Məhkəmə qərarları › İş №e-2(010)-563/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-563/2022

14.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-563/2022 14.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X5 Məmmədovun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh2, Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbi ilə məhkəməyə müraciət edərək dəyəri 3200 manat, çəkisi 40 qram olan sep-qolbaq dəsti, dəyəri 2100 manat, çəkisi 26 qram olan üzük sırğa dəsti, dəyəri 1300 manat, çəkisi 6 qram olan brilliant qaşlı tək üzük, dəyəri 1890 manat olan Bosch markalı paltarqurudan maşın, dəyəri 1300 manat olan Bosch markalı qabyuyan maşın, dəyəri 1200 manat olan ASUS markalı kompyuter (notebook), dəyəri 500 manat olan Bosch markalı mikropeç, dəyəri 60 manat olan elektrik sac, dəyəri 230 manat olan Bosch markalı blender, dəyəri 500 manat olan elektro qazan, dəyəri 650 manat olan 10 kq-lıq xəmir yoğuran maşın, dəyəri 700 manat olan Çexoslovakiya istehsalı obedni servis, dəyəri 800 manat olan 10+5 şamdanlı çıl-çıraq, dəyəri 200 manat olan gəlincik pokrival, dəyəri 215 manat olan Dantella markalı yataq örtüyü, dəyəri 260 manat olan kütahya yemək dəsti, dəyəri 350 manat olan Korkmaz markalı qranit qazan dəsti, dəyəri 110 manat olan tort üçün kürək, dəyəri 210 manat olan Zebra Casa markalı postel dəsti, dəyəri 235 manat olan Cavalli markalı postel dəsti, dəyəri 200 manat olan Laura Grand markalı postel dəsti, dəyəri 900 manat olan təmiz yun əl işi xalça, dəyəri 270 manat olan elektrik çaydan, onlar olmadıqda onların dəyərinin, 50 (əlli) manat ilkin mediasiya sessiyasından keçirilmə barədə ödənilən pul vəsaitinin, 93 (doxsan üç) manat ödənilmiş dövlət rüsumunun, cəmi 17523 (on yeddi min beş yüz iyirmi üç) manat pulun Cavabdeh1 alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 14 noyabr 2018-ci ildə iş üzrə Cavabdeh1 ilə 2 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 06.02.2020-ci il təvəllüdlü X3 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin 29.07.2021-ci il 2(012)-2345/2021 saylı qətnaməsinə əsasən onunla Cavabdeh1 arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş 06.02.2020-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılmış, Cavabdeh1 06.02.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05.03.2021-ci il tarixdən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdehlə nikaha daxil olduqdan sonra özü ilə cehiz əşyalarını cavabdehin yaşadığı yəni, ünvan 1 ünvanına aparmış, həmçinin ona toy hədiyyəsi olaraq qızıl-zinət əşyaları alınmışdır. Belə ki, o cavabdehlə nikaha daxil olarkən dəyəri 3200 manat, çəkisi 40 qram olan sep-qolbaq dəsti, dəyəri 2100 manat, çəkisi 26 qram olan olan üzük sırğa dəsti, dəyəri 1300 manat, çəkisi 6 qram brilliant qaşlı tək üzük ona toy hədiyyəsi olaraq yuxanda göstərilən ümumi dəyəri 6600 (altı min altı yüz) manat olan qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. 2019-cu ilin dekabr ayında hamiləliklə əlaqədar olaraq hazırki iş üzrə Cavabdeh1 ilə birlikdə Bakı Dəmiryol xəstəxanasına getmiş və müayinə olunduqdan sonra onun qan analizinin nəticələri çox aşağı olduğuna və xüsusi qayğıya ehtiyac olduğuna görə iş üzrə Cavabdeh1 onu ata evinə gətirmişdir. Həmin vaxtdan etibarən ata evində yaşayır və ata evinə gələnə qədər cavabdehlə aralarında hər hansı münaqişə olmamışdır. Ata evində olduğu müddətdə qızı 06.02.2020-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir və uşağın bütün doğum xərclərini də ata qarşılamışdır. Cavabdeh doğum xərclərinə heç bir məbləğ sərf etməmişdir. Ata evində olduğu müddətdə Cavabdeh1 qardaşı X4 nikahın pozulması ilə bağlı məhkəməyə müraciət olunduğunu və artıq nikahın pozulması ilə bağlı məhkəmə qətnaməsinin olmasını bildirdi. Bundan sonra isə məhkəməyə müraciət edərək, qətnaməni məhkəmədən rəsmi olaraq götürmüşdür. Nikahın pozulması ilə bağlı məhkəmə icraatı barədə ona məlumat verilmədiyi üçün heç bir məhkəmə proseslərində iştirak edə bilməmişdir. Bir müddət sonra Cavabdeh1 cehiz əşyalarının onlardan götürülməsini bildirdi. 03.10.2021-ci il tarixində bəzi cehiz əşyalarını (iddia ərizəsində təhvil-təslim aktı əlavə edilir) Cavabdeh1 yaşadığı ünvan 1 ünvanından götürmüşdür. Lakin Cavabdeh1 yuxarıda qeyd olunan qızıl-zinət və cehiz əşyalarını təhvil verməkdən boyun qaçırmışdır. Məhkəmənin 17.03.2022-ci il tarixli iclasında şahid qismində iştirak edən X6 İddiaçı anası olduğunu və iddiaçıya məxsus qızıl-zinət əşyalarının cavabdehin evində qaldığını və tam şəkildə geri qaytarılmadığını bildirdi. Məhkəmənin 17.03.2022-ci il tarixli iclasında şahid qismində iştirak edən X2 nişan məclisinin ona məxsus evdə keçirildiyini və qızıl-zinət əşyalarının İddiaçı həmin məclisdə taxıldığını, hətta bəzi cehiz əşyalarının onun iştirakı ilə alındığını bildirdi. Məhkəmənin hazırki iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırki iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddiaçının öz atası evinə aralarında heç bir söz-söhbət olmadan getdiyini, onun mənzilində iddiaçının öz ərizəsində qeyd etdiyi qızı-zinət və cehiz əşyalarının olmadığını və ona məxsus bütün qızıl-zinət və cehiz əşyalarının iddiaçının özünə təhvil verildiyini bildirdi. Məhkəmənin hazırki iclasında iştirak edən Cavabdeh2 iddiaçının öz tələbində qeyd etdiyi həmin qızıl-zinət və cehiz əşyalarının onların evində olmadığını və iddiaçının iş materialı kimi təqdim etdiyi şəkillərdəki aksessuarların qızıl olmadığını bildirdi. Məhkəmənin hazırki iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək və cavabdehlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(012)-2345/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş 06.02.2020-ci il təvəllüdlü X1 anası İddiaçı himayəsində saxlanılması və Cavabdeh1 06.02.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05.03.2021-ci il tarixdən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan 03.10.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, ünvan 2 ünvanında olan İddiaçı məxsus cehiz əşyaları Cavabdeh1 tərəfindən S.Nağıyevə təhvil verilmişdir - İşə iddiaçı tərəfindən əlavə edilən materiallarda tələb edilən və qızıl olduğu bildirilən əşyaların fotoşəkilləri əks edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, tərəflər arasında ailə münasibətləri mövcud olmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında nikahı hazırda pozulmuş və onlar ayrı yaşayırlar. İddiaçı tələbini onunla əsaslandırır ki, nikaha girərkən ona məxsus olan qızıl-zinət əşyaları cavabdehlərə məxsus mənzildə qalmış və cavabdehlər bu əşyaları ona verməkdən imtina edirlər. Tələbin faktiki əsaslandırması ondan ibarətdir ki, Cavabdeh1 onu öz müalicəsi ilə əlaqədar aparıb atası evinə yerləşdirmiş və orda olduğu müddətdə xəbəri olmadan onunla cavabdeh arasında nikah pozulmuşdur. Cavabdehin tələbə etirazı ondan ibarətdir ki, iddia formal mülahizələrə əsaslanır, iddiaçı tərəf gəlib əşyaları evdən götürmüş və bununla bağlı akt tərtib edilmiş, iddiaçının onlarda hər hansı bir əşyası qalmamışdır. İddiaçı tərəf tələbinin lehinə sübut kimi təqdim etdiyi ailə fotoşəkillərinə və şahid ifadələrinə əsaslanır. Tərəflər arasında ailə münasibətləri rəsmi olaraq 29.07.2021-ci il tarixində pozulmuşdur. 03.10.2021-ci ildə iddiaçı tərəf cavabdehlərə məxus evdən İddiaçı qıına məxsus cehiz əşyaları kimi qeyd edilmiş 43 adda olan məişət əşyalarını təhvil-təslim aktına imza etməklə götürmüşdür. Hazırkı tələb 07.12.2021-ci il tarixində məhkəməyə daxil olmuşdur. Təhvil-təslim aktına münasibətdə iddiaçı tərəfin dəlili ondan ibarətdir ki, onlar əşyaların bəzilərini cavabdehdən götürsələr də, bu əşyaların hamısı olmayıb, prosesdə onlar tərəfdən iştirak edən şəxslər isə əşyaların çeşidi və görünüşü ilə tam tanış olmadıqlarına görə çatışmayan əşyaları da tələb etməmişlər. Çatışmazlıq yalnız, götürülmüş əşyalar incələnərkən müəyyən edilmişdir. Məhkəmə bu əsaslandırmaya tənqidi yanaşır. Belə ki, iddia ərizəsində ümumilikdə 23 adda olan həm qızıl-zinət əşyaları, həm də məişət əşyalarının siyahısı göstərilmişdir. İddiaçı tərəfin tədbirincə ümumi dəyəri 17380 manat olan çoxsaylı əşyaların təhvil-təslim zamanı nəzərdən qaçırılması, onların varlığı ilə bağlı aktda hər hansı qeyd-şərtin aparılmaması, həmçinin aktın imzalanmasından qıssa müddət sonra yox, iki aya yaxın vaxt keçdikdən sonra məhkəməyə müraciət edilməsi inandırıcı deyildir və bu hallar məhkəmədə iddia tələbinin əleyhinə daxili inam formalaşdırır. Məhz bu səbəbdən, məhkəmə iş üzrə şahid ifadələrinə tənqidi yanaşır. Çünki, şahid ifadələri işin hallarına uyğun deyil və daha çox qohumluq münasibətlərinə əsaslanır. Təqdim edilmiş fotoşəkillərə gəldikdə isə, onlar özü-özlüyündə iddia tələbinin əsaslılığını sübut etmir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Avropa Məhkəməsi “X7rşı” qərarının 139-cu bəndində xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “X7rşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilibedilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Məhkəmə bildirir ki, hazırkı tələbin təmin edilməsi üçün mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda, tələb sübut edilmir və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə iddianın qanuni əsasının, yəni iddiaçının rəhbər tutduğu maddi-hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün “mülkiyyət” hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi? Qeyd olunan maddi hüquq normalarına və işin araşdırılmış hallarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar