Məhkəmə qərarları › İş №e-2(010)-555/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-555/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-555/2023 23.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 5000 manat məbləğində vurulmuş zərər və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 5070 manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Hyundai Elantra” markalı, ** VN *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli, PXA ********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 2020-ci ilin iyulun 23-də Cavabdeh idarə etdiyi “Hyundai Elantra” markalı, ** VN *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski ilə S.Rəhimov küçələrinin kəsişməsində “Hyundai Sonata” markalı, ** CN *** dövlət nömrə nişanlı, “Opel Vectra” markalı, ** SR *** dövlət nömrə nişanlı və “Ford Transit” markalı, ** JF *** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Həmin hadisə ilə bağlı Nərimanov DYPŞ tərəfindən xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Nərimanov DYPŞ-nin xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsi ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidməti Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “Hyundai Sonata” markalı, ** CN *** dövlət nömrə nişanlı avtomobilə 3500 manat məbləğində ziyan dəymişdir. Avtomobillərin Texniki Xidməti Mərkəzi tərəfindən xx.xx.2020ci il tarixdə verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “Opel Vectra” markalı, ** SR *** dövlət nömrə nişanlı avtomobilə 1895 manat məbləğində ziyan dəymişdir. Avtomobillərin Texniki Xidməti Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “Ford Transit” markalı, ** JF *** dövlət nömrə nişanlı avtomobilə 200 manat məbləğində ziyan dəymişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə cəmi 5000 manat sığorta məbləği müəyyən edilmişdir. Həmin Qanunun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Belə olan halda sığorta məbləği hesablanmış ümumi zərər məbləğinə bölünür və alınan rəqəm hər bir nəqliyyat vasitəsi üzrə hesablanmış zərər məbləğinə vurulur. Yəni 5000 manat sığorta məbləği: 5595 manat (dəymiş zərərin ümumi məbləği 3500+1895+200) = 0.**********510277; 0.**********510277 x 3500 = 3127.79 manat sığorta ödənişi; 0.**********510277 x 1895 = 1693.48 manat sığorta ödənişi; 0.**********510277 x 200 = 178.73 manat sığorta ödənişi . İddiaçı xx.xx.2020-ci il tarixind 3127.79 manat məbləği zərərçəkmiş şəxs X4 ödəmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 1693.48 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 178.73 manat məbləği zərərçəkmiş şəxs X5 ödəmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, heç bir yolnəqliyyat hadisəsi törətməmişdir. Belə ki, o, avtomobili “rent a car”dan icarəyə götürmüş, bu zaman ona etibarnamə verilmiş, etibarnamədə avtomobilin saat 19:00-a qədər verildiyi göstərilmişdir. Lakin hadisə 23:00-da baş vermişdir. Onun səhvi onda olmuşdur ki, etibarnamənin vaxtı qutardıqda avtomobili gedib təhvil verməli olduğu halda bunu etməmiş, avtomobili Nicat adlı tanışı götürmüşdür. Belə ki, həmin gün Nicat “rent a car”a gedərək onun icazəsi olmadan icarə müddətini uzatmış, lakin onun adına etibarnamə verilməmiş, avtomobili etibarnaməsiz sürmüşdür. Avtoqəzanı da elə Nicat adlı həmin şəxs törətmişdir. Əslində o, “rent a car”dan iki avtomobil götürmüş, birini özü, digərini Nicat sürmüşdür. Hər iki avtomobilin icarə haqqını Nicat ödəmişdir. Nicatın sürücülük vəsiqəsi olmamış, bunu “rent a car”da da bilmişlər. Həmçinin onlar bilmişlər ki, avtomobili öz adına götürsə də, icarəyə götürən əslində Nicatdır. Belə ki, o, öz adına götürdüyü avtomobili beş günlük Nicata vermişdir. Hadisəni də Nicat törətmişdir. Lakin hadisədən sonra Nərimanov rayon Polis İdarəsindən Elşən adlı polis ona zəng edərək avtoqəza törətdiyini, buna görə şöbəyə gəlməli olduğunu demişdir. O da heç bir avtoqəza törətmədiyinə görə şöbəyə getməmişdir. Hadisədən sonra onunla əlaqə saxlayan sığortaçının nümayəndələrinə də heç bir yol nəqliyyat hadisəsi törətmədiyini demişdir. Lakin hadisədən iki gün sonra Nicat adlı şəxsin də daxil olduğu on beş nəfər onu zorla Nərimanov yol polisinə aparmışdır. X12 adlı polis ona təzyiq etmişdir ki, yol nəqliyyat hadisəsini törətdiyini boynuna alsın. O da məcbur olub hadisəni özünün törətdiyini demişdir. Bu səbəbdən inzibati xəta haqqında protokolda da onun adı qeyd edilmişdir. Sonradan protokolu da mübahisələndirə bilməmişdir. Belə ki, ayda 150 manat təqaüd alır və 180 manat aliment ödəyir. O, heç bir yol nəqliyyat hadisəsi törətməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

İş materialları.

5. xx.xx.2020-ci il tarixli, İP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir.

6. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “Hyundai Sonata” markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilə 2900 manat ehtiyat hissələri, işçilik 600 manat olmaqla, cəmi 3500 manat məbləğində ziyan dəymişdir.

7. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “Opel Vectra” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilə 1085 manat ehtiyat hissələri, işçilik 810 manat olmaqla, cəmi 1895 manat məbləğində ziyan dəymişdir.

8. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “Ford Transit” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı avtomobilə işçiliyə görə 200 manat məbləğində ziyan dəymişdir.

9. PXA 66334 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2020ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobilə 3500 manat məbləğində zərər dəydiyi, 3127.79 manat məbləğində sığorta ödənişi edilməsi müəyyən edilmişdir.

10. PXA 66335 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobilə 200 manat məbləğində zərər dəydiyi, 178.73 manat məbləğində sığorta ödənişi edilməsi müəyyən edilmişdir.

11. PXA 66336 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobilə 1895 manat məbləğində zərər dəydiyi, 1693.48 manat məbləğində sığorta ödənişi edilməsi müəyyən edilmişdir.

12. xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 23:00-da baş verən yol-nəqliyyat hadisəsində Cavabdeh İXM-in 332.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir.

13. xx.xx.2020-ci il tarixli sığorta ödənişin alınması üçün plastik ödəmə kartının təhviltəslim aktından görünür ki, plastik kart X4 təhvil verilmişdir. Hesabdan çıxarışdan görünür ki, həmin kart hesabına 3127.79 manat məbləğində pul köçürülmüşdür.

14. xx.xx.2020-ci il tarixli sığorta ödənişin alınması üçün plastik ödəmə kartının təhviltəslim aktından görünür ki, plastik kart X5 təhvil verilmişdir. Hesabdan çıxarışdan görünür ki, həmin kart hesabına 178.73 manat məbləğində pul köçürülmüşdür.

15. xx.xx.2020-ci il tarixli sığorta ödənişin alınması üçün plastik ödəmə kartının təhviltəslim aktından görünür ki, plastik kart X2 təhvil verilmişdir. Hesabdan çıxarışdan görünür ki, həmin kart hesabına 1693.48 manat məbləğində pul köçürülmüşdür.

İşin faktiki halları.

16. “Hyundai Elantra” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır.

17. xx.xx.2020-ci il tarixdə, saat 23:40-da Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski və S.Rəhimov küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Hyundai Elantra” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Sonata” markalı, ** CN *** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı və “Ford Transit” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı üç avtomobillə toqquşmuş və hadisə yerindən yayınmış, hadisə nəticəsində hər üç avtomobilə də zərər dəymişdir.

18. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktlarında hadisə nəticəsində “Hyundai Sonata” markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3500 manat, “Opel Vectra” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1895 manat, “Ford Transit” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 200 manat məbləğində qiymətləndirilmişdir. Müvafiq olaraq birinci avtomobilə görə 3127.79 manat, ikinci avtomobilə görə 1693.48 manat, üçüncü avtomobilə görə isə 178.73 manat məbləğində olmaqla, cəmi 5000 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən faydalananan şəxslərə ödənilmişdir.

19. Hadisədən sonra tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla hadisənin baş verməsində “Hyundai Elantra” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh təqsirli olduğu və hadisə yerindən yayındığı müəyyən edilmiş, həmin şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir.

Tətbiq edilən hüquq.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 897. İcbari sığorta. 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. Maddə 922. Sığorta hadisəsi. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 926. Sığorta ödənişi. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

23. İşin faktiki hallarından görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş və əlavə üç avtomobilin zədələnməsi ilə nəticələnmiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu və onun hadisə yerindən yayındığı müəyyən edilmişdir. Hazırkı iş üzrə məhkəmə iclasında iştirak etmiş Cavabdeh yol nəqliyyat hadisəsini törədənin özü yox, üçüncü bir şəxs olduğunu iddia etmiş, bununla belə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirmədiyini bildirmiş, bunu maddi imkanının olmaması ilə əlaqələndirmişdir. O öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış “Hyundai Elantra” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobili icarə müqaviləsi əsasında idarə etmiş, avtomobil ona gün ərzində saat 19:00-a qədər icarəyə verildiyindən hadisənin baş verdiyi saatda avtomobil onda olmamış, avtomobili Nicat adlı başqa bir şəxs götürmüş və saat 23:40-da baş verən hadisəni də həmin şəxs törətmişdir.

24. Cavabdeh qeyd etdiyi halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Avtomobilin cavabdehə icarəyə verildiyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən hadisə baş verdiyi saatda cavabdehin həmin avtomobili idarə etməyə səlahiyyətinin olub-olmamasını müəyyən etmək də mümkün olmamışdır. Məhkəməyə yalnız "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin surəti təqdim edilmişdir ki, həmin etibarnamədə “Hyundai Elantra” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün 5 günlük Cavabdeh verildiyi qeyd edilsə də, etibarnamənin xx.xx.2020-ci il, saat 19:00-a qədər etibarlı olduğu göstərilmişdir. Etibarnamənin xx.xx.2020-ci il tarixdə 5 günlük verildiyi nəzərə alınsa, etibarnamənin verildiyi tarixlə (xx.xx.2020) qüvvəsinin bitdiyi tarix (xx.xx.2020) arasında uyğunsuzluq olduğu aşkardır. Digər tərəfdən etibarnamənin qüvvədə olma müddəti xx.xx.2020-ci il, saat 19:00-da bitmiş olsa idi belə, bu hal həmin avtomobillə 23:40-da baş vermiş yol nəqliyyat hadisəsini cavabdehin törətməsini mütləq qaydada istisna etməzdi. Bunun üçün cavabdeh avtomobili hadisə baş verdiyi saatdan əvvəl icarəyə verənə təhvil verdiyini təsdiq edən sənədi məhkəməyə təqdim etməli idi. Hazırkı işdə isə əksinə, cavabdeh avtomobili təhvil vermədiyini, Nicat adlı başqa bir şəxsə verdiyini, bununla səhvə yol verdiyini özü də qəbul etmişdir.

25. Hər bir halda məhkəmə cavabdehin məhz bu etibarnamənin 19:00-da qüvvədən düşməsinə əsaslanaraq 23:40-da baş vermiş hadisədə məsuliyyətinin olmadığını iddia etməsini nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, həmin avtomobilin həmin gün həmin saata qədər cavabdehə icarəyə verildiyi və hadisə vaxtı avtomobili üçüncü bir şəxsin idarə etdiyi sübut edilsə idi belə, ona icarəyə verilmiş avtomobili icarə müddətinin sonunda icarəyə verənə təhvil vermək yerinə üçüncü bir şəxsə verən cavabdeh yüksək təhlükə mənbəyi olan həmin avtomobilin vurduğu zərərə görə yüksək təhlükə mənbəyinin icarə hüququ əsasında sahibi kimi məsuliyyət daşıyardı. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin yol nəqliyyat hadisəsini başqa bir şəxsin törətməsinə dair qeyd etdikləri sübut edilmir, lakin bu hal sübut edilsə idi belə, cavabdehin maddi məsuliyyətini istisna etməz, ən yaxşı halda cavabdehə hadisəni törədən şəxsə qarşı reqres hüququ verərdi.

26. İstənilən halda yalnız təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iş materiallarında olan inzibati xəta haqqında protokol, inzibati tənbeh vermə haqqında qərar, cavabdehin yol polisinə verdiyi izahat kimi sübutlar yol nəqliyyat hadisəsi törədən cavabdehin hadisə yerindən yayındığı nəticəsinə gəlməyə imkan verir və cavabdehin istinad etdiyi heç bir sübutla təsdiqini tapmayan hallar bu nəticəni dəyişmək üçün əsas təşkil etmir.

27. Sığorta hadisəsi zamanı sürücünün hadisə yerindən yayınması isə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququnu yaradır.

28. İş materiallarından görünür ki, sığortaçı "xxxx" ASC hadisə nəticəsində zərər dəymiş üç avtomobilə görə ümumilikdə 5000 manat məbləğində sığorta ödənişi etmişdir. Belə olan halda iddiaçı "xxxx" ASC ödədiyi həmin sığorta ödənişi məbləğini subroqasiya hüququ əsasında Cavabdeh tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir.

Məhkəmə xərcləri.

29. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

30. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilmiş 70 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 manat məbləğində sığorta ödənişi və 70 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

32. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT E T D İ:

İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində sığorta ödənişi və 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar