Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4110/2023 29.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı İddiaçı Sənan oğlunun Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi və ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sənan oğlunun Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi və ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə müqavilə bağlanıb və o, həmin müqaviləyə əsasən istehlakçıdır, yəni şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. İddiaçı özünü istehlakçı hesab edib, özünün qeydiyyatı üzrə məhkəməyə müraciət edərək, dövlət rüsumu ödəməmişdir. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən, onun məhkəmə icraatı mümkün deyildir. Ona görə də iddia ərizəsi icraata qəbul edilməməli və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan 20210517 saylı 17 may 2021-ci il tarixli müqavilənin 1.1-ci maddəsinə əsasən, sifarişçi tapşırır ki, icraçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində sifarişçiyə məxsus torpaq sahəsində ümumi sahəsi 105 m2 sahəni əhatə edən, 1 mərtəbəli fərdi yaşayış evinin tikinti (tikinti, damın vurulması, daxili və xarici divarların suvanması, plastik pəncərələrin alınıb qoyulması, hasarın yola olan hissəsinin hörülməsi , 10 kub metr çirkab su anbarının qazılıb tikilməsi işləri) işlərini öz üzərinə götürür (təmirsiz) və texniki çertyojlarla irəli gələn şərtlərlə tamamilə razıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsində təsvir edilmiş halda iddiaçı istehlakçı deyildir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında 20210517 saylı 17 may 2021-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə üzrə sifarişçi özünə məxsus torpaq sahəsində ümumi sahəsi 105 kv/m səhasini əhatə edən 1 mərtəbəli fərdi yaşayış evinin tikinti işlərini icraçıya tapşırmışdır. Əşya hüququ baxımından, yaşayış evi - fərdimüəyyən əşyadır, bağlanmış müqavilə isə öz hüquqi mahiyyətinə görə - podrat müqaviləsidir. Bununla bağlı məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməməli və iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində təsbit olunmuş ərazi aidiyyəti ilə bağlı müddəalarına müvafiq olaraq, iddia ərizəsini cavabdehin olduğu yerə görə verməlidir. Həmçinin, iddiaçı bu halda istehlakçı olmadığı üçün, müvafiq qaydada dövlət rüsumunun ödənilməsindən azad olunmuş hesab edilmir. Belə ki, iddia ərizəsində əldə olunmuş məlumatlardan görünür ki, cavabdehin iddia ərizəsində ünvanı Sumqayıt şəhəri, Yaşıl dərə 8 olaraq qeyd edilmiş, iddiaçı hazırki iddia tələbi ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə müraciət etməklə ərazi aidiyyət qaydalarını pozmuşdur. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, iddiaçı dövlət rüsumunu ödəməmiş və cavabdehin qeydə alındığı ünvan Sumqayıt şəhəri, Yaşıl dərə 8 göstərildiyindən, həmin işə ərazi aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsində baxılması mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Sənan oğlunun Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi və ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-4110/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-4110/2023
29.08.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver