Məhkəmə qərarları › İş №e-2(010)-39/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-39/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-39/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 53984.81 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 252.36 manat dövlət rüsumu, ümumilikdə 54237.17 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “BMW 328” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Binəqədi rayonu, M.C.Ordubadi küçəsi ilə hərəkət edən zaman “Audi A8” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Binəqədi RPİ tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarla “BMW 328” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanan “Audi A8” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 59896.80 manat maddi zərər dəymişdir. MİC1900061 saylı sığorta şəhadətnaməsinə və AKS200182 saylı, xx.xx.2020-ci il tarixli sığorta ödənişi aktına əsasən, "xxxx" ASC tərəfindən 58896.80 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cəmiyyətin əməkdaşları tərəfindən müvafiq sığorta hadisəsi zamanı araşdırılan zaman müəyyən edilmişdir ki, “BMW 328” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası "xxxx" ASC-də olmuşdur. “İcbari sığortalar haqqında” AR Qanununun 56.1.2-ci maddəsinin tələbinə əsasən, "xxxx" ASC tərəfindən "xxxx" ASC-ə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta ödənişinin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 4911.99 manat ödəniş həyata keçirilmişdir. Bundan sonra, sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 53984.81 manat təşkil etmişdir. Qeyd edilənlərə əsasən, “BMW 328” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehin vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, X10 tərəfindən obyektiv və ədalətli həlli üçün lazımi olan sənədlər təqdim edilə bilməmişdir. İddiaçı tərəfindən ödənilən vəsaitin məhz qəza nəticəsində ziyan dəymiş Audi markalı avtomobilə xərclənməsi öz təsdiqini bir daha tapmamış oldu. Cavabdeh olaraq iddiaçının təqdim etməli olduğu sübutları onlar və işə obyektiv baxan məhkəmə əldə etməyə çalışır. Cavabdeh olaraq onlar məsuliyyətdən yayınmırlar. Maşına dəymiş ziyanın 20000 manat olduğunu qəbul edirlər. Lakin iddiaçı sığorta şirkətinin təqdim etdiyi ödəniş məbləği reallığı əks etdirmir, şişirdilmiş məbləğdir. Eyni zamanda, rəqəmin şişirdilmiş olmasını ekspert rəyi ilə ziyanın 12693 manat azalmasına baxmayaraq, iddiaçının bu rəqəmə etiraz etməməsi və bu rəqəmlə razılaşması da təsdiq etmiş olur. Əgər iddiaçı həqiqətən tələb etdiyi qədər məbləğ ödəmiş olsaydı, bu qədər fərqə etiraz etmiş olardı. Üstəlik, ekspert rəyi ilə ziyan 41292 manat məbləğində müəyyən edilmişdir. İddiaçının ərizəsində göstərildiyi kimi cavabdehin sığorta şirkəti tərəfindən ƏDV xaric 4911 manat 99 qəpik ödəniş edilmişdir (ƏDV daxil 5797 manat edir). Lakin iddiaçı son borcu hesablayarkən bu rəqəmin əlavə ödənilən ƏDV-sini nəzərə almamış, ümumi ƏDV daxil borcdan çıxaraq hesablama aparmışdır. Əlavə olaraq, ekspert qarşısında bu ödənişlə bağlı hər hansı sual qoyulmadığından qeyd olunan ödəniş ekspert tərəfindən müəyyən edilən ziyan məbləğindən çıxılmamaqla nəzərə alınmamışdır. Məhkəmənin nəzərə alması xahiş edilir. Onlar dəymiş ziyanı qismən qəbul etməklə ziyanın 20000 manat məbləğində olduğunu bildirir. Lakin iddiaçının 3 ildən çox müddətdən sonra məhkəməyə müraciət etməsi lazımi sübutların toplanmasını mümkünsüz etmişdir. İddiaçıda olan sübutlar isə təqdim edilmir (mədaxil və məxaric əməliyyatlarını təsdiqləyən bank hesabından çıxarış, X10-nin bank hesabından çıxarışlar). Eurostyle Ltd tərəfindən təqdim olunan bank hesabından çıxarışlar isə qəza olan tarixi və iddiaçının ərizəsində göstərmiş olduğu tarixləri əhatə etmir. Həmin dövrün təqdim edilməməsinin səbəbi kimi mədaxil və məxaric əməliyyatlarında mümkün uyğunsuzluqların və ya ödənişdən dərhal sonra müəyyən məbləğdə vəsaitin nağdılaşdırılaraq iddiaçıya qaytarılmasının üzə çıxması ola bilər. Odur ki, yuxarıda qeyd olunanların nəzərə alınmasını, hazırlıq iclasının iştirakları olmadan keçirilməsini və işin məhkəmə baxışına təyin edilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, AKS200182 nömrəli sığorta ödənişi aktından görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.C.Ordubadi küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyyətə düşmüş, MİC1900061_60 nömrəli sığorta şəhadətnaməsinə əsasən kasko sığorta növü üzrə "xxxx" ASC-də sığortalanmış “Audi A8” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərcləri üçün “X10” MMC-nin hesabına 58896.80 manat məbləğində sığorta ödənişi köçürülmüşdür.

7. xx.xx.2019-cu il tarixli, MİC1900061 nömrəli avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, sığortalı “SOCAR” Nəqliyyat İdarəsinə məxsus “Audi A8” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixindən saat 00:00-dan xx.xx.2020-ci il tarixinə saat 23:59-dək 130000 sığorta məbləğində "xxxx" ASC tərəfindən sığortalanmışdır.

8. xx.xx.2020-ci il tarixli, 001642 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “X10” MMC-nin hesabına “Audi A8” markalı, **-AL-*** nömrəli avtomobilin təmiri üçün avans ödənişi təyinatı ilə 16949.15 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.

9. xx.xx.2020-ci il tarixli, 001643 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “X10” MMC-nin hesabına “Audi A8” markalı, **-AL-*** nömrəli avtomobilin təmiri üçün “xx.xx.2020-ci il tarixli, 0640 saylı hesaba əsasən ödəniş. ƏDV” təyinatı ilə 3050.85 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.

10. xx.xx.2020-ci il tarixli, 004334 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “X10” MMC-nin hesabına xx.xx.2020-ci il tarixli, AKS200182 nömrəli sığorta ödənişi aktı təyinatı ilə 33810.85 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.

11. xx.xx.2020-ci il tarixli, 004335 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “X10” MMC-nin hesabına “ xx.xx.2020-ci il tarixli, AKS200182 nömrəli sığorta ödənişi aktı, xx.xx.2020-ci il tarixli 1286 saylı hesab və xx.xx.2020-ci il tarixli təmir kartına əsasən sığorta ödənişi, ƏDV” təyinatı ilə 6085.95 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.

12. Bakı şəhər Binəqədi RPİ Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işin başlanması rədd edilmiş, “BMW” markalı, **-VJ-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ DYPŞ-ə göndərilmişdir.

13. AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AD seriyalı, 755366 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 328İ” minik markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh adına qeydə alınmışdır.

14. AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AC seriyalı, 676755 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “AUDİ A8” minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin adına qeydə alınmışdır.

15. xx.xx.2020-ci il il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 08:00-da Binəqədi DYPŞ-nın xidməti ərazisində Cavabdeh “BMW 3281” minik markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

16. xx.xx.2020-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 08:00-da “BMW 3281” minik markalı, 99VJ482 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

17. “X10” MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “Audi A8” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər (ehtiyat hissələri + işçilik) 50760 manat məbləğində hesablanmışdır.

18. “X10” MMC tərəfindən tərtib edilmiş təmir kartından görünür ki, “Audi A8” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 59896.80 (cəmi təmir kartı üzrə məbləğ – 50760; ƏDV – 9136.80) manat məbləğində pul vəsaiti ödənilmişdir.

19. “X10” MMC tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, M-01 nömrəli cavab məktubundan görünür ki, “X10” MMC-də ehtiyat hissələrinin anbardan çıxış qaiməsi və ya aktı, təmir kartında göstərilən ehtiyat hissələrinin anbardan çıxdıqdan sonra ustalara təhvil verilməsi qaiməsi və ya aktı mövcud olmamışdır. Hər hansı ehtiyat hissəsi anbardan birbaşa ustaya təhvil verilmiş və bununla əlaqədar hər hansı sənədləşmə işləri aparılmamışdır. Əlavə olaraq bildirilmişdir ki, təqdim edilən təmir kartını təsdiqləyən şəxsin ad və soyadı qeyd edilmədiyindən kartın kim tərəfindən tərtib edildiyi qeyri-müəyyəndir. Bu baxımdan “Audi A8” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir edən ustaların adı, soyadı və ya ata adını müəyyən etmək mümkün deyildir.

20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 tərəfindən xx.xx.2020-ci il tarixli, 561 nömrəli ekspert rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Cavabdeh məhkəmə-tibbi ekspertizasına və onun adına tərtib edilmiş tibbi sənədlərlə yazılanlara əsasən, iş haqqında qərarda olan məlumatları nəzərə alıb və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir: Cavabdeh bədənində aşkar olunmuş xəsarət – burun sümüklərinin yerdəyişən sınığı bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün Bakı Baş Sİ-nin X6 müraciət etdiyi, xx.xx.2020-ci il, saat 11:55-dən bir qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cavabdeh bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyanı nəzərə alaraq, demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Cavabdeh bədənində aşkar olunmuş xəsarətin bədənin əlçatan nahiyəsində yerləşməsinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və eləcə də şəxsin öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsinə nəticəsində əmələ gələ bilməsi az inandırıcıdır.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/7486 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Euro Style” LTD tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı, “Audi A8” markalı, **-AL- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 41292 manat müəyyən edilmişdir.

İşin faktiki halları.

22. “Audi A8” markalı, **-AL-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsi əsasında iddiaçı "xxxx" ASC tərəfindən könüllü sığorta edilmişdir. Sığorta müddəti xx.xx.2019-xx.xx.2020-ci il tarixləri əhatə etmişdir.

23. xx.xx.2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “BMW 328” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Binəqədi rayonu, M.C.Ordubadi küçəsi ilə hərəkət edən zaman “Audi A8” markalı, ** AL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində (Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Tətbiq edilən hüquq.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

25. “Sığorta haqqında”Azərbaycan Respublikasının Qanunu.

Maddə 2. Sığorta. Sığorta - sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxslərin düşdüyü zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir. Maddə 3.Sığortanın obyektləri və formaları.

2. Sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər.

3. Könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir. Maddə 23. Əmlak sığortası üzrə sığorta olunanın dəymiş zərər üçün məsul şəxs barəsində hüquqlarının sığortaçıya keçməsi. Sığorta olunanın və ya sığorta ödənişi almış başqa şəxsin dəymiş zərər üçün məsul şəxs barəsində tələb hüququ əmlak sığortası üzrə sığorta əvəzini ödəmiş sığortaçıya onun ödədiyi məbləğ həddində keçir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

27. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarından göründüyü kimi, sığortaçının subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Bununla belə nəzərə alınmalıdır ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir.

28. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış “Audi A8” markalı, ** AL *** dövlət nömrə nişanlı avtomobil yolun əks istiqamətində hərəkət edən “BMW 328” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuş, baş vermiş hadisədə “BMW 328” markalı, 99VJ482 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh təqsirli olduğu qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmişdir. İşin bu halı cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Bu səbəbdən məhkəmə baş vermiş yol nəqliyyat hadisənin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi və onun təqsirindən iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilə zərər dəymiş olmasının sübuta yetirildiyi nəticəsinə gəlir.

29. Lakin işin əsas mübahisəli halı cavabdehin təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı sığorta şirkəti tərəfindən sığortalanmış avtomobilə dəymiş zərərin məbləği və həmin məbləğdə sığorta ödənişinin iddiaçı şirkət tərəfindən həqiqətən ödənilib-ödənilməməsi ilə bağlıdır.

30. Mübahisəli məsələnin həlli ilə bağlı məhkəmə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilə hansı məbləğdə zərər dəymiş olmasının müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Euro Style” LTD tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı, “Audi A8” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 41292 manat məbləğində olduğu qeyd edilmişdir.

31. Məhkəmə ekspert rəyini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, rəy verilərkən avtomobilin istismar olunduğu müddət baxımından köhnəlmə faizi nəzərə alınmış, iddiaçının təqdim etdiyi qüsur aktı və rəy arasındakı qiymət fərqi də əsasən elə bundan yaranmışdır. Məhkəmə hesab edir ki, avtomobilin istehsal tarixinin 2016-cı il olması baxımından dəyişilməli ehtiyat hissələrin qiyməti müəyyən edilərkən köhnəlmə faizinin tətbiq edilməsi mütləqdir. Odur ki, məhkəmə ekspert rəyinin həmin faiz nəzərə alınmaqla tərtib edilməsini və bu rəyin əsaslılığını şübhə altına alan heç bir halın müəyyən edilmədiyini nəzərə alaraq, dəymiş zərərin ekspert rəyinə uyğun müəyyən edilməsi nəticəsinə gəlir.

32. İddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi kimi tələb edilən məbləğin həqiqətən ödənilib-ödənilməməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC tərəfindən 50760 manat məbləğində ödənişin xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində 16949.15 manat və 33810.85 manat olmaqla iki hissədə “X10” MMC-nin hesabına ödənildiyini təsdiq edən ödəniş tapşırıqları məhkəməyə təqdim edilmişdir.

33. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh təqsirindən baş vermiş yol nəqliyyat hadisəsinə görə iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilə dəymiş zərərin məbləği ekspert rəyinə əsasən 41292 manat məbləğində müəyyən olunduğundan və məhkəmə bu rəylə razılaşdığından iddiaçı "xxxx" ASC-nin yalnız həmin hissəyə subroqasiya hüququ yaranmışdır. Odur ki, iddia qismən təmin edilməlidir.

34. İddia tələbindən görünür ki, iddiaçı "xxxx" ASC cavabdehdən avtomobilə dəymiş zərərə görə ödədiyi ödənişdən əlavə, həmin zərərə görə ödəməli olduğu əlavə dəyər vergisini cavabdehdən tələb etmişdir ki, məhkəmə iddiaçının bu tələbini haqlı sayır. Belə ki, iddiaçı "xxxx" ASC sığorta xidmətləri göstərən və bu xidmətlər əsasında mənfəət əldə edən hüquqi şəxsdir. Bu baxımdan iddiaçının sığorta şirkəti kimi göstərdiyi xidmətlər vergi tutulan əməliyyatlara daxildir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 159.2-ci maddəsinə əsasən, bu fəslin (11-ci fəsil. Əlavə dəyər vergisi) müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir.

35. Göründüyü kimi, iddiaçı "xxxx" ASC sığorta xidmətləri göstərən hüquqi şəxs kimi ödəməli olduğu sığorta ödənişinin 18%-i dəyərində əlavə dəyər vergisi ödəməyə məcbur olmuş və bu ödənişi həyata keçirmişdir. Bu baxımdan iddiaçı şirkət öz təqsirli hərəkətləri ilə bu vergini ödəməsinə səbəb olmuş cavabdehdən ödədiyi əlavə dəyər vergisini dəymiş zərər kimi tələb etməkdə haqlı olmuşdur.

36. Bununla belə nəzərə alınmalıdır ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən sığortalanmış avtomobilə dəymiş zərərin məbləği artıq məhkəmənin yuxarıda əsaslandırdığı səbəblərdən müvafiq ekspert rəyinə uyğun olaraq 41292 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda ƏDV-yə görə cavabdehdən tutulacaq pulun məbləği də məhz 41292 manat məbləğində sığorta ödənişinə uyğun olaraq hesablanmalı, cavabdehdən 18% ƏDV-yə görə 7432.56 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

37. Son olaraq, məhkəmə cavabdeh tərəfindən məhkəməyə verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirərək qeyd edir ki, zərərvuranın təqsirli hüquqazidd hərəkəti nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək zərərçəkənin qanundan irəli gələn hüququ olduğundan və bu hüquq həmin zərəri ödəmiş sığortaçıya subroqasiya qaydasında keçdiyindən cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizədə qeyd ediləndən fərqli olaraq, mübahisəyə müqavilə tələbləri üçün müəyyən edilmiş üç il yox, ümumi iddia müddəti olan on il tətbiq edilir ki, hazırkı işdə bu müddət keçməmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş ərizə iddianın yuxarıda qeyd edilmiş qaydada qismən təminini istisna etmir.

Məhkəmə xərcləri.

38. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 252.36 manat məbləğində dövlət rüsumu (bank xidməti haqqı ilə birlikdə) ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

39. Həmçinin iş materiallarında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş ekspert rəyi mövcuddur. Bu rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir.

40. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə (48724.56) mütənasib olan 234.82 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, 100 manat məbləğində ekspertiza xərcinin isə 90 manatı cavabdehdən, 10 manatı iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

41. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 48724.56 manat məbləğində sığorta ödənişi, eləcə də 234.82 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, ekspertiza xərcinin 90 manatı cavabdehdən, 10 manatı isə iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.

42. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 48724.56 manat (qırx səkkiz min yeddi yüz iyirmi dörd manat əlli altı qəpik) məbləğində sığorta ödənişi, 234.82 manat (iki yüz otuz dörd manat səksən iki qəpik) məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinin 90 (doxsan) manatı Cavabdeh, 10 (on) manatı isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar