Məhkəmə qərarları › İş №e-2(010)-5616/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5616/2025

11.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5616/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiаçı İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiаçı İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı aliment miqdarının azaldılması tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-2531/2020 nömrəli qətnaməsinə əsasən, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancı və (və ya) başqa gəlirlərin 1/3 hissəsi kimi tutulan aliment miqdarının azaldılaraq hər ay qazancın və (və ya) başqa gəlirlərin ¼ hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-2531/2020 nömrəli qətnaməsinə əsasən, övladları xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün hər ay aylıq məvacibin 1/3 hissəsi məbləğində cavabdehin xeyrinə aliment tutulur. Eyni zamanda, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)1059/2025 saylı qətnaməsi ilə başqa nikahdan olan övladları xx.xx.2021ci il təvəllüdlü X9 və xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının 1/4 hissəsi miqdarında aliment tutulur. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə etdiyi arayışa əsasən, aylıq məvacibinin ümumi məbləği 2759.17 manat təşkil edir. Həmin məbləğdən müxtəlif tutulmalar çıxıldıqdan sonra 2100 manat pul vəsaiti kart hesabına köçürülür. Həmin məbləğdən ¼ hissəsi məbləğində, yəni 525 manat yuxarıda qeyd etdiyi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)1059/2025 saylı qətnaməsinə əsasən, iki övladı xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün aliment tutulur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-2531/2020 saylı qətnaməsinə əsasən, həmin məbləğin 1/3 hissəsi, yəni 700 manat məbləği xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulur. 2100- 525-700=875 Belə ki, məvacibin yarıdan çox hissəsi tutulur. Gecə növbələrinə çıxanda aylıq qazancı daha yüksək olur. Yaşlı və xəstə valideynləri onun himayəsindədir. Onların gündəlik tələbatını şəxsən ödəməlidir. O, valideyn olaraq aliment öhdəliyindən imtina etmir, əksinə daha ədalətli yanaşma tələb edir. Yəni, uşaqların ikisi üçün 525 manat, ikisi üçün isə 700 manat ödənilməsi onun aylıq gəlirinin yarısından çox hissəsinin alimentə tutulması və eyni zamanda bu cür yanaşma himayəsində olan digər şəxslərin, valideynlərinin maraqlarının məntiqi baxımından inkarına səbəb olur. Hesab edir ki, hər iki tərəfə ¼ hissədə, yəni 525 manat məbləğində aliment tutularsa, 2100-525-525=1050 manat məvacibinin yarısını təşkil edir. Bu da öz növbəsində onun və himayədə olan şəxslərin zəruri ehtiyaclarının qarşılanmasında daha ədalətli kimi qeyd edilə bilər. xx.xx.2025-ci il tarixdə mediasiya sessiyası keçirilmiş və cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2014-cü il tarixli, AZ-İİİ seriyalı, 289907 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 (atası İddiaçı, anası Cavabdeh) xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.2016-cı il tarixli, AZ-İİİ seriyalı, 807543 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 (atası İddiaçı, anası Cavabdeh) xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-2531/2020 nömrəli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair ilk iddiası təmin edilmiş, tərəflər arasında xx.xx.2013-cü il tarixdə 304 saylı akt qeydi ilə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X6 analarının yanında qalması, iddiaçı Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)- 1059/2025 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-69/2025 nömrəli qətnaməsinin “hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/6 (altıda bir) hissəsi miqdarında aliment tutulması” hissəsində dəyişdirilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2023-cü il təvəllüdlü X10 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq X4 xeyrinə ödənilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mediasiya Şurasının Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/16/2025-00880 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş aliment miqdarının azaldılması tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdehə ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən xx.xx.2025-ci il tarixli elektron çıxarışdan (iş yerinə dair) müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) elektrika üzrə böyük texnik vəzifəsində çalışır və aylıq əmək haqqı 2759.17 manat təşkil edir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarı 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı ...Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır... Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının və onun nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, işin faktiki hallarını və işə əlavə edilən sənədləri araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin aliment miqdarının azaldılması ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci (məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə) maddəsinin təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında xx.xx.2013-cü il tarixdə rəsmi qaydada nikah bağlanmış, birgə nikahdan iki uşaq – xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X12 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-2531/2020 nömrəli qətnaməsinə əsasən, tərəflər arasında bağlanmış nikahın pozulması,uşaqların analarının yanında qalması, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutulması qət edilmişdir. Tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra, iddiaçı ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan da iki uşaq – xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2023-cü il təvəllüdlü X10 doğulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1059/2025 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)- 69/2025 nömrəli qətnaməsinin “hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/6 (altıda bir) hissəsi miqdarında aliment tutulması” hissəsində dəyişdirilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2023-cü il təvəllüdlü X10 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq X4 xeyrinə ödənilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi, iddiaçının hazırkı şəraitdə hər iki nikahdan doğulan uşaqların saxlanılması üçün aliment öhdəlikləri mövcuddur və bu öhdəliklər qeyri-bərabər şəkildə, yəni birinci nikahdan olan uşaqlara münasibətdə qazancın və (və ya) başqa gəlirlərin 1/3 hissəsi, ikinci nikahdan olan uşaqlara münasibətdə isə qazancın və (və ya) başqa gəlirlərin ¼ hissəsi həcmində həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından qeyd edir ki, aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) üçün imperativ olaraq müəyyən edilmiş şərtlər aşağıdakılardır: 1) tərəflərdən hər hansı birinin maddi vəziyyətində baş vermiş dəyişiklik; 2) tərəflərdən hər hansı birinin ailə vəziyyətində baş vermiş dəyişiklik. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında formalaşdırılan hüquqi mövqeyə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. İddiaçının ailə vəziyyətinin araşdırılması ilə bağlı hissədə məhkəmə qeyd edir ki, təqdim edilmiş sübutların tədqiqindən aydın olur ki, iddiaçı ikinci dəfə ailə qurmuş, həmin nikahdan iki uşaq anadan olmuş, eləcə də iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment öhdəlikləri mövcuddur. İddiaçının ikinci nikahdan doğulan uşaqlarına qanuni qüvvəyə minmiş qətnamə əsasında hər ay qazancın və (və ya) başqa gəlirlərin ¼ hissəsi miqdarında aliment təyin edilmişdir. Baxmayaraq ki, ailə qanunvericiliyi iki uşağa görə qazancın və (və ya) başqa gəlirlərin 1/3 hissəsi miqdarında aliment tutulmasını imperativ formada bəyan edir, iddiaçının aliment ödəyən şəxs qismində digər aliment öhdəliklərinin də mövcud olmasını nəzərə alan məhkəmə ikinci aliment öhdəliyini müəyyən edərkən, həm birinci nikahdan olan uşaqların saxlanılması üçün tutulan aliment miqdarını, həm aliment ödəyən şəxsin aylıq qazancının yarıdan çox hissəsinin tutulmasının yolverilməzliyini, həm də ikinci nikahdan olan uşaqların qanuni mənafelərini nəzərə alaraq, bu miqdarı ¼ hissədə müəyyən etmişdir. Digər tərəfdən, iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən xx.xx.2025-ci il tarixli elektron çıxarışdan (iş yerinə dair) müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) elektrika üzrə böyük texnik vəzifəsində çalışır və aylıq əmək haqqı 2759.17 manat təşkil edir. Həmin aylıq əmək haqqının 1/3 hissəsi, yəni 919.72 manat iddiaçının birinci nikahdan olan uşaqlarının saxlanılması üçün ödənildiyi halda, aylıq əmək haqqının ¼ hissəsi, yəni 689.79 manat iddiaçının ikinci nikahdan olan uşaqlarının saxlanılması üçün aliment öhdəliklərinin icrasına yönəldilir. Aliment miqdarının dörd uşaq arasında bu qaydada paylanması, aliment ödəyən şəxsin və uşaqların maraqları arasında ədalətli tarazlığa cavab verməməklə, birinci nikahdan doğulan uşaqlara üstünlük verir. Halbuki, iddiaçının hər dörd uşağı bərabər səviyyədə aliment təminatı ilə əhatə olunmalıdır. Həmçinin, iddiaçının aylıq qazancının yarısı 1379.58 manat təşkil edir. Yuxarıda qeyd edilən qaydada aliment tutulması halında isə iddiaçıdan ümumilikdə 1609.51 manat məcburi qaydada tutulur ki, bu da ailə qanunvericiliyin məcburi göstərişlərinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinə əsasən, üç və daha çox uşağa görə aliment yalnız qazancın və (və ya) başqa gəlirlərin yarısı miqdarında təyin edilə bilər. İstinad edilən plenum qərarının məhkəmələr qarşısında qoyduğu məcburi tələblərdən biri də məhz aliment miqdarı dəyişdiyi təqdirdə bu cür dəyişikliyin uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirinin nəzərə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı qətnamə ilə uşaqların saxlanılması üçün təyin edilmiş aliment miqdarının hər ay iddiaçının qazancın və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməsi, uşaqların üstün maraqlarına və diqqətəlayiq mənafelərinə tam uyğun olmaqla, aliment ödəyənin, xeyrinə aliment tutulan şəxslərin, eləcə də iddiaçının hər dörd uşağının qanuni mənafeləri arasında ədalətli tarazlıq yaradılması məqsədini daşıyır. Həmçinin, aliment miqdarının tərəflərin ailə və maddi vəziyyətinə uyğun şəkildə dəyişdirilməsi, aliment öhdəliklərinin effektiv icrasına, yəni qanunun aliment ödəyən şəxsin qarşısında qoyduğu aliment ödəmə vəzifəsinin tam və vaxtında yerinə yetirilməsinə lazımı şərait yaradır. Miqdarı dəyişdirilmiş alimentin hansı tarixdən etibarən hesablanmağa başlanması ilə bağlı hissədə məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, bu qətnamə ilə miqdarı azaldılmış alimentin tutulmasına qətnamə qanuni qüvvəyə mindiyi gündən başlanmalıdır. Beləliklə, təqdim edilmiş sübutların hər birini aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirən məhkəmə hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-2531/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay İddiaçı qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməli və miqdarı azaldılmış alimentin tutulmasına qətnamə qanuni qüvvəyə mindiyi gündən başlanılmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödədiyindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə uyğun olaraq çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-2531/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay İddiaçı qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməli və miqdarı azaldılmış alimentin tutulmasına qətnamə qanuni qüvvəyə mindiyi gündən başlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-2531/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay İddiaçı qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilsin. Miqdarı azaldılmış alimentin tutulmasına qətnamə qanuni qüvvəyə mindiyi gündən başlansın. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar