Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3395/2025 02.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı «uşağın saxlanılması və 3 yaşına çatana qədər özünün saxlanılması üçün aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı ilə Cavabdeh birgə yaşayışından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 500 (beş yüz) manat və uşağın üç yaşı tamam olanadək hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh 30 aprel 2024-cü il il tarixdə qeyri-rəsmi qaydada evlənmiş, cavabdeh X4 ilə qeyri-rəsmi nikahından xx.xx.2024-cü il təvəllüdlü X3 doğulmuşdur. Lakin cavabdehlə qeyri-rəsmi qaydada ailə qurduqdan sonra yaşadığı müddət ərzində zaman keçdikcə xarakterindəki, dünyaya baxış tərzindəki fərqlilik özünü biruzə verməyə başladı. Artıq cavabdehlə münasibətləri pozulub və faktiki olaraq ayrı yaşayır. Hesab edir ki, bu münasibətlər fonunda bundan sonra cavabdeh X3 ilə qarşılıqlı anlayış, hörmət və mehribançılıq şəraitində ailəmizin qorunub saxlanılması mümkün deyil. Buna görə də xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün atası Cavabdeh hər ay 500 (beş yüz) manat sabit pul məbləğində alimentin və uşağın üç yaşı tamam olanadək hər ay 200 (iki yüz) manatın tutularaq iddiaçıya ödənilməsinin mediasiya vasitəsi ilə həll edilməsini və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsini, həmçinin Mediasiya Şurasına müvafiq mediatorun təyin edilməsi üçün müraciət etməyimə baxmayaraq, o mənim təklifimi cavabsız qoymuşdur. Həmçinin 21 iyun 2023-ci il tarixdə saat 11:00 radələrində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında tərəflərdən, yəni iddiaçının nümayəndəsi Nümayəndə iştirak etmişlər, lakin qarşı tərəf iştirak etməmişdir. İlkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər və buna dair Bakı 2 saylı Mediasiya Təşkilatının MŞB/2- 00405 nömrəli, 21 iyun 2025-ci il tarixli arayışı da təqdim olunmuşdur. Yetkinlik yaşına çatmayan övladı xx.xx.2024-cü il təvəllüdlü X1 üçün cavabdeh heç bir kömək göstərmir. İddiaçı özü uşağın artan maddi təminatını ödəməkdə çətinlik çəkir. Həmçinin uşağı mütəmadi olaraq həkim müəyinəsində və müalicəsində olur. Ona görə də, birgə nikahdan doğulmuş xx.xx.2024-cü il təvəllüdlü uşağı X1 üçün Cavabdeh hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment və uşağın üç yaşı tamam olanadək hər ay 200 (iki yüz) manat pul tutulmalıdır. Hal-hazırda İddiaçı Elçin qızı az yaşlı uşağı ilə birlikdə ünvan 1 ünvanında yasayır. Buna görə də, İddiaçı hazırki iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edir. Cavabdeh ilə birgə yaşayışdan doğulmuş xx.xx.2024cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 500 (beş yüz) manat sabit pul məbləğində alimentin və uşağın üç yaşı tamam olanadək hər ay 200 (iki yüz) manatın tutularaq iddiaçı ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə xx.xx.2025-ci il tarixdə AZEMİS vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasına iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş Cavabdeh etirazından görünür ki, onunla İddiaçı arasında nikah olmamış, lakin o, uşağın saxlanması üçün 500 manat, 3 yaşınadək uşağa baxdığına görə özü üçün 200 manat aliment istəyir. Qanunvericilikdə yalnız ərin və ya arvadın bir-birinə maddi yardım etmək vəzifəsinin oludğu bildirilmişdir. İddiaçı ilə onun arasında olan münasibət ər-arvad münasibəti olmamışdır, Azərbaycan Dövləti onları ər-arvad kimi tanımır. İddiaçı əxlaqsızlıqla məşğuldur. Daimi yaşayış yerləri Zərdab rayonu olsa da, Bakı şəhərində tez-tez kirayə ev dəyişməklə əxlaqsız həyat yaşayırlar. Onun əxlaqsızlığı ilə bağlı onun əlində kifayət qədər sübutlar var. Uşağın tərbiyəsi və böyüməsi ilə əlaqədar olaraq valideynlərin vəzifələri bərabərdir, odur ki, hər ikisinin ümumi uşağının saxlanmasına bərabər surətdə cavabdehdirlər. Öİkə üzrə minimum dolanışıq xərci 245 manat təşkil edir, deməli iddiaçı ilə hər ikisi bərabər bu məbləği ödəməlidir. İddiaçı Bakı şəhərində işləmədiyi və oxumadığı halda, onun Bakı şəhərində qalması, yaşaması normal deyil. Onun hansı məqsədlər üçün Bakı şəhərində qalması araşdırılmalıdır. Normal həyat tərzi sürməyən bir insan uşaq tərbiyə edə bilməz. Özü tələbədir, iddiaçının tələb etdiyi həcmdə alimentin verilməsi mümkün deyil. Özü ödənişli əsaslarla əyani təhsil alır. Bu isə o deməkdir, heç bir əmək fəaliyyəti ilə məşğul ola bilmir, yalnız valideynlərinin hesabına təhsil alır, bütün nəqliyyat xərcləri, dolanışığı onların hesabınadır. Qanunvericilikdə alimentin buna maddi imkanı olan şəxsdən tələb edilməsi göstərilmişdir. Doğrudur o, ata kimi uşağın saxlanılmasında iştirak etməlidir. Lakin bu zaman onun maddi gəlirləri nəzərə alınmalıdır. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini, uşağın saxlanması üçün ölkə üzrə müəyyən olunmuş münimum əmək haqqı məbləğinin 25% həcmində alimentin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2024-cü ildə doğulmuş və valideynləri Cavabdeh ilə İddiaçıdır. Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/2-00405 saylı xx.xx.2025-ci il tarixdə verilmiş “mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi, "aliment alınması,anaya aliment ödənməsi" tələbinə dair mübahisə üzrə xx.xx.2025-ci il tarixdə 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə müəyyən olunur ki, iş üzrə Cavabdeh ofisiant işləyir və əmək haqqı 200 manat təşkil edir. İşin faktiki halları İddiaçı və Cavabdeh birgə yaşayış dövründə xx.xx.2024-cü il təvəllüdlü X3 doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşaq hazırda İddiaçı yanında qalır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Maddə 86. Ərdən (arvaddan) və ya keçmiş ərdən (arvaddan) digərinə məhkəmə qaydasında tutulan alimentin miqdarı. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi İddiaçı və Cavabdeh birgə yaşayış dövründə xx.xx.2024-cü il təvəllüdlü X3 doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşaq hazırda İddiaçı yanında qalır. Məhkəmə tərəflərin övladı Rüfətin yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulması ilə bağlı ilk növbədə qeyd edir ki, uşağı saxlamaq, onun qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaq daimi olaraq iddiaçının yanında qaldığından onun saxlanılması ilə bağlı gündəlik qayğılar da iddiaçının üzərinə düşür. Bu səbəbdən iddiaçının uşağa qulluq etməsi, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarını çəkməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Bütün bu qeyd edilənləri, lakin hər bir halda ən əsası uşağın üstün maraqlarını və diqqətəlayiq mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 246 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Lakin nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yenə yuxarıda istinad edilmiş əlaqəli qərarında da qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Odur ki, məhkəmə tərəflərin övladlarının saxlanılmaları üçün cavabdehdən 246 manat sabit pul məbləğində aliment tutulması nəticəsinə gəldiyindən müvafiq məbləğin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə uyğun olaraq indeksasiyası məqsədilə cavabdehdən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi il - 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (400 manat) 0.62 misli miqdarında aliment tutulmalıdır. Bundan başqa, iddiaçı cavabdeh ilə birgə nikahından doğulmuş uşağın üç yaşına çatanadək saxlanılması üçün cavabdehdən 200 manat sabit pul məbləğində aliment tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84-cü maddəsi ilə ər və arvad birbirinə maddi cəhətdən kömək göstərməkdən imtina etdikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna təminat verilmişdir. Göründüyü kimi, ailə qanunvericiliyi ərdən (arvaddan) aliment tələb etmək hüququnu “buna zəruri vəsaitə malik olma” ilə şərtləndirmişdir. Hazırkı işdən isə Cavabdeh belə bir vəsaitə malik olduğu müəyyən edilməmiş, iddiaçı tərəfindən bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Odur ki, iddia bu hissədə təmin edilə bilməz. Uşağın saxlanılması üçün alimentin hansı tarixdən tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qətnamə ilə alimentin tutulmasına xx.xx.2025-ci il tarixdən hesablanmaqla başlanmalıdır.
Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova