Məhkəmə qərarları › İş №e-2(010)-3515/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-3515/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-3515/2023 28.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş 89.68 manat sığorta ödənişinin məbləğini, 30.4 manat dövlət rüsumu, ümumilikdə 120.08 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıda göstərilən tələbləri pozulduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. 1) “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Buna baxmayaraq, hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə olan halda iddia ərizəsi ərazi aidiyyət qaydalarına riayət edilmədən məhkəməyə təqdim edilmişdir. 2) Mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydalarına riayət edilməmiş, subroqasiya qaydasında cavabdehdən tələb edilən pulla bağlı məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etməzdən əvvəl cavabdehə məlumat verilməsi barədə pretenziya məktubu iddia ərizəsinə əlavə edilsə də, həmin məktubun göndərilməsi və cavabdehə çatdırılması barədə heç bir sübut ərizəyə əlavə edilməmişdir. Halbuki “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən, bu Qanundan irəli gələn mübahisələr, tərəflər arasında danışıqlar yolu ilə tənzimlənməsi mümkün olmadıqda, səlahiyyətli orqanlar tərəfindən, o cümlədən məhkəmə qaydasında həll edilir. Göründüyü kimi, hazırkı mübahisəyə birbaşa tətbiq edilməli olan qanunda mübahisənin ilk öncə danışıqlar yolu ilə tənzimlənməsi, yəni məhkəməyə qədər nizama salınma qaydasına riayət edilməsi, bu mümkün olmadıqda məhkəməyə müraciət edilməsi nəzərdə tutulmuşdur. İddiaçı "xxxx" ASC isə bu qaydaya lazımınca riayət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Belə olan halda iddia ərizəsi mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydalarına düzgün riayət edilmədən məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 284-3.5. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də bu ərizə ilə məhkəməyə müraciət edərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz) dövlət büdcəsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar