Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3741/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağın təhsilinə görə əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşağın təhsilinə görə əlavə xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, 01.05.2011-ci il təvəllüdlü X3 təhsilinə görə cavabdehdən 9540 (doqquz min beş yüz qırx) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 01.05.2011-ci il təvəllüdlü X3 təhsilinə görə ödənilmiş 15365 manat məbləğində pul vəsaitinin ½ hissəsi, yəni 7683 manat mbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 22.06.2010cu il tarixdə nikah bağlanılmış və birgə nikahdan 01.05.2011-ci il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22.02.2017-ci il tarixli qətnaməsi ilə onlar arasında 22.06.2010-cu il tarixdə bağlanılmış nikah ləğv edilmiş və birgə nikahdan doğulmuş 01.05.2011-ci il təvəllüdlü X3 onun yanında qalması qət edilmişdir. Hazırda iddiaçı oğlu ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə, ev 192 C, mənzil 10-da yaşayır. Cavabdeh yenidən ailə qurmuş və ikinci nikahdan da övladı vardır. Lakin oğlu A.Nəcəfli ilə ünsiyyətdə olmur, onun tərbiyə ilə bağlı məsələlərin həll edilməsində iştirak etmir, uşağın fiziki, psixiki sağlamlığı, əxlaqi inkişafı barədə maraqlanmır, lazımi qaydada maddi yardım göstərmir, yəni öz valideynlik vəzifələrini tam yetirmir. Uşağın xəstələndiyini bilsə də, onun sağlamlıq vəziyyəti ilə maraqlanmır və müalicə üçün də maddi yardım göstərmir. Cavabdeh uşağın doğum haqqında şəhadətnaməsində atası kimi qeydə alınmasına baxmayaraq, uşaq iddiaçının himayəsindədir və onun maddi, mənəvi təminatı ilə özü və valideynləri məşğul olur. 01.05.2011-ci təvəllüdlü X6 ingilis dilində təhsil alınaq üçün müqavilə əsasında 14.10.2019-cu il tarixdən 01.05.2020-ci il tarixə kimi “Bakı Beynəlxalq Təhsil Kompleksində” (BBTK) təhsil almışdır. Təhsil haqqı olaraq həmin müəssisəyə 4800 manat məbləğində pul vəsaiti ödənilmiş, qalan hissə 1300 manat məbləğində isə borc olaraq ödənilməmişdir. Bundan əlavə, X6 2018-ci il fevral ayından 2019-cu ilin mart ayınadək şahmat dərslərində və yarışmalarda ödənişli iştirak etmiş və 1600 manat ödəniş edilmişdir. Eyni zamanda A.Nəcəfli 2021-ci ilin fevral-may aylar ərzində hər ay 460 manat (cəmi 1840 manat) olaraq kurslarda ingilis dili və danışıq, çin dili və ev tapşırığı dərslərində ödənişli olaraq iştirak etmişdir. Beləliklə, A.Nəcəflinin təhsilinə görə ödənilən 8240 manat pul vəsaiti və əlavə olaraq ödənilməli olan 1300 manat məbləğində pul vəsaitini nəzərə alaraq (4800+1300+1600+1840=9540), cavabdehdən 9540 (doqquz min beş yüz qırx) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, uşağının saxlanılması üçün 300 (üç yüz) manat məbləğində aliment ödəyir. Bu vaxtadək uşağın saxlanılması üçün aliment ödənişlərindən heç bir gecikmə olmamışdır. İddiaçı ona oğlu ilə görüşməsinə, ünsiyyətdə olmasına və ümumiyyətlə telefonla əlaqə saxlamasına imkan vermir. O, uşağı ilə görüşməsi üçün iddiaçıdan maneçiliyin aradan qaldırmasını xahiş etsə də, iddiaçı buna məhəl qoymamışdır. O, məcbur olub oğlu ilə ünsiyyətdə olması tələbinə dair iddia ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı ilə aralarındakı nikahın pozulmasına səbəb iddiaçının ona xəyanət etməsi olmuş, iddiaçının xəyanətindən xəbər tutan kimi aralarındakı nikah pozulmuşdur. Hazırda isə iddiaçı ona öz övladı ilə ünsiyyətdə olmasının qarşısını almaq, uşağı ondan qaçıraraq xarici ölkəyə aparmaq və ona qarşı digər tələblərlə məhkəmədə iddia qaldırmaqla ondan qisas alır. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər, orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. İddiaçı, birgə nikahdan olan azyaşlı övladının təhsili və digər məşğuliyyətləri ilə bağlı bir valideyn kimi onunla məsləhətləşməmiş, onun tərbiyəsində, bir fərd kimi yetişməsində iştirak etməsinə, həmçinin onun valideyn hüquqlarını həyata keçirərək uşağı ilə ünsiyyət qurmasına maneçilik yaratmış, uşağın təhsili və tərbiyəsi ilə bağlı yalnız öz şəxsi mülahizə və ambisiyaları əsasında qərarlar qəbul etmişdir. İndi isə iddiaçı qanunvericiliyin ona verdiyi hüquqlardan sui-istifadə edərək, heç bir lüzum olmadan xərclədiyi məbləğləri ondan tələb edir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək göstərdi ki, cavabdeh uşağının saxlanılması üçün vaxtlı-vaxtında aliment ödəyir və bu günə kimi alimenti vaxtında ödəmişdir. İddiaçı isə cavabdehə oğlu ilə görüşməsinə və ümumiyyətlə telefonla əlaqə saxlamasına imkan vermir. Bu səbəbdən cavabdeh oğlu ilə ünsiyyətdə olmaq üçün iddia qaldırmışdır. İddiaçı uşağına heç bir lüzum olmadan xərclədiyi məbləğləri cavabdehdən tələb edir. Cavabdeh təkrarən ailə həyatı qurmuş və həmin nikahdan bir uşağı vardır. Cavabdeh rəsmi olaraq sabit əmək haqqı olan işdə işləyir. İddiaçının iddia tələbi ilə bağlı qeyd etdiyi xüsusatlar heç bir rəsmi sübutla təsdiq olunmamışdır. İddiaçının uşağının təhsili üçün çəkdiyi xərcləri zəruri xərc hesab etmək olmaz. Belə ki, uşağ üçün zəruri olan tam orta təhsil dövlət təhsil müəssisələri tərəfindən pulsuz həyata keçirilir. Digər dil kursları və məşğələlər uşağın təhsili üçün zəruri hesab edilmir. Odur ki, iddiaçının iddiası əsassız olduğu üçün təmin olunmamalıdır. Məhkəmə iddiaçı və cavabdeh tərəfin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 04.08.2011-ci il tarixdə verilmiş “Nikah haqqında” şəhadətnamədən müəyyən edilir ki, X6 01.05.2011-ci ildə doğulmuş, valideynləri Cavabdeh və İddiaçıdır. - Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 08.07.2017-ci il tarixdə verilmiş “Nikahın pozulması haqqında” şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah 02.05.2017-ci il tarixdə ləğv edilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22.02.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında 22.06.2010-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 615 saylı nikah qeydinin ləğv edilməsi, 01.05.2011-ci il tavəllüdlü X4 anası X2 himayəsində saxlanılması, cavabdehdən 01.05.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23.12.2016-cı il tarixindən başlayaraq hər ay 136 (yüz otuz altı) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.11.2018-ci il tarixli 2(010)- 6708/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin olunmuş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-791/2017 nömrəli iş üzrə 22.02.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, 01.05.2011-ci təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməsi qət edilmişdir. - "xxxx" MMC-nin 26.04.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı Beynəlxalq Təhsil Kompleksi (BBTK) və vətəndaş İddiaçı arasında 14.10.2019-cu il tarixli 85 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, vətəndaşın oğlu X3 2019-2020-ci tədris ili üçün təhsil haqqı 8000 (səkkiz min) manat təşkil edir. Bu məbləğin 4800 (dörd min səkkiz yüz) manat ödəniş edilmişdir. X1 01.03.2020-30.04.2020 tarixləri arasında güzəştli şərtlərlə təhsil almış, 01.05.2020-ci il tarixdə isə məktəbdən ayrılmış, hazırda İddiaçı Bakı Beynəlxalq Təhsil Kompleksinə borcu 1300 (bir min üç yüz) manat təşkil edir. 24.05.2021-ci il tarixli arayışdan görünür ki, X7 şahmat kulubunda 2018-ci ilin fevral ayından 2019-cu ilin mart ayınadək şahmat dərslərin və yarışlarda ödənişli olaraq iştirak etmiş, bunun üçün ümumi olaraq 1600 manat ödəniş edilmişdir. 24.05.2021-ci il tarixli arayışdan görünür ki, X6 2021-ci ilin fevral (460 manat), mart (460 manat), aprel (460 manat), may (460 manat) aylarında kursda igilis dili və danışıq, çin dili və ev tapşırığı dərslərində ödənişli olaraq iştirak etmişdir. “Grand Master” Şahmat klubu tərəfindən İV dərəcə Nəcəfli Ammar İ yer tutduğuna və fərqləndiyinə görə diplomla təltif olunmuşdur. “Trio” tədris, incəsənət və idman mərkəzinin 30.07.2021-ci il tarixli 001 nömrəli arayışından görünür ki, Nəcəfli Azər (Ammar) Ruslan oğlu (01.05.2011-ci təvəllüdlü), “Trio” tədris, incəsənət və idman mərkəzinə 2017-ci il oktyabr ayından 2018-ci ilin iyun ayınadək ev tapşırığlarını etmiş və şaxmat kurslarında ödənişli olaraq iştirak etmiş, aylıq ödəniş ev tapşırığı 250 (iki yüz əlli) manat, şahmat dərsləri 50 (əlli) manat, ümumi olaraq 2700 (iki min yeddi yüz) manat ödəniş etmişdir. Uşaq Tədris mərkəzinin 27.07.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı oğlu 01.05.2011-ci il təvəllüdlü X6 “Trio Studkt” (təlim-tədris) mərkəzinə 2018-ci il oktyabr ayından 2019-cu ilin iyun ayınadək kurslarda ödənişli olaraq iştirak etmiş, ümumi olaraq 3125 (üç min yüz yirmi beş) manat ödəniş etmişdir. 96 nömrəli 01.10.2018-cı il tarixli kassa mədaxil orderindən görünür ki, Nəcəfli Ammar “ev tapşırıqlarının yerinə yetirilməsi və dərnəkləri” üçün 350 manat məbləğində ödəniş etmişdir. 151 nömrəli 28.02.2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Nəcəfli Ammarın “ev tapşırıqlarının yerinə yetirilməsi və dərnəkləri” üçün 375 manat məbləğində ödəniş etmişdir. 190 nömrəli 10.05.2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Nəcəfli Ammarın “ev tapşırıqlarının yerinə yetirilməsi və ingilis dili kursları” üçün 450 manat məbləğində ödəniş etmişdir. 204 nömrəli 12.06.2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Nəcəfli Ammarın “ingilis dili kursu” üçün 50 manat məbləğində ödəniş etmişdir. 177 nömrəli 12.04.2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Nəcəfli Ammarın “ev tapşırıqlarının yerinə yetirilməsi və ingilis dili kursu” üçün 450 manat məbləğində ödəniş etmişdir. 163 nömrəli 18.03.2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Nəcəfli Ammarın “ev tapşırıqlarının yerinə yetirilməsi və ingilis dili kursu” üçün 450 manat məbləğində ödəniş etmişdir. 138 nömrəli 14.01.2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Nəcəfli Ammarın “ev tapşırıqlarının yerinə yetirilməsi və dərnəklər” üçün 300 manat məbləğində ödəniş etmişdir. 128 nömrəli 17.12.2018-ci il tarixli kassa mədaxil orderindən görünür ki, Nəcəfli Ammarın “ev tapşırıqlarının yerinə yetirilməsi və dərnəklər” üçün 350 manat məbləğində ödəniş etmişdir. 116 nömrəli 12.11.2018-ci il tarixli kassa mədaxil orderindən görünür ki, Nəcəfli Ammarın “ev tapşırıqlarının yerinə yetirilməsi və dərnəklər” üçün 350 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən alideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qanunvericiliyin yuxarıda sadalanan normalarından belə müəyyən olunur ki, valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Həmin hallara əsasən övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. valideynlərin əlavə xərclərə cəlb edilməsi üçün əsasdır. Bu maddədə bu tip halların dairəsi dəqiq məhdudlaşdırılmasa da maddənin məzmununda göründüyü kimi, bu hallar özündə uşaqların sağlamlığı və əmək qabiliyyəti üçün birbaşa zəruri olan halları ehtiva edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir. Ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Göründüyü kimi, Azərbaycan Respublikasının dövlət təhsil müəssisələrində icbari olan ümumi orta təhsil və tam orta təhsil pulsuzdur. Belə olan halda məhkəmə hesab edir ki, uşağın müxtəlif əlavə təhsil müəssisələrində, kurslarda iştirakı üçün ödənilmiş xərclər onun üçün zəruri olan xərclər dairəsinə aid edilə bilməz. Bu səbəbdən də iddiaçının hazırkı iddiası rədd edilməlidir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı uşağın təhsilinə görə əlavə xərclərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-3741/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3741/2021
07.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver