Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4273/2023 13.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X9 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan onların xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 adlı iki uşaqları var. Yetkinlik yaşına çatmayan uşaqlar onun himayəsindədir. Uşaqları o, tək özü saxlayır, maddi və mənəvi cəhətdən təmin edir. Cavabdeh isə uşaqlara baxmır, maddi cəhətdən təmin etmir, yalnız özünü düşünür. O, özü isə heç yerdə işləmir, həddi-buluğa çatmamış uşaqlarını maddi cəhətdən təmin etmək onun üçün çox çətindir. Cavabdeh üzərinə düşən vəzifələrini yerinə yetirmir. Cavabdehin rəsmi iş yeri olmasa da, faktiki olaraq fərdi işlə məşğul olur. Bu səbəbdən onun aylıq gəliri qeyri-sabit olur. Cavabdehin qazancı və digər gəlirləri dəyişkəndir. Maddi imkanı çox yaxşıdır. Dələlərlə könüllü alimentin ödənilməsi üçün müraciət etsə də, müraciəti nəticəsiz qalmışdır. Yuxarıda qeyd edilən əsasları, eləcə də, alimentin tutulmasının birgə nikahdan doğulmuş uşaqların rifahının və maddi vəziyyətinin daha da yüksək təmin olunmasına xidmət edəcəyini nəzərə alaraq cavabdehin qazancından və digər gəlirlərindən alimentin tutulması hissəsində iddia təmin edilməlidir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediassiya sessiyasında üzürsüz səbəbdən iştirak etməmişdir.
İddiaçının tələbi.
2. Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa ayrı-ayrılıqda 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin; ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa ayrı-ayrılıqda 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin; xx.xx.2021-ci il təvəllüdlü X1 3 yaşı tamam olana kimi 50 manat əlavə vəsaitin, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları.
4. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında qeyd etdi ki, o rəsmi qaydada işləyir. Hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment ödəyə bilər, digər tələbləri isə qəbul etmir, çünki iddia tələbində göstərilən qədər pul vəsaitini iddiaçı uşaqları üçün yox, özü üçün istəyir.
İş materialları.
7. AZ-İİ seriyalı 312138 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Adgözəlova” soyadı verilmişdir.
8. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
9. AZ-İV seriyalı 598020 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
İşin faktiki halları.
10. İşin məhkəmədə müəyyən edilən hallarından aydın olur ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmuşlar, bu nikahdan iki uşaqları var. Nikah pozulmayıb, uşaqların hər ikisi analarının yanında yaşayırlar. İddiaçı aliment tələbi barədə ərizə təqdim edərək, cavabdehdən uşaqlar üçün alimentin tutulmasını xahiş edir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
12. Azərbaycan Respublikası Ailə Məcəlləsi. Maddə 56. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 86. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Maddə 100. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
13. “Uşaq hüquqları haqqında” Qanun Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
14. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
Məhkəmənin mövqeyi.
17. Məhkəmə iddiaçınının, onun nümayəndəsinin (vəkilinin) və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
17. Belə ki, işin faktiki hallarından göründüyü kimi tərəflərin nikahı pozulmamışdır, tərəflərin birgə nikahından iki uşaq doğulmuşdur və uşaqlar hazırda iddiaçının yanında qalırlar. Bu baxımdan uşaqları yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı cavabdehdən yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün alimentin hər ay sabit pul məbləğində tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Uşaqlar daimi olaraq iddiaçının yanında qaldığından onlara qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.
18. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
20. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq və uşaqların maraqlarını üstün tutaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul şəklində aliment tutularaq iddiaçıya verilməlidir. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən sabit pul məbləğində aliment tutulması işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.
21. Məhkəmə iddia tələbinin “X1 3 yaşına çatanadək hər ay 50 manat sabit məbləğdə pulun tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Buna görə də iddianın həmin hissəsi qismən təmin edilməlidir.
22. Tərəflərin birgə nikahlarından olan uşaq 3 yaşına çatanadək iddiaçının özünə görə hər ay 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
23. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, iddiaçının cavabdehin əlavə gəlirləri barədə sübutlarını məhkəməyə təqdim edə bilməməsini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməklə xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment; xx.xx.2021-ci il təvəllüdlü X1 3 yaşına çatana kimi 30 manat məbləğində aliment iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Alimentin göstərilən qaydada təyin olunmasını istisna edən, həmçinin aliment məbləğinin daha çox miqdarda müəyyən edilməsini mümkün edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi.
24. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən mediasiya prosesində iştirak üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. İşdə olan mediasiya arayışından görünür ki, iddiaçı 50 manat mediasiya sessiyalarının keçirilməsi üçün pul ödəmişdir.
25. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır.
26. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, alimentin tutulma vaxtı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.
27. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir.
28. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
Məhkəmə xərcləri.
29. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
30. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
31. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
32. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
34. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, qiymətləndirilməyən iddialara görə olan məbləğin yarısı - 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
35. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməlidir.
36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək, Cavabdeh hər ay 30 manat İddiaçı xeyrinə tutulsun. 50 (əlli) manat mediasiya sessiyasında iştirak üçün ödənilmiş pul vəsaitinin əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Cavabdeh dövlət rüsumuna görə 50 (əlli) manat dövlət nəfinə tutulsun. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.