Məhkəmə qərarları › İş №e-2(010)-3692/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3692/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3692/2023 27.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "17 iyun 2019-cu il tarixli podrat Müqaviləsi üzrə ödənilməyən 8000 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pul vəsaitinin tutulması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi 17 iyun 2019-cu il tarixli Podrat Müqaviləsi üzrə ödənilməyən 8 000 (səkkiz min) manat məbləğində pul vəsaitinin və dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, Abşeron Quşçuluq sovxozu ərazisində Cavabdeh1 məxsus 0,02 ha torpaq sahəsi üzərində fərdi yaşayış evinin tam tikintisi ilə əlaqədar İddiaçı ilə Cavabdeh1 arasında 17 iyun 2019-cu il tarixli Podrat Müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən İddiaçı həmin yaşayış evinin tikintisini başa çatdırıb Cavabdeh1 təhvil verməli idi. Qeyd edilən müqavilə ilə əlaqədar onlar arasında ödəniş cədvəli tərtib edilmiş və həmin cədvələ əsasən Cavabdeh1 hissə olmaqla 28400 manat məbləği İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öz öhdəliyini vaxtında yerinə yetirərək, yaşayış sahəsini hazır edib, yaşayış üçün yararlı hala gətirmiş, lakin Cavabdeh1 öz öhdəliklərini lazımıNca yerinə yetirmədiyinə görə mən də ləngitmə hüququmdan istifadə edərək, tikintini dayandırmış, Cavabdeh1 müqavilə üzrə olan borcunu ödəməyi tələb etmişdir. Lakin Cavabdeh1 borcunu ödəyə bilməyəcəyini, tikintinin olduğu kimi ona təhvil verilməsini xahiş etmiş, iddiaçı da onun bu təklifi ilə razılaşaraq tikintinin tam başa çatdırmadan 07 mart 2023-cü il tarixdə ona təhvil vermişdir. Belə ki, onların arasında 07 mart 2023-cü il tarixdə həmin tikintinin təhvil-təslim aktı imzalanan zaman Cavabdeh1 tərəfindən qeyd edilən müqavilə üzrə ümumilikdə 18380 manat ödəniş edilməsi, onun 10 020 manat məlbəğində borcunun qalması müəyyən edilmişdir. Biz qarşılıqlı razılığa gələrək müqavilə üzrə görülməyən işlərin dəyərini 2000 manat hesablamış, həmin pul məbləğini Cavabdeh1 iddiaçıya ödəməli olduğu 10 000 manatdan çıxaraq, onun iddiaçıya 8000 manat məbləğində pul vəsaiti ödəməli olmasını müəyyən etmişdir. Onlar bu barədə 07 mart 2023-cü il tarixli Təhvil-təslim aktında bütün şərtləri qarşılıqlı müəyyən etmiş, həmin aktda Cavabdeh1 iddiaçıya olan 8000 manat məbləğində borcunu hər ay 500 manatdan az olmamaq şərti ilə 10 ay müddətinə ödəməsini öhdəsinə götürmüşdür. Lakin 07 mart 2023-cü il tarixdə ev Cavabdeh1 təhvil verildikdən sonra cavabdeh heç bir məbləğdə pul vəsaiti ödəməmiş, öhdəliyini yerinə yetirmədiyinə görə onun iddiaçıya 8000 manat məbləğində borcu qalmışdır. Cavabdeh2 Cavabdeh1 evin tikintisi üçün ödəməli olduğu məbləği iddiaçıya ödənilməsinə zaminliyi öz öhdəsinə götürmüş, bu barədə ərizə verərək və müqavilə bağlayaraq Cavabdeh1 öhdəliyinə zamin olmasını bildirmişdir. Belə ki, Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 17 iyun 2019-cu il tarixli Zaminlik müqaviləsinə əsasən podratçı ilə Sifarişçi arasında tikintiyə dair bağlanan müqavilə ilə əlaqədar olaraq Sifarişçi Podratçı qarşısında öz öhdəliklərini tam yerinə yetirənə qədər “Zamin” “Sifarişçi” ilə birlikdə Podratçının qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür. Cavabdehlər öz öhdəliyini yerinə yetirmədiyindən mən bu barədə onlara bildiriş göndərib, onlara qarşı məhkəmədə iddia qaldıracağını bildirmişdir. Buna baxmayaraq cavabdehlər müqavilə üzrə heç bir məbləğdə pul ödəməmişdir. Yəni iddiaçı tərəfindən həmin müqavilənin şərtləri tam yerinə yetirilərək, evin tikintisi müqavilənin şərtlərinə uyğun aparılmış, buna baxmayaraq 07 mart 2023-cü il tarixdən cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, cavabdehlərin iddiaçıya 8 000 manat məbləğində borcu qalmışdır. Cavabdehlər müqavilə üzrə heç bir ödəniş etmədiyinə görə iddiaçı dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehlçrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları xx.xx.2019-cu il tarixli İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış podrat müqavilədən görünür ki, Əbilova X2 Quşçuluq sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsində ümumi sahəsi müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin təmirsiz tikintisini İddiaçı sifariş etmişdir. xx.xx.2019-cu il tarixli Cavabdeh2 və İddiaçı arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2, sifarişçi Cavabdeh1 xx.xx.2019-cu il tarixli podrat müqaviləsində müəyyən edilmiş öhdəliklərini yerinə yetirmədikdə, podratçıya dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün sifarişçi ilə eyni həcmdə məsuliyyət daşıyır. Görüləcək işlərin siyahısından görünür ki, Sifarişçi Cavabdeh1 və Podratçı İddiaçı arasında xx.xx.2019-cu ildə bağlanmış «Podrat müqavilə»yə əsasən görüləcək işlərin siyahısı: 6 daş hasar; sadə dəmir darvaza; evin fundamenti izolyasıya; 5 daş kürsü; evin kərpic ilə hörülməsi (və ya cüt daş); evin ara kəsmələri tək qat inşası (kərpic və ya bulokpan); dam örtüyü; xarici və daxili suvaq işləri; plastik pəncərə (ağ); dəmir seyf qapı; giriş pilləkən. Təhvil-təslim aktından görünür ki, Podratçı Məmmədov X1 Cavabdeh1 ilə birgə xx.xx.2019-cu il tarixində podrat müqaviləsi bağlamışdır. Evin ümumi məbləği 28.400 AZN təşkil edib, Sifarişçi 18.380 AZN ödəyib, Podratçı İddiaçı «Görülən işlər» siyahısında göstərilən işlərdən: 6 daş hasar; darvaza; fundament izolyasıya; 5 daş kürsü; evin mişar daşı ilə inşası; seyf qapı; dam örtüyü. Podratçı tərəfindən görülübsifarişçi evi bu vəziyyətdə təhvil alır. Hər iki tərəf razıdır. Tərəflərin bir-birinə qarşı heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaq. Qalan işlər: daxili suvaq; plastik pəncərələr. Bu işləri görülməyinə sifarişçi Cavabdeh1 öz üzərinə götürür və evi bu vəziyyətdə təhvil alır. Ümumi razılığa gələrək qalan işlərin məbləği 2000 AZN təşkil edir. Həmin məbləği Sifarişçi 10 ay ərzində Podratçıya ödəyəcək. Aylıq ödəniş 500 AZN-dan aşağı olmamaq şərti ilə. Hər iki tərəf razıdır. Tərəflərin bir-birinə qarşı heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaq. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1 Zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixində podrat müqaviləsi imzalanmış və iddiaçı həmin müqavilə üzrə cavabdehə Abşeron Quşçuluq sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsində ümumi sahəsi 62 kv.m olan fərdi yaşayış evinin təmirsiz tikintisini inşa etməyi, cavabdeh isə görüləcək işlərin ümumi qiyməti olan 28400 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əsasən həmçinin müəyyən olunur ki, zamin Cavabdeh2, sifarişçi Cavabdeh1 xx.xx.2019-cu il tarixli podrat müqaviləsində müəyyən edilmiş öhdəliklərini yerinə yetirmədikdə, podratçı İddiaçı dəyən zərərin əvəzinin ödənilməsi üçün sifarişçi ilə eyni həcmdə məsuliyyət daşımağı üzərinə götürmüşdür. İddiaçı ilə sifarişçi Cavabdeh1 arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhviltəslim aktına əsasən müəyyən edilir ki, sifarişçi Cavabdeh1 18.380 manat ödəyib, “Görülən işlər” siyahısında göstərilən işlərdən: 6 daş hasar; darvaza; fundament izolyasıya; 5 daş kürsü; evin mişar daşı ilə inşası; seyf qapı; dam örtüyü podratçı İddiaçı tərəfindən icra edilmişdir. Sifarişçi evi həmin vəziyyətdə təhvil almışdır. Qalan işlər: daxili suvaq; plastik pəncərələr. Qalan işlərin məbləğinin 2000 manat olmasına dair tərəflər razılığa gəlmişlər. Həmin məbləği sifarişçi aylıq ödəniş 500 manatdan aşağı olmamaq şərti ilə 10 ay ərzində podratçıya ödəməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı cavabdehlə aralarında bağlanmış olan podrat müqaviləsi üzrə 8000 (səkkiz min) manat məbləğində müqavilə haqqının cavabdehlər İlhamə Ədilova və Namiq Muxarovdan tutularaq onun xeyrinə ödənilməsini istəyir və tələbini onunla əsaslandırır ki, cavabdehlər müqavilə şərtlərini lazımi qaydada yerinə yetirməmiş, tərəfindən aparılmış tikinti işlərinin müqabilində razılaşdırılmış pul məbləğini ona ödəməmişlər. Məhkəmə həmçinin müəyyən edir ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdehlər müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlər İlhamə Ədilova və Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh X3 iddiaçı ilə arasında bağlanmış podrat müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü zərərin ödənilməsi tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış podrat müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən tikilini cavabdehə təhvil vermişdir. Cavabdeh İlhamə Ədilova isə həmin podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Digər Cavabdeh2 da sifarişçi Cavabdeh1 xx.xx.2019-cu il tarixli podrat müqaviləsində müəyyən edilmiş öhdəliklərini yerinə yetirmədikdə, podratçı İddiaçı dəyən zərərin əvəzinin ödənilməsi üçün sifarişçi ilə eyni həcmdə məsuliyyət daşımağı üzərinə götürsə də, bunu etməkdən boyun qaçırmışdır.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə vurulmuş zərərə görə 8000 (səkkiz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə vurulmuş zərərə görə 8000 (səkkiz min) manat və ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat olmaqla, cəmi 8100 (səkkiz min yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar