Məhkəmə qərarları › İş №e-2(010)-3906/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3906/2025

22.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3906/2025 22.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdehnə qarşı (X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı Cavabdehnə (bundan sonra – Cavabdeh MMC) qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh MMC-dən 40000 manat mənəvi ziyana görə kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-196/2023 saylı hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 2 (iki) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. X7 təqsirli hərəkətləri nəticəsində əri – X3 ölmüşdür. Əri – X1 ölümünə səbəb olan X7 Cavabdeh MMC-də sürücü vəzifəsində işləməsi işin mübahisəsiz halıdır (istinad olunan məhkəmə hökmünün 3-cü səhifəsinin 2-ci abzasında həm də Cəmiyyətin hüquq sektorunun müdiri Rüstəm Cəfərovun şahid ifadəsi ilə öz təsdiqini tapmışdır). X7 təqsiri nəticəsində əri – X3 həyatdan məhrum olub və buna görə çox dərin mənəvi sarsıntı keçirmişdir. Ölən şəxs əri olmaqla ailənin yeganə dolandıranı idi. Onun ölümü ilə əlaqədar mənəvi sarsıntıları davamlı olaraq bütün ömür boyu həyatını müşayiət edəcək. Cavabdeh MMC-nin səlahiyyətli şəxslərinə mənəvi zərərin ödənilməsi barədə müraciətlər etməsinə baxmayaraq, bununla bağlı hər hansı müsbət cavab ala bilməmiş, hər dəfəsində bildirilmişdir ki, yol-nəqliyyat hadisəsini törədən şəxsə qarşı tələbi olmadığından cəmiyyətdən də hər hansı zərər məbləğini tələb edə bilməz. Lakin cavabdeh təşkilatların məsul işçisinin təqsiri nəticəsində əri – X1 ölməsi işin mübahisəsiz halıdır. Yuxarıda qeyd olunan faktlar və təqsir qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-196/2023 saylı hökmü ilə təsdiq olunur və hazırkı mülki işdə preyudisial əhəmiyyət daşıyır. Bir daha qeyd edir ki, mərhum ərinin faciəvi şəkildə ölməsindən bu günədək davam edən stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. bu kimi halları nəzərə alaraq ona vurulmuş zərərin əvəzi olaraq 40000 manat məbləğində pulun (mənəvi zərərin) cavabdehdən alınaraq ona ödənilməsi ədalətli olar. Hesab edir ki, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən cavabdehin hüquqi şəxs olmaqla onun Bakı şəhərində sərnişin daşıma fəaliyyəti ilə məşğul olan və böyük maddi imkanlara malik olmaqla işçisinin əmək funksiyasını icra edərkən işinə məsuliyyətlə yanaşmamaları, zərərin baş verməsinə səbəb olmuş hadisənin ağırlığını, yəni ölüm ilə nəticələnməsini, keçirdiyi mənəvi iztirabların ağır və davamlılığını nəzərə almalıdır. Keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan, ya da unudulan hadisə deyil. Bu hadisənin mənəvi ağrısını ailə üzvləri və o, ömür boyu çəkəcək. İşin hallarına əsasən, cavabdehin hüquqazidd hərəkəti nəticəsində onun mənəvi əzab çəkməsi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Baş vermiş cinayət hadisəsi nəticəsində ərinin faciəvi şəkildə ölməsindən çox sarsılmışdır. Əri onun yeganə dayağı, dolanma mənbəyi idi. Bu səbəbdən hər gün davam edən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır və qanunun tələbi baxımından da buna hüququ var. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır.

Tərəflərin izahatları.

3. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbini qismən qəbul edərək bildirdi ki, mərhumun vərəsə dairəsi qeyri-müəyyəndir. Bu vəziyyətdə vərəsələrin qaldırdıqları iddialar üzrə cavabdeh tərəfindən ödəniləcək vəsaitlər sonradan məhkumdan reqres qaydada tələb ediləcəkdir. Bu səbəbdən hesab edir ki, mənəvi zərərin məbləği müəyyən edilərkən məhkumun maddi vəziyyəti də nəzərə alınmalıdır. Odur ki, iddianın qismən – 10000 manat həcmində təmin edilməsini xahiş etdi.

5. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. xx.xx.2013-cü il tarixli, AZ-İ seriyalı, 844779 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 və X11 arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 435 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Dadayeva soyadı verilmişdir.

7. xx.xx.2022-ci il tarixli, AZ-İİ seriyalı, 313316 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə “Baş beynin diffuz travması” səbəbindən Bakı şəhərində ölmüşdür.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)- 196/2023 nömrəli hökmündən görünür ki, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən X9 təyin edilmiş əsas və əlavə cəzaların qismən toplanılması və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi hökm edilmişdir.

İşin faktiki halları.

9. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X12 xx.xx.2022-ci il tarixdə, saat 06:43 radələrində “BMC” avtobus markalı, **- JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən iş üzrə İddiaçı əri X1 ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmişdir. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ilə bağlı ittiham elan edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)- 196/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən X9 təyin edilmiş əsas və əlavə cəzaların qismən toplanılması və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi hökm edilmişdir.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

11. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.

Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

13. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

14. Məhkəmə iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, X12 xx.xx.2022-ci il tarixdə, saat 06:43 radələrində “BMC” avtobus markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən iş üzrə İddiaçı əri X1 ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmişdir. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ilə bağlı ittiham elan edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-196/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən X9 təyin edilmiş əsas və əlavə cəzaların qismən toplanılması və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi hökm edilmişdir. İstinad edilən cinayət əməlinin məhz hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 tərəfindən törədilməsi, cinayət əməlinin törədilməsində Valeh Məmişovun təqsirinin müəyyən edilməsi və ona cinayət qanunu ilə nəzərdə tutulmuş cəza təyin edilməsi, törədilmiş cinayət əməli nəticəsində hazırkı iş üzrə İddiaçı həyat yoldaşı Qesabulla Dadayevin həyatdan məhrum olması, yəni törədilmiş cinayət əməli ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması, eləcə də Valeh Məmişovun hazırkı iş üzrə Cavabdeh MMC-də əmək müqaviləsi əsasında sürücü vəzifəsində çalışmış olması işin mübahisə edilməyən hallarıdır. İşin mübahisə edilən halı İddiaçı mərhum əri Qesabulla Dadayevin ölümü ilə nəticələnən ictimai təhlükəli əmələ görə iddiaçının keçirdiyi mənəvi iztirablara görə yaranan zərərin məbləği ilə bağlıdır.

15. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Odur ki, hazırkı iş üzrə iddiaçının sağlamlığına zərər vurulduğu üçün iddiaçı cavabdehdən şəxsi qeyri-əmlak hüquqlarının bərpası üçün mənəvi zərər tələb etməkdə haqlı olmuşdur.

16. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır (“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı).

17. Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbinin qanuniliyinin yoxlanılması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. O da nəzərə alınmalıdır ki, mənəvi zərərin ödənilməsi vəzifəsi heç də həmişə təqsiri müəyyən edilən şəxsə qarşı deyil, bəzi hallarda təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, müvafiq hüquqazidd əməlin nəticələrinə görə mülki hüquqi məsuliyyət daşıyan şəxslərin üzərinə də qoyula bilər (işəgötürənin işçinin vurduğu zərərə görə mülki hüquqi məsuliyyəti).

18. İstər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

19. İşin faktiki hallarından görünür ki, zərəvuran şəxs Valeh Məmişov Cavabdeh MMC-də sürücü vəzifəsində çalışmaqla, ona təhkim olunmuş “BMC” avtobus markalı, **- JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuş, yəni iddiaçının mərhum həyat yoldaşının ölümü ilə nəticələnən müvafiq cinayət əməlinin törədilməsi zamanı Valeh Məmişov öz əmək (qulluq, mənsəb) vəzifələrini icra etmiş və cinayət əməli törətməklə iddiaçının ərinin ölümünə səbəb olmuşdur. Müvafiq hüquqazidd əməl nəticəsində işçi tərəfindən vurulan zərərin işəgötürənin, yəni hazırkı iş üzrə cavabdehin fəaliyyət dairəsinə aid olması da işin mübahisə edilməyən bir digər halıdır. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır.

20. Bununla belə, Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Baxılan iş üzrə Valeh Məmişovun əmək müqaviləsi əsasında Cavabdeh MMC-nin sərnişin daşıma fəaliyyətinin tərkib hissəsini həyata keçirməsi, yəni əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərə uyğun fəaliyyət göstərməsi, bu fəaliyyət üzərində cavabdehin bilavasitə hakimiyyətə və nəzarətə malik olması şübhəsizdir. Eləcə də baş vermiş hüquq pozuntusunun məhz görülən işlə funksional əlaqədə olması, yəni hüquqazidd əməllə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu öz təsbitini tapmışdır.

21. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

22. Sosial-hüquqi aspektdən mənəvi zərər dedikdə, insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi başa düşülür və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.

23. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.

24. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Baxılan iş üzrə həyatdan məhrum olan Qesabulla Dadayevin hazırkı iş üzrə İddiaçıyla 9 ildən artıq müddətə rəsmi nikahda olmaları, ailə münasibətləri çərçivəsində ər-arvad kimi yaşamaqla birgə təsərrüfat aparmaları, eyni zamanda, sədaqət, vicdan və məhəbbət kimi təməl prinsiplərin daşıyıcıları olmaları, həmçinin iddiaçının mərhum ərinin faciəvi şəkildə ölümünün onun psixikasında buraxdığı neqativ təsirlər, həmin təsirlərin onun gündəlik həyat şəraitinə təcəssümü, eləcə də keçirilən digər mənəvi iztirablar təyin edilən mənəvi təzminatın məbləğində əhəmiyyətli şəkildə nəzərə alınmalıdır. Həmçinin o da nəzərə alınmalıdır ki, Valeh Məmişovun törətdiyi cinayət əməli bir ailənin faciəsi üçün zəmin yaratmaqla, ər-arvadın könüllü ittifaqının dağılmasına, bu ittifaqa daxil olarkən həmin şəxslərin arzu etdikləri nəticələrin baş verməməsinə, bir sözlə, kənar təsirlər nəticəsində bu nəticələrdən məhrum olmalarına gətirib çıxarmışdır.

25. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

26. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.

27. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, törədilmiş cinayət əməli cavabdehin bilavasitə fəaliyyət sferasına aid olan işlərin yerinə yetirilməsi ilə əlaqədar işçisi – Valeh Məmişov tərəfindən təqsirli olaraq törədildiyindən, bu əməl nəticəsində iddiaçının əri həyatdan məhrum olduğundan, Cavabdeh MMC işçisinin vurduğu zərərə görə mülki hüquqi məsuliyyət daşıdığından, iddiaçının şəxsi qeyri-əmlak hüquqlarının pozulması halı cavabdeh tərəfindən ədalətli kompensasiya məbləği ödənilməklə aradan qaldırılmalıdır. Şübhəsizdir ki, istənilən yol-nəqliyyat hadisəsi zamanı həm hadisəni törədən, həm də hadisə nəticəsində zərərə məruz qalan şəxs(lər)in yüksək həyəcan və gərginlik keçirməsi, bu gərginliyin fiziki və mənəvi iztirablarla müşayiət olunması danılmazdır. Çünki yol-nəqliyyat hadisələri əksərən bilavasitə şəxs(lər)in həyatdan məhrum edilməsi və ya sağlamlığın müxtəlif formalarda pozulması ilə nəticələnir. Hazırkı iş üzrə iddiaçının mənəvi sarsıntı keçirməsi, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun şüurunda mənfi psixi reaksiyaların davamlılığı, eləcə də onun sağlamlığının pozulması müəyyən edildiyindən cavabdeh tərəfindən mənəvi zərərin əvəzi kimi 20000 manat mütənasib kompensasiya məbləği iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmə xərcləri.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə istinad edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zamanı hər hansı məbləğdə dövlət rüsumu ödənişi etməmişdir. Halbuki mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində müəyyən olunmuş məbləğlərdə tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş məbləğdə ödənilməlidir

30. İddia qismən təmin edildiyindən iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 150 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

31. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş mənəvi zərərin əvəzi kimi 20000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya, 150 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.

32. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddiа qismən təmin edilsin. Cavabdehndən vurulmuş mənəvi zərərə görə 20000 (iyirmi min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar