Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5267/2025 09.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 4500 manat, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 330 manat və dövlət rüsumu kimi ödənilmiş 65 manat məbləğində pul vəsaitinin tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, onlar ev almaq istədikləri üçün “makler” işləyən X4 onlara zəng edərək dostu Rasim adlı şəxsin özünə məxsus Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində evi olduğunu və həmin evi 108000 manata satdığını demişdir. Bu zaman İddiaçı2 qardaşı Samir İbrahimovla birlikdə gedərək, həmin evə baxmış və evi bəyənmişdir. Daha sonra onlar yenidən xx.xx.2024-cü il tarixdə həmin ünvana getmiş və ünvanda olan zaman evin yan pəncərəsinin dəmir lövhə ilə bağlandığını görmüşlər. Onlar Rasimdən həmin pəncərənin niyə bağlandığını soruşduqda, o, aldadaraq bildirmişdir ki, guya pəncərə qonşunun həyətinə baxdığı üçün bağlanıbdır. Yəni arxa hissəsi tamamilə boşdur. Onlar həmin vaxt buna inanmış və qiymətdə razılaşdıqdan sonra pulun bir qismini, yəni 10000 manatını sənədləşmə məqsədilə Rasim adlı şəxsə vermişlər. Rasim onlara bildirmişdir ki, evə kombi çəkdirəcəkdir. Təxminən 5 gün sonra, xx.xx.2024-cü il tarixdə kombini çəkdirib-çəkdirməməsini yoxlamaq məqsədilə yenidən həmin ünvana getdikdə onlara məlum olmuşdur ki, cavabdeh onları aldadıb, yəni evin qəbiristanlığa bitişik olduğunu gizlədərək evi onlara satmaq istəmişdir. Pəncərə qəbiristanlığa baxdığı üçün dəmir lövhə bağlamışlar ki, alan adam bunu görməsin. Onlar həmin vaxt aldandıqlarını başa düşmüş və verdikləri 10000 manat pulu Rasimdən geri tələb etmişlər. Rasim adlı şəxs isə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etdiyi üçün İddiaçı2 əri Rahim Məmmədov bu barədə Suraxanı RPİ-nin 31-ci PB-nə şikayət etmişdir. Bölmədə şikayətləri araşdırılmış və cavabdeh izahat verərək onlardan 10000 manat məbləğində pul almasını etiraf etmişdir. Lakin Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı Akşin Vəliyevin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə material üzrə cinayət işinin başlanması rədd edilmiş, onlara mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi, cavabdeh onları aldadaraq, heç bir sənədi olmayan evi onlara satmaq adı ilə 10000 manat məbləğində pul vəsaiti almış, bununla da ona 10000 manat zərər vurmuşdur. Lakin cavabdeh sonradan həmin məbləğin 5500 manat hissəsini onlara hissə-hissə qaytarmış, cavabdehin onlara ödənilməmiş 4500 manat məbləğində borcu qalmışdır. Göründüyü kimi, cavabdeh heç bir əsas olmadan onlara məxsus 4500 manat məbləğində pul vəsaitini ələ keçirsə də həmin pul vəsaitini qaytarmaqdan imtina etdiyinə görə onların bu məbləği cavabdehdən tələb etmək hüquqları yaranmışdır. X8 İddiaçı2 əri, İddiaçı1 isə atasıdır. Yəni ailə başçısı X8 olduğuna görə iddiaçı X8 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-1141/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi təzə məhəllə adlanan ərazidə yerləşən özbaşına tikilinin sahibliyə və istifadəyə verilməsi ilə bağlı münasibətlər sözügedən özbaşına tikilinin 108000 manat müqabilində sahibliyə və istifadəyə verilməsi ilə bağlı razılığa gəlinməsi, həmin məbləğdən 10000 manat verilməsi, müəyyən hissənin geri qaytarılması və s. iddiaçının oğlu İddiaçı1 və Cavabdeh arasında yaranmışdır. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh 10000 manat məbləğində pulun verilməsi İddiaçı1 tərəfindən həyata keçirilmişdir. Həmin evin alınması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Cavabdeh ilə İddiaçı2 arasında müqavilə bağlanmışdır. Həmin müqavilədən görünür ki, Cavabdeh İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi təzə məhəllə adlanan ərazidə yerləşən 108000 manat dəyərində olan iki mərtəbəli mənzili 10000 manat ilkin ödəniş almaqla satmışdır. Müqaviləni satıcı kimi Cavabdeh, alıcı kimi İddiaçı2, şahidlər olaraq isə İbrahimov A.Cavad oğlu, X6 və İddiaçı1 imzalamışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək bildirdi ki, anası, yəni iş üzrə digər İddiaçı2 ev almaq istəmişdir. O da övlad kimi anasının yanında olmuşdur. Anası bu məqsədlə öz qardaşına müraciət etmiş, qardaşı da “makler” kimi çalışdığı üçün ona evlər göstərmişdir. Dayısı (İddiaçı1) onlara cavabdehin evini göstərmiş, onlar da evi bəyənmişlər. Evə baxış zamanı evin səliqəli və normal olması onların xoşuna gəlmişdir. Həmin gündən dörd gün sonra yenidən evə baxmağa gedən zaman görmüşlər ki, evin arxasında çox yaxın məsafədə qəbiristanlıq yerləşir. Hansı ki, evin divarı ilə qəbir daşları arasında bir metrlik məsafə olmuşdur. Evə ilk dəfə gecə vaxtı baxışa gedən zaman pəncərələrdən birinə dəmir vurulduğunu gördükdə cavabdehdən bu barədə soruşmuşlar. Cavabdeh isə onlara cavabında bildirmişdir ki, həmin pəncərə qonşunun həyətinə baxdığı üçün pəncərənin önünü bağlamışdır. Anası həmin evi bəyəndikdən sonra evin alınması məqsədilə ümumi alğı-satqı qiyməti olan 108000 manat pul vəsaitinin müəyyən hissəsini, yəni 10000 manat hissəsini cavabdehə beh şəklində vermişdir. Sonradan evin arxasında qəbiristanlıq olmasını, yəni qəbiristanlıqla ev arasında məsafənin çox az olmasını müəyyənləşdirərək, ödədikləri 10000 manat behi geri tələb etmişlər. Lakin cavabdeh əvvəlcə pulu qaytarmaqdan imtina etmiş, yalnız polisə müraciət edəndən sonra ümumi məbləğdən 5500 manatını geri qaytarmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək bildirdi ki, onların polisə müraciət etmələrindəki başlıca səbəb cavabdehin pullarını geri qaytarmaqdan imtina etməsi olmuşdur. Cavabdeh onlara bildirmişdir ki, pulun verilməsini sübut etməlidirlər. Daha sonra cavabdeh onlardan bir ay vaxt istəmiş, lakin həmin vaxt bitdikdən sonra da pullarını geri qaytarmamışdır. Yalnız polisə müraciət etdikdən sonra cavabdeh hissə-hissə ümumilikdə 5500 manat pulu onlara geri qaytarmışdır. Həmçinin cavabdeh polisə verdiyi izahatında bildirmişdir ki, onların bütün pulunu qaytaracaqdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, heç kimi aldatmamışdır. Onun satmaq istədiyi evin yerləşdiyi məhəllənin girişi elə qəbiristanlığın içərisindən keçir. İddiaçılar ona ev üçün 10000 manat beh verəndə onlar razılaşmışlar ki, bu pulun 1000 manatı sayğac düzəltməyə, bir hissəsi evdə müəyyən təmir işləri görməyə xərclənəcək. O, iddiaçılarla razılığa gəlmələrinə arxayın olub maşın almaq üçün 2000 manat beh vermişdir. Sonradan iddiaçılar evi almaqdan imtina etdiklərinə görə behi də “batmışdır”. Buna baxmayaraq iddiaçılar ondan behi tələb edəndə o, iddiaçılara demişdir ki, 10000 manat pul az məbləğ deyil ki, onu bir dəfəyə qaytara bilsin. İddiaçılar behi geri istədiyinə görə ona dəymiş zərər və artıq ödədiyi vəsait çıxıldıqda onun cəmi 1500 manat borcu qalmışdır. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi.
İş materialları.
7. Cavabdeh Əİəpkar oğlu və İddiaçı2 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Təzə Məhəllə adlanan ərazidə yerləşən, ümumi qiyməti 108000 manat məbləğində olan fərdi yaşayış evini almaq üçün İddiaçı2 tərəfindən 10000 manat məbləğində beh ödənilmişdir.
8. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Akşın Vəliyev tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş və ərizəçi X5 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-1141/2025 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X3 Cavabdeh qarşı “maddi zərər” tələbinə dair iddiası rədd edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)- 3882/2025 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-1141/2025 nömrəli qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-1141/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. xx.xx.2025-ci il tarixli, 23570 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı2 tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına “Kazımov Afqan” təyinatı ilə 330 manat məbləğində pul ödənilmişdir.
İşin faktiki halları.
12. İddiaçı2 və Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, təzə məhəllə ünvanında yerləşən və satış qiyməti 108000 manat məbləğində olan evini İddiaçı2 satmaq üçün 10000 manat məbləğində beh almışdır.
13. Satılması nəzərdə tutulan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, təzə məhəllə ünvanında yerləşən ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
14. Tərəflər arasında evin alğı-satqısı baş tutmamışdır.
15. Beh kimi ödənilmiş 10000 manat puldan 5500 manatı Cavabdeh tərəfindən qaytarılmışdır.
Tətbiq edilən hüquq.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 324. Əqd anlayışı və onun növləri. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 460.2. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. 460.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Maddə 491. Beh anlayışı. 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
18. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı2 və Cavabdeh arasında xx.xx.2024cü il tarixli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, Cavabdeh özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, təzə məhəllə ünvanında yerləşən fərdi yaşayış evini 108000 manata İddiaçı2 satması razılaşdırılmışdır. Bu satış üçün İddiaçı2 tərəfindən 10000 manat məbləğində beh ödənilmişdir. Lakin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış bu evin satışı sonradan baş tutmamışdır.
19. İşin yuxarıda qeyd edilmiş hallarını, eləcə də ödənilmiş 10000 manat məbləğində vəsaitin məhz beh kimi ödənilmiş olmasını hər iki tərəf mübahisələndirmədən qəbul etmişdir. Tərəflər arasındakı əsas mübahisəli məsələ evin satışı ilə bağlı ödənilmiş behin qaytarılması ilə bağlıdır. Belə ki, iddiaçı tərəfə görə Cavabdeh satılması nəzərdə tutulan evin pəncərəsinin qəbiristanlığa açılması barədə onlara məlumat verməmiş, bu halı gizlətmiş, dolayısı ilə alğı-satqının baş tutmamasında təqsirli olmuş, bununla belə aldığı 10000 manat məbləğində behdən 5500 manatı qaytarmış, qalan 4500 manat hissəni qaytarmaqdan imtina etmişdir. Öz növbəsində Cavabdeh isə evə gedən yolun qəbiristanlıqdan keçdiyini, dolayısı ilə evin pəncərəsinin qəbiristanlığa açılması ilə bağlı iddiaçı tərəfə əlavə məlumat verməsinə ehtiyac olmadığını, bunu onların onsuz da bilməli olduğunu iddia etmiş, bununla belə aldığı behdən 5500 manatı qaytardığını, iddiaçı tərəfin evi almaqdan imtina etməsi nəticəsində çəkdiyi ümumilikdə 3000 manat məbləğində zərər çıxılmaqla qalan 1500 manat məbləğində behi ödəməyə etiraz etmədiyini qeyd etmişdir.
20. Mübahisəli məsələ ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında alğı-satqının baş tutmamasında hansı tərəfin təqsirli olması onlar arasında mübahisəli olsa da bu alğı-satqının predmetinin daşınmaz əmlak olduğu, yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.2-ci maddəsinin tələbi baxımından bu cür əmlakın alğı-satqısı ilə bağlı beh müqaviləsinin notariat qaydasında təsdiq edilmiş yazılı müqavilə formasında bağlanmalı olduğu, buna baxmayaraq, tərəflər arasında belə bir müqavilə bağlanmadığı mübahisəsizdir. Lakin, mübahisə predmeti olan pulun məhz yuxarıda qeyd edilmiş alğı-satqı ilə bağlı, məhz beh kimi verilməsi ilə əlaqədar hər iki mübahisə tərəfi eyni mövqedə olduqlarından məhkəmə müqavilənin formasına riayət edilməməsi ilə bağlı halı sözügedən vəsaitin beh olmasına şübhə yaradan hal kimi qiymətləndirmir. Bu baxımdan məhkəmə mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.3-cü maddəsinin tətbiq edilməsini və verilən vəsaitin avans kimi qəbul edilməsini mümkün hesab etmir.
21. Bununla belə nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış beh müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.2-ci maddəsində müəyyən edilmiş forma tələbinə riayət etmədən bağlanmışdır. Məhkəmə hesab edir ki, forma tələbinə riayət etmədən bağlanmış bu əqd etibarsız (əhəmiyyətsiz) əqd olmuşdur. Belə olan halda, iddiaçı tərəf bu əqd üzrə cavabdehə ödədiyi vəsaiti cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Lakin bu zaman nəzərə alınmalıdır ki, əhəmiyyətsiz əqd üzrə beh kimi ödənilmiş 10000 manat məbləğində pulun 5500 manatı cavabdeh tərəfindən qaytarılmış, bu səbəbdən iddia tələbi yalnız ödənilmədiyi iddia edilən 4500 manat məbləğində vəsaitə yönəlmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh də öz növbəsində aldığı 10000 manat məbləğində behdən 5500 manatı qaytardığını qəbul etmiş, bununla belə iddianı qismən – 1500 manat məbləğində pulun qaytarılması hissəsində qəbul etdiyini bildirmişdir. Cavabdeh bu mövqeyini onunla əsaslandırmışdır ki, aralarındakı alğı-satqı baş tutmadığına görə 3000 manat məbləğində zərərə məruz qalmışdır. Belə ki, o, iddiaçı tərəfin xahişi ilə evə sayğac düzəltmək üçün 1000 manat məbləğində xərc çəkmiş, evin satılacağına güvənərək özünə alacağı avtomobilə görə 2000 manat məbləğində beh vermiş, lakin alğı-satqı baş tutmadığına görə ödədiyi beh “batmışdır”. Cavabdeh bu xərcləri baş tutmamış alğı-satqı müqaviləsi üzrə özünə dəyən zərər kimi qiymətləndirmiş, bu alqı-satqının baş tutmamasında öz təqsiri olmadığını hesab etdiyinə görə həmin xərcin iddiaçı tərəfin ödədiyi behdən çıxılmalı olduğunu iddia etmişdir.
22. Məhkəmə isə cavabdehin yuxarıda qeyd edilmiş mövqeyi ilə razılaşmır. İlk növbədə ona görə ki, məhkəmə sözügedən beh məbləğinin əhəmiyyətsiz əqd üzrə verildiyi nəticəsinə gəldiyindən cavabdeh istənilən halda bu əqd üzrə əldə etdiyi vəsaiti tam şəkildə geri qaytarılmalıdır. Bununla belə əgər cavabdehin bu əhəmiyyətsiz əqd üzrə özünə dəymiş zərərlə bağlı hansısa iddia varsa, bununla bağlı müstəqil iddia ilə məhkəməyə müraciət edə bilər. Lakin hazırkı mərhələdə heç bir mötəbər sübutla dəstəklənməyən bu hallar iddianın təmin edilməsinə mane ola bilməz.
23. Son olaraq, məhkəmə iddia tələbinin yalnız alğı-satqı müqaviləsi üzrə alıcı İddiaçı2 tərəfindən deyil, həm də onun oğlu İddiaçı1 tərəfindən qaldırılmış olmasını nəzərə alaraq, sonuncunun subyektiv hüququ ilə bağlı məsələyə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlar, eləcə də iş materiallarında olan və yenə tərəflərin mötəbərliyini mübahisələndirmədiyi alğı-satqı müqaviləsi əsasında müəyyən olunmuşdur ki, mübahisəli beh məbləğinin təminat kimi verildiyi alğı-satqı müqaviləsi İddiaçı2 və Cavabdeh arasında bağlanmış, digər İddiaçı1 öz izahatında qəbul etdiyi kimi o, bu alğısatqıda yalnız övladı kimi anasının yanında iştirak etmiş, onun tapşırığı ilə pul alınıbverilməsi məsələlərində iştirak etmişdir. Məhkəmə hesab edir ki, beh kimi ödənilmiş vəsaitin İddiaçı2 ev almaq üçün onun vəsaiti hesabına ödənildiyi hazırkı vəziyyətdə digər İddiaçı1 hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır.
24. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış əhəmiyyətsiz əqd üzrə İddiaçı2 tərəfindən Cavabdeh ödənilmiş behin qaytarılmamış hissəsi olan 4500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri.
25. İş materiallarından görünür ki, İddiaçı1 tərəfindən bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 65 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
26. Bundan əlavə, iş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı2 tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına “Kazımov Afqan” təyinatı ilə 330 manat məbləğində pul ödənilmişdir. İddiaçı ilə vəkili arasında bağlanılmış həmin tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilə də məhkəməyə təqdim edilmiş, müqavilədə hüquqi yardıma görə haqqın 330 manat məbləğində olduğu qeyd edilmişdir.
27. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Yenə həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Belə olan halda məhkəmə hesab edir ki, iddia dövlət rüsumunu ödəmiş İddiaçı1 münasibətdə təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu həmin iddiaçıya aid edilməli, 330 manat məbləğində vəkil xərci isə cavabdehdən tutularaq İddiaçı2 ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4500 manat məbləğində pul və 330 manat məbləğində vəkilə ödənilmiş hüquqi yardım xərci tutularaq İddiaçı2 ödənilməlidir
30. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul və 330 (üç yüz otuz) manat məbləğində vəkilə ödənilmiş hüquqi yardım xərci tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.