Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4544/2023 21.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X4 qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.
1. 113874 nömrəli sığorta aktının surəti və “İcbari Sığorta Bürosu”-nun çıxarışından görünür ki, “Samand SE” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022ci ildən xx.xx.2023-cü ilə qədər İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Fusion” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 250 manat təşkil edir.
2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə X2 tərəfindən idarə olunan “Ford Fusion” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Ə.Rəcəbli küçəsində Cavabdeh idarə etdiyi “Samand SE” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur.
3. Cavabdeh tərəfindən verilən izahatdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat təqribən 15:00 radələrində idarə etdiyi “Samand SE” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sola dönmə əməliyyatı aparmaq istəyərkən Əhməd Rəcəbli küçəsində onun sol tərəfində hərəkətdə olan “Ford Fusion” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qanadını manevr edərək-sürtərək cızmışdır. Hadisədən sonra qarşı tərəfin sürücüsü ilə razılığa gələ bilməmişlər. Maşında sərnişin olduğundan tələsdiyi üçün hadisə barədə sığorta şirkəti və yol polisinə məlumat vermədən avtomobili sürüb getmişdir.
4. Binəqədi DYPŞ tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə; yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələrində nəzərdə tutulan inzibati xətaları törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur.
5. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli hesabatın surətindən görünür ki, “Ford Fusion” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 250 manat məbləğində zərər dəymişdir.
6. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 hesabına 250 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
7. İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cavabdehə “Ford Fusion” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zərərin qiymətləndirilməsi mərhələsində iştirak etmək üçün İddiaçı Sığorta Şirkəti ofisinə yaxınlaşması xahiş edilmişdir.
8. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilən zaman 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir.
İddia tələbi.
9. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Ford Fusion” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 250 manat pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
10. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Samand SE” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Ford Fusion” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Ford Fusion” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 250 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Buna görə də 250 manat məbləğində pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
Tərəflərin izahatları.
12. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, lakin məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikası Müki Məcəlləsi
Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi.
17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.
18. Belə ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi sığortalanmış “Samand SE” minik markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “Ford Fusion” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobiilə toqquşması və bunun nəticəsində sonuncu avtomobilə zərər dəyməsi, cavabdehin hadisə yerindən yayınması iş materialları ilə sübut olunur.
19. Bununla da, sığortalanmış “Samand SE” minik markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Ford Fusion” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə vurulmuş ziyanın iddiaçı tərəfindən aradan qaldırılması üçün 250 manat məbləğində pul vəsaiti ödənilmişdir.
20. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı subroqasiya qaydasında cavabdehdən 250 məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır.
21. Sadalananlara əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi Cavabdeh tərəfindən idarə edilərkən törədildiyindən, cavabdeh isə hadisə yerindən yayındığından, zərərin ödənilməsi ilə bağlı məsuliyyət Cavabdeh üzərinə qoyulmalıdır.
22. Beləliklə, yuxarıda təsvir olunanlarla iddiaçı tərəfindən icbari sığorta növü ilə sığortalanmış “Samand SE” minik markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edən sürücü Cavabdeh təqsirli olaraq törətdiyi yol-nəqliyyat hadisəsindən sonra hadisə yerindən yayındığına görə həmin hadisəsi nəticəsində vurulmuş zərərə görə sığortaçı tərəfindən sığorta ödənişlərini zərərçəkmiş şəxsə ödənilməsi təsdiq olunduğundan məhkəmə qeyd olunan qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı subroqasiya hüququ yaranmışdır.
23. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
Məhkəmə xərcləri.
24. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödəmişdir.
25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə təmin edildiyindən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı cavabdehə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
27. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi təmin edilsin. Cavabdeh 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.