Məhkəmə qərarları › İş №e-2(010)-3545/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3545/2025

13.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3545/2025 13.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-224/2025, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 223/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin indeksasiya edilərək, xx.xx.2013-cü il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində müəyyən edilmiş alimentin azaldılması və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,475 misli həddində (400 x 0,475 = 190 manat) aliment tutulmasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-223/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçıla Cavabdeh arasında bağlanmış və Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 1401 sayla qeydə alınmış xx.xx.2010-cu il tarixli nikah pozulub, xx.xx.2013-cü il tarixdə anadan olmuş X9 Cavabdeh yanında saxlanılıb və iddiaçıdan X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə hər ay 136,6 manat sabit pul məbləğində aliment tutulub. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 8(010)-224/2025, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-223/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, xx.xx.2013-cü il təvəllüdlü X1 üçün məndən Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində aliment tutulması qərara alınıb. Beləliklə, 2025-ci il üçün ölkə üzrə minimum əmək haqqı məbləğinin 400 manat həcmində müəyyən olunduğunu nəzərə alsaq, Suraxanı Rayon Məhkəməsinin 8(010)-224/2025, xx.xx.2025-ci il tarixli qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində aliment təyin edilməsi, iddiaçının üzərimə tələbkar Cavabdeh hər ay 472 (400 x 1.18 = 472) manat aliment ödənilməsi öhdəliyi qoyur. iddiaçının maddi vəziyyəti 1 uşaq üçün ayda 472 manat aliment ödəməyə imkan vermir və həmin aliment məbləğinin azaldılmasını zəruri hesab edir. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Əsgərova (Talıbova) Xəyalə İlham qızı ilə rəsmi nikaha daxil olub. X3 ilə nikahından xx.xx.2021-ci ildə X4 adlı övladı anadan olub. Əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı "xxxx" MMC-də aqronom işləyir və onun aylıq əmək haqqım 784 manat təşkil edir. Qanunla müəyyən olunmuş vergilər və sosial ayırmalar tutulduqdan sonra iddiaçı ayda xalis 700 manat əmək haqqı alır. İddiaçının öhdəsində işləməyən həyat yoldaşı və 1 azyaşlı uşağı var. 700 manat məbləğində əmək haqqı alan iddiaçı ayda 472 manat aliment ödəyib qalan 228 manata özünü, həyat yoldaşını və azyaşlı övladını dolandıra bilmir. Buna görə də əvvəlki nikahdan olan övladı - xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq aliment məbləğinin azaldılaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,475 misli həddində - 190 (400 x 0,475 = 190) manat müəyyən edilməsini ədalətli və maddi imkanına uyğun hesab edir.

Tərəflərin izahatları

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etdi.

İş materialları

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-224/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 223/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, qərardad qanuni qüvvəyə mindiyi vaxtdan xx.xx.2013-cü il təvəllüdlü X1 üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində aliment tutulması qərara alınmışdır.

7. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 027 nömrəli arayışından görünür ki, İddiaçı "xxxx" MMC-də Aqronom köməkçisi vəzifəsində işləyir və aylıq əmək haqqısı 784 manat təşkil edir.

8. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X8 xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra arvada Talıbova soyadı verilmişdir.

9. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası X5r.

İşin faktiki halları

10. Tərəflər arasında rəsmi nikahın olması, həmin nikahdan bir uşaqlarının doğulması, eyni zamanda tərəflər arasında bağlanmış nikahın pozulması, uşağın ananın yanında qalması və eyni zamanda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)- 224/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə aliment məbləğinin qeyd olunan formada indeksasiya edilməsi işin faktiki hallarını təşkil edir. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, ondan yetkinlik yaşına çatmayan övladının saxlanılmasına görə tutulan alimentin miqdarı azaldılmalıdır və iddiaçı öz tələbini onunla əsaslandırır ki, aldığı əmək haqqının məbləği buna kifayət etmir və eyni zamanda yeni nikaha daxil olmuş və həmin nikahdan da bir övladı vardır.. Cavabdeh tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

12. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

14. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

16. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı.

“8.4-3.Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”;

Məhkəmənin mövqeyi

17. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin qismən ediməlidir.

18. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-224/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-223/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, qərardad qanuni qüvvəyə mindiyi vaxtdan xx.xx.2013-cü il təvəllüdlü X1 üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində aliment tutulması qərara alınmışdır. Hazırki tələbdə iddiaçı indeksasiya edilmiş aliment məbləğinin təxminən aylıq 472 manat olduğunu bildirir və həmin məbləğə etirazını onunla əsaslandırır ki, onun stabil aylıq əmək haqqısı 784 manat təşkil edir və bununla yanaşı, yenidən rəsmi nikaha daxil olmuş və həmin nikahdan da bir övladı anadan olmuşdur. Bu səbəbdən qeyd olunan əmək haqqından indeksasiya olunmuş aliment tutulduğu halda geri qalan məbləğin onun hazırki ailəsinin minimum dolanacaq xərclərini qarşılamağa kifayət etmir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbindən görünür ki, aliment miqdarının dəyişdirilməsi, tərəflərdən birinin ailə və maddi vəziyyətindəki dəyişikliklə bağlı hallarla əlaqəli ola bilər. Məhkəmə qeyd olunan normaya istinadən qeyd edir ki, göründüyü kimi iddiaçı cavabdehlə rəsmi nikah münasibətləri pozulduqdan sonra yeni nikaha daxil olmuş və həmin nikahdan da bir övladı anadan olmuşdur. Məhkəmə qeyd edir ki, eyni zamanda göründüyü kimi iddiaçının rəsmi iş yeri vardır və onun aylıq əmək haqqısı 784 manat təşkil edir. Məhkəmə qeyd olunan xüsusları nəzərə alaraq və eyni zamanda yuxarıda qeyd olunan normanı rəhbər tutmaqla hesab edir ki, iddiaçıdan cavabdehin xeyrinə tutulan aliment miqdarı azaldılmalıdır. Lakin iddiaçı tələbində ondan cavabdehin xeyrinə hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.475 misli həddində aliment tutulmasını xahiş etsə də, lakin məhkəmə hesab edir ki, həmin qaydada tutula biləcək aliment miqdarı hazırki dövr üçün yetkinlik yaşına çatmayan uşağın minimum dolanacaq xərclərinin qarşılanması üçün yetərli deyildir. Məhkəmə hesab edir ki, təyin ediləcək aliment real və eyni zamanda qətnamənin icrası üçün mümkün olmalıdır. Yetkinlik yaşına çatmayanlar üçün aliment təyin edilərkən əsas meyar kimi cari il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürülməlidir. Məhkəmə AR Ali Məhkəməsinin yuxarıda qeyd olunan “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-cü bəndinə uyğun olaraq qeyd edir ki, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-224/2025 saylı qərardadı ilə minimum əmək haqqı məbləğinin 1.18 misli miqdarında indeksasiya edilmiş aliment məbləği azaldılaraq İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.61 misli həddində aliment tutulmalıdır. Məhkəmə bu formada aliment tutulmasını müəyyən edərkən ilk növbədə yetkinlik yaşına çatmayan uşağın mənafeyini nəzərə alır.

Məhkəmənin gəldiyi nəticə

19. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-224/2025 saylı qərardadı ilə minimum əmək haqqı məbləğinin 1.18 misli miqdarında indeksasiya edilmiş aliment məbləği azaldılaraq İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.61 misli həddində müəyyən edilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-224/2025 saylı qərardadı ilə minimum əmək haqqı məbləğinin 1.18 misli miqdarında indeksasiya edilmiş aliment məbləği azaldılaraq İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.61 misli həddində müəyyən edilsin. Azaldılmış aliment miqdarı qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar