Məhkəmə qərarları › İş №e-2(010)-3486/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3486/2025

18.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3486/2025 18.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, İbrahimli Turan İqbal qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11) qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 99000 (doxsan doqquz min) manat mənəvi ziyan, vəkilin göstərdiy hüquqi yardıma görə ödənilmiş 125 ( bir yüz iyirmi beş) manat, ümumilikdə 9125 (doxsan doqquz min yüz iyirmi beş) manat pulun və ödənilmiş 388 (üç yüz əksən səkkiz) manat məbləğində dövlət rüsumunun tutulması. İddia tələbinə dair dəlillər X11 2021-ci ilin may ayının 19-da saat 12 radələrində "xxxx" MMC-yə məxsus yol vərəqi ilə idar etdiyi “BMC PROCİTY 12M" markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusla ünvan 1 ünvandan keçən avtomobil yolunda 10-15 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, idarə etdiyi “BMC PROCİTY 12M” markalı, **-JU-*** döv nömrə nişanlı avtobusu yerdəyişməzdən əvvəl idarə etdiyi manevri hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyinin təmin olunmadığı vəziyyətdə avtobusu manevr etdirməməli, yəni qarşıdan hərəkəti istiqamətinin əksinə velosipedçi X2 hərəkətdə olmasını nəzərə almalı və sola doğru manevr etməklə hərəkət üçün təhlükə yaratmamalı olduğu halda, bunları etməmiş, o, idarə etdiyi “BMC PROCİTY 12M markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusu velosipedçi Qoşqar Əhmədovun hərəkətdə olduğu zolağa manevr etdirərək hərəkət üçün təhlükə yaratmaqla ehtiyatsızlıqdan velosipedçi Qoşqar Əhmədovu vurmaqla baş beyinin travmatik ödemi, baş beyinin əzilməsi və baş beyin toxumasına, qişaları altına mədəciklərinə qansızma ilə müşayiət olunan sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, sol alın-təpə nahiyəsinin qançırı, sağ diz oynağı nahiyəsinin, sol kürək və bel nahiyəsinin sıyrıqlarına səbəb olan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq 26 may 2021-ci il tarixdə 3 №-li Şəhər Klinik Xəstəxanasında ölümünə səbəb olması ilə nəticələnən yol-nəqliyat hadisəsi törətmişdir. Hadisə nəticəsində həyatını itirmiş X9 İddiaçı qardaşı olmuşdur. X1 1997-ci ildə Bakı şəhərində anadan olub. Evin böyük oğlu olub. Valideyinləri dünyasını dəyişəndən sonra qardaş və bacılarına böyüklü edən olub. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-26/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsir bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı hesab edir ki, hadisə nəticəsində ona 99000 (doxsan doqquz min) manat mənəvi ziyan dəymişdir. X1 İddiaçı qardaşıdır. İddiaçın valideyinləri vaxtsız vəfat etdiyindən mərhum Əhmədov Qoşqa evin böyük oğlu olaraq iddiaçıya və bacılarına ata qayğısı göstərmişdir. Qoşqarın bu faciəvi şəkildə ölümündən sonra iddiaçı hələ də özünə gələ bilmir və bu ölüm ona mənəvi iztirablar verir. Qoşqar Əhmədovun faciəvi şəkildə ölümü həyatının sonuna qədər İddiaçı qəlbində sağalmayacaq dərin izlər buraxmışdır. Qoşqar Əhmədovun ölüm səbəbi "xxxx" MMC şirkətinin işçis X4 və eləcə də şirkətin digər əməkdaşlarının məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Əgər "xxxx" MMC-in rəhbərliyi nəqliyya vasitəsi idarə etməsinin cəmiyyət üçün təhlükəli olan şəxsi, yəni X6 şirkətə sürücü olaraq işə götürməsəydi bu bədbəxt hadisə baş verməyəcəkdi. Ona görə də, bu ziyan "xxxx" MMC tərəfindən ödənməlidir. Bu ziyan nə qədər ödənsə də, gənc X5 heç kəs heç vaxt geri qaytara bilməyəcək. Lakin hesab edir ki, aidiyyəti şəxslər işinə məsuliyyətlə yanaşsa idi, Qoşqar Əhmədov hal-hazırda həyatda olardı və İddiaçı qardaşının ölməsinə görə mənəvi istirab çəkməyəcəkdi. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, hadisə ilə əlaqədar olaraq Cavabdeh MMC-ti heç bir məsuliyyə daşıya bilməz, məsuliyyəti sürücü daşımalıdır. Sürücünün də həmin məbləği ödəməsi heç mümkün deyil. X11 məhkumdur və heç nəyi yoxdur. Mütənasiblik müəyyən olunmalıdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə onun cəza çəkdiyi 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, X4 iddiaya qarşı münasibəti və ya etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə mülki işə iclasa gəlməyən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(006)-26/2022 saylı hökmündən görünür ki, X11 2021-ci ilin may ayının 19-da saat 12 radələrində "xxxx" MMC-yə məxsus yol vərəqi ilə idarə etdiyi “BMC PROCİTY 12M" markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusla ünvan 1 ünvandan keçən avtomobil yolunda 10-15 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, idarə etdiyi “BMC PROCİTY 12M” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusu yerdəyişməzdən əvvəl idarə etdiyi manevri hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyinin təmin olunmadığı vəziyyətdə avtobusu manevr etdirməməli, yəni qarşıdan hərəkəti istiqamətinin əksinə velosipedçi X2 hərəkətdə olmasını nəzərə almalı və sola doğru manevr etməklə hərəkət üçün təhlükə yaratmamalı olduğu halda, bunları etməmiş, o, idarə etdiyi “BMC PROCİTY 12M” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusu velosipedçi Qoşqar Əhmədovun hərəkətdə olduğu zolağa manevr etdirərək hərəkət üçün təhlükə yaratmaqla ehtiyatsızlıqdan velosipedçi Qoşqar Əhmədovu vurmaqla baş beyinin travmatik ödemi, baş beyinin əzilməsi və baş beyin toxumasına, qişaları altına, mədəciklərinə qansızma ilə müşayiət olunan sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, sol alın-təpə nahiyəsinin qançırı, sağ diz oynağı nahiyəsinin, sol kürək və bel nahiyəsinin sıyrıqlarına səbəb olan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq 26 may 2021-ci il tarixdə Baş Sİ-nin 3 №-li Şəhər Klinik Xəstəxanasında ölümünə səbəb olmuş, həmçinin velosipedin zədələnməsi nəticəsində mərhum Qoşqar Əhmədova 50 manat məbləğində maddi ziyan vurulmuş, eləcə də “BMC PROCİTY 12M” markalı, **-JU- *** dövlət nömrə nişanlı avtobusun zədələnməsi nəticəsində zərər çəkmiş şəxs "xxxx" MMC-yə 2.595,56 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin hökmlə, X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X11 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması. X4 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərər çəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMCnin mülki iddiasının təmin edilərək, dəymiş maddi zərərə görə 2595,56 (iki min beş yüz doxsan beş manat, əlli altı qəpik) manat məbləğində pul X3 tutularaq "xxxx" MMC-yə ödənilməsi, zərər çəkmiş şəxs X2 hüquqi varisi İddiaçı mülki iddiası üzrə icraata xitam verildiyini, iş üzrə maddi sübut kimi tanınmış “BMC Procity 12M” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun "xxxx" MMC-də, velosipedin isə İddiaçı saxlanılması nəzərə alınmasını, yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntünün köçürüldüyü 01 ədəd disk cinayət işinin materiallarında saxlanılması, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 300 (üç yüz) manat X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hökm edilmişdir. Sabirabad rayon İHB-nın Nizami kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2015-ci ildə ölmüşdür. 4 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2021-ci ildə ölmüşdür. Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci ildə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2011-ci ildə ölmüşdür. Nizami rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2001-ci ildə doğulmuşdur. xx.xx.2025-ci il tarixli eManat qəbzindən görünür ki, İddiaçı tərəfindən Abşeron rayon Vəkil Bürosunun xeyrinə 125.00 manat məbləğində pul ödənilmişdir. İşin faktiki halları. X11 2021-ci ilin may ayının 19-da saat 12 radələrində "xxxx" MMC-yə məxsus yol vərəqi ilə idarə etdiyi “BMC PROCİTY 12M" markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusla ünvan 1 ünvandan keçən avtomobil yolunda 10-15 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, idarə etdiyi “BMC PROCİTY 12M” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusu yerdəyişməzdən əvvəl idarə etdiyi manevri hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyinin təmin olunmadığı vəziyyətdə avtobusu manevr etdirməməli, yəni qarşıdan hərəkəti istiqamətinin əksinə velosipedçi X2 hərəkətdə olmasını nəzərə almalı və sola doğru manevr etməklə hərəkət üçün təhlükə yaratmamalı olduğu halda, bunları etməmiş, o, idarə etdiyi “BMC PROCİTY 12M” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusu velosipedçi Qoşqar Əhmədovun hərəkətdə olduğu zolağa manevr etdirərək hərəkət üçün təhlükə yaratmaqla ehtiyatsızlıqdan velosipedçi Qoşqar Əhmədovu vurmaqla baş beyinin travmatik ödemi, baş beyinin əzilməsi və baş beyin toxumasına, qişaları altına, mədəciklərinə qansızma ilə müşayiət olunan sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, sol alın-təpə nahiyəsinin qançırı, sağ diz oynağı nahiyəsinin, sol kürək və bel nahiyəsinin sıyrıqlarına səbəb olan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq ölümünə səbəb olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(006)-26/2022 saylı hökmünə əsasən, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı. Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Məhkəmənin mövqeyi İş materiallarında olan məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən görünür ki, X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, hökmlə X11 həmin maddə ilə təqsirli bilinərək azadlıqdan mərhum edilmə cəzasına məhkum edilmişdir. İşin bu halları qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən bu hallar hazırkı iş üzrə faktiki hallar kimi nəzərə alınır və yenidən araşdırılmır. Ona görə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi işin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş və iddiaçının qardaşının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsində iş üzrə cavabdeh "xxxx" MMC-nin sürücüsü qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində qardaşının ölməsi ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi qəbulediləndir və bu hal qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən mübahisələndirilmir. Bundan başqa, aydındır ki, iddiaçıya mənəvi ziyan dəyməsinə səbəb olan yolnəqliyyat hadisəsində hazırkı iş üzrə cavabdeh "xxxx" MMC-nin sürücüsü təqsirli bilindiyindən İddiaçı məhz cavabdeh "xxxx" MMC-dən ona dəymiş mənəvi ziyana görə pul tələb etməkdə haqlı olmuşdur. Məhkəmə İddiaçı cavabdeh "xxxx" MMC-dən özünə dəymiş mənəvi ziyana görə pul tələb etməkdə haqlı olduğunu hesab etsə də tələb edilən 99000 manat məbləğində pulu işin hallarına uyğun hesab etmir. Belə ki, mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Məsələn, bir şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Belə ki, hər bir halda mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Hazırkı iş üzrə cavabdeh "xxxx" MMC-ni "xxxx" QSC-dən fərqləndirən başlıca xüsusiyyətlərdən biri MMC-nin əmlak vəziyyətidir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Cavabdeh yaradılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 92 saylı qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən payları dövlətə məxsus BakuBus Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış, cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətin təşkili və cəmiyyət tərəfindən sərnişindaşıması üzrə avtobusların alınması məqsədi ilə həmin cəmiyyətə Azərbaycan Respublikasının 2014- cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondunun 30 (otuz) milyon manat məbləğində vəsait ayrılmışdır. “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Cavabdeh Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilməsi qərara alınmışdır. Belə bir vəziyyətdə mənəvi ziyanın məbləği müəyyən edilərkən "xxxx" MMC-nin cari əmlak vəziyyəti də mütləq nəzərə alınmalıdır. Çünki təqsirli tərəfin maddi vəziyyəti mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan hesab olunur. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin təcrübəsində mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır (Məhkəmənin cavabdeh dövlətdə qurbanları iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq ayırd etdiyi mübahisə olunur (Basarba OOD Bolqariyaya qarşı 20 yanvar 2011-ci il tarixli qərar). Məsələn, məhkəmə “əsas mükafatın” əlaqədar ölkədəki yaşayış səviyyəsinə görə azaldıla biləcəyinə qərar verib (Apicella İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli qərar. “Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni pozuntu üçün oxşar məbləğlər verməyi mənasızdır. Çünki pulun dəyəri fərqli və həqiqətən yerli iqtisadi inkişafdan və alıcılıq qabiliyyətindən asılıdır”). Mənəvi zərərin miqdarı müəyyən edilərkən həmçinin, o da diqqətdə saxlanılmalıdır ki, İddiaçı qardaşının ölümü ilə nəticələn yol nəqliyyat hadisəsindən sonra mənəvi istirablar çəkmiş, qardaşının faciəvi şəkildə ölümü həyatının sonuna qədər iddiaçının qəlbində sağalmayacaq dərin izlər buraxmışdır. Belə ki, iddiaçının 24 yaşı var, dediyinə görə valideynləri vaxtsız vəfat etdiyinə görə qardaşı Əhmədov Qoşqar ona ata əvəzi olmuş, iddiaçıya və bacılarına ata qayğısı göstərmişdir. Qoşqar Əhmədovun ölüm səbəbi "xxxx" MMC şirkətinin işçisi X4 və eləcə də şirkətin digər əməkdaşlarının məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Ona görə də bu hadisəyə görə ona dəymiş mənəvi ziyanın kompensasiyasını cavabdeh "xxxx" MMC-dən tələb edir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçının qardaşının ölümündə təqsirli bilinən şəxsə təyin edilmiş cəzanın müddəti belə bitməmişdir. Məhkəmə hesab edir ki, bütün bu hallar iddiaçıya məhz "xxxx" MMC tərəfindən dəyən mənəvi zərərin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır. Çünki məhkəmə mənəvi zərərin məbləğini müəyyən edərkən zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrının dərəcəsini nəzərə alır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən bütün halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq "xxxx" MMC tərəfindən 20000 (iyirmi min) manat məbləğində kompensasiya ödənilməsi məqsədəuyğun hesab oluna bilər. Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 388 (üç yüz səksən səkkiz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddianın qiymətinə uyğun olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi 150 (bir yüz əlli) manat və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat məbləğində pul vəsaiti Cavabdehndən İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Cavabdehndən 20000 (iyirmi min) manat məbləğində mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat olmaqla, ümumilikdə 20125 (iyirmi min yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 20000 (iyirmi min) manat məbləğində mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat olmaqla, ümumilikdə 20125 (iyirmi min yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar