Məhkəmə qərarları › İş №e-2(010)-4806/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4806/2023

06.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4806/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X17 qızının katibliyi, iddiaçının vəkil və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(010)-399/2022 nömrəli mülki iş üzrə qəbul etdiyi 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment” tələbinə dair iddiası təmin edilərək, X4 ilə İddiaçı arasında 01 iyul 2008-ci il tarixində Qaradağ rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 448 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X3 anaları X1 yanında qalmalarının müəyyən edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir.

2. xx.xx.2023-cü il tarixdə “myGov” portalından çıxarılmış arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-də çox ixtisaslı Supervayzer işləyir və 879 manat əmək haqqı alır.

3. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “barışıq sazişi”nə əsasən: 1. Tərəflər belə razılığa gəlir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrə (reyestr nömrəsi: **********59-05301-093052) ilə Cavabdeh 1/2 hissə ilə xüsusi mülkiyyət hüququ qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85.30 kv/m olan 18 saylı mənzilin 1/2 hissə payını Cavabdeh İddiaçı xeyrinə özgəninkiləşdirməyi öhdəsinə götürür. 2.2. Bu Sazişə əsasən, Tərəflər belə razılığa gəlir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-998/2022 nömrəli qətnaməsi ilə Cavabdeh 1/2 hissəsinə mülkiyyət hüququ tanınmış Porsche Cayenne minik markalı, 10CY494 dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissə payını Cavabdeh İddiaçı xeyrinə özgəninkiləşdirməyi öhdəsinə götürür. 2.3. Sazişin 2.1 və 2.2-ci bəndlərində nəzərdə tutulan əmlaklardakı paylarını Cavabdeh İddiaçı xeyrinə özgəninkiləşdirməyi müqabilində İddiaçı 53 000 manatı hazırkı Sazişin notarial orqanda təsdiq edildiyi gün Cavabdeh ödəyir. 2.4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan e-2(001)-987/2023 mülki iş üzrə İddiaçı “birgə nikah dövründə yaranmış öhdəliklərdən əmələ gələn kredit borcun ödənilmiş məbləğinin yarısının cavabdehdən tutulmasına dair iddiasından imtina edir. 2.5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan e-2(001)-2861/2023 mülki iş üzrə iddiaçı Cavabdeh “mənzilə köçürülmə tələbinə dair iddiasından imtina edir. 2.6. Cavabdeh ünvan 1 saylı evin 18 saylı mənzildən xx.xx.2023-cü il tarixinədək uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X8 ilə birlikdə yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürür. 2.7. Tərəflər bəyan edir ki, bu Sazişin 2.1-2.6-cı bəndlərində müəyyən edilən hallarla bağlı birbirilərinə qarşı əlavə tələb və ya iddiaları yoxdur və olmäyacaqdır.

4. “Yasamal-45” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı valideyinleri - atasi xx.xx.1953-cü il təvəllüdlü təqaüdçü - X5 və anası xx.xx.1956-cı il təvəllüdlü təqaüdçü - X9 ünvan 2 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 4-ci girişində 3-cü mərtəbəsində 5 nömrəli mənzildə onun himayəsində yaşayırlar.

5. xx.xx.2023-cü il tarixli "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçıya 58 ay müddətinə illik 36% ödəmək şərtilə 30.000 manat məbləğində kredit xətti açılmışdır.

6. Bakı Biznes Universiteti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X10 Bakı Biznes Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin sosial iş ixtisası üzrə əyani şöbənin İİ kurs tələbəsidir.

İşin faktiki halları

7. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan iki uşaqlarının olması, həmin uşaqların analarının yanında qalmasına və hazırkı iş üzrə iddiaçıdan cavabdehin xeyrinə hər ay aylıq qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulmasına dair hallar işin mübahisəsiz halı olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir.

İddia tələbi

8. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan övladları - xx.xx.2008- ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün ondan hər ay (bir uşaq üçün 250 manat) cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh X2 verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Sonradan İddiaçı ərizə təqdim edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-399/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan övladları - xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşma çatana qədər saxlanılmaları üçün ondan hər ay (bir uşaq üçün 250 manat) - cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh L.S.Hüseynovaya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

10. İddiaçının vəkil və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, tərəflərin nikahları pozulan vaxt onlar arasında barışıq sazişi imzalanıb və cavabdehə 53000 manat məbləğində pul verilib. Bununla əlaqədar olaraq iddiaçı kredit götürüb verib və hazırda həmin kredit borcunu ödəyir. Əlavə olaraq, ata-anası da iddiaçının himayəsindədir və iddiaçı onlara da baxır. Eyni zamanada iddiaçı özü də xəstədir, müalicə alır və xəstəliyi ilə əlaqəli olaraq gələcəkdə işindən çıxması gözlənilir. Çünki iddiaçının iş yeri dənizdə olduğu üçün rütubət çoxdur və xəstəliyinin kəskinləşməsinə səbəb olur. Bununla yanaşı, iddiaçının əvvəlki nikahından da 1 oğlu var və həmin uşağa görə də iddiaçı əvvəllər aliment ödəyirdi. Hazırda isə həmin övladı universitetdə oxuyur və bir ata kimi ona da maddi yardım göstərmək məcburiyyətindədir. Uşaqlara baxmaq hər iki valideynin borcudur və cavabdeh özü də işləyərək, qazanc əldə edir. Bu səbəbdən uşaqlar üçün cəmi 500 manat olmaqla sabit pul məbləğində alimentin tutulması daha məqsədəuyğundur. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

11. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı Neft şirkətində işləyir və dəniz pulu maaşa əlavə edildikdə təxminən 3000 manatdan çox əmək haqqı alır. İddiaçı yalnız aliment məbləği ödəyir və 3 ildir ki, uşaqları ilə maraqlanmır. Vəkilin qeyd etdiyi 53000 manata münasibətdə isə qeyd etdi ki, evin qiyməti 200.000 manat məbləğində idi və onun payı 100.000 manat olmalı idi, lakin xəstəliyilə əlaqəli olaraq 53000 manat ilə razılaşmışdır. İddiaçının ata-anası isə əvvəllər yüksək gəlirli işdə işləyiblər və hazırda pensiyaya çıxıblar, pensiya məbləğləri də 4000 manatdır. Onlar hər il Kərbəlaya, Məkkəyə ziyarətə gedirlər, şəhərin bir neçə yerində evləri var və iddiaçının himayəsində deyillər. İddiaçı tərəfindən verilən alimentlə birlikdə öz qazandıqlarını da uşaqlar üçün xərcləyir. Uşaqlar öz savadları ilə Dəyanət liseyinə qəbul olublar, onların İELTS, SAT kurslarının ödənişləri 250 və 600 manatdır, onların məktəb, xəstəxana və digər ehtiyacları ilə özü maraqlanır, gələcəklərinin parlaq olması, savadlı kadr kimi yetişib xaricə getmələri üçün çalışır. İddiaçı isə etdiyi maddi yardımdan başqa heç uşaqları ilə maraqlanmır, ata qayğısı-nəvazişini göstərmir. Onun hazırda verdiyi aliment belə bugün uşaqların saxlanılması üçün kifayət etmir. 1000 manat gəliri olan birindən də 500 manat, 3000 manat əmək haqqı alan birindən də 500 manat aliment tutulması ədalətsizdir. Bu səbəbdən qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. Uşaq Hüquqları haqqında Qanun

Maddə 5 Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 19 Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

14. “Uşaq hüquqları haqqında” xx.xx.1989-cu il tarixli Konvensiya

Maddə 18 Uuşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı

8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı

Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

18. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.

19. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(010)-399/2022 nömrəli mülki iş üzrə qəbul etdiyi 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Hazırki iş üzrə iddiaçı ödədiyi aliment miqdarının azaldılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, himayəsində ahıl valideynləri var, həmçinin birinci nikahdan olan uşağına da maddi yardım göstərir. Bundan əlavə, kredit götürmüşdür və böyük məbləğdə borca düşmüşdür.

20. Məhkəmə hesab edir ki, alimentin həmin məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir, alimentin miqdarının azaldılması aliment alan uşağın mənafeyinə kəskin ziddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. Belə ki, iddiaçının himayəsində ahıl valideynlərinin olması, əvvəlki nikahdan olan uşağına maddi yardım etməsi və kredit ödəməsi onun ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiqləyən bir hal olsa da, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun analoji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmalı olması ilə bağlı mövqeyində haqlı deyildir, həmin hal alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən cavabdeh azyaşlı uşağı ilə iddiaçıdan ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, iddiaçının həmin uşağın qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, iddiaçı uşağının maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir və bu, onun mənəvi borcudur.

21. Bundan əlavə, məhkəmə qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə aliment tutularkən iddiaçının işləməsini, tərəflərin maddi və ailə vəziyyətini, hər bir uşağın öz anasının yanında yaşamasını, eyni zamanda diqqətəlayiq olan digər hallar nəzərə almaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamaqla əsas götürülməlidir. Bundan başqa, iddiaçı bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatını təmin etməlidir. Belə ki, iddiaçının özünün də ərizəsində qeyd etdiyi kimi hər iki valideyni onun himayəsində yaşasa da, hər ikisi təqaüd alır və həmin təqaüdlə öz maddi tələbatlarını ödəmək imkanına malikdirlər. Eyni zamanda, iddiaçının əvvəlki nikahdan olan uşağına maddi yardım etməsi və kredit borcunun olması uşaqların əvvəlki təminatı səviyyəsilə müqayisədə aliment məbləğinin azaldılması üçün əsas deyil.

22. Eyni zamanda tutulan aliment məbləğinin təxminən ***-**** manat aralığında olması isə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı əmək haqqından əlavə digər gəlirləri ilə birlikdə təxminən 2250-3000 manata yaxın aylıq gəlir əldə edir. Həmin məbləğdən qeyd olunan aliment məbləğinin tutulduğu halda iddiaçının 1500-2000 manata yaxın özünə qazancı qalır ki, həmin məbləğlə də, həm öz tələbatlarını ödəmək, həm də digər öhdəliklərini qarşılamaq imkanında olur. Odur ki, bütün qeyd olunan hallara birlikdə qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır.

Məhkəmə xərcləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

24. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

26. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası rədd edilməlidir.

27. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar