnşaat” MTK-nın hesabına ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, 11 noyabr 2020-ci il tarixində alıcı İddiaçı satıcı “İrşad” Elektroniksdən 219 manat dəyərində stolüstü soba əldə etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, alıcı İddiaçı satıcı "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 3379 manat olan “Bosch” markalı soyuducu və “Vestel” markalı Paltaryuyan əldə etmişdir. İş materiallarında olan AZ-İ 801131 saylı “ölüm haqqında” şəhadətnamədən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə “döyüş meydanı”nda vəfat etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan anası - Cavabdehdır və o, AR Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən mərhum X3 varisinə verilməli olan 11.000 manat sığorta ödənişindən tam hissədə pay almalıdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər xx.xx.1998-ci il tarixdə rəsmi qaydada nikaha daxil olmuşlar, mübahisə predmeti olan mənzil 24 may 2020-ci ildə cavabdehlə podratçı MTK arasında bağlanmış müqavilə əsasında alınmışdır. Müqavilə şərtinə görə mənzilin tam dəyəri 12 ay ərzində ödənilməli idi. xx.xx.2020-ci il tarixdə tərəflər arasında olan nikah rəsmi qaydada pozulmuşdur. Birgə nikahdan doğulmuş və xx.xx.2020-ci il tarixdə həlak olmuş X7 üçün ödənilən 11.000 manat sığorta ödənişini cavabdeh tam həcmdə almışdır. İddiaçı, iddiasının mənzilin dəyəri ilə bağlı hissəsində ailə qanunvericiliyinin ər-arvadın ümumi əmlakının bölünməsini tənzimləyən normalarına, sığorta ödənişi ilə bağlı hissəsində vərəsəlik hüquq münasibətlərinə, məişət əşyaları ilə bağlı hissəsində isə mülkiyyət hüququnu tənzimləyən normalara istinad edir. İddia tələbinin Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, ev 3, 173 nömrəli mənzilin dəyərinin yarısının – 32.500 manat pul vəsaitinin iddiaçıya ödənilməsi hissəsinə qiymət verərkən, məhkəmə həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olubolmaması məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. İddiaçının izahatları əsasında işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər 1998-ci ildə nikaha daxil olub, xx.xx.2020-ci ildə nikahlarını məhkəmə qaydasında pozdursalar da, onların ailədə münasibətləri daima gərgin olmuş, son illərdə isə mübahisəli ailə səviyyəsində olmuşdur. Belə ki, iddiaçı izahatlarında cavabdehin onunla yola getmədiyini, ondan bir neçə dəfə polisə şikayət etdiyini, onu həyat yoldaşı kimi saya almadığını bildirmişdir. Ailə Məcəlləsinin 32.2.-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1- əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2 əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Hazırkı işdə birinci şərt mövcud olsa da, ikinci şərt mövcud deyildir. Çünki, müəyyən edilmişdir ki, tərəflər mübahisəli ailə olmaqla birgə təsərrüfat aparmamışlar, birgə ailə büdcəsi formalaşdırmamışlar. Ona görə də, mübahisəli mənzilin birgə vəsait hesabına ailə ehtiyacları üçün alınması öz təsdiqini tapmır. Bunun davamı olaraq qeyd edilməlidir ki, iddiaçının məhkəmə prosesi zamanı mənzilin alqı-satqı şərtləri və mənzilə görə ilkin ödənişin məbləğindən məlumatsız olması da yuxarıda qeyd edilən halın göstəricisi kimi qəbul edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, o da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçı tərəfin məhkəmə iclasında izahatı zamanı müəyyən olunmuşdur ki, hazırki iddia tələbi ilə yanaşı, iddiaçının cavabdehə qarşı “mənzilə köçürülmə” tələbinə dair məhkəmənin icraatında iş olmuş, lakin həmin iddia tələbi təmin edilməmişdir. Həmin iş üzrə apellyasiya şikayəti verilmiş və işin apellyasiya məhkəməsində icraatı zamanı tərəflər arasında İddiaçı Cavabdeh ona “R+N İnşaat” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, X10 küçəsi, ev 3, mənzil 173 ünvanına köçüb yaşamasına razılıq verməsi müqabilində, digər iddia ərizəsindən imtina etməsi barədə barışıq əldə olunmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbi birgə nikahdan doğulmuş və xx.xx.2020-ci il tarixdə vəfat etmiş övladı X7 üçün ödənilməli olan 11.000 manat sığorta ödənişin yarısının, yəni 5.500 manatın iddiaçıya ödənilməsi hissəsində də əsaslı deyildir. Belə ki, iş materillarında olan xx.xx.2021-ci il tarixli “qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan anası - Cavabdehdır və o, AR Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən mərhum X3 varisinə verilməli olan 11.000 manat sığorta ödənişindən tam hissədə pay almalıdır. Mülki Məcəllənin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1321.3-cü maddəsinə görə vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Göründüyü kimi, Cavabdeh hüquqmüəyyənedici sənəddə yeganə vərəsə kimi qeyd edilmiş və miras əmlakı təşkil edən 11.000 manat sığorta pulunu almışdır. İddiaçı Vəkil mərhum oğlunun vərəsəsi olmasını sübut edəcək hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə tələb bu hissədə də əsassızdır. İddia tələbinin 219 (iki yüz on doqquz) manat olan 1 ədəd stolüstü soba və dəyəri 3379 (üç min üç yüz yetmiş doqquz) manat 1 ədəd Soyuducu BOSCH KGN56LB30U və 1 ədəd Vestel W914TDS paltaryuyandan ibarət olan əşyaların və ya onların dəyəri - 3598 ( üç min beş yüz doxsan səkkiz) manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsi də əsaslı deyildir. Belə ki, həmin əşyaların iddiaçı tərəfindən alındığını göstərən sənədlər təqdim edilsə də, tələb edilən əşyaların cavabdehdə olması iş materialları ilə sübut edilmir. İddiaçının həmin əşyaları aldığını təsdiq edən sübutları təqdim etməsi həmin əşyaların hazırda cavabdehdə olması anlamına gəlmir. İddiaçı bununla bağlı sübut təqdim etməmiş, cavabdeh tərəfin də bu halı etiraf edəcək ifadəsi yoxdur. (cavabdeh məhkəmə iclaslarına gəlməkdən imtina etmişdir) Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qı̇ yas oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı Qı̇ yas oğlunun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar