Məhkəmə qərarları › İş №e-2(010)-431/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-431/2023

19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-431/2023 19.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Müqais oğlunun Cavabdeh qarşı "alimentin məbləğinin azaldılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin azaldılması, 08 aprel 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 500 manat alimentin ondan tutularaq Cavabdeh ödənilməsi. İddia tələbinin dəlilləri O, Cavabdeh ilə 07 iyul 2012-ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Nikahdan 04 aprel 2013-cü il təvəllüdlü X3 və 08 aprel 2015-ci il təvəllüdlü X4 anadan olub. Bakı şəhər, Suraxanı rayon məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh arasında 07 iyul 2012-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 846 nömrə ilə qeydə alınmış nikah pozulub, birgə nikahdan doğulmuş 04 aprel 2013-cü il təvəllüdlü X3 boşanmadan sonra onun, 08 aprel 2015-ci il təvəllüdlü X1 cavabdehin yanında qalması, iddiaçıdan 08 aprel 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının ¼ hissəsi alimentin tutularaq Cavabdeh ödənilməsi müəyyən edilib. Qeyd edir ki, övladı xəstədir. Onda bir sıra xəstəliklər mövcuddur. Onun aylıq müalicə və müayinəsi üçün kifayət qədər böyük vəsait sərf olunur. Alimentin ¼ hissəsi miqdarında tutulması həmin xərcləri tam qarşılamağa imkan vermir. Odur ki, təyin edilmiş alimentin sabit pul məbləğində 500 manat məbləğində tutulması məqsədə uyğundur. Aralarında olan mübahisənin həlli mediasiya vasitəsi ilə mümkün olmayıb, mediatorun bu barədə arayışını iddia ərizəsinə əlavə etmişdir. Tərəflərin izahatları İddiaçı xx.xx.2022-ci il tarixdə AZEMİS vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, mülki işin baxılmamış saxlanılması barədə ərizə ilə razı deyil və işə mahiyyəti üzrə baxılmasını istəyir. Böyük qız atasına verilsə də, həmin uşaq sağlamlıq imkanları məhdud uşaqdır. Həmin uşağa o, qulluq edir. Faktiki olaraq 2 uşaq da onunla yaşayır. Odur ki, məhkəmədən iddia tələbinə baxılaraq rədd edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 2(010)-730/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş və İddiaçı Müqais oğlu ilə Cavabdeh arasında 07 iyul 2012-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 846 nömrə ilə qeydə alınmış nikah pozulması, İddiaçı Müqais oğlu ilə Cavabdeh birgə nikahlarından doğulmuş 04 aprel 2013-cü il təvəllüdlü X2 boşanmadan sonra atası İddiaçı Müqais oğlunun, 08 aprel 2015-ci il təvəllüdlü X1 isə anası Cavabdeh yanında qalması və İddiaçı Müqais oğlundan 08 aprel 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 2(010)-4935/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Müqais oğlunun Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası təmin edilməmişdir. Bakı 4 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01920 nömrəli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı Müqais oğlu tərəfindən təklif edilən ailə mübahisəsi (ata tərəfindən bir övlada ödənilən alimentin 500 manata qədər azaldılması və ana tərəfindən ödəniləcək bir övlad üçün alimentin müəyyən edilməsi) üzrə mediasiya sessiyasında iştirak etməmişdir. AZEMİS vasitəsi ilə müəyyən olunur ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində şöbə müdiri vəzifəsində işləyir və əmək haqqı 5698.29 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi: İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmənin mövqeyi Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, tərəflərin iki uşağının olması, uşaqların birinin atanın, digərinin ananın yanında qalması və ananın yanında qalan uşağın saxlanması üçün iddiaçıdan uşağı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin xeyrinə hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə həmçinin müəyyən edir ki, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 2(010)-4935/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Müqais oğlunun Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası təmin edilməmişdir. Hazırki mülki iş üzrə iddiaçı uşağı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında alimentin azaldılmasını və hər ay ondan 500 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmiş, daha sonra işin baxılmamış saxlanılmasını istəmiş, cavabdeh isə iddia tələbinə baxılaraq yekun qərar qəbul edilməsini istəmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında vurğulanır ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin alimentin azaldılmasının əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırkı işdə isə bu əsaslar mövcud deyildir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi yanında olan uşağın xəstə olmasını irəli sürsə də, bu halı alimentin azaldılması üçün əsas hesab edilə bilməz. Uşağın xəstəliyi ilə əlaqədar iddiaçının xərclər çəkməsi tərəfin maddi vəziyyətində dəyişiklik baş verməsi kimi qəbul edilə bilməz. Belə ki, uşaqların qayğısına qalmaq valideynlərin borcudur. İddiaçıdan alimentin tutulmasında məqsəd ananın yanında olan uşağın minimum dolanacaq xərclərinin qarşılanmasıdır. Digər uşağın xəstəliyi ilə əlaqədar çəkilmiş xərclər əlavə xərclərə daxildir. Bununla yanaşı cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatından müəyyən olunur ki, həmin uşaq hazırda ananın yanında qalır və ona cavabdeh özü qulluq edir. Məhkəmə uşağın xəstəliyi ilə əlaqədar çəkilmiş əlavə xərclərin həmin xərcləri çəkmiş tərəfin qarşı tərəfdən tələb edilməsi üçün məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Ona görə də, məhkəmə hesab edir ki, ailə qanunvericiliyinə əsasən tərəflərin həyat şəraitində aliment miqdarının azaldılmasına əsas verən hansı bir hal baş vermədiyindən iddia tələbi təmin edilə bilməz. Məhkəmənin gəldiyi nəticə. İddiaçı Müqais oğlunun Cavabdeh qarşı "alimentin məbləğinin azaldılması" tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Müqais oğlunun Cavabdeh qarşı "alimentin məbləğinin azaldılması" tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar