Məhkəmə qərarları › İş №e-2(010)-5042/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5042/2024

28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5042/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehlər Cavabdeh1 100 manat və Cavabdeh2 100 manat olmaqla, müştərək qaydada ümumilikdə 200 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X3 ilə xx.xx.2023-cü ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2024-cü il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3095/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2023-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində 7 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3542/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə o, İddiaçı ilə X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-00417 saylı barışıq sazişi təsdiq edilmiş, tərəf uşağın saxlanılması üçün may 2024-cü il tarixdən başlayaraq hər ayın 19-dan 30-a qədər 200 manat məbləğində alimenti İ tərəfə məxsus bank kartına ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh X3 alimenti ödəmir. Alimentin ödənilməməsinin səbəbi olaraq hərbi xidmətdə olduğu göstərilir. Bakı 8 saylı Mediasiya Təşkilatının mediatoru A.Əsgərovun xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 mediasiya prosesində iştirak etməmişdir. Tərəflərin izahatları İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh, eyni zamanda Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, əgər uşaqların atası varsa, o və həyat yoldaşı uşaqların saxlanılması üçün hər hansı cavabdehlik daşımır. Oğlu hazırda müddətli həqiqi hərbi xidmətdədir. Sentyabr ayının alimentini oğlunun əvəzinə ödəmişdir və oktyabr ayını da oğlunun əvəzinə ödəyəcəkdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-3542/2024 nömrəli qətnaməsindən müəyyən olunur ki, ərizə təmin edilmiş, ərizəçi İddiaçı ilə maraqlı şəxs X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-00417 nömrəli barışıq sazişinin aşağıdakı şərtlərlə təsdiq edilməsi qət edilmişdir: 1. Tərəflər onlar arasında xx.xx.2023-cü il tarixdə 07 nömrəli reyestr qeydi ilə 5 saylı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində qeydə alınmış nikahın məhkəmə qaydasında, əlavə vaxt verilmədən pozulmasına razıdırlar. 2. İİ Tərəf onların birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 (bundan sonra uşağın) İ Tərəfin yanında qalmasına razılıq verir. 3. İİ Tərəf uşağın saxlanılması üçün may 2024-cü il tarixdən başlayaraq, hər ayın 19-dan 30-a qədər 200 (iki yüz) manat məbləğində alimenti İ Tərəfə məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür. 4. İ Tərəf ananın iştirakı ilə uşağın baba – Cavabdeh1, nənə - Cavabdeh2 və ata – X3 ilə hər həftənin bazar günləri, saat 15:00-dan 17:00-a qədər uşağın sağlamlığına və təhsilinə zərər vurmamaq şərtilə ünsiyyətinə razıdır. 5. İlkin mediasiya xərci (60 manat) İ Tərəf və tam mediasiya xərcini (110 manat) İİ tərəf ödəyir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-3095/2024 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddia təmin edilmiş, İddiaçı ilə X3 arasında xx.xx.2023-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 7 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Mediasiya Şurasının Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞB/8/2024-01655 nömrəli arayışdan müəyyən olunur ki, tərəflər arasında baba və nənədən aliment tələbinə dair ilkin mediasiya sessiyası keçirilmiş və ilkin mediasiya sessiyasından sonra razılıq əldə edilmədiyindən prosesin davam etdirilə bilməməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 89. Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar; Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İşin hallarından görünür ki, İddiaçı keçmiş əri Mahmudzadə Əkrəmlə birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X1 üçün sonuncunun valideynləri (uşaqların nənə-babası) olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aliment tutulmasını tələb edir. Yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsi ilə baba və nənənin nəvələrini saxlamaq vəzifəsi müəyyən edilmişdir. Həmin maddədə qeyd edilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan nəvələr üçün baba və nənədən alimentin tutulmasını hər üç şərtin eyni zamanda mövcud olması zamanı yolverilən hesab etmişdir: 1) yetkinlik yaşına çatmayanın maddi yardıma ehtiyacı olması 2) onların öz valideynlərindən maddi yardım ala bilməməsi 3) baba və nənənin zəruri vəsaitə malik olması. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-3542/2024 nömrəli qətnaməsi ilə İddiaçı ilə Mahmudzadə Əkrəm arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-00417 nömrəli barışıq sazişi təsdiq edilmişdir. Təsdiq edilmiş barışıq sazişinin şərtlərindən biri də may 2024-cü il tarixdən başlayaraq hər ayın 19-dan 30-a qədər 200 manat məbləğində alimentin Mahmudzadə Əkrəm tərəfindən iddiaçının bank hesabına köçürülməsidir. Hazırda iddiaçı Mahmudzadə Əkrəmin alimenti ödəməməsini, bunun səbəbinin Əkrəmin hərbi xidmətdə olması ilə əsaslandırsa da bu halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, qanunla istənilən nənə-babadan yox, nəvələrinin saxlanması üçün zəruri vəsaitə malik olan nənə-babadan aliment tutulması müəyyən edilmişdir. İddiaçının keçmiş əri ilə birgə nikah münasibətlərindən doğulmuş uşağın saxlanılması ilə bağlı aliment öhdəliklərinin cavabdehlərin üzərinə qoyulması üçün digər hallarla yanaşı, həmçinin sonuncuların zəruri vəsaitə malik olmalarını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, iddiaçı nə iddia ərizəsinə əlavə etdiyi sübutlar siyahısına bu halları təsdiq edən sənəndləri əlavə etmiş, nə də iş üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak etməyərək tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara tam, qərəzsiz, obyektiv və hərtərəfli baxaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar