Məhkəmə qərarları › İş №e-2(010)-368/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-368/2024

08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-368/2024 08.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500 manat pul vəsaitinin və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. xx.xx.2021-ci il tarixli PAA********** saylı sığorta müqaviləsinə əsasən “Mercedes Sprinter” markalı, 99UN052dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində “Mercedes Sprinter” markalı, 99UN052dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “Chevrolet Cruze” markalı, 99LN181 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 500 (beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Suxaranı RPİ DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Həmçinin qeyd olunan qərarda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Cavabdeh ünvanına geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği ödənilməmişdir.

Tərəflərin izahatları

3. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

İş materialları

5. AD № 787667 saylı Nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Chevrolet Cruze markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 adına qeydiyyata alınmışdır.

6. xx.xx.2021-ci il tarixli, PAZ**********2 nömrəli “İcbari Sığorta Müqaviləsi”in surətindən görünür ki, Mercedes Sprinter markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilədək 1 il müddətinə sığortalanmışdır.

7. xx.xx.2022-ci il tarixli hesablama aktının surətindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində **-LN-*** dövlət qeydiyyat nişanlı, Chevrolet Cruze markalı avtomobilə dəymiş ümumi zərər məbləği 500 manat təşkil edir.

8. xx.xx.2022-ci il tarixli, 2-03441/07 saylı Sığorta Aktının surətindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində **-LN-*** dövlət qeydiyyat nişanlı, Chevrolet Cruze markalı avtomobilə dəymiş ümumi zərər məbləği 500 manat təşkil edir.

9. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Atasiğorta MMC tərəfindən ödənilmiş 500 manat pul vəsaiti - vəsaiti alan X2 tərəfindən qəbul edilmişdir.

10. xx.xx.2022-ci il tarixli İnzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh AR İXM-nin 327.6 və 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətdiyindən 100 manat məbləğində cərimə edilmişdir.

İşin faktiki halları

11. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh idarə etdiyi “Mercedes Sprinter” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə yolnəqliyyat hadisəsi törətmiş, nəticədə **-LN-*** dövlət qeydiyyat nişanlı, Chevrolet Cruze markalı avtomobilə 500 manat məbləğində dəyərləndirilən maddi ziyan vurmuşdur. İddiaçı sığorta şirkəti zərərin aradan qaldırılması üçün 500 manat məbləğində sığorta ödənişi etmişdir. Hazırki iddia tələbində İddiaçı ASC sığortalı Chevrolet Cruze markalı avtomobil üçün ödənilən 500 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb edir. Tələbini onunla əsaslandırır ki, qəzanın baş verməsində cavabdeh təqsirkar olmuşdur və o hadisə yerindən yayınmışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən hazırki iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 936. Subroqasiya hüququ 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

13. Azərbaycan Respublikası “İcbari Sığortalar haqqında” Qanun Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ 63.1 Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

Məhkəmənin mövqeyi

14. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

15. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normasından göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni, bu hüquqlar zərərçəkəndən sığortaçıya keçir. Cavabdeh tərəfindən **-LN-*** dövlət qeydiyyat nişanlı, Chevrolet Cruze markalı avtomobilə ziyan vurulması işin mübahisəsiz halıdır. Belə ki, bu hal işə əlavə edilən sənədlərlə ilə müəyyən edilir. İş materiallarından o da görünür ki, ziyan cavabdehin təqsirli hərəkəti nəticəsində vurulmuşdur. İddiaçının cavabdehə qarşı subroqasiya hüququnu yaradan hal isə cavabdehin hadisə yerindən yayınması halıdır. Bu hal, cavabdehin barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı subroqasiya qaydasında cavabdehdən vurulan ziyanı geri tələb etməkdə haqlıdır. Vurulan ziyanın məbləğinə gəldikdə isə, işə əlavə edilmiş qüsur aktından görünür ki, **-LN-*** dövlət qeydiyyat nişanlı, Chevrolet Cruze markalı avtomobilə vurulan ziyanın məbləği 500 manat olmuşdur. Cavabdeh tərəfindən ziyan məbləğinə dair hər hansı etiraz daxil olmamışdır. Məhkəmə qüsur aktına tənqidi yanaşılması üçün əsas görmür. Eyni zamanda, həmin məbləğ iddiaçı tərəfindən zərərçəkənə ödənilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ödənilmiş 500 manat sığorta ödənişi cavabdehdən tutulub, iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

19. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 500 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumu olmaqla ümumilikdə 530 (beş yüz otuz) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar