Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5842/2025 16.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Birgə nikahdan olan uşaqları - xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh uşaqların hər biri üçün 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin və mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən təktərəfli qaydada ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin tutularaq iddiaçının xeyrinə verilməsi. İddia tələbinin dəlliləri İddiaçı Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Artıq uzun müddətdir ki, cavabdehlə ailə münasibətləri faktiki olaraq mövcud deyil. Cavabdeh artıq bir müddətdir ki, evi tərk etmişdir. Dəfələrlə ona qayıtmağı üçün müraciət etsə də cavabında ancaq təhqirlə dolu sözlər eşitmişdir. Bakı saylı Mediasiya Təşkilatına müraciət etdikdən bir müddət sonra cavabdeh ailəsini bərpa etmək bəhanəsi ilə geri qayıtsa da, qısa bir müddə sonra yenidən bir bəhanə ilə evdən getmişdir. Cavabdeh onsuz da bir yerdə yaşadıqları müddətdə birgə təsərrüfatın idarə edilməsində ona heç bir köməklik və uşaqların saxlanılması üçün cəhd göstərmirdi. Artıq ailə münasibətləri dözülməz bir vəziyyətə gəlib çatmışdır. Buna baxmayaraq, uşaqlarının xatirinə nikaha xitam verilməsi üçün məhkəməyə müraciət etməmişdir. Hazırda yalnız aliment tələbi ilə məhkəməyə müraciət edir. Belə ki, buna məcburdur. O, İki uşaqla təkbaşına qalmışdır. Hazırda heç yerdə işləmir. Uşaqlarına qida almaq üçün yegan ümidi xəstə valideynidir ki, onun da artıq maddi cəhətdən buna gücü çatmır. Onun cavabdehlə ailə münasibətlərinə xitam vermək fikri yoxdur. Ailənin qorunub saxlanılması üçün indiyə qədər əlindən nə gəlirsə etmiş, bundan sonra da bunun üçün əlindən gələni əsirgəməyəcəkdir. Hazırda cavabdehlə birgə nikahında olan uşaqların hər ikisi onun yanında qalırlar. Onların normal qidalanması, geyimi və təhsili il zəruri qaydada məşğul olur. Lakin onun qeyd olunan xərcləri ödəməyə artıq gücü çatmır. 2026-cı ilin yanvar ayında etibarən uşaq üçün yaşayış minimumu 260 manat müəyyən edilmişdir. Uşaqlarının məktəbli olduğunu, onların qida, geyim və zəruri təhs xərclərini nəzərə alsa, qeyd olunan məbləğ də bir uşağn saxlanılması üçün kifayət etmir, ancaq mövcud vəziyyətdə hər uşaq üçün 260 manat məbləğində alimentin cavabdeh tərəfindən ödənilməsi ədalətlidir. Bu səbəbdən də hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsini 78.1-ci maddəsinə əsasən, Cavabdeh hər uşaq üçün sabit olaraq 260 manat alimentin tutulması məqsəd uyğundur. O, mediasiyaya müraciət edərkən 60 manat məbləğində rüsum ödəmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul edərək, izahatında göstərdi ki, o, iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş iddia tələbini qəbul edir. İş materialları 4 saylı Bakı «Asan Xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında nikah xx.xx.2015-ci il tarixdə bağlanmışdır. 2 saylı Bakı «Asan Xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2015-ci ildə doğulmuş, valideynləri Cavabdeh və İddiaçıdır. 2 saylı Bakı «Asan Xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2020-ci ildə doğulmuş, valideynləri Cavabdeh və İddiaçıdır. Bakı 2 saylı Mediasiya Təşkilatının "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/2-00751/2025 saylı arayışından görünür ki, İddiaçı təsvir etdiyi kimi ailə mübahisəsi üzrə xx.xx.2025-ci il tarixə saat 11:00 keçiriləcək ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Cavabdeh ərizəsindən görünür ki, o, iddiaçının iddia tələbini qəbul edir. İşin faktiki halları İddiaçı ilə Cavabdeh xx.xx.2011-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Tərəflərin bu nikahdan xx.xx.2015-ci il təvəllüdlü Dəniz və xx.xx.2020-ci il təvəllüdlü Tunar adlı övladları anadan olmuşdur, uşaqlar hal-hazırda iddiaçının yanındadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı.
8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi Məhkəmə xx.xx.2015-ci il təvəllüdlü Dəniz və xx.xx.2020-ci il təvəllüdlü Tunarın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün aliment tutulması ilə bağlı ilk növbədə qeyd edir ki, uşağı saxlamaq, onun qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaq daimi olaraq iddiaçının yanında qaldığından onun saxlanılması ilə bağlı gündəlik qayğılar da iddiaçının üzərinə düşür. Bu səbəbdən iddiaçının uşağa qulluq etməsi, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarını çəkməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Bütün bu qeyd edilənləri, lakin hər bir halda ən əsası uşağın üstün maraqlarını və diqqətəlayiq mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 260 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Lakin nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yenə yuxarıda istinad edilmiş əlaqəli qərarında da qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Odur ki, məhkəmə saxlanılması üçün cavabdehdən 260 manat sabit pul məbləğində aliment tutulması nəticəsinə gəldiyindən müvafiq məbləğin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə uyğun olaraq indeksasiyası 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (400 manat) 0,65 misli miqdarında aliment tutulmalıdır. Uşaqların saxlanılmaları üçün alimentin hansı tarixdən tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qətnamə ilə alimentin tutulmasına xx.xx.2025-ci il tarixdən hesablanmaqla başlanmalıdır.
Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli olmaqla, cəmi 1,3 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdeh ödənilməmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2020ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli olmaqla, cəmi 1,3 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Cavabdeh ödənilməmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova