Məhkəmə qərarları › İş №e-2(010)-294/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-294/2025

30.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-294/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onunla (İddiaçı) Cavabdeh arasında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin xx.xx.2006-cı il tarixli 876 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, azyaşlılar X1 və X2 yaşayış yerlərinin İddiaçı yanında müəyyən edilməsi və onların saxlanılması üçün Cavabdeh hər ay hər bir övlad üçün ayrılıqda 235 manat olmaqla, ümumi 470 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində nikah rəsmiləşdirilmiş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 876 nömrə ilə qeyd edilmişdir. Onların birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişlər. Əvvəllər birgə yaşadıqları müddətdə münasibətləri normal olsa da, sonradan münasibətləri kəskin şəkildə pisləşməyə başlamışdır. Ayrılmağa əsas səbəb cavabdehlə xasiyyətlərinin düz gəlməməsi olmuşdur. Faktiki olaraq cavabdehlə uzun müddətdir ki, ayrı yaşayırlar. İddiaçının boşanmaqda fikri qətidir və rəsmi olaraq məhkəmə qaydasında ayrılmaq niyyətindədir. Belə ki, övladları X3 və X4 hal-hazırda onun himayəsindədirlər. Övladlarının ona olan bağlılığı, onların yaşı, inkişafı və tərbiyəsi üçün lazımi şərait yaradılması və digər səbəblər nəzərə alınmaqla onunla birgə yaşamalıdırlar.

Tərəflərin izahatları.

3. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir, tərəflər xx.xx.2006-cı il tarixdə nikaha girərək ailə həyatı qurmuşlar. Onların birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişlər. Hazırda tərəflər bir-biri ilə ayrı yaşayırlar. Məhkəmə tərəfindən verilmiş 3 ay vaxt ərzində tərəflər arasında barışıq olmamışdır. İddiaçının nikahın pozulması fikri qətidir və bu səbəblə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etmək arzusunda olduğunu bildirməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2006-cı il tarixdə 876 nömrəli qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Əliyeva, ərə Əliyev soyadı verilmişdir.

6. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2007-ci ildə doğulmuşdur, anası İddiaçı və atası Cavabdehdur.

7. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü ildə doğulmuşdur, anası İddiaçı və atası Cavabdehdur.

8. xx.xx.2024-cü il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, (iddiaçı) xx.xx.2024-cü tarixində saat 13:00 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya dair xərc dövlət hesabına ödənilmişdir.

İşin faktiki halları.

9. İddiaçı və Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahından üç uşaq –xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Övladları hazırda ananın himayəsindədirlər. İddiaçı məhkəmədən cavabdehlə olan nikahın pozulmasını, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 nikah pozulduqdan sonra ananın himayəsində qalmasını və onların saxlanılması üçün hər ay hər biri üçün ayrı-ayrılıqda 235 (iki yüz otuz beş) yüz manat olmaqla, ümumi 470 manat məbləğində sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona (İddiaçı) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Nikah hüququ. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 16. Nikaha xitam verilməsi qaydası. Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19—21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Maddə 19. Nikahın məhkəmə qaydasında pozulması. 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Maddə 21. Ər-arvadın qarşılıqlı razılığı olduqda nikahın məhkəmə qaydasında pozulması. 21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Maddə 22. Nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli. Maddə 49. Uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ. 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Maddə 58. Uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələri. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 60. Valideynlik hüquqlarının həyata keçirilməsi. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 12.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il № 15 Qərarı.

"8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 5. Uşaq mənafelərinin üstünlüyü. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

14. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18.

1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 7 saylı Protokol.

Maddə 5. Ər-arvadın hüquq bərabərliyi. Ər-arvad nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.

Məhkəmənin mövqeyi.

17. İşin hallarından görünür ki, iddiaçı nikahın pozulmasında təkid etsə də, cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən məhkəmə, tərəflərə barışıq üçün üç ay vaxt vermişdir. Lakin bu müddət ərzində tərəflər arasında heç bir barışıq əldə edilməmiş, iddiaçı nikahın pozulmasında təkid etməyə davam etmişdir. Belə olan halda nikahın könüllülüyü prinsipinə əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında olan nikah pozulmalıdır.

18. Nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşağın hansı valideynin yanında qalmasına münasibətdə məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 hazırda İddiaçı yanında qalır. İddiaçı iddia tələbində uşağın nikah pozulduqdan sonra da iddiaçının yanında qalmasının müəyyən edilməsini və cavabdehdən aliment tutulmasını tələb etmişdir. Cavabdehin isə uşaqların iddiaçının yanında qalması ilə bağlı hər hansı etirazı məhkəməyə daxil olmamışdır.

19. Bütün bu halları, ən əsası uşaqların üstün maraqlarını və digər diqqətəlayiq mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, tərəflər arasında olan nikah pozulduqdan sonra onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 İddiaçı yanında qalmaları müəyyən edilməlidir.

20. Məhkəmə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən aliment tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı tərəf uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini tələb etmişdir. Uşaqları saxlamaq hər iki valideynin vəzifəsi olsa da, uşaqlar daimi olaraq iddiaçının yanında qaldıqlarından onlara qulluq edilməsi, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.

21. Bundan başqa məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından iki övladları vardır və hazırda cavabdehin işləməsi, yüksək əmək haqqı alması, həmçinin zəruri vəsaitə malik olması iş materiallarından müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və onların xərclərinin qarşılanması məqsədilə uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmalı olması qənaətinə gəlir.

22. Bundan əlavə məhkəmə qeyd edir ki, 2024-cü il üçün ölkə üzrə 345 manat minimum əmək haqqı müəyyən edilmiş və həmin ilə münasibətdə bir uşağa görə 200 manat sabit pul məbləğində alimentin həddi (200:345)=0.58 misli miqdarında müəyyən edilməli və minimum əmək haqqının dəyişməsi ilə bağlı olaraq sonrakı artımlar da nəzərə alınmalıdır.

23. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan aliment miqdarının hər ay hər bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.

24. Məhkəmə alimentin hansı tarixdən tutulmağa başlanması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qətnamə ilə alimentin tutulmasına ərizə ilə müraciət edildiyi tarixdən – xx.xx.2024-cü il tarixdən başlanmalıdır.

Məhkəmə xərcləri.

25. İş materiallarından görünür ki, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı 50 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Məhkəmənin gəldiyi nəticə.

26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış nikah pozulmalı, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 anası İddiaçı yanında qalmalı, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı veril məli və Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin ödənilməmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır.

27. Məhkəmə, son olaraq, iş üzrə tərəflərə nikah pozulduqdan sonra onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən 3 illik iddia müddəti çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyini izah edir. Şərh olunanlara əsasən və MPM-nin 214, 216-200, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 876 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 anası İddiaçı yanında qalsın. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. İddia qalan hissədə təmin olunmasın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İş üzrə ödənilmiş – 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İş üzrə ödənilməmiş – 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar