Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5261/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-3976/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 8(010)-223/2025 nömrəli qərardadı ilə sabit pul məbləğində indeksasiya edilmiş aliment miqdarının azaldılaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə uyğun olaraq xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin xeyrinə hər ay qazancının 1/4 hissəsi miqdarında tutulması və mediasiyaya müraciət etməsi ilə bağlı ödənilmiş 50 manat məbləğin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-3976/2020 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi, aliment tutulmasının məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən hesablanması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-223/2025 nömrəli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-3976/2020 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.89 misli həddində indeksasiya edilmiş, xx.xx.2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. O, ikinci dəfə X5 ilə xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşdur. Bu nikahdan da xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X13 doğulmuşdur. Hazırda işləyir, aylıq əmək haqqı 1064 manat təşkil edir. Baxmayaraq ki, aylıq rəsmi qazancı var, lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-223/2025 nömrəli qərardadına əsasən, aliment sabit pul məbləğində tutulur. Məhkəmənin bu mövqeyi Ailə Məcəlləsinin 76.1-ci maddəsi nəzərə alınmadan qəbul edilmişdir. Odur ki, həmin məbləğin aylıq rəsmi qazancın 1/4 hissəsi miqdarında tutulmalıdır. Bununla bağlı mediasiyaya müraciət etmiş, lakin cavabdeh ilə razılıq əldə edilməmişdir. Buna görə də aliment məbləğinin azaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İddianın dəyişdirilməsi.
3. İddiaçı Noruz oğlu iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ondan tutulmalı olan aliment miqdarının uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, aliment miqdarının uşaqların yaşayış minimununa uyğun hər ay 246 manat məbləğində müəyyən edilməsini istəmir. Belə ki, aliment tutulmasından sonra iddiaçıdan heç bir əlavə ödəniş almamışdır. Hazırda özü də işləyir, lakin aylıq əməkhaqqı 500 manata gəlib çıxır. İddiaçının isə əlavə obyekti var. İddiaçının yenidən ailə qurmasından məlumatlıdır, bir oğlu da olmuşdur. Lakin hər bir halda iddianı qəbul etmir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
6. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 490675 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X5 arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 691 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Aslanova soyadı verilmişdir.
7. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 144998 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası İddiaçı, anası X4) xx.xx.2013-cü il tarixdə Xırdalanda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 1576 nömrə ilə qeyd edilmişdir.
8. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 809129 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 (atası İddiaçı, anası X4) xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 642 nömrə ilə qeyd edilmişdir.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-223/2025 nömrəli qərardadından görünür ki, ərizə təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-3976/2020 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində indeksasiya edilməsi, xx.xx.2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2020ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İşin faktiki halları.
10. İddiaçı və Cavabdeh birgə nikahından bir uşaq – xx.xx.2020-ci il təvəllüdlü X14 doğulmuşdur.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2020-ci il təvəllüdlü Ahu Aslanovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə aliment məbləği indeksasiya edilmiş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qərara alınmışdır.
13. İddiaçı xx.xx.2022-ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan xx.xx.2022-ci il təvəllüdlü X13 doğulmuşdur. İddiaçının həmin şəxslə nikahından xx.xx.2013-cü il təvəllüdlü X8 adlı bir uşağı daha var.
14. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsində soba yanında fəhlə işində çalışır və aylıq əməkhaqqı 416 manat məbləğindədir.
15. Cavabdeh “Respublika Pediatriya Mərkəzi” X12 qeydiyyatçı işində çalışır və aylıq əməkhaqqı 733.7 manat məbləğindədir.
Tətbiq edilən hüquq.
16. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 110. Alimentin indeksasiyası. 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
19. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.
Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olanhəyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyatşəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
20. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin.
21. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
22. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.6. ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
24. İşin faktiki hallarından göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə 170 manat sabit pul məbləğində müəyyən edilən aliment sonradan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilərək, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.89 misli həddində müəyyən edilmişdir.
25. Məhkəmə hesab edir ki, İddiaçı müvafiq indeksasiyadan sonra ondan tutulan alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçıdan 170 manat sabit pul məbləğində alimentin tutulmasına dair məhkəmə qətnaməsinin qəbul edildiyi 2020-ci ildə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu məbləği 170 manat olmuşdur. Hazırda isə Azərbaycaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği 246 manat, minimum aylıq əməkhaqqı məbləği 400 manatdır. Buna baxmayaraq, indeksasiyadan sonra hazırkı iş üzrə iddiaçıdan bir uşağa görə tutulmalı olan alimentin məbləği 2025-ci il üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinin 0.89 misli olan 356 manatdır.
26. Göründüyü kimi, iddiaçıdan tutulan aliment məbləği indeksasiya olunduqdan sonra ondan bir uşağa görə 170 manat məbləğində tutulan alimentin miqdarı təxminən iki dəfədən də çox artaraq 356 manat təşkil etmişdir. Bu məbləğ isə cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş 246 manat məbləğindən kifayət qədər yüksəkdir. Məhkəmə bu halı iddiaçının maddi vəziyyətində baş vermiş əhəmiyyətli dəyişiklik kimi qiymətləndirir. Belə ki, indeksasiyadan sonra iddiaçıdan bir uşağa görə tutulmalı olan aliment məbləği əhəmiyyətli dərəcədə artmışdır ki, bu da təbii olaraq, iddiaçının maddi vəziyyətinə təsir göstərmişdir. Bu zaman xüsusən nəzərə alınmalıdır ki, iddiaçının aylıq əməkhaqqı 416 manat məbləğindədir. Bu vəziyyətdə bir uşağa görə əvvəllər 170 manat olan aliment məbləği indeksasiyadan sonra 356 manata yüksəlməklə, iddiaçının maddi vəziyyətində əhəmiyyətli dəyişiklik yaranması mübahisəsiz qəbul edilməlidir.
27. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçıdan tutulan aliment məbləğinin azaldılmasına zərurət yaranmışdır. Belə ki, aliment təyin edilərkən uşaqların təminat səviyyəsi və diqqətəlayiq maraqları ilə birlikdə, həm də valideynlərin, eləcə də aliment ödəyən valideynin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. İşin yuxarıda qeyd edilmiş halları baxımından məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan tutulmalı olan aliment miqdarının cari ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinə uyğun olaraq 246 manat məbləğində müəyyən edilməsi həm uşağın üstün maraqlarına, həm də valideynlərin maddi və ailə vəziyyətinə uyğundur. Məhkəmə bu cür nəticəyə gələrkən iş üzrə cavabdehin 733.7 manat məbləğində aylıq əməkhaqqı olduğunu da nəzərə almışdır.
28. Lakin o da nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yenə yuxarıda istinad edilmiş əlaqəli qərarında da qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
29. Odur ki, məhkəmə bir uşağın saxlanılması üçün cavabdehdən 246 manat sabit pul məbləğində aliment tutulması nəticəsinə gəldiyindən müvafiq məbləğin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə uyğun olaraq indeksasiyası məqsədilə cavabdehdən 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (400 manat) 0.615 misli miqdarında aliment tutulmalıdır.
Məhkəmə xərcləri.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azaddırlar. Hazırkı iddia aliment miqdarının azaldılması ilə bağlı olduğundan iddiaçı məhkəməyə müraciət edərkən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə uyğun hesablanan aliment ödəməli idi. Lakin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1-1-ci maddəsinə müvafiq olaraq, mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olduğundan iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olmuşdur.
32. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 50 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, ödənilməmiş 33.2 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə.
33. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-223/2025 nömrəli qərardadı əsasında indeksasiya olunan alimentin miqdarı dəyişdirilməli, xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilməlidir.
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-223/2025 nömrəli qərardadı əsasında indeksasiya olunan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqının 0.615 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı, ödənilməmiş 33.2 manat (otuz üç manat iyirmi qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.