Məhkəmə qərarları › İş №e-2(010)-4466/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4466/2022

04.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4466/2022 04.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər tutulan alimentin məbləği azaldılaraq hər ay 193 manat sabit pul məbləğinin ondan tutularaq Cavabdeh ödənilməsi, tərəfindən əmək haqqının artırılıb-azaldılmasından asılı olmayaraq, maaşından tutulmamaq şərti ilə hər ay sabit pul məbləği dəyərində aliment haqqını və 3 yaşı olana qədər cavabdehin uşağa baxması üçün 50 manatı nağd şəkilində cavabdehin kart hesabına köçürmə yolu ilə ödəniş edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onun cavabdehlə nikahı 07 mart 2019-cu ildə qeydə alınmış və birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Suraxanı Rayon Qeydiyyat Şöbəsinin verdiyi AZ-İ №399937 saylı şəhadətnaməyə əsasən aralarında olan nikahın ləğvi 21 dekabr 2021-ci il tarixində akt qeydləri kitabında qeydə alınmışdır. Onların ailə həyatı 17 yanvar 2021-ci il tarixdən etibarən formal xarakter daşımış və həmin tarixdən etibarən Cavabdeh onun razılığı olmadan uşağı da götürərək, öz anasının evində yaşamağa getmişdir. Həmin müddətdən etibarən rəsmi surətdə həyat yoldaşı olmasına baxmayaraq, cavabdeh Suraxanı Rayon Məhkəməsinə müraciət edərək uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 350,42 manat aliment almağa başlamışdır. Məhkəmənin qərarı ilə həmin tarixdən etibarən onun əmək haqqından 25% məbləğində aliment tutularaq cavabdehə ödənilir. Bundan əlavə oğlunun 3 yaşı olana qədər cavabdehin uşağa baxması üçün 50 manat ödəniş təyin olunmuşdur. O, ipoteka kreditində olan mülkiyyət hüququ rəsmiləşdirilmiş yaşayış sahəsinə sahib olduğu üçün hər ay Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna 631,25 manat sabit pul məbləğində ödəniş həyata keçirir. Onun tərəfindən 17 avqust 2017-ci il tarixindən etibarən İpoteka və Kredit Zəmanət Fonduna 574,30 manat, əmlak Sığortası üzrə 21,40 manat və İpoteka Krediti üzrə Borcalanın Həyat Sığortası üzrə isə 35,55 manat sabit pul məbləğində ödəniş icra edilməkdədir. Onun aylıq ümumi əmək haqqısı (netto) 1.302 manat təşkil edir və əlavə gəlir mənbəyi yoxdur. Bundan əlavə o yenidən nikaha daxil olmuş və yeni ailə həyatı qurması ilə bağlı onun gündəlik və aylıq zəruri xərclərinin artması ümumi ödənişlərin təmin edilməsində bilavasitə çətinlik yaradır. Buna görə də “təyin olunmuş aliment məbləğinin azaldılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı ilə xx.xx.2019-cı ildə nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və xx.xx.2020-ci il təvəllüdlü X2 onun yanında qalması, yetkinlik yaşına çatmayan azyaşlı uşağın saxlanılması üçün hər ay qazancın və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması və uşağın 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat pul vəsaitinin tutulması qət edilmişdir. İddiaçı alimentin azaldılması tələbini onunla əsaslandırır ki, o bankla ipoteka müqaviləsi bağlayaraq kredit ödəyir və buna görə də aliment azaldılmalıdır. İddiaçı özü rəsmi olaraq Dövlət Neft Şirkətində işləyir və kifayət qədər əmək haqqı alır. Bundan əlavə iddiaçı tərəfindən ipoteka müqaviləsi 2017-ci ildən bağlanmışdır və tərəflər arasında nikah pozulan zaman artıq tərəfin kredit ödəməsi halı mövcud olmuşdur. Hesab edir ki, iddiaçının yenidən nikaha daxil olması öz övladını maddi cəhətdən saxlamaq öhdəliyindən azad etmir. Belə ki, azyaşlı övladı allergiya xəstəliyindən əziyyət çəkir, ona mütəmadi olaraq müalicələr etdirir, xüsusi qidalar və bahalı dərmanlar alır. Özü hal-hazırda heç yerdə işləmir və azyaşlı övladının təlim və tərbiyəsi ilə məşğuldur. Alimentin azaldılması isə azyaşlı övladının layiqli yaşamaq hüququnu pozur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan AZ-İ seriyalı 399937 saylı nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı və Cavabdeh arasındakı nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair 24 may 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Neft və neft məhsullarının ticarət əməliyyatları şöbəsində təhlil üzrə ekspert işləyir və aylıq əmək haqqının məbləği 1559 manat təşkil edir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(010)-1959/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı 28 sentyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 04 mart 2021-ci il tarixdən hesablanaraq hər ay qazancın və ya başqa gəlirlərin ¼ hissəsi miqdarında aliment və 28 sentyabr 2020ci il təvəllüdlü X4 3 yaşına çatana kimi 50 manat olmaqla pul vəsaiti tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş 14 iyun 2021-ci il tarixli Q-75/3-129/3 nömrəli qısa müddətli mühafizə orderi verilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(010)-5475/2021 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi Cavabdeh narahatlıq gətirən hərəkət-onun yaşadığı evin həyətinə daxil olması maraqlı şəxs İddiaçı 21 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 30 gün müddətinə qadağan edilməsi qət edilmişdir. İş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş notarial qaydada təsdiq edilmiş çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, məhəllə 2964, ev 2P mənzil 53, yeni qaydalarla: ünvan 1 ünvanındakı mənzilin xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi, üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunvericiliyin birmənalı və imperativ qaydada müəyyən etmişdir ki, yalnız tərəflərdən birinin 1) ailə və ya 2) maddi vəziyyətində dəyişikliyin baş verməsi alimentin miqdarının dəyişilməsi (artırılması və ya azaldılması) üçün əsas ola bilər. Hər hansı digər hallar alimentin dəyişdirilməsi üçün əsas ola bilməz. Digər əsaslarla alimentin miqdarının dəyişdirilməsi alimentlə bağlı hüquq münasibətləri ilə ziddiyət təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halların və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliklə isə aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı Neft və neft məhsullarının ticarət əməliyyatları şöbəsində təhlil üzrə ekspert işləyir və aylıq əmək haqqının məbləği 1559 manat təşkil edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Belə ki, valideynlər boşandıqdan sonra da uşağın əvvəlki təminatını saxlamalı və onun mümkün qədər maksimal dərəcədə saxlanılmasına çalışmalıdırlar. Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia tələbi təmin oluna bilməz. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar