Məhkəmə qərarları › İş №e-2(010)-554/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-554/2023

26.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-554/2023 26.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə övladları olan xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləği şəklində 193 manat alimentin, onun xəstəliyi ilə əlaqədar ona çəkilən əlavə xərclərin ödənilməsi məqsədilə hər ay 250 manat məbləğində pulun, habelə 50 manat mediasiya xərcinin Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

2. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, uşaq anadangəlmə autizm xəstəsidir və qulluğa ehtiyacı var. Əvvəl uşağın anasının yanında qalması müəyyən edilsə də, sonradan iddiaçı məhkəməyə müraciət edərək uşağının onun himayəsinə verilməsini xahiş etmiş və iddia tələbi təmin olunmuşdur. Hazırda uşaq atası ilə yaşayır və bütün xərcləri atası tərəfindən qarşılanır. Cavabdeh isə ümumiyyətlə uşağını görmək istəmir və onunla maraqlanmır. Təqdim etdikləri sübutlardan görünür ki, cavabdeh vergi ödəyicisi kimi qeydiyyatdadır və instaqramdakı səhifəsindəki paylaşımlardan anlaşılan qədərilə hazırda sağlam yaşam psixoloji mərkəzində işləyir. Göründüyü kimi cavabdehin alimenti ödəməyə kifayət qədər vəsaiti var. Bundan əlavə, iş materiallarına əlavə etdiyi arayışdan görünür ki, uşağın müalicəsinə hər ay 500 manat vəsait xərclənir. Əslində, bu xərclərin miqdarı daha çoxdur, lakin rəsmi olaraq 500 manat qeyd edilib. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

3. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək çıxışında bildirdi ki, cavabdeh hazırda işləyir və fərdi qaydada evlərə gedir. Lakin onun qazancı daimi deyil və işdən asılıdır. Onun hazırda maddi durumu müəyyən xərcləri qarşılamağa imkan versə də, cavabdehin hansı həcmdə ödəniş edə bilmək iqtidarında olması barədə məlumatı yoxdur. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, hazırda heç bir yerdə işləmir. Sonuncu dəfə uşaq tələbinə dair işə baxılarkən iddiaçının ondan aliment tələbi olmamışdır. Onun uşağa baxmaq üçün şəraiti olmadığı üçün uşağı atasına vermişdir. Hazırda iddiaçının tələb etdiyi məbləği verməyə imkanım çatmır.

İş materialları.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4828/2018 nömrəli iş üzrə qəbul etdiyi 14 avqust 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X3 qarşı “nikahın pozulması və alimentin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh X4 arasında xx.xx.1999-cu ü tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 438 saylı nikah qeydinin ləğv edilməsi, xx.xx.2000-ci il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X7 anaları Cavabdeh qzının himayəsində saxlanılmaları, cavabdeh X1 xx.xx.2000-ci il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 154 (yüz əlli dörd) manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-472/2021 nömrəli iş üzrə qəbul etdiyi 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı uşağın bir valideyindən alınıb digər valideyinə verilməsi tələbinə dair iddia təmin edilərək, xx.xx.2006-cı il təvəllüdlü X6 atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir.

7. Alba reabilitasiya və yaşam mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.2006 təvəllüdlü X8 2021-ci ilin fevral ayından etibarən ALBA Reabilitasiya və Yaşam Mərkəzində “X12” diaqnozu üzrə korreksiya prosesinə cəlb edilmişdir. Atası İddiaçı tərəfindən 2021-ci ilin fevral ayından etibarən xidmət haqqı olaraq hər ay ALBA Reabilitasiya və Yaşam Mərkəzinə 500 azn (beş yüz manat) ödəniş edilir.

8. Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh qzı Bakı şəhəri Kiçik sahibkarlıqla İş üzrə Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdadır.

İşin faktiki halları.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2000-ci il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X7 anaları Cavabdeh qzının himayəsində saxlanılmaları, X1 uşaqların saxlanması üçün aliment tutulması, sonradan məhkəmə qətnaməsinə əsasən X6 atası İddiaçı himayəsinə verilməsi işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

12. Uşaq Hüquqları haqqında Qanun.

Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə.

Maddə 6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı.

Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı.

8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

16. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. 2022-ci il üçün ölkə üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 234. Qətnamənin icra edilməsi. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

Məhkəmənin mövqeyi.

18. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.

19. Aliment hissəsinə münasibət bildirən məhkəmə hesab edir ki, Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Belə ki, iddiaçı tərəfindən onun rəsmi işləməsinə və aylıq sabit gəlirə malik olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə məhkəmə hesab edir ki, cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər.

20. Əlavə xərclərin tutulması ilə bağlı hissədə isə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X8 2021-ci ilin fevral ayından etibarən ALBA Reabilitasiya və Yaşam Mərkəzində “X12” diaqnozu ilə müalicə alır və hər ay müalicəyə 500 manat vəsait xərclənir. Qeyd olunan vəsait yalnız iddiaçı, yəni uşağın atası tərəfindən qarşılanır və cavabdeh həmin xərclərdə iştirak etmir. İş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş sübutlardan və həmçinin cavabdehin vəkilinin etirafından məlum oldu ki, cavabdeh hazırda fərdi olaraq işləyir və müəyyən qazancı olur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh də əlavə xərclərin ödənilməsinə cəlb olunmalıdır. Ödəniləcək pulun miqdarına münasibətdə məhkəmə hesab edir ki, Cavabdeh övladının müalicəsi ilə əlaqədar İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 100 manat tutulmalıdır. Belə ki, ilkin olaraq məhkəmə qətnaməsi ilə uşağın ananın yanında qalması müəyyən olunsa da, sonradan ata iddia tələbi ilə məhkəməyə müraciət edərək uşağını tələb etmiş və məhkəmə iclasındakı izahatında cavabdehin yaşam şəraitinin yaxşı olmadığını, evin nəmişlik içində olduğunu və həmin şəraitdə uşağa baxılmasının mümkün olmadığını əsas gətirmiş, bu səbəblə anadan aliment tələb etməmişdir. Ana da həmçinin öz növbəsində məhz imkansızlıq vəziyyətindən və uşağın atasının yanında daha yaxşı yaşayacağını nəzərə alaraq uşağı atasına verməyə razı olmuşdur. Göründüyü kimi mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərdiyindən məhkəmə haqlı olaraq iddia tələbini təmin edərək uşağı atasının himayəsinə vermişdir. Hazırki iş üzrə iddiaçı qanunvericiliyə əsasən cavabdehdən əlavə xərclərin ödənilməsində iştirak etməyi tələb etməkdə haqlı olsa da, məhkəmə Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsaslanaraq, cavabdehin maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə almağı məqsədəuyğun hesab edir. Belə ki, iddiaçı tərəfindən cavabdehin vergi ödəyicisi olmasına və fərdi olaraq işləməsinə dair sübutlar təqdim edilsə də, həmin sübutlar əsasında cavabdehin konkret olaraq nə qədər aylıq qazancı olması sübut olunmur. Həmçinin, iddiaçı da işləyir və aylıq müəyyən qazancı olur. Hazırki vəziyyətdə iddiaçının həyat şəraitinin daha yaxşı olması onun uşaq tələbi ilə məhkəməyə müraciət edən zaman izahatından məlum olmuşdur və iddiaçı özü də cavabdehin maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Buna görə də qeyd olunanları və cavabdehin aliment ödəyəcəyini də nəzərə alaraq məhkəmə hesab edir ki, əlavə xərclərin ödənilməsinə görə cavabdehdən hər ay sabit pul məbləğində 100 manat miqdarında pul tutulması ağlabatandır.

21. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment və əlavə xərclər iddiaçının məhkəməyə müraciət etdiyi 28 noyabr 2022-ci il tarixdən etibarən tutulmalıdır.

Məhkəmə xərcləri.

22. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.

24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

25. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 193x12=2316 manat təşkil etdiyindən, ödənilməli olan dövlət rüsumu məbləği 43,16 manat təşkil edir.

26. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

27. Odur ki, mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində rüsum Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

28. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25 avqust 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, Cavabdeh övladının müalicəsi ilə əlaqədar əlavə xərclərin ödənilməsinə cəlb olunmalı və bununla əlaqədar ondan İddiaçı xeyrinə 25 avqust 2006-cı il təvəllüdlü X6 müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə görə hər ay sabit pul məbləğində 100 manat miqdarında pul tutulmalı, iddia qalan hissədə rədd edilməlidir.

29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 25 avqust 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh övladının müalicəsi ilə əlaqədar əlavə xərclərin ödənilməsinə cəlb olunsun və bununla əlaqədar ondan İddiaçı xeyrinə 25 avqust 2006-cı il təvəllüdlü X6 müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə görə hər ay sabit pul məbləğində 100 (bir yüz) manat miqdarında pul tutulsun. Alimentin və əlavə xərclərin tutulması müddəti 28 noyabr 2022-ci il tarixdən müəyyən edilsin. Qətnamə aliment və əlavə xərclərin tutulması hissəsində dərhal icra olunsun. İddia qalan hissədə rədd edilsin. Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində rüsum Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar