Məhkəmə qərarları › İş №e-2(010)-3579/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3579/2025

05.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3579/2025 05.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 8(001)-120/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə 384 manat məbləğində təyin edilmiş alimentin azaldılaraq Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 7791/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün ödənilməli sabit pul məbləğində 80 manat, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tələbkar Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-7791/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin minimum əmək haqqına uyğun olaraq indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(00l)-7791/2019 nömrəli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün ödənilməli sabit pul məbləğində 80 manat, ümumilikdə 240 manat sabit pul məbləğində aliment indeksasiya edərək, hər uşaq üçün 128 manat olmaqla, ümumi 384 manat müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 8(001)- 120/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilmişdir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-7791/2019 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat sabit pul məbləğində tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər bir uşağa görə 0,32 misli həddində indeksasiya olunmuşdur. Qeyd edir ki, həmin qərardaddan şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-130/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmişdir. Bununla əlaqədar İddiaçı hazırda “alimentin miqdarının azaldılması barədə” iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Binəqədi Rayon Məhkəməsinin 2(001)-7791/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 28 yanvar 2014-cü il tarixdə doğulmuş X5, 09 oktyabr 2015-ci il tarixdə doğulmuş X2 və 21 fevral 2017-ci il tarixdə doğulmuş X3 18 yaşa çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşağa görə 80 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi və alimentin tutulmasının başlanğıcı 03 oktyabr 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Bakı şəhəri, Binqədi rayon məhkəməsinin 8(001)-120/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçinin ərizəsi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-7791/2019 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat sabit pul məbləğində tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər bir uşağa görə 0,32 misli həddində indeksasiya olunması qərara alınmışdır. İddiaçı qeyd etməyi zəruri hesab edir ki, o heç yerdə işləmir və onun aliment üzrə yığılmış borcu vardır. Belə ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-628/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh alimentin miqdarının artırılması barədə iddia ərizəsi qismən təmin edilmişdir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7791/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh X1 xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi hər ay 360 manat sabit pul məbləğində müəyyən edilmişdir. Lakin Bakı Apellyasiya məhkəməsinin mülki kollegiyasının 2(103)- 3914/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmişdir və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 628/2022 saylı qətnaməsi ləğv edilmişdir və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi təmin edilməmişdir. Bundan sonra, 2023-cü ildə Cavabdeh yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün alimentin miqdarının artırılması barədə iddia ərizəsi yenə də məhkəməyə vermişdir. Lakin Bakı şəhəri Suraxanı rayon məhkəməsinin e-2(010)-1807/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehanın iddia ərizəsi təmin edilməmişdir. Hər iki məhkəmənin qətnaməsində göstərilmişdir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçı özünün və ya cavabdeh İddiaçı ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin (özünün maddi vəziyyətinin azalması, əmək qabiliyyəti olmaması səbəbindən işləyə bilməməsi, cavabdehin kifayət qədər gəlirlərinin olması və s.) olmasını sübut edə bilməmişdir, digər tərəfdən cavabdehin məhkəməyə təqdim etdiyi arayışdan göründüyü kimi həmin şəxs hal hazırda işsizdir və aliment borcunu ödəyə bilmədiyinə görə inzibati qaydada cərimə olunmuşdur. Həmçinin, iddiaçının alimentin artırılması barədə iddia tələbinə Bakı Apellyasiya Məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsinə əsasən münasibət bildirilmiş və həmin qətnamənin qəbul edildiyi tarixdən sonra cavabdehin maddi vəziyyətdə yaxşıya doğru hər hansı dəyişikliyin olması barədə iddiaçı tərəfindən sübutlar təqdim olunmamışdır. Hal-hazırda da mənim maddi vəziyyəti dəyişməz olaraq qalmışdır. Bundan başqa, 2019-cu ilin məhkəmə qətnaməsi əsasında yetkinlik yaşma çatmamış uşaqların saxlanması üçün təyin edilmiş aliment üzrə yığılmış borc vardır. Buna görə də, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (001)-120/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün ödənilməli sabit pul məbləğində 80 manat, ümumilikdə 240 manat sabit pul məbləğində aliment indeksasiya edilərək, hər uşaq üçün 128 manat olmaqla, ümumi 384 manat müəyyən edilmiş aliment miqdarını o ödəyə bilməyəcəkdir. Qeyd edir ki, yaşlı anası ilə bir yerdə yaşayır. Anası işləyəndə ona alimenti ödəməkdə kömək etmişdir. Həmçinin, anası Bankdan kreditə pul götürərək, onda aliment üzrə yığılmış borcları ödəmişdir. Lakin, bu ilin aprel ayında anası pensiyaya çıxmışdır və onun maddi vəziyyəti pisləşmişdir. Qeyd etməyi zəruri hesab edir ki, anası pensiyaya çıxandan sonra alınmış krediti ödəməyə davam edir və hazırda aldığı pensiya ilə həmin krediti ödəyir. Bundan əvvəl Cavabdeh iki dəfə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-7791/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 240 manat alimentin miqdarını artırılması xahiş etmişdir. Lakin məhkəmənin qətnamələri ilə onun iddia ərizələr rədd edilmişdir. Hal-hazırda Cavabdeh eyni tərəflər arasında, faktiki olaraq eyni mübahisə predmeti üzrə, lakin indeksasiya tətbiqi barədə ərizə ilə müraciət edərək, artırılmasına nail olmuşdur və ərizəsi məhkəmə tərəfindən təmin olunmuşdur. Buna baxmayaraq, İddiaçı maddi vəziyyətinin dəyişməməsi ilə bağlı indeksasiya ilə müəyyən olunmuş aliment miqdarını ödəyə bilməyəcəkdir. Hesab edir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (001)-120/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə 384 manat məbləğində müəyyən edilmiş aliment miqdarını azaldılmalıdır və Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-7791/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün ödənilməli sabit pul məbləğində 80 manat, ümumilikdə 240 manat sabit pul məbləğində aliment miqdarını müəyyən edilməlidir. Cavabdehin etirazı. Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixli etiraz ərizəsi ilə müraciət edərək, iddiaçının alimentin azaldılması tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, alimentin məbləğinin müəyyən edilməsi ilə bağlı artıq qüvvəyə minmiş iki məhkəmə qərarı mövcuddur: 1) xx.xx.2019-cu il tarixli 2(001)-7791/2019 nömrəli iş üzrə Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə 3 övladı — X9 (xx.xx.2012), X6 (xx.xx.2015) və X8 (xx.xx.2017) cavabdehin himayəsinə verilmişdir. Həmin qətnamə ilə İddiaçı hər uşaq üçün aylıq 80 manat olmaqla, ümumilikdə 240 manat aliment tutulması və bu məbləğin xx.xx.2019-cu il tarixindən hesablanması qərara alınmışdır. 2) xx.xx.2025-ci il tarixli 8(001)-120/2025 nömrəli iş üzrə Binəqədi Rayon Məhkəməsinin qərardadı ilə həmin aliment məbləği indeksasiya edilərək hər uşaq üçün 128 manat, ümumilikdə 384 manat məbləğində müəyyən edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda qüvvədə olan məhkəmə qərarları ilə müəyyən edilmiş 384 manat məbləğ, 3 azyaşlı uşağın, xüsusilə də X2 (o, anadangəlmə bir böyrək xəstəliyindən əziyyət çəkir və yalnız bir böyrəyi var, o da sağlam deyil) saxlanılması üçün qətiyyən kifayət etmir. Uşaqların yaşları artdıqca onların gündəlik ehtiyacları və saxlanma xərcləri də artır. Qeyd edir ki, İddiaçı özünün maddi imkansız olduğunu bildirmişdir, lakin son illər ərzində müxtəlif məhkəmələrdə ona qarşı 30-dan çox iddia qaldırmış və hər dəfə müqaviləli vəkillərlə müdafiə olunmuşdur. Hesab edir ki, bu onun məhkəmə xərclərini qarşılamaq imkanında olduğunu göstərir. Cavabdeh bildirir ki, məhkəmə iclasında iddiaçıya Binəqədi Rayon Məhkəməsinin alimentin indeksasiyası barədə qətnaməsi qüvvəyə mindikdən cəmi iki həftə sonra nə dəyişmişdir ki, iddiaçı Suraxanı Rayon Məhkəməsində alimentin azaldılması barədə iddia qaldırmışdır deyə sual vermişdir. İddiaçının cavabı isə o olmuşdur ki, bu onun istəyidir, hüququdur. Hesab edir ki, qanunvericiliyə əsasən alimentin azaldılması üçün sübut edilmiş əsaslı səbəblər mövcud olmalıdır və iddiaçı alimentin azaldılması üçün heç bir hüquqi əsas təqdim etməmişdir. Qeyd edir ki, iddiaçının imkansızlığı barədə təqdim etdiyi iddialar sübut olunmamışdır, iddiaçının vəkil xərclərinə daimi olaraq vəsait ayırması sübut edir ki, alimenti ödəməyə imkanı var. Eyni zamanda, aliment məbləğinin yaşayış minimumundan (2025-ci il üzrə 292 manat) aşağı düşməsi yolverilməzdir. Bildirir ki, hal-hazırda 384 manatlıq aliment yaşayış minimumuna çox yaxın, cəmi 0.32% fərqlə müəyyən olunmuşdur. Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixində elektron qaydada etiraz ərizəsi göndərərək, iddiaçının alimentin azaldılması tələbinin əsassız olduğundan onun rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd edilən məzmunda izahat vermişdir. Əlavə olaraq qeyd edir ki, aliment ilə bağlı borcları yığıldığına görə qarşı tərəfin şikayəti ilə 528-ci maddə ilə cərimə olunmuş, ölkədən çıxmağına da qadağa qoyulmuşdur. Qeyd edir ki, ailələri o və anası olmaqla 2 nəfərdən ibarətdir, alimentin ödənilməsinə anası köməklik edir, özü isə işsizdir, ixtisas üzrə tibb bacısıdır. Tibb bacısı kimi işləsə belə 500 manata qədər maaş alacaq, 240 manat isə elə həmin məbləğin yarısıdır. Bildirir ki, cavabdehə hətta onun evində də gedib uşaqlara baxa biləcəyini demişdir, cavabdeh də gedib işləyər. Qeyd edir ki, o qadın olduğundan gedib fəhləlik edə bilməz, məhkəmə işləri çox olduğuna görə öz ixtisası üzrə iş tapmaqda da çətinlik çəkir, qarşı tərəfin isə maddi vəziyyəti yaxşıdır, himayə və aliment məsələləri üzrə məhkəmə iclaslarında da öz biznesi və evləri olduğunu qeyd edib, uşaqları da pullu məktəbdə oxudur, İddiaçı təzyiq etmək üçün məhkəməyə müraciət edir. Məhkəmə iclasına Cavabdeh iddia tələbini qəbul etmədiyini, Suraxanı Rayon Məhkəməsində İddiaçı ona qarşı qaldırdığı alimentin azaldılması tələbi ilə bağlı iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət etdiyini bildirmiş və etiraza uyğun olaraq izahat vermişdir. İş materialları. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş “X4 iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, tərəflər arasında mediasiya MŞB/6/-00807 nömrəli işi açılmış, xx.xx.2025-ci il tarixə təyin edilmiş X4 İddiaçı iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc, 10 manat kargüzarlıq xərci ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7791/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 28 yanvar 2014-cü il tarixdə doğulmuş X5, 09 oktyabr 2015-ci il tarixdə doğulmuş X2 və 21 fevral 2017-ci il tarixdə doğulmuş X3 18 yaşa çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşağa görə 80 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi və alimentin tutulmasının başlanğıcının 03 oktyabr 2019-cu il tarixdən hesablanması və.s qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-628/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7791/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı xx.xx.2014cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan aliment miqdarının artırılaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi hər ay 360 manat sabit pul məbləğində müəyyən edilməsi, alimentin tutulmasının əvvəlki qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması və.s qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3914/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-628/2022 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi, iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi və.s qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1807/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması”na dair iddia tələbi rədd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-120/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-7791/2019 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat sabit pul məbləğində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər bir uşağa görə 0,32 misli həddində indeksasiya olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-130/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə borclu İddiaçı şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 120/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 110. Alimentin indeksasiyası 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.... “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür (m .9.4). Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər rəsmi qaydada nikaha daxil olmuş və bu nikahdan üç övladları dünyaya gəlmişdir. Tərəflər arasında nikah pozulmuş və uşaqlar atanın, bu iş üzrə cavabdehin himayəsində saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7791/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 28 yanvar 2014-cü il tarixdə doğulmuş X5, 09 oktyabr 2015-ci il tarixdə doğulmuş X2 və 21 fevral 2017-ci il tarixdə doğulmuş X3 18 yaşa çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşağa görə 80 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-120/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 7791/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər bir uşağa görə 0,32 misli həddində indeksasiya olunması qərara alınmışdır. İddiaçı işsiz və aliment məbləği çox olduğundan, həmçinin cavabdehin maddi vəziyyətinin yaxşı olduğundan alimentin azaldılmasını xahiş etmiş, cavabdeh isə buna qəti etiraz bildirmişdir. Məhkəmə işin hallarını və yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbini əsassız hesab edir. Belə ki, İddiaçı məhkəmənin baxış iclasında cavabdehin maddi vəziyyətinin yaxşı olduğunu bildirərək, təyin olunmuş aliment miqdarının azaldılaraq hər ay hər uşağa görə 80 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin təyin edilməsini xahiş etsə də, lakin tələbini Ailə Məcəlləsinin 112-ci maddəsinin normaları baxımından əsaslı hesab edəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. İddiaçı ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin olmasını (özünün maddi vəziyyətinin azalması, əmək qabiliyyəti olmaması səbəbindən işləyə bilməməsi, cavabdehin kifayət qədər gəlirlərinin olması və s.) sübut edə bilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7791/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən Cavabdeh sabit pul məbləğində alimentin ödənilməsi qət edilmiş, 8(001)-120/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə isə bu məbləğ indeksasiya edilmişdir. Ailə qanunvericiliyin yuxarıda sadalanmış müddəalarına görə, valideynin qazancı və ya sair gəliri yoxdursa, alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Yəni, iddiaçının daimi gəlirlərinin olmaması həmin qətnamə ilə artıq nəzərə alınmışdır və qeyd edildiyi kimi, bu müddət ərzində iddiaçının maddi vəziyyətində hər hansı dəyişikliklər müşahidə olunmamışdır. Eyni zamanda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” AR Qanunun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Belə olan halda, məhkəmə qeyd edir ki, alimentin artırılması baş verməmiş, aliment məbləği indeksasiya edilmişdir, yəni alimentin miqdarı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilmişdir. Eyni ilə, işsiz olması halı valideyni uşaqların saxlanılması vəzifəsindən azad edə bilməz. Üstəlik, uşaqlar daimi olaraq Cavabdeh yanında qaldığından onlara qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının deyil, cavabdehin üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-120/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə 384 manat məbləğində təyin edilmiş alimentin azaldılaraq Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 7791/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün ödənilməli sabit pul məbləğində 80 manat, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərciləri. Aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Nəzərə alaraq ki, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır, hazırki iş üzrə dövlət rüsumu tutulmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-120/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə 384 manat məbləğində təyin edilmiş alimentin azaldılaraq Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-7791/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün ödənilməli sabit pul məbləğində 80 manat, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar