Məhkəmə qərarları › İş №e-2(010)-4385/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4385/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4385/2024 26.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10800 manat məbləğində sığorta ödənişi, ödənilmiş 122.40 manat məbləğində dövlət rüsumunun və 0.40 manat məbləğində xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 sahibliyində olan “BMW 525i minik” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 Bakı-Qazax yolunun 117-ci km-də avtomobilin sahibi yanında olarkən idarə etdiyi zaman yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də “avtomobillərin tam sığortası” qaydasında sığortalanmış “X10 minik” markalı, **-YK-*** (k.n.n. **-JU-***) dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. AR BDYPİ Vİİ Tağım polis kiçik serjantı X3 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh2 təqsirkar bilinmiş və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 327.2-ci maddəsinə əsasən, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. ASC tərəfindən BS-C-24/0584 saylı, xx.xx.2024cü il tarixli məktubla cavabdehlərə müraciət edilərək yuxarıda qeyd edilən hadisə nəticəsində “X10 minik” markalı, **-YK-*** (k.n.n. **-JU-***) dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləğinin qiymətləndirməsi prosesində iştirak təklif edilmişdir. ASC-nin xx.xx.2024-cü il tarixli “Zərərin hesablanması aktı”na əsasən, xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində “X10 minik” markalı, **-YK-*** (k.n.n. 10- JU-048) dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 16000 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, sığortalı avtomobilə dəymiş zərər məbləğindən cavabdehlərin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada sığorta etmiş "xxxx" ASC-nin öhdəliyinin son həddi olan 5000 manat məbləğini və ********** saylı “Avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsi” üzrə tərəflər arasında razılaşdırılmış azadolma məbləği 200 manat çıxıldıqdan sonra ASC tərəfindən ödənilmiş 10800 manat sığorta ödənişi məbləğini cavabdehlərdən geri almaq hüququna yiyələnmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı “Avtomobillərin Tam sığortası üzrə sığorta şəhadətnaməsi”ndən müəyyən edilir ki, “X10 minik” markalı, **-YK-*** (k.n.n. **-JU- ***) dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ASC tərəfindən “Əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Zərərin hesablanması Aktı”ndan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində sığorta hadisəsi nəticəsində “X10 minik” markalı, **-YK-*** (k.n.n. **-JU-***) dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 16 000 manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli sığorta aktından və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, 16 000 manat zərər məbləğindən "xxxx" ASC-nin öhdəliyinin son həddi olan 5000 manat məbləğini və ********** saylı “Avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsi” üzrə tərəflər arasında razılaşdırılmış azadolma məbləği 200 manat çıxıldıqdan sonra ASC tərəfindən 10800 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, BS-S- 24/1432 saylı Geriyə tələb (subroqasiya) məktubundan və məktubun üzərində olan qeyddən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən, 10800 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmiş, lakin cavabdehlər bu günə kimi iddiaçının hesabına heç bir ödəniş etməmişdir. İddia ərizəsinə əlavə edilmiş SX009294735AZ seriya nömrəli poçt bildirişindən (xəbərnamə) göründüyü kimi cavabdehlər (ata bala olduğu üçün və eyni ünvanda yaşadığı üçün bir məktub göndərilib iki şəxsə) həmin məktubu xx.xx.2024-cü il tarixdə təhvil alaraq, öz imzası ilə məktubu aldığını təsdiq etmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, №130848 nömrəli aktdan və xx.xx.2024-cü il tarixli, №16220 saylı ödəniş tapşırığından göründüyü kimi “X10 minik” markalı, **-YK-*** (k.n.n. **-JU-***) dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərələ bağlı həmin avtomobilin mülkiyyətçisi olan “X11” QSC-nin hesabına 5000 məbləğində sığorta ödənişi köçürülmüşdür. Tərəflərin izahatları İddiaçı "xxxx" ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AC N seriyalı, 212406 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, buraxılış ili 2003-cü il olan, qara rəngli, “BMW 525i” minik markalı, **- GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. ********** nömrəli avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsi və ona əlavə olan 1 nömrəli cədvəldən müəyyən olunur ki, sığortalı “X11” QSC-yə məxsus “X10” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 178500 manat sığorta məbləğində sığortalanmışdır. Sığortanın qüvvədə olduğu dövr – xx.xx.2022 – xx.xx.2025ci il. xx.xx.2024-cü il tarixli, TP6383620 nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə, saat 19:30 radələrində “Bakı- Qazax yolu”nun 117-ci km-də “BMW 525i” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “BMW 525i” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1, sürücüsü isə Cavabdeh2 olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən "xxxx" ASCyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə “Bakı-Qazax-Gürcüstan” sərhəddi yolunun 117-ci km-də “BMW” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Land Rover” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşduğu qeyd olunmuş və sonuncu avtomobilin sürücüsünün hadisə yerində olmamaqla, nəqliyyat vasitəsinin park vəziyyətində olduğu bildirilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş zərərin hesablanması aktından müəyyən olunur ki, “X10” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 16000 (ehtiyat hissələri + işçilik) manat məbləğində hesablanmışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli sığorta aktından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “X11” QSC-yə məxsus “X10” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 16000 manat məbləğində zərər dəymiş, 5200 manat şərtsiz azadolma məbləği çıxılmaqla 10800 manat məbləğində sığorta ödənişi sonuncunun hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən tərtib edilmiş 130848 nömrəli sığorta aktından müəyyən olunur ki, sığorta ödənişinin mütənasib qaydada 5000 manat məbləğində olması müəyyən edilməklə “X11” ASC-nin hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli, 16220 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" ASC tərəfindən “X11” QSC-nin hesabına 130848 saylı sığorta aktına əsasən 5000 manat məbləğində sığorta ödənişi mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, AZ240814002 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" ASC tərəfindən “X11” QSC-nin hesabına xx.xx.2024-cü il tarixli sığorta aktına əsasən 10.800 manat məbləğində sığorta ödənişi mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, BŞ-S-4/1432 nömrəli xəbərdarlıq məktubundan müəyyən olunur ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdehlərə ödənilməli olan sığorta ödənişinin məbləği barədə məlumat verilmiş və həmin məbləğin 5 gün müddətində tam ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq olunmuşdur. Müvafiq xəbərdarlığın qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 122 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Sığorta - sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxslərin düşdüyü zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir. Maddə 3. Sığortanın obyektləri və formaları.

2. Sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər.

3. Könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir. Maddə 23. Sığorta olunanın və ya sığorta ödənişi almış başqa şəxsin dəymiş zərər üçün məsul şəxs barəsində tələb hüququ əmlak sığortası üzrə sığorta əvəzini ödəmiş sığortaçıya onun ödədiyi məbləğ həddində keçir.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi.

Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 məxsus, Cavabdeh2 tərəfindən idarə olunan “BMW 525i” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtomobillərin tam sığortası” növü üzrə sığortalanmış “X10” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2024-cü il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Həmin hadisə ilə bağlı TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Qeyd olunan qərara əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh2 təqsirli bilinmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati cərimə növündə inzibati tənbəh tədbiri tətbiq edilmişdir. "xxxx" ASC tərəfindən “X10” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 16000 manat məbləğində hesablanmış, təqsirli tərəfin sığortaçısı "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi edildikdən və 200 manat məbləğində azadolma məbləği çıxıldıqdan sonra "xxxx" ASC tərəfindən “X11” QSC-nin hesabına 10800 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Belə olan halda, Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində baş vermiş sığorta hadisəsinə görə faydalanan şəxsə sığorta ödənişi edən iddiaçı "xxxx" ASC ödədiyi sığorta ödənişi məbləğini ona dəymiş zərərə görə məsuliyyət daşıyan cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ eldə etmişdir. Məhkəmə iddia tələbini Cavabdeh1 münasibətdə əsaslı hesab etməyərək qeyd edir ki, iş materialları ilə sığorta hadisəsi baş verən zaman “BMW 525i” minik markalı, **-GR- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 olsa da, hadisə baş verdiyi anda avtomobili onun oğlu X5 idarə etmişdir. Hadisənin baş verməsində və vururlan ziyanın məbləğində mülkiyyətçinin təqsirli və ya təqsirsiz hərəkətlərinin olması iş materialları ilə öz təsdiqini tapmır. İş materialları ilə cavabdeh X4 təqsirli hərəkətləri nəticəsində sığorta hadisəsi zamanı digər şəxsə zərərin dəyməsi, iddiaçının dəymiş zərəri ödəyərək Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən tələbetmə hüququnu əldə etməsi müəyyən olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Həmçinin məhkəmə nəzərə çatdırır ki, yuxarıda istinad olunan “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsində nəzərdə tutulmuş “qanuni əsaslar” ifadəsi təkcə etibarnamə və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarının mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından Cavabdeh2 həmin avtomobili mülkiyyətçinin, yəni atası X2 razılı olmadan, onun iradəsinə zidd şəkildə idarə etməsi müəyyən olunmur. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarından göründüyü kimi sığortaçının subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Bununla belə nəzərə alınmalıdır ki, istənilən növ mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə zərərvuranın hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və zərərvuranın təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edildiyindən və bu qərarı mübahisələndirmədiyindən (bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən) məhkəmə yol-nəqliyyat hadisənin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi və onun təqsiri ucbatından iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilə zərər dəymiş olması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, Cavabdeh2 baş vermiş hadisə ilə əlaqədar təqsirliliyi barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarla və işdə olan digər sübutlarla təsdiq edilmişdir. Bununla da iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilir. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 122 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidməti xərci ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 122 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 10800 manat məbləğində sığorta ödənişi, ödənilmiş 122 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh2 10800 (on min səkkiz yüz) manat məbləğində sığorta ödənişi, ödənilmiş 122 (yüz iyirmi iki) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar