Məhkəmə qərarları › İş №e-2(010)-4005/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4005/2024

30.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4005/2024 30.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdehnə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdehndən 50000 (əlli min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və “Ekol” Vəkil Bürosu ilə bağlanmış 423 saylı, 17 iyul 2024-cü il tarixli müqaviləyə əsasən X6 üçün ödənilmiş 300 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, Cavabdehndən ********* (iki yüz milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və “Ekol” Vəkil Bürosu ilə bağlanmış 423 saylı, 17 iyul 2024-cü il tarixli müqaviləyə əsasən X6 üçün ödənilmiş 300 manat pulun tutularaq ona ödənilməsi. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, sevimli, mərhəmətli olan canından çox sevdiyi qızını faciəvi surətdə itirmişdir. Belə ki, min bir əziyyətlə böyüdüb boya-başa çatdırdığı qızı Mehriban onu və yeganə oğlunu işləməklə dolandırırıdı. Mehriban həqiqətən də mehriban birisi idi. Səhər işə getməzdən əvvəl onun qulluğunu tutar, işdən qayıtdıqdan sonrda da birlikə günü keçirirdilər. Onun Mehribandan başqa bir kimsəsi yox idi. X1 "xxxx" MMC-də işləyirdi və hər gün səhər saat 06:30 radələrində evdən çıxıb işə gedirdi. 08 fevral 2019-cu il tarixdə, səhər saat 06:30 radələrində həmişəki kimi işə gedirdi. O, “Koroğlu” metrostansiyasının yaxınlığından avtobusla Bakıxanov küçəsində yerləşən iş yerinə getmişdir. Təxminən saat 08 radələrində Mehribanın nömrəsindən gələn zəng danışanda Mehribanı avtobus vurması nəticəsində hadisə zamanı xəsarət aldığını, hal-hazırda 1 saylı X2 bildirdilər. Bu xəbəri eşitdikdən dərhal sonra xəstəxanaya getdilər və onlara artıq Mehribanın öldüyü deyildi. Mehribandan ona yadigar qalan 14 yaşlı Rəfaili də saxlamaq onun üzərinə düşürdü. Xəstə və yaşlı vaxtında qızının ölüm xəbərini almaq onu çox sarsıtdı və Mehribandan qalan yeganə yadigar olan Rəfailin qulluğunu tutmaq onun borcu olsa da qızının ölümündən sonra iztirabları get-gedə artmağa başladı. Həmin an keçirdiyi mənəvi sarsıntı və qızının yanında olmamasının iztirablarını hələ də yaşayır. Qızının yoxluğunu isə heç bir cürə izah edə bilmir. Qızı onu işləməklə dolandırırdı. O, işə gedəndə yolda vəfat etmişdir. Hal hazırda iddiaçı və nəvəsi Rəfailin himayəsindədir. Qızının faciəvi ölümünə görə iş üzrə məhkəmə istintaqı yekunlaşmış və qəbul edilmiş məhkəmə hökmündə göstərilmişdir ki, X14 08 fevral 2019-cu il tarixdə, saat 07:40 radələrində 3 saylı marşrut xətti üzrə yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, Cavabdeh MMC-yə məxsus “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsindən sağa H.Ələsgərov küçəsinə dönüb 10 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin (sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir) tələbinə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa imkanı olduğu təqdirdə, bu tələblərə riayət etməmiş, avtobusun qabaq sağ hissəsi ilə ehtiyatsızlıqdan həmin vaxt yolun hərəkət hissəsini keçməkdə olan piyada X4 vuraraq ona sol qalçaqasıq, cinsiyyət yarığı və sağ bud nahiyələrinin iri ölçülü əzilmiş-cırılmış yarası, aralıq nahiyəsinin düz bağırsağa keçən iriölçülü əzilmiş-cırılmış yarası, İV dərəcəli travmatik və hemorragik şokla nəticələnən sağ bud arteriyası və venasının zədələnməsi və çanaq, sağ bud, sol baldır sümüklərinin sınıqları, sol aşağı ətrafın baldırın öniç səthindən başlayan və pəncənin üst-iç səthindəki davam edən iri ölçülü qançırı, sağ bud və qarın nahiyəsinin sıyrıqları kimi həyati, ölümlə birbaşa səbəbli əlaqələri olan və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır xəsarətlər yetirməklə onun ölümünə səbəb olan hadisə törətmişdir. Bu işlə bağlı Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-234/2019 saylı hökmünə əsasən X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə təqsirli bilinib, ona 01 (bir) il, 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlli onun həmin müəssisədə qeydə alındığı andan hesablanması hökm edilmişdir. Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-234/2019 saylı hökmü qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. Vəfat edən şəxs onun doğma qızı idi. Təqsirləndirilən şəxs X8 təqsiri – yəni cinayət əməlini törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirildiyinə görə onun barəsində hökm çıxarılaq o, məhkum edilmişdir. Hökmdən də görünür ki, məhkum olunmuş X14 hadisəni törədərkən Cavabdeh MMC-də sürücü işləmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “İveco Crealis” markalı, ** JH *** dövlət nömrə nişanlı avtobus Cavabdeh mülkiyyətində olmuşdur. Göründüyü kimi hadisə Cavabdeh MMC-nin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Yuxarıda qeyd olunan faktlar və təqsir qanuni qüvvə minmiş Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Cavabdeh orqanın əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona bir ana kimi mənəvi zərər dəymiş, qızının faciəvi vəfatı onu çox üzmüşdür. Qızının faciəvi şəkildə həlak olmasından sonra onun psixi durumu pisləşdi, səhhətində müxtəlif problemlər yarandı. Bu günədək qızının ölümünün iztirabını çəkir. Qızı ilə keçirdiyi günlər gözünün önündə canlanır və hələ də onun keçiridiyi streslər, yara və iztirabların hər gün təzələnməsinə səbəb olur. İşin hallarına əsasən cavabdeh təşkilatın işçisinin hüquqazidd hərəkəti nəticəsində onun fıziki mənəvi əzab çəkməyi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Baş vermiş cinayət hadisəsi nəticəsində qızının faciəvi şəkildə ölməsindən sonra düşdüyü çətinliyi, hər gün bu halı müşahidə edərkən, məhkəmə hökmündə və ekspert rəyində sadalananlar oxuyanda-mərhum qızının ölmüş bədəni gözünün önündə canlanır. Bu səbəbdən vurulmuş və vurulmaqla bitməyərək hər gün davam edən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olduğunu və qanunun tələbləri baxımından da buna hüququ olduğunu qeyd edir. Qanunverici isə bu halda mənəvi ziyanın mənəvi ziyanın ödənilməsi məbləğində ifadə olunmasını mümkün sayır.Cavabdehin Bakı şəhərində sərnişin daşıma fəaliyyəti ilə məşğul olması, sosial şəbəkələrdə olunan reklamları maddi durumlarının kifayət qədər yüksək olması və iddianın tam təmin edilməsinə imkan verir. Bu baxımdan mərhum qızının faciəvi şəkildə ölməsindən bu günədək davam edən stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. bu kimi halları nəzərə alaraq ona dəymiş 50000 manat məbləğində mənəvi zərərin cavabdehdən alınaraq ona ödənilməli olduğunu qeyd edir. Hesab edir ki, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən onun keçirdiyi mənəvi iztirabların ağırlığını, zərərin baş verməsinə səbəb olmuş hadisəsinin ağırlığını, yəni ölümlə nəticələnməsini, cavabdehin hüquqi şəxs olmasını, hüquqi şəxsin maddi durumunun kifayət qədər olmasını nəzərə almalıdır.Onun keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan ya da, unudulan hadisə deyildir. Bu hadisənin mənəvi ağrısını ömür boyu çəkməyi istisna deyil. Bundan başqa, qeyd edilir ki, “Ekol” Vəkil Bürosu ilə bağlanmış 423 saylı, 17 iyul 2024-cü il tarixli müqaviləyə əsasən ona X6 üçün 300 manat ödənilmişdir. Həmin pul da cavabdehdən alınaraq ona ödənilməlidir. Həmçinin iddiaçı iddia tələbinin həcminin artırılmasi ilə bağlı ərizəsini onunla əsaslandırmışdır ki, ona vurulan ziyan həddindən artıq böyükdür. O, iddia həcmini artırmaqla bu ziyanın ********* manat məbləğində dəyərləndirir. Cavabdehin nümayəndəsinin etiraz ərizəsi Cavabdehin nümayəndəsi X9 xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh MMC-yə qarşı mənəvi ziyanın ödənilməsinə dair iddiasının əsassız və qanunsuz olduğundan rədd edilməsini, etirazın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil izahat verərək bildirmişdir ki, İddiaçı BakuBus MMC-nin əməkdaşının məsuliyyətsizliyi nəticəsində öz doğma qızını faciəvi şəkildə itirmişdir. Koroğlu metrosu yaxınlarında Cavabdeh MMC-yə məxsus avtobusu idarə edən X20 xanımı vurmuşdur. Hadisə nəticəsində Mehriban faciəvi şəkildə vəfat etmişdir. Bir ana üçün bu çox ağır bir məsələdir. Ananın 76 yaşı var. Onun sarsıntı keçirməsi mübahisəsiz haldır. 14 yaşındakı nəvəsini də iddiaçı saxlamaq məcburiyyətində qalmışdır. İddiaçı özü də qızının himayəsində olmuşdur. Oğlu və anasını işləyən Mehriban saxlayırdı. 76 yaşındakı ananın qulluğuna da Mehriban qalırdı. İndi başqa şəxs heş vaxt qızının əvəzini tuta bilməz. Hadisə zamanı keçirilən sarsıntıdan sonra izdirablar başlamışdır. Dəfn proseslərində iştirak etmək, nəvəsinə baxmaq da çətindir. Mehribanın oğlu Rafael də başlı başına qalmışdır. Hadisələrdən sonra Rafael də evi tərk etmişdir. İddiaçı tək yaşamaq məcburiyyətində qalmışdır. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-234/2019 saylı hökmünə əsasən, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə təqsirli bilinib, ona 01 il, 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bu işlə bağlı artıq qanuni qüvvəsini almış məhkəmə hökmü var. İşin faktiki halları mübahisəsizdir və artıq onları sübuta yetirməyə ehtiyac yoxdur. Məhkum olunmuş çəxsin idarə etdiyi avtobus Cavabdeh MMC-yə məxsusdur. Cavabdeh MMC-nin əməkdaşının təqsiri ucbatından hadisə baş vermişdir. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsizərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkum olunmuş şəxs həm şirkətin əməkdaşı olub, həm də yüksək təhlükə mənbəyinin sahibi olub. Həmin vaxta qədər iddiaçı Mehribanın himayəsində olmuşdur. Yetkinlik yaşına çatmış şəxsi idarə etmək mümkün olmamışdır. Nənə belə artıq onu idarə edə bilməmişdir. Rafael də dayının himayəsinə deyil, xalasının yoldaşının himayəsinə verilmişdir. Xalasının yoldaşının adı Dadaşov Şahindir. İddiaçının 1 qızı və 1 oğlu var. Cəmi 3 uşağı var idi. Lakin əlaqələri yoxdur. Dayı ilə Rafaelin münasibətləri olmadığından onun himayəsinə verilməmişdir. Ona görə xalasının yoldaşının himayəsinə verilmişdir. Bildiyi qədəri ilə oradan da Rafael çıxıb. Qeyd edir ki, sığorta ödənişi avtomobilin toqquşması nəticəsində vurulan ziyanla bağlıdır. Təqsir də tam sübuta yetirilib. ********* manatın və X6 üçün ödənilmiş 300 manat hüquqi yardım üçün ödənişini tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Təqsir də tam sübuta yetirilib. ********* manatın və X6 üçün ödənilmiş 300 manat hüquqi yardım üçün ödənişini tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 izahat verərək bildirmişdir ki, qarşı tərəf qeyd edir ki, iddiaçı qızı ilə birgə yaşamışdır. Lakin ilk iddia üzrə dəfələrlə mərhumun oğlu ilə tək yaşadığı, onu tək böyütdüyü vurğulanmışdır. Hətta anasının ölümümndən sonra Rafael kimsəsiz qaldığı üçün onu dayının himayəsinə vermişdilər. Məhkəmə qətnaməsində Rafaelin dayının himayəsinə verildiyi, ölən şəxsin də tək oğlu ilə yaşadığı qeyd olunmuşdur. Əvvəlki iddia Rafelin iddiasıdır. Tərəfin verdiyi iddianı qəbul etmirlər. Əvvəl mərhumun oğlunun adından iddia qaldırılmışdır və 30000 manat zərər müəyyən olunmuşdur. Hökmdə də qeyd olunmuşdur ki, maddi ziyan ödənilmişdir və qarşı tərəfin də şikayəti olmamışdır. ********* manata iddianı qaldırmaq ümumiyyətlə absurddur. Oğlu barədə qətnamə qəbul olunmuşdur. O vaxt da qeyd olunmuşdur ki, oğlu ana ilə tək yaşayıb, daha sonra dayının himayəsinə verilmişdir. Vuran tərəf də zərəri qarşılayıb. İddia yolverilməzdir. 5000 manat sığorta ödənişi dayıya himayəçi kimi ödənilmişdir. İddia tələbinin rədd olunmasını xahiş edirlər. İş materialları. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(006)-234/2019 saylı hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, X8 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin onun həmin müəssisədə qeydə alındığı andan hesablanması, X14 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş materiallarında olan X6 haqqında 423 saylı xx.xx.2024-cü il tarixli Müqavilədən görünür ki, İddiaçı ilə Ekol vəkil bürosu arasında mənəvi zərər tələbi ilə bağlı hüquqi yardıma dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, Bu müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. İş materiallarında olan Unibank ASC KB-nin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən “Ekol” vəkil bürosuna 300 manat məbləğində ödəniş edilmişdir. 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ № 999107 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X7 08 fevral 2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 342 nömrə ilə qeyd edilmişdir. Cəlilabad rayon Qeydiyyat şöbəsinin 01 avqust 2024-cü il tarixli arayışından görünür ki, X7 xx.xx.1975-ci ildə Azərbaycan Respublikası, Şamaxı rayonu Mirikənd kəndində anadan olmuşdur. Bu barədə 01 noyabr 1975-ci il tarixdə Şamaxı rayonu Mirikənd kənd icra nümayəndəliyi 76 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Arayışa əsasən, X3 atası X15, anası isə İddiaçıdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3958/2023 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçı X5 apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 aprel 2023-cü il tarixli qətnamənin qismən, yəni iddiaçı X10 dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə onun xeyrinə Cavabdehndən tutulmalı olan pul məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi və 30000 manat məbləğində müəyyən edilməsi, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 11 aprel 2023-cü il tarixli qətnamənin qalan hissəsi, yəni iddiaçı X5 Cavabdehnə qarşı irəli sürdüyü “mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi, iddiaçı X10 dəymiş mənəvi zərərin pul məbləğində Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumu olaraq 120 manat məbləğində pulun Cavabdehndən tutularaq dövlət nəfinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(009)-513/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 10000 manat pul vəsaitinin tutularaq iddiaçı X10 ödənilməsi, Cavabdeh MMC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 120 manat məbləğində pulun tutulması qət edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərcedilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: ...9.1.3. əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı.

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində digər qeyri-əmlak hüquqlarının və qeyri-maddi nemətlərin müdafiəsini müəyyən etsin.

3. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı.

2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

10. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir.

2. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər.

3. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.

4. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının qızının baş vermiş nəqliliyyat hadisəsi nəticəsində vəfat etməsi, həmin hadisənin cavabdeh "xxxx" MMC-nin işçisi tərəfindən törədilməsi işin mübahisəsiz halıdır. Deməli, hazırkı işdə zərərçəkənin qızının ölümünün cavabdeh təşkilatın işçisinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Qanunvericiliyin tələblərinə görə, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmçinin, nəqliyyat vasitələrindən (yüksək təhlükə mənbəyindən) istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin öhdəsinə qoyulur. İddiaçının qızının hadisə nəticəsində vəfat etməsinin iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Məhkəmə qeyd edir ki, iddiaçı mənəvi zərərin vurulması və həmin zərərin cavabdehdən onun xeyrinə tutulmalı olması ilə bağlı haqlı olsa da, buna görə ********* (iki yüz milyon) manat kompensasiya məbləğinin müəyyən edilməsini tələb etməsi “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilənlərə əsasən ədalətli məbləğ kimi qəbul edilə bilməz. Məhkəmə bildirir ki, mənəvi zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı qanunverici konkret məbləğləri müəyyən etməmişdir. Həmin Qərara əsasən, mənəvi zərərin miqdarı işin hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin miqdarının müəyyən edilməsi qanunverici tərəfindən müəyyən edilməsə də, bununla bağlı Azərbaycan Respublikasında məhkəmə təcrübəsi formalaşmışdır. Formalaşmış məhkəmə təcrübəsinə görə isə, bədbəxt hadisə nəticəsində yaxın qohumunu itirmiş şəxslərə mənəvi zərərin əvəzi olaraq 20.000-40.000 manat məbləğində pul ödənilir. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin işçisi olan X14 iddiaçının qızının ölümü ilə nəticələnən əməlini ehtiyyatsızlıqdan törətmişdir. Nəzərə almaq lazımdır ki, zərərçəkəniddiaçının fərdi xüsusiyyətlərinə onun yaşlı olması, başqa uşaq dünyaya gətirə bilməyəcək olması aiddir. Bundan başqa, iddiaçının nəvəsi (mərhum qızının övladı) X13 əvvəl iddia qaldırmış və cavabdeh tərəfindən eyni predmet üzrə ona mənəvi zərərin əvəzi ödənilmişdir. Bu hal iddiaçını mənəvi zərəri tələb etmək hüququndan məhrum etmir, lakin qərar qəbul edilərkən nəzərə alınmalıdır. Belə olan halda, məhkəmə elə nəticəyə gəlir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində qızının həlak olması ilə bağlı iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh MMC-dən iddiaçının xeyrinə 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin tutulması ədalətli və ağlabatandır. Hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş haqqın tələbi hissəsində məhkəmə qeyd edir ki, iş materiallarında olan X6 haqqında 423 saylı xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Ekol vəkil bürosu arasında mənəvi zərər tələbi ilə bağlı hüquqi yardıma dair müqavilə imzalanmışdır. İş materiallarından görünür ki, İddiaçı Ekol vəkil bürosuna X6 ilə bağlı 300 manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdehndən 20000 (iyirmi min) manat məbləğində mənəvi zərərə görə kompensasiya və “Ekol” Vəkil Bürosu ilə bağlanmış 423 saylı 17 iyul 2024-cü il tarixli müqaviləyə əsasən X6 üçün ödənilmiş 300 manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib olan dövlət rüsumunu ödəməmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 150 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehndən 20000 (iyirmi min) manat məbləğində mənəvi zərərə görə kompensasiya və “Ekol” Vəkil Bürosu ilə bağlanmış 423 saylı 17 iyul 2024-cü il tarixli müqaviləyə əsasən X6 üçün ödənilmiş 300 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar