Məhkəmə qərarları › İş №e-2(010)-3547/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3547/2025

31.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3547/2025 31.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı cavabdeh xüsusi notarius X7 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdeh xüsusi notarius X7 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, 50 saylı Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında dair 16 may 2025-ci il tarixli İcra Qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təsis etdiyi "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarış almaqdan ötrü Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinə müraciət etmiş və müraciətinə cavab olaraq ona bildirilmişdir ki, həmin ərazidən su xətti keçir və həmin su xəttinin yerini dəyişdirilməlidir ki, həmin sahəyə dair mülkiyyət hüququ qeydə alınsın. Bundan sonra o, "xxxx" ASC-yə müraciət etmiş və ona bildirilmişdir ki, su xəttinin yerinin dəyişdirilməsi üçün 53736.20 manat xərc tələb olunur. O, həmin xərcləri ödəməyə razılaşmışdır. Lakin həmin vaxt ağır xəstələndiyi üçün əvvəlcədən tanıdığı Seyid adlı şəxsə su xəttinin yerinin dəyişdirilməsinə və qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün ona kömək etməsinə müraciət etməyə məcbur qalmışdır. Seyid buna razılıq verərək bildirmişdir ki, bütün işləri həll etməyə imkanı vardır. Bundan sonra Seyid ona bildirmişdir ki, qeyd olunan işlər 105000 manata həll ediləcək və o da, bu məbləğlə razılaşmışdır. Lakin qeyd olunan məbləğdə nağd pul vəsaiti olmadığına görə Seyid ona təklif etmişdir ki, Şüvəlan qəsəbəsində yerləşən bağ evini girov qoymaqla tanıdığı Anar adlı şəxsdən borc almaqla bu məsələni həll edəcək. O, Seyidin bu təklifi ilə razılaşmışdır. Bir müddət keçdikdən sonra 10 iyun 2024-cü il tarixində o, Seyid və sonradan tanıdığı Anar adlı şəxs Bakı şəhəri 50 saylı Notariat Ofisinə gəlmiş və ona 140000 manat məbləğində borc verilməsi barədə razılaşaraq, borc müqaviləsi bağlamışdılar. Buna baxmayaraq ona kassadan 125000 manat verilmişdir. Belə ki, həmin puldan 15000 manatı Anar Həsənov özü götürmüş və borc aldığı 140000 manatı əlavə olaraq 7000 manat ödəməklə 4 ay arzində ödəniləcəyi barədə razılaşmışdırlar. Lakin Seyid adlı şəxs 105000 manat pulu ondan aldıqdan sonra vəd etdiyi səndələşmə işlərini həll etmədiyinə görə onun barəsində Suraxanı rayon Prokurorluğuna müraciət etmiş və həmin müraciətdən sonra xx.xx.2025-ci tarixində Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanılmış və həmin tarixdə qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bundan sonra xx.xx.2025-ci il tarixində X9 ona bildiriş göndərərək xx.xx.2025-ci il tarixli Borc Müqaviləsi üzrə 200000 manat məbləğində borcu qaytarmağı bildirmişdir. Belə olan halda ona məlum olmuşdur ki, onun Anar Həsənovdan 140000 manat məbləğində borc almağına dair razılıqlarının olmasına baxmayaraq, Borc Müqaviləsində 200000 manat borc aldığı göstərilmişdir. Bununla bağlı qeyd edir ki, 85 yaşı və xəstə olmağından istifadə olunaraq ehtiyacı olmadığı halda ona 200000 manat borc almağına dair Borc Müqaviləsinə imza etdirilmişdir. Həmçinin qeyd edir ki, Suraxanı rayon Polis İdarəsində aparılan cinayət işində 140000 manat borc almağına dair razılıq olduğu halda, hansı əsasla ona 200000 manat borc almağına dair müqaviləyə imza etdirilməyi epizodu da istintaq orqanı tərəfindən yoxlanılır və həmin epizod üzrə araşdırma aparılması zərurəti ilə əlaqdar olaraq xx.xx.2025-ci il tarixli məktubla Bakı şəhəri 50 saylı Notariat Ofisinə müraciət olunaraq keçirilmiş bank əməliyyatlarının səndələrinin surəti, səs və video yazılarının və bank əməliyyatları barədə məlumatların götürülməsi tələb edilmiş, eləcədə xx.xx.2024-cü il tarixli Borc və İpoteka Müqaviləsinin icrasının dayandırılması xahiş olunmuşdur. Buna baxmayaraq Bakı şəhəri, 50 saylı Notariat Ofisinin xüsusi notariusu X1un məbləği ilə bağlı mübahisənin mövcud olmasına, eləcə də bu faktın başlanılmış cinayət işi üzrə yoxlanılması halına əhəmiyyət verməyərək 200000 manat ödənilməmiş borc məbləğinin olmasına əsaslanaraq, tutmanın mülkiyyətində olan Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 554D saylı bağ evinə və bağ evinin yerləşdiyi ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinə yönəldilməsinə dair 16 may 2025-ci il tarixli İcra Qeydi vermişdir. Qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-ci tarixli Borc Müqaviləsinin 10cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Göründüyü kimi Bakı şəhəri, 50 saylı Notariat Ofisinin xüsusi notariusu X1 Müqaviləsi üzrə borcun məbləği ilə bağlı tərəflər arasında mübahisənin mövcud olmasını nəzərə almayaraq və xx.xx.2024-ci tarixli Borc Müqaviləsinin 10-cu bəndinin tələbini pozaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında dair 16 may 2025-ci il tarixli İcra Qeydi vermişdir. Həmçinin qeyd edir ki, 16 may 2025-ci il tarixli İcra Qeydinin surəti ona Bakı şəhər Xəzər rayon İcra Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixində “icraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərarla birlikdə təqdim edilmişdir. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixli elektron ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. 16 may 2025-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş 8İ-4584 reyestr saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair icra qeydindən görünür ki, ipoteka saxlayan X5 tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 2 və həmin bağ evinin yerləşdiyi ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi ünvanında yerləşən əmlaka tutma yönəldilməsi barədə icra qeydi verilmişdir. Öhdəliyi müəyyən edən müqaviləyə əsasən vaxtında ödənilməmiş borc məbləğinin 200000 manat təşkil etdiyi qeyd olunmuşdur. İcra qeydi xx.xx.2025-ci il tarixində aparılmışdır. X9 tərəfindən 50 saylı notariat ofisinə xx.xx.2025-ci il tarixli ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixli 3M-534 reyestr saylı İpoteka müqaviləsi üzrə icra qeydinin aparılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış və notarial qaydada təsdiq olunmuş 3M-534 nömrəli borc müqaviləsinin surətindən görünür ki, “borcverən” X9 və “borcalan” İddiaçı arasında xx.xx.2024-cü il tarixinədək qaytarmaq şərtilə 200000 manat məbləğində faizsiz borc pul vəsaiti vermişdir. Müqavilənin 8-ci bəndi: ödəniş müddətin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərilməsindən 20 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. 10-cu bəndi: Tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış və notarial qaydada təsdiq olunmuş 3M-535 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 593.4 kv/m olan 8 otaqdan ibarət bağ evi və həmin bağ evinin yerləşdiyi, ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayan X5 xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri müqavilə tərəflərinin razılığına əsasən 310000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli, 3M-534 reyestr nömrəli borc müqaviləsi üzrə yaranmış 200000 manat borc pulun xx.xx.2024-cü il tarixədək ödənilməyəcəyi təqdirdə icra qeydinin aparılması ilə əlaqədar notariat ofisinə müraciət ediləcəkdir. Zərərcəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş qismində tanınmışdır. Həmin qərarla müəyyən olunmuşdur ki, 5 dekabr 2024-cü il tarixdə ünvan 3 ünvanında yaşayan İddiaçı Suraxanı Rayon prokuroruna müraciət edərək, o, 2024-cü ilin iyun ayında onun özü tərəfindən təsis edilmiş "xxxx" MMC-yə məxsus “ünvan 1 ünvanında inşa edilmiş qeyri-yaşayış sahəsində yerləşən "xxxx" ASC-yə məxsus olan su turbasını yerinin köçürülməsi və su təsərrüfatı tərəfindən lahiyəsi razılaşdırılmış bütün xərcləri və sənədləri tamamlamaqdan ötrü birlikdə tanışı Seyid və Seyidin tanışı Şamxal adlı şəxslərə 105000 manat pulu vermiş, lakin həmin şəxslər onu aldadaraq heç bir çıxarış verməmişlər və su turbasının yeri dəyişdirilməmiş, Seyid və Şamxal tərəfindən aldadıldığını bilərək onlardan pulunu və ya sənədləri tələb etdikdə ona müxtəlif bəhanələr gətirərək onu aldatmışlar. AR Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsi tərəfindən ünvan 5 ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, başlanmış cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı ilə X9 arasında 10 iyun 2024-cü il tarixdə 50 saylı notariusda bağlanmış ipoteka müqaviləsinin icrasının dayandırılmasına göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, ondan xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılmış Bakı Şəhəri 50 saylı Notariat Kontorunun 8İ-4584 nömrəli, xx.xx.2025-ci- il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi xahiş olunmuş, bu müddət ərzində tələbin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. Bildiriş İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində təhvil alınmışdır. Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinin İcra məmuru X4 tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat Kontorunun 8İ-4584 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılması haqqında qərar qəbul edilmişdir. Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli, 37474/2025-12-21 nömrəli xəbərdarlıqdan görünür ki, ona icra sənədi üzrə tələbin təmin olunmayacağı halda, məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, X9 tərəfindən 200000 manat Bakı şəhəri 50 saylı Notariat Kontorunun AZ94AİİB******************** nömrəli depozit hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən məhkəməyə göndərilən xx.xx.2025-ci il tarixdə rəsmiləşdirilmiş 8i-4584 reyestr saylı “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi”nə dair notariat işindən görünür ki, xx.xx.2025-ci il tarixli bildirişə əsasən, İddiaçı xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə yaranmış 200000 manat borc barədə məlumat verilmiş, onun borc müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən “İpoteka müqaviləsi”-nə notariusun icra qeydinə əsasən tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlanılacağı bildirilmişdir. Bildirişin göndərilməsi/çatdırılması barədə poçt qəbzi mövcud deyil. Tətbiq edilən hüquq. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 17. Dövlət notariusu tərəfindən aparılan notariat hərəkətləri Dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır: ...15) icra qeydləri aparır;... Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.... Maddə 77. İcra qeydlərinin məzmunu İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Maddə 78. İcra qeydləri üzrə ödəniş qaydası İcra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 79. İcra qeydlərinin icra edilməsi üçün təqdim olunması İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1.İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 6. İcra sənədləri 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.4. notariusun icra qeydləri; Maddə 7. İcra sənədlərinə aid tələblər 7.4. ... Notariusun icra qeydlərinin məzmunu “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Maddə 8. İcra sənədləri üzrə icraata başlanılması 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Maddə 9. İcra sənədinə aid tələblərin pozulmasının nəticələri 9.1. İcra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı X6 xx.xx.2025-ci il tarixli 8İ-4584 nömrə ilə reyestrdə qeydiyyatdan keçən icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin icra sənədində İddiaçı məxsus ipoteka predmeti olan ünvan 2 və həmin bağ evinin yerləşdiyi ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi ünvanında yerləşən əmlaka tutma yönəldilməsi qeyd olunmuşdur. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair 16 may 2025-ci il tarixli İcra Qeydinin ləğv edilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və müvafiq maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İş materiallarından görünür ki, borcun qaytarılması barədə bildiriş rəsmi qaydada iddiaçıya təqdim edilməmişdir və icra işində ona dair sənəd yoxdur. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 6-cı hissəsinə görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir.....İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanun ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Göründüyü kimi, qanunun istinad olunan normasında iki bildirişdən bəhs olunur: 1) tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə göndərməli olduğu və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən bildiriş; 2) göndərilməsi qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş. Belə ki, iş materiallarından görünür ki, icra qeydi düzgün aparılmamışdır, müvafiq bildirişlər göndərilməmiş, borclu (ipoteka qoyan) olan iddiaçıya lazımı qaydada məlumat verilməmiş, nəticədə borclu (ipoteka qoyan) münasibət bildirmək hüququndan məhrum olunmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, 50 saylı Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında dair 8İ-4584 nömrəli, 16 may 2025-ci il tarixli İcra qeydi ləğv olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, 50 saylı Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında dair 8İ-4584 nömrəli, 16 may 2025-ci il tarixli icra qeydi ləğv olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar