Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-508/2025 27.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğvi, mənzildən çıxarılma və pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli (bundan sonra – Cavabdeh MMC) Cəmiyyətinə qarşı “müqavilənin ləğvi, mənzildən çıxarılma və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı Xankişi oğlu və Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-nin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 79 ünvanında yerləşən, ümumi sahəsi 32 kv.metr olan mənzildən çıxarılması, bir il gecikdirilmiş müddət üçün 6000 manat icarə haqqının, hüquqi yardım üçün vəkilə ödənilmiş 325 manat məbləğində pul vəsaitinin və ödənilmiş 84 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilə Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən reyestrdə 3M-198 nömrəsi ilə qeydlə təsdiqlənmişdir. Müqavilənin predmeti kimi həmin müqavilənin 1-ci bəndinə əsasən, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 79 ünvanında yerləşən, ümumi sahəsi 32 kv.metr olan mənzil çıxış edir. Müqavilənin 2-ci bəndinə əsasən, ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********57-05101-093008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, tam mülkiyyət iddiaçıya məxsusdur. Belə ki, iddiaçı (icarəyə verən) sözügedən mənzili icarəyə verməyi, cavabdeh (icarəyə götürən) isə icarəyə verənə 500 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin artıq bir ildir ki, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməyərək, icarə haqqını ödəmir. Nəticədə, cavabdehin 6000 manat borcu yaranmışdır. Bu isə iddiaçı ilə bağlı əldən çıxmış faydaya səbəb olur ki, əgər iddiaçının hüququ pozulmasa idi, o, aid mülki dövriyyə şəraitində gəlir əldə edəcəkdi. Odur ki, Cavabdeh MMC xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən, İddiaçı oğunun hüququ olan icarə haqqını ödəməkdən boyun qaçırır və öhdəliyini icra etmir. Bunun nəticəsində isə, İddiaçı hüquqları kobud şəkildə pozulur. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizə verməsi ilə həyata keçirilir. İddiaçı tərəfindən icarə müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2014-cü il tarixli xəbərdarlıq verilməsinə baxmayaraq, cavabdeh sözügedən mənzili tərk etmir və əşyalarını da oradan çıxarmır. Odur ki, iddiaçı müqavilənin ləğv edilməsi ilə əlaqədar verdiyi xəbərdarlıqla bağlı cavabdehdən göstərilmiş müddətdə cavab almadığı üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
Tərəflərin izahatları.
3. İddiaçının nümayəndəsi (vəkili) Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə qiyabi icraat qaydasında baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 508/2025 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
İş materialları.
6. “De Fendo” Vəkil Bürosunun vəkili Vəkil (Hüquqi yardım göstərən şəxs) və İddiaçı (Hüquqi yardım göstərilən şəxs) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış EM-2404VK- 9349/24 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, bu müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıq əsasında 325 manat müəyyən olunur və başqa razılaşma yoxdursa, bir qayda olaraq müqavilə bağlandığı vaxt ödənilir.
7. İddiaçı (İcarəyə verən) və Cavabdeh MMC (İcarəçi) arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, “İcarəyə verən” ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32 kv.metr olan mənzilin tam mülkiyyət üzrə ona məxsus tam hissəsini icarəyə verir, “İcarəçi” isə bunun müqabilində “İcarəyə verən”ə 500 manat icarə haqqı ödəyir. İcarə müddəti xx.xx.2029-cu il tarixədək müəyyən edilir və onun bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir.
8. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin qanuni təmsilçisi X2 xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən bir aylıq müddət nəzərə alınmaqla həmin müqavilənin ləğv edilməsi tələbinə dair məlumat verilmişdir. Müvafiq xəbərdarlığın qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir.
İşin faktiki halları.
9. İddiaçı (icarəyə verən) və Cavabdeh MMC (icarəçi) arasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, İcarəyə verən öz mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh MMC-yə aylıq 500 manat məbləğində icarə haqqı ödənilməsi qarşılığında icarəyə vermişdir.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 675. Əmlak kirayəsi müqaviləsi. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 684. Əmlak kirayəsi üçün ödəniş müddəti. 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə 685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Maddə 690. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişin forması və məzmunu. 690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 690.2. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Maddə 700. İcarə müqaviləsi. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 238. Qiyabi icraatın əsasları. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Maddə 253. Qiyabi icraat qaydasında qəbul edilmiş məhkəmə aktlarından şikayət verilməsi. 253.3. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər.
Məhkəmənin mövqeyi.
12. İşin faktiki hallarından görünür ki, İddiaçı (icarəyə verən) və Cavabdeh MMC (icarəçi) arasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, İcarəyə verən öz mülkiyyətində olan mənzili aylıq 500 manat icarə haqqı ödənilmək şərtilə İcarəçiyə icarəyə vermişdir.
13. Hazırda İddiaçı iddia edir ki, Cavabdeh MMC tərəfindən bir illik icarə haqqı ödənilməmişdir. Bu səbəbdən iddiaçı cavabdehlə arasında bağlanmış icarə müqaviləsinin ləğvini, icarə müqaviləsinin predmeti olan mənzilin cavabdeh tərəfindən boşaldılmasını və ödənilməmiş bir illik icarə haqqının cavabdehdən tutulmasını tələb etmişdir. Cavabdeh MMC-yə isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
14. İş materiallarında olan icarə müqaviləsi əsasında müəyyən edilir ki, Cavabdeh MMC-nin İddiaçı qarşısında icarəyə götürdüyü mənzilə görə aylıq 500 manat məbləğində icarə haqqı ödəmək vəzifəsi olmuşdur. Yenə iş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən əvvəl müvafiq xəbərdarlıq məktubu ilə cavabdehə müraciət edilmişdir.
15. Nəzərə alınmalıdır ki, iddiaçının iddiası cavabdeh tərəfindən aylıq icarə haqqının ödənilməməsi, buna baxmayaraq, mənzilin boşaldılmaması ilə bağlıdır ki, mahiyyətcə hərəkətsizlik olan bu halları iddiaçı obyektiv olaraq sübut edə bilməz. İddiaçının əksinə, cavabdeh isə əgər aylıq icarə haqqını ödədiyini, müqavilə öhdəliyini lazımınca icra etdiyini iddia edirsə, bu hallar hərəkətlə bağlıdır ki, cavabdeh bununla bağlı müvafiq sübutları məhkəməyə təqdim edə bilərdi. Lakin cavabdeh məhkəmə iclasından xəbərdar olmasına baxmayaraq, mübahisəli məsələ ilə bağlı heç bir mövqe bildirməmişdir. İddiaçı isə sübut etməli olduğu halları mümkün sübutetmə vasitələri ilə sübuta yetirmiş, cavabdehin ondan icarəyə mənzil götürməsi, bu mənzilə görə ayda 500 manat icarə haqqı ödəməyi öhdəsinə götürməsi, cavabdehin müqavilə öhdəliyini lazımınca icra etməməsi barədə ona xəbərdarlıq etməsi və bu xəbərdarlığın cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı halları sübuta yetirmişdir.
16. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh MMC müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozduğundan İddiaçı cavabdehlə aralarında bağlanmış müqavilənin ləğvini, eləcə də müqavilə üzrə icra edilməmiş öhdəliyin icrasını, həmçinin müqavilə predmeti olan mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
17. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 84 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
18. Bundan əlavə, iş materiallarında olan hüquqi yardım göstərilməsinə dair müqavilədən görünür ki, müqavilə İddiaçı “De Fendo” Vəkil Bürosunun vəkili Vəkil tərəfindən məhkəmədə hüquqi yardım göstərilməsi ilə bağlı bağlanmışdır. Həmin vəkil hazırkı işdə iddiaçının hüquqlarını müdafiə etmişdir. İddia tələbindən görünür ki, iddiaçı həm də çəkdiyi vəkil xərcinin cavabdehdən tutulmasını tələb etmişdir.
19. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Yenə həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 84 manat məbləğində ödənilmiş dövlət rüsumu və 325 manat məbləğində vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı və Cavabdeh Məhdud Məsiliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilməli, Cavabdeh Məhdud Məsiliyyətli Cəmiyyəti icarə müqaviləsinin predmeti olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalı, 6000 manat məbləğində icarə haqqı, 84 manat məbləğində dövlət rüsumu və 325 manat məbləğində vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
22. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı və Cavabdeh Məhdud Məsiliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2019cu il tarixli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh Məhdud Məsiliyyətli Cəmiyyəti icarə müqaviləsinin predmeti olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. 6000 (altı min) manat məbləğində icarə haqqı, 84 (səksən dörd) manat məbləğində dövlət rüsumu və 325 (üç yüz iyirmi beş) manat məbləğində vəkil xərci Cavabdeh Məhdud Məsiliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.
Sədrlik edən Səlimə Miriyeva