Məhkəmə qərarları › İş №e-2(010)-4692/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4692/2025

27.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4692/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azadılması və aliment borcunun silinməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azadılması və aliment borcunun silinməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Surxanı Rayon Məhkəməsinin 8(010)-138/2025 saylı, xx.xx.3035-ci il tarixli qərardadı ilə cavabdeh Qaraxanova (Məmmədova) Aysel Natiq qızı ilə İddiaçı birgə nikahlarından anadan olmuş övladları-xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı alınaraq cavabdeh Qaraxanova (Məmmədova) Aysel Natiq qızına ödənilməli olan aliment məbləğinin azadılaraq minimum əmək haqqının 0,45 misli həddində müəyyən edilməsi və İddiaçı tərəfindən cavabdeh Qaraxanova (Məmmədova) Aysel Natiq qızına ödənilməli olan 6100 manat aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə elektron ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Surxanı Rayon Məhkəməsinin 8(010)-138/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh Qaraxanova (Məmmədova) Aysel Natiq qızı ilə İddiaçı birgə nikahlarından anadan olmuş övladlarıxx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı alınaraq cavabdeh Qaraxanova (Məmmədova) Aysel Natiq qızına ödənilməli olan aliment məbləğinin azadılaraq minimum əmək haqqının 0,45 misli həddində müəyyən edilməsi və İddiaçı tərəfindən cavabdeh Qaraxanova (Məmmədova) Aysel Natiq qızına ödənilməli olan 6100 manat aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə elektron ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Qaraxanova (Məmmədova) Aysel Natiq qızı ilə İddiaçı birgə nikahlarından anadan olmuş övladları-xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı alınaraq cavabdeh Qaraxanova (Məmmədova) Aysel Natiq qızına ödənilməli olan aliment məbləğinin azadılaraq minimum əmək haqqının 0,50 misli həddində müəyyən edilməsi və İddiaçı tərəfindən cavabdeh Qaraxanova (Məmmədova) Aysel Natiq qızına ödənilməli olan 1400 manat aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Qaraxanova (Məmmədova) Aysel Natiq qızı ilə xx.xx.2015-ci ildə Bakı şəhəri, Nizami rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2016-cı ildə X13 adlı övladları anadan olmuşdur. Tərəflər bir müddət səmimi ailə münasibətlərində yaşasalar da sonradan münasibətləri pozulmuş və ayrılmışlar. Tərəflər arasında olan nikah Bakı şəhəri, Surxanı Rayon Məhkəməsinin 2(010)-7826/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə pozularaq, tərəflərin birgə nikahdan anadan olmuş uşağı-xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 117 manat aliment məbləğinin İddiaçı alınaraq cavabdeh Qaraxanova (Məmmədova) Aysel Natiq qızına verilməsi, aliment ödənilməsinin əvvəlinin 21 iyun 2016-ci ildən hesablanması qət edilmişdir. Cavabdeh iddiaçıdan rəsmi olaraq ayrıldıqdan sonra başqa biri ilə nikaha girəcəyini əsas gətirərək özünün aylıq aliment məbləğindən imtina etməsi qarşılığında uşağın təzə ailə quracağı şəxsin himayəsinə verilməsinə dair razılıq verməsini iddiaçıya təklif etmiş, iddiaçı da razılaşmışdır. Bu razılıq tərəflər arasında notariat orqanı tərəfindən rəsmiləşdirilmişdir. İddiaçı bu razılığa əsaslanaraq aliment ödəməmiş və ödəməyəcəyini zənn etmişdir. Aradan bir müddət keçdikdən sonra, yəni 2023-cü ilin iyul ayından 2024-cü ilin iyul ayınadək tərəflər yenidən barışaraq bir yerdə yaşamağa davam etmişlər. Həmin müddətdə cavabdeh barışmalarından yararlanaraq iddiaçının imkanları hesabına özünə yeni iş yeri, yəni qadın salonu açaraq lazımi ləvazimatlarla təchiz etmişdir. Bundan əlavə 2023-cü ildən 2024-cü ilədək birlikdə yaşadıqları müddətdə ailənin bütün ehtiyaclarını ödəyərək, uşağının da qayğısına qalmışdır. İddiaçı cavabdehlə birlikdə yaşadıqları müddətdə iddiaçı cavabdeh üçün açılmış qadın salonunun təmiri üçün 1500 manat pul xərcləmişdir. Bundan sonra iddiaçı cavabdeh tərəfindən götürülmüş kredit öhdəliyinin əvəzi olaraq onun adından hər ay 50 manat olmaqla cəmi 600 manat ödəniş etmişdir. Lakin sonradan tərəflərin münasibətləri pozulmuş və ayrılmışlar. Cavabdeh ayrılıb yenidən barışdıqdan sonra iddiaçıdan aliment tələb etmədiyi və məhkəmə qərarı ilə təyin edilmiş aliment borcundan imtina etmişdir. Bütün bunlara baxmayaraq, Cavabdeh Bakı şəhəri, Surxanı Rayon Məhkəməsinin 2(010)-7826/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı təyin edilmiş aliment məbləğinin indeksasiyası ilə bağlı yenidən məhkəmə müraciət etmiş və Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 8(010)-138/2025 saylı, xx.xx.3035-ci il tarixli qərardadı ilə tərəflərin birgə nikahlarından anadan olmuş övladlarıxx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı təyin edilmiş aliment məbləği minimum əmək haqqının 1,1 misli həddində, yəni 440 manat məbləğində müəyyən edilmişdir. Bildirilir ki, iddiaçının başqa nikahdan da bir övladı var. O, hər ay həmin uşağın saxlanılması üçün 120 manat aliment ödəyir. İddiaçı Cavabdeh ilə birgə nikahdan anadan olmuş övladı-xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməkdən imtina etmir. Lakin uşağa qayğı göstərmək, onu tərbiyə etmək iddiaçı kimi Cavabdeh də borcudur. Cavabdeh özü hazırda işləyərək kifayət qədər əmək haqqı alır. Bundan başqa iddiaçı hazırda heç bir yerdə işləməməklə aylıq qazancı yoxdur. İddiaçı Cavabdeh ilə birgə nikahdan anadan olmuş övladı-xx.xx.2016-cı il təvəllüdlü X13 ilə birlikdə X1 qayğısına qalmalıdır. Hesab edilir ki, Bakı şəhəri, Surxanı Rayon Məhkəməsinin 8(010)-138/2025 saylı, xx.xx.3035-ci il tarixli qərardadı ilə Cavabdeh ilə birgə nikahdan anadan olmuş övladı-xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı təyin edilmiş aliment minimum əmək haqqının 1,1 misli həddində, yəni 440 manat aliment məbləği ədalətli deyildir. Belə ki, Cavabdeh aliment məbləğinin indeksasiyasına dair ərizəsində İddiaçı tutulmalı olan aliment məbləğinin minimum əmək haqqının 1,1 misli həddində deyil, 0,68 misli həddində müəyyən edilməsini xahiş etmişdir ki, bu da 272 manat kimi hesablanır. İddiaçı başqa nikahdan da övladı olmaqla iddiamı həmin uşağın saxlanılması üçün aliment ödəyib onun da qayğısına qalır. Bu hal da məhkəmə tərəfindən nəzərə alınmalıdır. Cavabdeh işləyərək hər ay kifayət qədər əmək haqqı alır. Məhkəmə öz imkanlarından istifadə edərək cavabdehin gəlir məlumatlarına nəzər yetirsə bu hal sübut olunacaqdır. Bundan başqa, İddiaçı heç bir yerdə işləməməklə, hər ay əlavə olaraq 120 manat aliment ödəmişdir və Bakı şəhərində kirayədə qalır. O, kirayədə qaldığı ev üçün hər ay 300 manat ödəniş edir. İddiaçı xəstə anasının da qayğısına qaldığı üçün onun hazırda Cavabdeh ilə birgə nikahdan anadan olmuş övladı-xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 440 manat aliment ödəməsi onun və ailəsinin yaşamaq üçün aylıq xərclərinin qarşılamasını mümkünsüz edir. Qeyd edilir ki, iddiaçının hər iki övladının maddi məişət şəraiti və digər ehtiyacları nəzərə alınmalıdır. İddiaçı bir valideyn kimi bir övladının bütün ehtiyaclarını ödəyərək digərini nəzərdən kənara qoya bilməz. Məhkəmə iddiaçıya aliment təyin edərkən digər nikahdan olan övladının da ehtiyaclarını nəzərə almalıdır. İddiaçının vəkili Vəkil ərizəsi. İddiaçının vəkili Vəkil məhkəməyə xx.xx.2025-ci il tarixində elektron ərizə ilə müraciət edərək, qərarda olan yanlışlığın, yəni qərarın 3-cü səhifəsinin 2-ci abzasında artıq qeyd edilmiş "Ərizəni ona görə vermişdir ki, o, aliment borcunu ödəməyi vəd etmişdir" ifadəsinin qərardan çıxarılması və Şəki Apellyasiya Məhkəməsinin qərarının tələblərinə riayət olunaraq tərəflərin barışaraq birlikdə yaşamalarının (hansı tarixdən hansı tarixədək) tarixləri barədə Şəki Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli qərarına düzəliş edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə çıxarılmış qərarın məzmununda yanlışlılara yol verilmiş, zərərçəkmiş şəxsin inzahatında onun tərəfindən qeyd edilən hallar qərarda göstərilməmişdir. Belə ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya daha əvvəl Şəki Rayon Məhkəməsinin digər hakimi tərəfindən baxılmış və şəxsin barəsində olan inzibati icraata xitam verilmişdir. Şəki Rayon Məhkəməsinin müvafiq qərarından zərərçəkmiş şəxs narazı qalmış və qərardan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsində işə yenidən baxılarkən Şəki Rayon Məhkəməsinin qərarı ləğv edilmiş və yenidən baxılması üçün Şəki Rayon Məhkəməsinə geri qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin hakimi qərarın ləğv olunmasına səbəb kimi Rayon Məhkəməsinin ətraflı araşdırma aparmamasını göstərmişdir. Şəki Apellyasiya Məhkəməsinin hakimi araşdırılmasını tələb etdiyi hallardan biri tərəflərin hansı müddətdə bir yerdə yaşamaları və uşaqların qeydinə birlikdə qalıb-qalmamaları olmuşdur. Bu hal isə Şəki Rayon Məhkəməsində baxılarkən araşdırılmış və sədrlik edənin sualına cavab olaraq zərərçəkmiş şəxs izahatında 2023-cü ilin avqust ayının 13-dən 2024-cü ilin iyun ayının 30-dək birlikdə yaşadıqlarını, uşaqların qayğısına birlikdə qaldıqlarını və hər ikisinin qazancının ailənin ehtiyacları üçün xərcləndiyini bildirmişdir. Halbuki Şəki Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, 3(075)-355/2025-ci il tarixli qərarında araşdırılması tələb edilsə də bu hal ətraflı qeyd edilməmiş, ancaq tərəflərin 2023-cü ilin avqust ayından birlikdə yaşamalarının göstərilməsi ilə kifayətlənilmişdir. Bundan başqa zərərçəkmiş şəxs tərəfindən qeyd edilməsə də qərarda zərəçəkmiş şəxsin izahatında "İddiaçı birlikdə yaşasalar da alimenti ödəyəcəyinə söz verdiyinin bildirildiyi" artıq göstərilmişdir. Halbuki zərəçəkmiş şəxs izahatında belə bir ifadə işlətməmişdir. Hesab edir ki, Məhkəmənin öz qərarında artıq işlədilmiş cümləyə istinad edərək barəsində inzibati icraat aparılan şəxsin aliment borcunu ödəməməsini qərəzli görməsi ədalətli deyildir. İddiaçının vəkili Vəkil məhkəməyə xx.xx.2025-ci il tarixində elektron ərizə ilə müraciət edərək, təqdim edilən yeni sübutların nəzərə alınmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı barəsində Şəki Rayon Məhkəməsində inzibati xətaya dair işə baxılarkən zərərçəkmiş şəxs kimi məhkəmədə verdiyi izahatında 2023-cü ilin avqust ayının 13-dən 2024-cü ilin iyun ayının 30-dək birlikdə yaşamalarını aylıq qazanclarının ailənin ehtiyacları üçün xərcləndiyini etiraf etmişdir. Cavabdehin etiraz ərizəsi. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, İddiaçı ona qarşı “alimentin miqdarının azadılması və alimetin silinməsi tələbinə dair” iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, işin halları ilə müəyyən edilir ki, alimentin miqdarını müəyyən edən sonuncu məhkəmə aktı qəbul edildikdən sonra tərəflərin hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmamış, alimentin miqdarını müəyyənləşdirən və ya onun tutulmasının davam etməsinə təsir edən hallar dəyişməmişdir. Bununla da alimentin miqdarının azadılmasına təsir edən və əsas verən hallar yaranmamışdır. İddiaçının irəli sürdüyü dəlillərin əsassız olmasına dair bildirir ki, qərardaddan göründüyü kimi aliment miqdarı sonuncu dəfə miminum əmək haqqı məbləğinin 1.1 misli həddində tutulmuşdur. İddiaçı hansı məhkəmə qərarına istinad etdiyini özü də bilmir. İddiaçı başqa nikahdan uşağının və ya uşaqlarının olmasını və onun da qayğısına qaldığını qeyd etsə də məhkəmə alimentin miqdarını müəyyən edərkən də həmin övladları var idi. Digər tərəfdən, həmin uşaq və ya uşaqlar üçün aliment tələbi yoxdur və aliment tutulması halı da yoxdur. Həmçinin, valideyinin digər nikahdan övladlarının olması tutulan alimentin miqdarının azadılmasına əsas vermir. İddiaçı cavabdehin işlədiyini və rəsmi gəlirinin olduğunu bildirsə də o, heç bir yerdə işləmir, heç bir qazanc və gəliri yoxdur, alimentin miqdarı artırılarkən mövcud olan vəziyyət qalmaqda davam edir, heç bir dəyişiklik yoxdur. Həmçinin, cavabdeh qazanc əldə etmiş olsaydı belə bu, iddiaçını övladını saxlamaq öhdəliyindən azad etmir. Kirayədə yaşadığına istinad etsə də İddiaçı kirayədə yaşamır, kirayədə yaşaması və aylıq kirayə haqqı ödəməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Onun kirayədə yaşaması belə tutulan alimentin miqdarının aşağı endirilməsinə əsas ola bilməz. Həmçinin, qərardadla aliment artırılarkən və müəyyən edilərkən iddiaçının anası yaşayırdı. Bu hal yenilik deyildir. İddianın digər hissəsi ilə bağlı qeyd edilir ki, məhkəmənin qətnamə və qərardadı ilə tutulan alimenti iddiaçı vaxtında ödəmədiyinə və icra sənədini icra etmədiyinə görə məbləğ toplanmışdır. Bu isə iddiaçını toplanan və ödənilməmiş alimenti ödəməkdən azad etmir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, onun aliment üzrə yığılan borcu var. Həm də iki uşaq üçün aliment ödəyir. Hər ay 200 manat verə bilər. Barışdıqları müddətdə yığılan aliment borcunun da silinməsini xahiş edir. Kirayədə qalır. Barışdıqları müddətdə o da qazanmışdır. Boşanandan sonra cavabdeh başqa biri ilə ailə qurmuşdur. 9 il ərzində bir-biriləri ilə maraqlanmamışdırlar. O da, həmin müddətdə cavabdehi ailəli olduğu üçün narahat etməmişdir. Alimentdən imtina barədə də razılaşmışdılar. İkinci dəfə ayrılandan sonra aliment ödəmişdir. Hər ay aliment borcu ilə birlikdə 250 manat ödəyə biləcəyini qeyd edir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, bir il barışdıqları müddətdə də onun evində qalmışdırlar. İkisi də işləmişdirlər. O da, qazancını evə gətirmişdir. Qeyd edir ki, iddiaçı 9 il ərzində də uşağa aliment ödəməmişdir. Aliment məbləği indeksasiya olunmuşdur. Bildirir ki, aliment məbləğin azaldılmasına etiraz edir. Aliment məbləğinin əvvəllər 117 manat olduğunu, aprel ayından isə 440 manat indeksasiya olunduğunu bildirmişdir. Son olaraq qeyd edir ki, uşağın 10 yaşı var. İddianın təmin edilməməsini xahiş etmişdir. İş materialları. Suraxanı rayon Məhkəməsinin 8(010)-138/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 7826/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında tutulan aliment məbləğinin indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.1 misli həddində sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/8/2025- 01188 nömrəli “X2 sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında mediasiya işi açılmış, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında tərəflər və İddiaçı etibarnamə üzrə nümayəndəsi X11 iştirak etmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat ilkin mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir. Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 391832 nömrəli, xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası İddiaçı, anası X5) xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 1006 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 153261 nömrəli, xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası X9, anası Cavabdeh) xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 4298 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7826/2016 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı X12 ilə cavabdeh İddiaçı arasında xx.xx.2015ci ildə Bakı şəhər Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və Nikahın pozulması haqqında akt qeydləri kitabında 386 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2016-cı il təəllüdlü X6 boşanmadan sonra iddiaçı X3 yanında qalması və cavabdeh İddiaçı X3 xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 117 manat miqdarında alimentin tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-217/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs Məmmədova (Qaraxanova) Aysel Natiq qızı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 3 iyul 2025-ci il tarixli, 3(075)-355/2025 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmışdır. Şəki Rayon Məhkəməsinin 3(075)-355/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3586/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Məmmədova (Quliyeva) Aysel Ramazan qızı arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 11 noyabr 2011-ci il tarixdə bağlanmış 1801 saylı nikah qeydiyyatının pozulması, 16 oktyabr 2012-ci il təvəllüdlü X1 anası Məmmədova (Quliyeva) Aysel Ramazan qızının yanında saxlanılması və İddiaçı 29 sentyabr 2014-cü il tarixdən başlayaraq, 16 oktyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 103 manat sabit pul məbləğində alimentin Məmmədova (Quliyeva) Aysel Ramazan qızının xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilən xx.xx.2025ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq" altsisteminə əsasən xx.xx.2025-ci il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, övladı X6 həyat yoldaşı X9 tərəfindən övladlığa götürüldükdən sonra İddiaçı qarşı aliment tələbindən imtina etməyi öhdəsinə götürəcəyini və gələcəkdə bu tələblə bağlı iddia irəli sürməyəcəyini qeyd etmişdir. 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X10 tərəfindən təsdiqlənmiş İddiaçı 7E-35443 reyestr nömrəli xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2016-cı il təvəllüdlü övladı X6 X4 övladlığa verilməsinə razı olmuşdur. Cavabdeh tərəfindən Şəki rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, o, borclu İddiaçı həm qalıq aliment borclarını, həm də hər ay ödənilməli olan aliment məbləğini ödəməyə söz verdiyindən icra sənədinin icra şöbəsinin icraatında saxlanılmasına hələlik zərurət olmadığını qeyd edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin “2(010)-7826/2015” saylı, 19 sentyabr 2016-ci il tarixli icra sənədinin “İcra haqqında" Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədini vermiş məhkəməyə qaytarılmasını və borclu İddiaçı barəsində olan axtarış və məcburi gətirilmə ilə bağlı tədbirlərin ləğv edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 110. Alimentin indeksasiyası 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.... Maddə 113. Aliment öhdəliklərinə xitam verilməsi 113.1. Aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir. 113.2. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: 113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; 113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə; 113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.... “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür (m .9.4). 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci maddəsi: Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarı: ...8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli qərarına əsasən edilmiş dəyişiklik) Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər rəsmi qaydada nikaha daxil olmuş və bu nikahdan övladları – xx.xx.2016-cı il təvəllüdlü X13 dünyaya gəlmişdir. Tərəflər arasında nikah pozulmuş və uşaq ananın, bu iş üzrə cavabdehin himayəsində saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7826/2016 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı X3 xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 117 manat miqdarında alimentin tutulması qət edilmişdir. Suraxanı rayon Məhkəməsinin 8(010)- 138/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)- 7826/2016 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 1.1 misli həddində indeksasiya olunması qərara alınmışdır. İddiaçı işsiz və aliment məbləği çox olduğundan, həmçinin himayəsində yaşlı anası və başqa nikahdan olan azyaşlı övladı olduğundan aliment məbləğinin azaldılmasını və tərəflər bir müddət barışıb, bir yerdə yaşadığından və cavabdeh həmin müddətdə alimentdən imtina etdikdən, 1400 manat aliment borcunun silinməsi xahiş etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz göndərərək və məhkəmə iclasında çıxış edərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı aliment məbləğinin azaldılması tələbini əsaslandırarkən maddi vəziyyətinin dəyişməsinə istinad etmiş, həmçinin, himayəsində yaşlı anası olduğunu və cavabdehin maddi vəziyyətinin yaxşı olduğunu qeyd edərək, təyin olunmuş aliment miqdarının azaldılaraq minimum əmək haqqının 0,50 misli həddində müəyyən edilməsini xahiş etsə də, tələbini Ailə Məcəlləsinin 112-ci maddəsinin normaları baxımından əsaslı hesab edəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. İddiaçı ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin olmasını (özünün maddi vəziyyətinin azalması, əmək qabiliyyəti olmaması səbəbindən işləyə bilməməsi, cavabdehin kifayət qədər gəlirlərinin olması və s.) sübut edə bilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və ya aliment ödəməkdən azad etmə yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində mühüm dəyişiklik baş verdiyi sübuta yetirildiyi halda mümkündür. Məhkəmə cavabdehin etirazları ilə razılaşaraq qeyd edir ki, təqdim edilmiş sübutlar aliment barədə qətnamə qəbul edilərkən artıq mövcud olmuş və nəzərə alınmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə müraciət etməsinin əsas səbəbi indeksasiya edilmiş aliment məbləği ilə razılaşmamasıdır. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” AR Qanunun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Belə olan halda, məhkəmə qeyd edir ki, alimentin artırılması baş verməmiş, aliment məbləği indeksasiya edilmişdir, yəni alimentin miqdarı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilmişdir. Üstəlik, uşaq daimi olaraq Cavabdeh yanında qaldığından ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının deyil, cavabdeh üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən, məhkəmə hesab edir ki, qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən təklif edilən aliment məbləği – əvvəlcə minimum əmək haqqının 0,45 misli, daha sonra isə 0,50 misli – 2025-ci il üçün 200 manat - uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğindən az olduğundan, məhkəmə qeyd edir ki, uşağın mənafelərindən çıxış edərək, bu məbləğə alimentin azaldılması əsassızdır. Cavabdeh də haqlı olaraq iddiaçının təklif etdiyi aliment məbləği ilə razılaşmamışdır. Həmçinin, İddiaçı iddia ərizəsində Cavabdeh ödənilməli olan 1400 manat aliment borcunun silinməsini xahiş etsə də, tələbini əsaslı hesab edəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. İddia tələbinin bu hissəyə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh tərəfindən alimentin tutulmasının dayandırılması ilə bağlı verilmiş ərizədə aliment tələbindən tam və qəti şəkildə imtina edilməmiş, əksinə, “hələlik” ifadəsi ilə aliment tələbinin gələcəkdə yenidən irəli sürülməsi hüququnun saxlanıldığı açıq şəkildə göstərilmişdir. Bu hal aliment öhdəliyinə xitam verilməsi kimi qiymətləndirilə bilməz. Eyni zamanda iş materiallarından görünür ki, İddiaçı məhkəmə aktı ilə üzərinə qoyulmuş aliment öhdəliyini vaxtında və tam icra etmədiyinə görə Şəki Rayon Məhkəməsinin 3(075)- 355/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmiş və qanuni qüvvəyə minmişdir. Bu hal aliment öhdəliyinin icra edilmədiyini və aliment borcunun mövcudluğunu hüquqi cəhətdən təsdiq edir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 113-cü maddəsində aliment ödənilməsinə xitam verilməsi halları müəyyən edilmişdir. Göründüyü kimi, aliment öhdəliyinə xitam verilməsinin konkret əsasları qanunla müəyyən edilmişdir və həmin əsaslar genişləndirici təfsir edilə bilməz. Hazırki halda isə həmin əsasların hər hansı biri müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi 1400 manat aliment borcunun silinməsinə dair hissədə əsassızdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş övladları xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı alınaraq Cavabdeh ödənilməli olan aliment məbləğinin azadılaraq minimum əmək haqqının 0,50 misli həddində müəyyən edilməsi və İddiaçı tərəfindən Cavabdeh ödənilməli olan 1400 manat aliment borcunun silinməsinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri. Aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Nəzərə alaraq ki, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır, hazırki iş üzrə ödənilməmiş dövlət rüsumu iddiaçıdan tutulmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş övladları xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı alınaraq Cavabdeh ödənilməli olan aliment məbləğinin azadılaraq minimum əmək haqqının 0,50 misli həddində müəyyən edilməsi və İddiaçı tərəfindən Cavabdeh ödənilməli olan 1400 manat aliment borcunun silinməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar