Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3172/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3770 manat dəymiş zərərin, 1200 manat məbləgində cərimənin və ödənilmiş 70 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 18 saylı Notariat kontorunda 3M-452 saylı Nəqliyyat vasitəsinin ilkin Alqı-Satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 25480 manat dəyrində “Renault Trafic” markalı avtomobil əldə etmişdir. Müqavilənin 3-cü bəndinə əsasən Cavabdeh avtomobili alan zaman 500 manat ödəniş etmiş və qalan pulu 36 ay müddətinə hər ay 694 manat ödəniş edəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh avtomobili aldığı gündən heç bir ödəniş etməmiş müqavilə şərtlərini kobud surətdə pozmuşdur. Cavabdeh ilə əlaqə saxlamaq mümkün olmadığından avtomobilin yeri müəyyən etmək üçün müəyyən tədbirlər həyata keçirilmiş və xx.xx.2023-cü il tarixində avtomobil nasaz vəziyyətdə yol kənarına atılmış vəziyyətdə aşkar edilərək götürülmüşdür. Avtomobil servisə aparıldığında məlum olmuşdur ki, avtomobilin mühərriki tam yararsız hala salınmışdır və yeni mühhəriklə əvəz olunmalıdır. Cavabdeh ilə bu günə kimi əlaqə saxlamaq mümkün deyil və o sənədləri və açarı təhvil vernəkdən yayınır. Müqavilənin 14-cü bəndinə əsasən alıcı öhdəliyi yerinə yetirməyi 5 (beş) gündən artıq geçikdirdiyi təqdirdə satıcı məhkəməyə müraciət edərək müqavilyə xitam verdirə, verilmiş etibarnaməni ləğv edib avtomibili geri ala, könüllü surətdə təhvil verilmədikdə məcburi qaydada istənilən yerdən qanunla qadağan edilməmiş istənilən vasitə ilə götürüb öz duracağına gətirə və 10 gündən artıq müddətdə avtomobilin borcunu 1 dəfəyə olmaqla tam ödəmədiyi təqdirdə avtomobili başqa şəxsə sata bilər. Müqavilənin 15-ci bəndinə əsasən avtomobil alıcıdan məcburi qaydada geri alınarsa və alıcı avtomobilə aid sənədləri və avtomobilin açarını təhvil verməkdən imtina edərsə, alıcı avtomobilin sənədinə görə 700 manat, açarına görə isə 500 manat cərimə məbləği hesablayaraq almaqda haqlıdır. Müqavilənin 18-ci bəndinə əsasən müqaviləyə xitam verilməklə avtomobilin geri qaytarılması halında ödənilmiş vəsait geri qaytarılmır. Müqavilənin 19-cu bəndinə əsasən avtomobil geri alınarkən avtomobilə maddi ziyan vurulmuş olarsa, yəni texniki saz vəziyyətdə olmazsa avtomobilin tam saz vəziyyətə gətirilməsi üçün çəkilən xərcləri alıcı avtomobilin sahibinə ödəməlidir. Müqavilənin 22-ci bəndinə əsasən tərəflər razılığa gəlir ki, müqavilə şərtlərinin pozulması ilə bağlı məhkəmə mübahisələri satıcının qeydiyyatda olduğu ünvan üzrə məhkəmədə həll ediləcəkdir. Beləliklə Cavabdeh avtomobilə vurduğu ziyana görə 3770 manat və avtomobilin açarını və sənədini təqdim etmədiyi üçün 1200 manat cərimə məbləği ödəməlidir.
Tərəflərin izahatları
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Eyni zamanda, məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə qismən razı olduğunu və cərimə tələbinə aid hissədə razı olmadığını bildirmişdir.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
İş materialları
5. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi”ndən görünür ki, tərəflər müqaviləni qeyd olunan şərtlərlə bağlamışlar :
1. X2 Nəhməd İsa oğlu və Alıcı Cavabdeh bu müqavilədə müəyyən edilmiş şərtlərlə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2023 tarixində BA272199 qeydiyyat nömrəsi olan X1 şəhadətnaməsinə əsasən satıcıya məxsus olan "RENAULT TRAFİC" minik markalı, buraxılış ili 2007-ci il, dövlət nömrə nişanı **-XT-*** olan avtomobilə dair gələcəkdə əsas alqı satqı müqaviləsi bağlamağı öhdələrinə götürürlər.
2. Avtomobilin satış qiyməti 25480 (iyirmi beş min dörd yüz səksən dörd) manat müəyyən edilir.
3. Alıcı bu müqavilənin 2-ci bənddə müəyyən edilən pulun 500 (beş yüz) manatını müqavilə bağlandığı anında, qalan 24984 (iyirmi dord min doqquz yüz səksən dörd) manatını bu müqavilənin 6-cı bəndinə uyğun olaraq ödəyəcəkdir.
4. Alıcı bu müqavilənin 3-cü bəndində ilkin olaraq 500 (beş yüz) manat nəzərdə tutulan məbləği Satıcıya nağd ödəyir.
5. Avtomobilin qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir.
6. Alıcı borclu olduğu 24984 (iyirmi dörd min doqquz yüz səksən dörd) manatı, hər ay hissə-hissə 694 (altı yüz doxsan dörd) manat olmaqla 36 ay ərzində hər ayın müqavilə imzalandığı günü satıcıya nağd və ya fiziki şəxsin bank hesabına ödəməyi öhdəsinə götürür.
7. Alıcı avtomobilin idarə edilməsi ilə bağlı yol hərəkət qaydalarının pozulmasına və avtomobilə dəymiş ziyanla bağlı tam məsuliyyət daşıyır
8. Avtomobil tam işlək vəziyyətdə alıcıya təhvil verilir.
9. Avtomobil təhvil təslim aktına uyğun olaraq təhvil verildikdən sonra avtomobildə yaranan nasazlıqlara görə satıcı məsuliyyət daşımır.
10. Alıcının bu müqavilənin predmeti olan əmlak üzərində istifadə hüququ onun barəsində “ilkin alqı-satqı” müqaviləsi imzalandığı andan, sahiblik və sərəncam vermək hüququ isə müqavilə öhdəliyinin tam yerinə yetirilməsindən sonra əmələ gəlir.
11. Satıcı öhdəliyin tam icrasından sonra avtomobilin alıcının adına rəsmiləşdirilməsi üçün lazım olan bütün sənədləri təqdim etməyi öhdəsinə götürür.
12. Öhdəlik icra edildikdən sonra nəqliyyat vasitəsinin alıcının adına rəsmiləşdirilməsi üçün çəkiləcək xərclər alıcı tərəfindən ödəniləcəkdir.
13. Müqavilə öhdəliyi tam icra olunmadığı müddətdə alıcı satıcının icazəsi olmadan avtomobili başqa şəxsə icarəyə və ya müvəqqəti idarə üçün verə bilməz.
14. Alıcı öhdəliyi yerinə yetirməyi 5 (beş) gündən artıq gecikdirdiyi təqdirdə satıcı məhkəməyə müraciət edərək müqavilyə xitam verdirə, verilmiş etibarnaməni ləğv edib avtomibili geri ala, könüllü surətdə təhvil verilmədikdə məcburi qaydada istənilən yerdən qanunla qadağan edilməmiş istənilən vasitə ilə götürüb öz duracağına gətirə və 10 gündən artıq müddətdə avtomobilin borcunu 1 dəfəyə olmaqla tam ödəmədiyi təqdirdə avtomobili başqa şəxsə sata bilər.
15. Avtomobil alıcıdan məcburi qaydada geri alınarsa və alıcı avtomobilə aid sənədləri və avtomobilin açarını təhvil verməkdən imtina edərsə, alıcı avtomobilin sənədinə görə 700 manat, açarına görə isə 500 manat cərimə məbləği hesablayaraq almaqda haqlıdır.
16. Alıcı öhdəliyin icra edilmədiyi tarixdən 5 (beş) gün müddətinə avtomobili geri verməzsə və ya avtomobil satıcı tərəfindən tapılıb məcburi qaydada duracağa qoya bilməzsə alıcı avtomobili qanunsuz olaraq özündə saxladığı hər gün üçün 30 (otuz) manat məbləğində cərimə ödəməlidir.
17. Avtomobil alıcıdan məcburi qaydada geri alınarsa satıcı avtomobildə qalmış əşyalara görə cavabdehlik daşımır.
18. Müqaviləyə xitam verilməklə avtomobilin geri qaytarılması halında ödənilmiş vəsait geri qaytarılmır.
19. Avtomobil geri alınarkən avtomobilə maddi ziyan vurulmuş olarsa yeni texniki saz vəziyyətdə olmazsa avtomobilin tam saz vəziyyətə gətirilməsi üçün çəkilən xərcləri alıcı avtomobilin sahibinə ödəməlidir.
20. Avtomobil tam yararsız hala düşərsə satıcı məhkəməyə müraciət edərək müqaviləni bir tərəfli qaydada ləğv edərək, alıcıdan avtomobilin dəyərinin ödənilməmiş hissəsini bir dəfəyə ödəməsini tələb edə bilər.
21. Alıcı müqavilə müddətinin istənilən mərhələsində avtomobilin dəyərim tam ödəyərək avtomobili özününküləşdirə bilər.
22. Tərəflər razılığa gəlir ki, müqavilə şərtlərinin pozulması ilə bağlı məhkəmə mübahisələri satıcının qeydiyyatda olduğu ünvan uzrə məhkəmədə həll ediləcəkdir. 23. Bu müqavilə imzalandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburidir.
6. X1 Şəhadətnaməsinin surətindən görünür ki, "RENAULT TRAFİC" minik markalı, **-XT- *** dövlət nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.
7. “X4”in xx.xx.2023-cü il tarixli “Qüsur aktı”ndan görünür ki, "RENAULT TRAFİC" minik markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan məbləği ümumilikdə 3770 manat təşkil edir.
8. “X4”in xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, mühərrikdə qeyd olunan nasazlıqlar bir neçə səbəbdən (yağ nasosunun düzgün işləməməsi və avtomobilin həmin vəziyyətdə idarə edilməsi, mühərrik yağının lazımi miqdardan az olması və bu vəziyyətdə sürülməsi, mühərrik yağının vaxtında yenisi ilə əvəz edilməməsi, avtomobilə standartlara cavab verməyən yanacağın və yağın əlavə edilməsi) yarana bilər.
İşin faktiki halları
9. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi”nə əsasən, iddiaçı “RENAULT TRAFİC" minik markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobili cavabdehə təhvil verməyi və cavabdeh də həmin avtomobilin dəyərini müqavilədə nəzərdə tutulan ödəniş qrafikinə uyğun ödəməyi öz öhdəsinə götürmüşdür. İddia tələbinin faktiki əsasını o təşkil edir ki, cavabdeh avtomobili nasaz vəziyyətə gətirərək yol kənarına atıb getmişdir. Bununla da, ona maddi ziyan vurmuş, eyni zamanda müqavilə münasibətlərini pozmuşdur. Tələbin hüquqi əsasını müqavilə münasibətləri təşkil edir Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbi ilə qismən – dəymiş ziyan hissəsində razı olduğunu, lakin cəriməyə aid hissədə razı olmadığını bildirmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmənin mövqeyi
11. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
12. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında etibarlı “ilkin alqı-satqı” müqaviləsi imzalanmışdır. Belə ki, tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi”nə əsasən, iddiaçı “RENAULT TRAFİC" minik markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobili işlək vəziyyətdə cavabdehə təhvil verməyi və cavabdeh də həmin avtomobilin dəyərini müqavilədə nəzərdə tutulan ödəniş qrafikinə uyğun ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflərin izahatlarından da müəyyən edilir ki, avtomobil cavabdehə işlək vəziyyətdə verilmişdir. xx.xx.2023-cü il tarixində avtomobil nasaz vəziyyətdə servis mərkəzinə qəbul edilimişdir. Beləliklə, müəyyən edilir ki, bu keçən müddət ərzində avtomobil cavabdehdə olarkən nasaz vəziyyətə gətirilmişdir. X3 xx.xx.2023-cü tarixli sorğuya cavab məktubundan müəyyən edilir ki, nasazlığın səbəbi avtomobilə düzgün qulluq edilməməsi ilə bağlı olmuşdur. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, müqavilə bağlandıqdan sonra avtomobil cavabdehə işlək vəziyyətdə təhvil verilmiş, qeyd edilən müddət ərzində avtomobil istismar ediləndən sonra onda göstərilən nöqsanlar yaranmışdır. Mübahisəyə tətbiq edilən maddi hüquq normalarına əsaslanaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı hazırkı tələblə müraciət etməkdə haqlı olmuşdur. Hazırki iddia tələbində iddiaçı müqavilə şərtlərinə və qüsur aktına istinad edərək cavabdehdən avtomobilə dəymiş ziyan üçün 3770 manat (müqavilənin 19-cu bəndinə uyğun olaraq) və 1200 manat məbləgində cərimə (müqavilənin 15-ci bəndinə uyğun olaraq) tələb edir.
13. Məhkəmə hesab edir ki, iddia tələbi avtomobilə dəymiş ziyan üçün tələb edilən 3770 manat hissəsində tam əsaslıdır. Belə ki tərəflər arasında bağlanan müqavilənin 19-cu bəndinə əsasən, avtomobil geri alınarkən avtomobilə maddi ziyan vurulmuş olarsa, yəni texniki saz vəziyyətdə olmazsa avtomobilin tam saz vəziyyətə gətirilməsi üçün çəkilən xərcləri alıcı avtomobilin sahibinə ödəməlidir. Eyni zamanda, iş materiallarında olan “X4”in xx.xx.2023-cü il tarixli “Qüsur aktı”ndan göründüyü kimi "RENAULT TRAFİC" minik markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan məbləği ümumilikdə 3770 manat təşkil edir. Həmin qüsur aktı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə hazırkı qüsur aktına tənqidi yanaşılması üçün əsas görmür. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə tam əsaslıdır.
14. Məhkəmə hesab edir ki, iddia tələbi 1200 manat cərimə pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən əsaslıdır. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən öhdəliklərin yerinə yetirilməməsi halında cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən müqavilə öhdəliyi yerinə yetirilməmiş və iddiaçıya maddi ziyan vurulmuşdur. Ona görə iddiaçı cavabdehə qarşı cərimə tələbi irəli sürməkdə haqlıdır.
15. Tələb edilən cərimənin məbləği ilə bağlı, məhkəmə cavabdehin üzərində avtomobilə dəymiş ziyan üçün icra edilməli olan pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1200 manat cərimə tənasübsüz surətdə yüksəkdir, odur ki, həmin cərimə məbləği azaldılaraq 300 manat müəyyən edilməlidir.
Məhkəmə xərcləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 70 manat dövlət rüsumunun 60.70 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
19. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Nurı̇ yev İman Elşən oğlundan dəymiş ziyana görə 3770 manat və 300 manat cərimə olmaqla cəmi 4070 manat pul vəsaiti və iş üzrə ödənilmiş 70 manat dövlət rüsumunun 60.70 manat hissəsi tutularaq İddiaçı ödənilməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Nurı̇ yev İman Elşən oğlundan dəymiş ziyana görə 3770 manat və 300 manat cərimə olmaqla cəmi 4070 manat pul vəsaiti və iş üzrə ödənilmiş 70 manat dövlət rüsumunun 60.70 manat hissəsi tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.