Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5127/2023 14.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı və İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 mart 2016-cı il təvəllüdlü X3 və 01 may 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa görə hər ay 250 manat olmaqla, ayda 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödəniməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 16 noyabr 2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahından 15 mart 2016-cı il təvəllüdlü X6 və 01 may 2017-ci il təvəllüdlü X4 adlı iki övladı doğulmuşdur.Tərəflər uzun bir müddət mehriban yaşasa da, sonradan cavabdehin ailəyə biganəliyi üzündən ailə münasibətləri pozulmuş və iddiaçı cavabdehlə ayrılmışdır. Hal-hazırda tərəflərin birgə nikahından doğulmuş iki azyaşlı uşaqları iddiaçının yanında qalır, iddiaçı onlara təkbaşına baxmağa məcbur olmuşdur. Cavabdeh isə öz uşaqları üçün heç bir məbləğdə pul vəsaiti xərcləmək istəmir, onların necə yaşaması ilə maraqlanmır.Uşaqların gigiyenasının, qidalanmasının, səhhətinin, təhsilinin, əyləncəsinin və istirahətinin lazımi qaydada qayğısına qalmaq üçün hər ay 500-600 manat məbləğində pul vəsaiti lazım olur, bu məbləği isə iddiaçı tək başına ödəməkdə çətinlik çəkir. Hazırki vaxtda iddiaçının atası ona bu işdə köməklik göstərsə də, cavabdeh heç bir məbləğdə köməklik göstərmir, öz uşaqları ilə maraqlanmır.Halbuki, cavabdehlə birgə yaşadıqları dövrdə uşaqların maddi təminatı çox yüksək olmuş, cavabdehdən ayrıldıqdan sonra isə iddiaçı təkbaşına uşaqların maddi təminatını yüksək səviyyədə saxlaya bilmir. Hal-hazırda da cavabdeh fərdi sahibkarlıqla məşğul olur, onun gəliri sabit olmasa da, kifayət qədər yüksək gəliri olur, onun maddi vəziyyəti kifayət qədər yaxşıdır, ona görə də belə hesab edir ki, ondan uşaqların saxlanması üçün sabit pul məbləğində aliment tutulmalıdır.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh uşaqların ehtiyacları ilə maraqlanmır. Buna görə də, iddia tələbinin təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh ailə münasibətlərində iddiaçıya kobud davranır. Hazırki vaxtda tərəflər arasında olan nikah pozulmuş, təxminən 6 aydır ki, cavabdeh evdən çıxıb atası gildə yaşayır. Keçən iclasda cavabdehin nümayəndəsi və vəkilinin verdiyi ifadə ilə razı deyillər. Belə ki, həmin ifadədə cavabdehin rəsmi işləmədiyi qeyd olunsa da, cavabdehin heyvandarlıqla məşğul olduğunu qeyd etdi. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiklərini bildirirərək qeyd etmişdir ki, tərəflər hazırda rəsmi qaydada boşanmayıblar və cavabdeh boşanmaq istəmir. Cavabdeh ailəsini çox istəyir və dağılmasına razı deyil. Həmçinin o, hazırda anası və qardaşı ilə birlikdə yaşayır. Cavabdeh heç bir yerdə işləmir. Cavabdeh və anası hazırda işsiz kimi qeydiyyatdadırlar. Atası rəhmətə gedib və qardaşı da hazırda tələbədir. Onlar da demək olar ki, cavabdehin himayəsindədirlər. Ona görə də hazırda cavabdehin iddiaçının tələb etdiyi alimenti ödəməyə maddi imkanı yoxdur və buna görə də iddia tələbinin təmin olunmamasını xahiş etdi.
6. Həmçinin iddiaçının vəkili və nümayəndəsi AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini qismən qəbul etdiyini, hər uşaq üçün aylıq 150 manat məbləğində aliment ödəmək iqtidarında olduğunu bildirmişdir.
İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar
7. 5 saylı Bakı Asan Xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 088606 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X2 arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1789 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Yasinli soyadı verilmişdir.
8. 2 saylı Bakı Asan Xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 758165 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 2406 nömrə ilə qeyd edilmişdir.
9. 2 saylı Bakı Asan Xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 950322 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 2627 nömrə ilə qeyd edilmişdir.
10. Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/8/2023-02209 saylı arayışından müəyyən olunur ki, tərəflər arasında ilkin müediasiya sessiyası keçirilmiş, İddiaçı tərəfindən 50 manat ilkin mediasiya sessiyası və 9 manat poçt-kargüzarlıq xərci ödənilmişdir.
11. AR ƏƏSMN DOST Ağentliyi 2 saylı Bakı DOST Mərkəzi tərərfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh (FİN xxxxxxx) AR ƏƏSMNnin “Əmək və Məşğulluq” atlsistemindən əldə olunmuş məlumata əsasən işsiz kimi qeydiyyatdadır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
13. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyası Maddə 3.Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27. Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır
14. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolu Maddə 5. Ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.
15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
16. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.
17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
19. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu
1. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
20. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
Məhkəmənin mövqeyi.
22. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
23. İşin faktiki hallarından göründüyü kimi tərəflərin faktiki ailə münasibətlərindən iki uşaq doğulmuşdur və bu uşaqlar hazırda iddiaçının yanında qalırlar. Bu baxımdan uşaqları yanında saxlayan, onların saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur.
24. İş maretiallarından müəyyən olunur ki, cavabdeh işsiz kimi qeydiyyatdadır. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Digər tərəfdən qanunvericiliyin tələbinə və humanizm prinsipinə görə uşağın mənafeyi valideynin mənafeyindən daha üstün sayılmalıdır.
25. Məhkəmə qeyd edir ki, sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərərflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
26. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşağı saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşağın və onun himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır.
27. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşağın “üstün maraqları” konsepsiyası – 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi” nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir. Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə, dövlətdaxili qanunvericilikdə, o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presedentlərində (Pençevi Bolqarıstana qarşı, Şvitsgebel İsveçrəyə qarşı və s.) təsbit edilmişdir.
28. Sadalananan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hər uşağa görə cavabdehdən 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etsə də, cavavbdehin maddi vəziyyəti, onun işsiz olması nəzərə alınaraq, cavabdehdən uşaqlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.
Məhkəmənin gəldiyi nəticə
29. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, 15 mart 2016-cı il təvəllüdlü X3 və 01 may 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
30. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq alimentin tutulmasına bu iddia ərizəsinin məhkəməyə verildiyi, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 15 mart 2016-cı il təvəllüdlü X3 və 01 may 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 51 (əlli bir) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildikdən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Fəridə Rzayeva